Şanlı
nəsillərin yadigarı
XX əsr Azərbaycan
poeziyasının ideya-poetik təkamülündə Nigar
xanım Rəfibəylinin öz yeri var. O, nəsil, gen
yaddaşında ehtiva olunan milli mənlik, istiqlal
ideyalarını bütün yaradıcılığı
boyu poetik məramına çevirmişdir.
Bütün məhdudiyyətlərə
baxmayaraq, Nigar Rəfibəyli mükəmməl təhsil
görmüşdür. O, Bakıda Pedaqoji Texnikumu (1930) və
Moskvada Pedaqoji İnstitutu bitirib (1932-1936). Bütün
yaradıcılıq uğurlarına ilhamı, savadı və
mübarizliyi ilə nail olmuşdur.
Çoxlarının “bəxtəvər”
deyərək həsəd apardıqları Nigar xanımın
ömür yolu əzab-əziyyətli,
ağrılı-acılı, daşlı-kəsəkli,
keşməkeşli olub. Nigar xanım 68 il ömür
sürüb (1913-1981). Lakin bu illərin yarıdan çoxunu
qorxu-hürkü içərisində yaşayıb. Onun
iztirabları 7 yaşından başlayıb. 1919-cu ildə
atasını - Azərbaycanın ilk ali təhsilli cərrahı
Xudadat bəyi heç bir günahı olmadan bolşeviklər
təqsirləndirərək Bakıya gətirmiş, Nargin
adasında güllələmişlər. Ailə pərən-pərən
düşmüşdü. Nigar xanımın iki
qardaşından biri Türkiyəyə, biri isə Rusiyaya
mühacirət etmişdi. Evləri müsadirə edilən
balaca Nigar və anası Cəvahir xanım ağır
günlər keçirirdilər. Bu az imiş kimi sonra
onları Gəncədən Bakıya
köçürmüşlər.
Arxiv materialları göstərir
ki, hətta 40-cı illərin ikinci yarısında onların
Azərbaycandan sürgün edilməsi gündəmə gəlmişdi.
Xoren Qriqoryanın imzası ilə “hakimiyyətə
düşmən münasibət bəslədiklərinə
görə” bu insanların sürgün edilməsi barədə
sənəd M.C.Bağırovun dərkənarı
üçün masasının üstünə
qoyulmuşdu. Sənəddə M.C.Bağırovun dərkənarı
var: “ostavit”, yəni “toxunmayın, qalsınlar”.
Bu sətirləri yazarkən
göz önünə vaxtilə İlyas Əfəndiyevin
dediyi sözlər gəldi: “...Tale təqsirsiz, məhkəməsiz
güllələnmiş xalq cəfakeşi Xudadat bəyin
heç olmazsa köməksiz, imdadsız qalmış o gənc
qızına aman vermişdirsə, demək dünyada az da olsa
ədalət varmış”.
Nigar xanım
məşəqqətli günlərini onunla eyni taleyi
yaşamış gənclik dostu, görkəmli dilçi
alim, professor Nəzakət Ağazadəyə (AMEA-nın
müxbir üzvü Əliheydər Orucovun həyat
yoldaşı) həsr etdiyi şeirdə real boyalarla, tarixi həqiqəti
ovqatına uyğun bir intonasiya ilə ifadə etmişdir:
...Nə ata çörəyi
yedik,
nə gördük qardaş
sovqatı.
Qamçıladı bizi
acı-acı
sərt üzlü yetimlik həyatı.
...Ömrün çətin
yollarında
Bizə yar oldu Əli, Rəsul.
Onlar açıq ürəkli,
qaynar məhəbbətli
gənclər idi.
O zamanlar bizimlə
ünsiyyət bağlamaq,
Sadə sevgi deyil,
böyük hünər idi...
Onu da demək
lazımdır ki, Rəsul Rzanın cəsarəti və
sevgisi ona başucalığı gətirmiş, ictimaiyyət
arasında qorxmazlığı, mərdliyi barədə fikir
formalaşmışdı. Aradan 100 ilə yaxın vaxt
keçsə də, Rəsul Rzanın bu addımı
unudulmur, nümunə olaraq qalır.
Nigar Rəfibəylinin 100 illik
yubileyi münasibətilə Türkiyədə “Ala
gözlüm” adlı kitabı çıxıb. Kitaba Avrasiya
Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu maraqlı
ön söz yazıb. Bu yazıda iki məsələ diqqətimi
çox çəkdi və məni sevindirdi. Məqalədən
məlum olur ki, hələ o vaxtlar Nigar Rəfibəylinin
şeirlərinə bəstələnmiş “Ala
gözlüm”, “Dağları duman alanda”, “Əsən yellər”
kimi məşhur mahnılar Türkiyə radiosunda tez-tez səsləndirilirmiş.
