“Şahdəniz-2” öz istehsal
imkanımız və işçi
qüvvəmiz hesabına hasilə gəlib
“Cənub qaz
dəhlizi”nin əsas ehtiyat mənbəyi
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz”
yatağıdır. “Şahdəniz” son
dövrlərdə təkcə Xəzər regionunda
deyil, bütün dünyada kəşf olunmuş
ən zəngin qaz-kondensat yataqlarından biridir. Onun 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan çox kondensat ehtiyatları var.
“Şahdəniz” yatağının kəşfiyyatı,
işlənməsi və
hasilatın pay bölgüsü
haqqında saziş dünyanın 7 tanınmış
şirkəti arasında
1996-cı il iyunun 4-də imzalanıb. Saziş Milli Məclis tərəfindən
ratifikasiya edilib və həmin il oktyabrın
17-də qüvvəyə minib.
Növbəti ildə yataqda
üçölçülü seysmik tədqiqatlar aparılıb. 1999-cu ilin iyun ayında
“Şahdəniz”də birinci
kəşfiyyat quyusunun
qazılması tamamlanıb.
Elə həmin il yatağın
kəşf olunduğu
tarix hesab edilir. Ümumiyyətlə, 1997-2001-ci illər ərzində “Şahdəniz”də
qazılmış kəşfiyyat
və qiymətləndirmə
quyuları burada dünya səviyyəli qaz-kondensat yatağının
olduğunu təsdiqləyib.
Yatağın işlənməsinin birinci
mərhələsi çərçivəsində
hasil olunan qaz 2006-cı ilin sonundan Cənubi Qafqaz Boru Kəməri
vasitəsilə Azərbaycana
və Gürcüstana
çatdırılır. 2007-ci ilin ortalarından isə mavi yanacaq
Bakı-Tbilisi-Ərzurum
marşrutu ilə Türkiyəyə də nəql edilir. Beləliklə, qədim zamanlardan
neft diyarı kimi tanınan Azərbaycan son illərdə
“Şahdəniz”in sayəsində
qaz ixrac edən ölkəyə çevrilib.
Prezident İlham
Əliyev bu il mayın
29-da Səngəçal terminalında
“Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimində
demişdir: “1994-cü ildən
sonra ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır. Beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi. Onu da yaxşı
xatırlayıram ki,
o vaxt dünyada enerji təhlükəsizliyi
məsələlərində qaz amili o qədər
də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər
də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə
daha aşağı idi. Ona görə bu
layihəyə investorları
cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, bu
tarixi gündə “Cənub qaz dəhlizi”nin açılışını qeyd edərkən biz görürük ki, bu nə qədər
vaxtında atılmış
və müdrik addım idi. “Şahdəniz” qaz
yatağı “Cənub
qaz dəhlizi”nin əsas resurs bazasıdır”.
“Şahdəniz-2” layihəsinə aid bütün işlər yerli tikinti-quraşdırma
sahələrindən, resurslardan
və işçi qüvvəsindən istifadə
edilərək görülüb.
“Şahdəniz-2” yatağında
quraşdırılmış və bir-birinə körpü vasitəsilə
birləşdirilmiş hər
iki platformanın dayaq bloku Heydər
Əliyev adına
Bakı Dərin Özüllər Zavodunda inşa edilib. Xəzərdə ən böyük
dayaq bloklarından olan bu qurğuları
yerli “BOS Shelf” şirkətinin
üzv olduğu konsorsium tikib. “BOS Shelf-Saipem-Star Qulf” konsorsiumu layihədə təkcə
dəniz konstruksiyalarının
hazırlanması işlərini
deyil, bir sıra gəmi əməliyyatları üzrə
müqavilələri də
yerinə yetirib.
“Şahdəniz-2” platformalarının üst
tikililəri və qazma qurğuları “AMEK-Tekfen-Azfen” (ATA) tikinti-quraşdırma sahəsində
inşa edilib. Ölkə
daxilində həyata keçirilən iş həcmi qazma qurğularının tam hazırlanmasını
və xüsusi materialdan olan boruların qaynağını
əhatə edib.
Hər iki tikinti obyektində
minlərlə işçi
çalışıb ki,
onların da təxminən 90 faizi Azərbaycan vətəndaşı
olub.
Bundan əlavə, sualtı və dəniz-gəmi əməliyyatları üçün
yerli gəmilərdən
istifadə olunub.
“Şahdəniz-2” qazını qəbul etmək və ilkin emaldan keçirərək
Cənubi Qafqaz Boru Kəmərinə ötürmək üçün
Səngəçal terminalında
da genişləndirmə
işləri aparılıb. Bu işi “Tekfen-Azfen” alyansı müvəffəqiyyətlə
yerinə yetirib və yüksək keyfiyyətli qurğular istismara daxil olub.