Lakin onları “Qars türküsü” adı ilə təqdim
edir, müəllifi sovet rejimindən qoruyurdular. Ön
sözdə Yaqub Öməroğlunun etirafı da səmimi
görünür: “İllər sonra bizi başqa dünyaya
aparan bu misraların da azərbaycanlı şair Nigar Rəfibəyliyə
aid olduğunu öyrənəcəkdim. Sevdiyim şeirlərin
müəllifi olaraq tanıdığım Nigar Rəfibəylinin
həyatı haqqında öyrəndiklərimdən sonra o, mənim
könül dünyamda narın, titrəyərək
baxdığım kristal bir abidəyə çevrildi”.
Həyatdan, quruluşdan
küskün, ürəyi nisgilli Nigar xanıma o vaxt arxa olmaq,
həqiqətən də qəhrəmanlığa bərabər
idi. Rəsul Rza sovet rejiminin qəddarlığı
tüğyan etdiyi 1937-ci ilin fevralında Nigar xanımla ailə
həyatı qurmaqdan çəkinməmişdi. Bu, Nigar
xanımın böyük ehtiramına, tükənməz məhəbbətinə
səbəb olmuş, duyğuları, hissləri ölməz
poeziya misralarına çevrilmişdi:
Sən olmasan
baharın,
yazın ətri olmazdı.
Sən olmasan
bir dünya
sevinc belə
çox azdı.
Baharın çiçəkləri
açıb-solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
Şeirim olmasın sənsiz.
Bu misralar da o dövrün yadigarıdır:
Könlümdə sönməyən bir işıq
yanır,
Onu Sən yandırdın məhəbbətinlə.
Xalq düşməninin qızı kimi
damğalanan Nigar xanım suyu üfürə-üfürə
içən adamlar kimi şeirlərində hər
sözü, hər poetik ifadəni çox diqqətlə
seçirdi. İlhamının qabağına sipər çəkməli
olurdu. Bunun nəticəsidir ki, 1934-cü
ildə çıxan ilk “Şeirlər” adlı kitabından
başlamış 1957-ci ilə qədər çap olunan 10
kitabının həcmcə ən böyüyü 64 səhifədən
ibarətdir. Lakin ab-hava dəyişəndən, sovet
rejimində yumşaqlıq baş verəndən sonra Nigar xanımın
kitabları böyük həcmdə, həm də tez-tez
işıq üzü görməyə başladı:
“Şeirlər” (1959), “Dənizin səsi gəlir” (1964), “Ana səsi”
(1969), “İşıqlı dünyam” (1969) və vəfatından
bir il sonra çıxan “Həzin bir axşamda düşsəm
yadına” (1982) və s.
Bu dövrdə Nigar xanımın tərcüməçilik
fəaliyyəti də çox məhsuldar olub. Onun Məhsətidən, Nizami Gəncəvidən,
A.Çexovdan, A.S.Puşkindən, Əlişir Nəvaidən,
O.Qonaçdan, Lermontovdan, Şevçenkodan, Anna Axmatovadan,
M.Svetayevadan, Herbet Uelsdən etdiyi tərcümələr
oxucular tərəfindən rəğbətlə
qarşılanıb. Yaxşı yadımdadır, onun H.Uelsdən
tərcümə etdiyi “Görünməz adam”
əl-əl gəzirdi. Nigar xanımın tərcümələri
milli mədəniyyət xəzinəmizə layiqli töhfə
oldu.
Nigar xanımın
yaradıcılığı sovet ədəbiyyatının təşəkkül
tapdığı illərdən başlamış və demək
olar ki, 50 ilə yaxın davam etmişdir. Vətənə, xalqa, insana, təbiətə
məhəbbət, qadın səadəti, övlad sevgisi onun
poeziyasının ana xəttini təşkil edir:
Mən analıq duyğusunu
Qul etmədim şan-şöhrətə.
Ən müqəddəs hisslərimi
Bağladım bir məhəbbətə...
Üç beşiyin arxasında
Bəzən sübhədək oturdum,
Nəğmələrdən, şeirlərdən
Mən onlara dünya qurdum...
Şairin arzusu insanları, xüsusən də
o vaxtlar məhdud hüquqlu qadınları azad və xoşbəxt
görmək idi. Ana mövzusu Nigar xanımın
yaradıcılığından qırmızı xətt kimi
keçir. Onun analarla bağlı şeirləri
xüsusi tədqiqat mövzusudur. Şairin hər
şeiri poetik yenilikdir: “Toy” adlı şeirə fikir verin:
Deyirlər ki, qısqanırsan,
anasan, əlbət
Oğlun bu gün toy eyləyib
səndən ayrılır.