Azərbaycanda inşa
edilmiş “Xankəndi”
sualtı tikinti gəmisi 11 il
“Şahdəniz” yatağında
işləyəcək. Gəmi “Şahdəniz-2” layihəsinin yerinə yetirilməsinə səfərbər
olunaraq 2027-ci ilədək
sualtı quraşdırma
işlərində istifadə
ediləcək.
“Xankəndi”
Xəzər dənizindəki
neft və qaz donanmasının yeni texnologiyaya malik ən müasir
gəmisidir. Suyun dərinliyi 550 metrədək
olan hissələrdə
dünya standartlarına
uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.
“Xankəndi”nin layihələndirilməsi
və tikintisi barədə müqavilə
Bakı Gəmiqayırma
Zavodu və BP arasında 2014-cü il aprelin 17-də bağlanmışdı.
Bundan sonra gəminin iki iri gövdə
bölməsi müvafiq
müqavilə əsasında
Sinqapurda inşa edilərək Bakıya gətirilmişdi. Onlar zavodun
tikinti-quraşdırma sahəsinə
çıxarılaraq inşası
başa çatmış
burun, yaşayış
və idarəetmə
blokları ilə birləşdirilmişdi. İnteqrasiya işləri yerinə yetirildikdən sonra isə gəmi suya salınmışdı.
Xatırladaq ki, “Xankəndi” xüsusi olaraq “Şahdəniz-2”
layihəsinin sualtı
qurğularını quraşdırmaq
üçün inşa
edilmişdir. İstismara verilməzdən əvvəl zavodun yanalma körpüsündə
gəminin bütün
göyərtə avadanlıqları
- əsas qaldırıcı,
eləcə də köməkçi kranları,
vertolyot meydançası
quraşdırılaraq bütün
sistem və qurğuları tam inteqrasiya
edilmiş, yoxlanılaraq
işə salınmışdır.
İki
ay ərzində açıq
dənizdə istismar sınaqları keçirilmişdir.
“Xankəndi”
DNV GL Norveç və
Almaniya təsnifat cəmiyyətinin nəzarəti
altında tikilmişdir. Bu nadir gəminin
maksimal sürəti
13,5 knot, uzunluğu
155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü
13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə
böyük dalğalarda
fəaliyyət göstərməsi
üçün dinamik
mövqeləndirmə sisteminə
malikdir. O həmçinin
600 metrədək sualtı
əməliyyatlar aparmaq
üçün əsas
kranla, 18 nəfərlik
iki dalğıc kapsulu sistemi, məsafədən idarə
olunan iki cihaz, möhkəmləndirilmiş
avadanlıq endirmə
şaxtası və digər zəruri texnika ilə təchiz edilib.
Dünyada bu tipdə cəmi
10 gəmi var ki, onlardan biri
Azərbaycandadır. Bütün
bunlara görə də 2016-cı il
sentyabrın 6-da “Xankəndi”nin
təqdimat mərasimində
iştirak edən Prezident İlham Əliyev bu gəminin istifadəyə
verilməsini tarixi hadisə adlandırmışdır.
Dövlət başçısı qeyd etmişdir ki, belə bir
gəminin tikintisi ölkəmizin gücünü
göstərir. Göstərir ki, bu gün
Azərbaycanda istənilən
böyük tikinti işləri aparıla bilər.
“Xankəndi”
gəmisinin tikintisi Azərbaycan dövlətinin
iqtisadi gücünü
göstərən çoxsaylı
amillərdən biridir. Gəminin inşası
təqribən 400 milyon
dollara başa gəlmişdir.
“Xankəndi”nin tikintisi və istismarı insanların məşğulluq
probleminin həllinə
də dəstək vermişdir. Belə ki, tikintidə
ümumilikdə iki mindən çox işçi çalışıb.
Onların da 75 faizi Azərbaycan vətəndaşıdır.
Gəmidə çalışacaq heyət üzvlərinin əksəriyyəti də
yerli mütəxəssislərdir.
Tikinti zamanı keçirilən
treninqlər və aparılan hazırlıq işləri bu gün gəminin həm kapitanının, həm də heyət üzvlərinin əksəriyyətinin yerli
kadrlar olmasına imkan vermişdir.
“Xankəndi” gəmisi “Şahdəniz” yatağının işlənilməsində
böyük rol oynayacaq, nəticə etibarilə “Cənub qaz dəhlizi”nin
reallaşmasına dəstək
verəcək.
Beləliklə, “Şahdəniz-2”
layihəsi bütün
istehsal-quraşdırma işlərinin
Azərbaycanda yerinə
yetirilməsi üçün
tamamilə yerli resurslardan istifadə edib. Hazırda yataqda istismar
olunan zəngin infrastruktur məhz Bakıdakı sənaye müəssisələrində və tikinti meydançalarında yaradılıb.
Bu isə indiyədək
ölkəmizdə həyata
keçirilmiş layihələrin
tarixində ilkdir.
Flora SADIQLI
Azərbaycan.- 2018.- 24 iyun.- S.4.