Tapıntıya heyran olmamaq olmur:
Qoy cəbhələr ayırmasın
bizi
övladdan,
Qoy aparsın oğulları
gözəl gəlinlər.
Nigar xanımın poeziyası nəğmə
qədər qəlbə yatandır. Çünki onun lirikası kövrək,
ülvi duyğuları tərənnüm edən yüksək
poeziya nümunələridir.
Ala gözlüm, səndən ayrı gecələr,
Bir il qədər uzun olur, neyləyim?!
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?
Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur,
neyləyim?
Bu misraların çəkisi, təsir gücü
adamı heyran edir. Nigar xanımın poeziyasının cazibə dairəsindən
çıxmaq olmur. Qadın qəlbinin ən
duyğulu məqamlarının ifadəsində sözlə
intonasiya birliyini görürük.
Görkəmli bəstəkarlarımız
Nigar xanımın poeziyasının bu xüsusiyyətindən
qədərincə bəhrələnmiş, sözlə
musiqinin vəhdətindən yaranmış onlarca sənət
nümunəsi bu gün öz ədəbi
yararlığını bir daha təsdiq edir.
Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev,
Polad Bülbüloğlu, Emin Sabitoğlu, Cavanşir Quliyev və
başqaları Nigar xanımın şeirlərinə musiqi bəstələmişlər.
Zeynəb Xanlarovanın “Dağları duman alanda”, Akif
İslamzadənin “Ala gözlüm”, Xədicə
Abbasovanın “Aman ayrılıq” və başqalarının
oxuduqları mahnılar bugünün ən sevilən sənət
nümunələridir.
Yeri gəlmişkən mənə belə
gəlir ki, Güney Azərbaycanda yaranan, hər iki tayda sevilən
“Ayrılıq” mahnısının sözləri Nigar
xanımın “Ayrılıq” şeirinin təsiri altında
yazılıb.
Bunlar Nigar xanımın misralarıdır:
Mən ki doymamışdım heç vüsalından,
Mənə zülm eylədi yaman
ayrılıq.
Nə olaydı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq.
Güneyli şair Rəcəb Fərhad İbrahiminin nəğməyə
çevrilən şeirində oxuyuruq:
Uzundur hicrindən, qara gecələr,
Bilmirəm, mən gedim, hara gecələr?
Vurubdur qəlbimə yara gecələr.
Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərddən olur yaman
ayrılıq.
Hər iki şairin şeirindən
göründüyü kimi, ayrılıq əlacı olmayan dərdə
bənzəyir, ağrısı-acısı adamı göynədir.
Nigar xanımın əzablı, keşməkeşli
tale yolunun sonu işıqlı oldu. Təsadüfi deyildir ki, o, son
kitablarından birini “İşıqlı dünyam”
adlandırıb.
Bu gün poeziyamızı Nigar
xanımsız təsəvvür etmək çətindir. Onun poeziyası həmişəyaşar
və təkrarsızdır. Odur ki, Nigar Rəfibəylinin
yaradıcılığı həmişə qələm
sahiblərinin və ədəbiyyatşünasların diqqət
mərkəzində olub. Səməd Vurğun, Mirzə
İbrahimov, Mehdi Hüseyn, Əli Kərim, Mirvarid Dilbazi,
İlyas Əfəndiyev, Mikayıl Rzaquluzadə, Əzizə
Cəfərzadə, Gülrux Əlibəyli, Rafael Hüseynov,
Əliağa Kürçaylı, Abbas Zamanov, Balaş Azəroğlu,
Hüseyn Abbaszadə, Nəbi Xəzri və başqaları
onun yaradıcılığına sanballı məqalələr
həsr etmişlər.
Nigar xanıma həsr olunan
saysız-hesabsız şeirlər, onun təsiri altında
yazılan poeziya nümunələri şairin böyük
nüfuzundan xəbər verir.
Deyirlər, Nigar xanım az yazıb. Anar bütün günahı ailənin üzərinə
götürür.
Burada bir həqiqət var. Üç övladı
dünyaya gətirmək, böyütmək, Rəsul
Rzanın bir şair kimi ruhi rahatlığını təmin
etmək, fikir və qəlbini lüzumsuz qayğı və həyəcanlardan
qorumaq da Nigar xanımın payına düşürdü.
Lakin Nigar xanımın nisbətən az
yazmasının səbəbi Rafael Hüseynovun göstərdiyi
kimi nə məişət qayğıları idi, nə də
mətbəx divarları. Siyasi hürkülər
idi. O, ürəyindəkiləri üzə
çıxarmamaqla ərini də qoruyurdu.
Bununla belə, bir məsələni də
unutmamalıyıq.
Azərbaycan elminin korifeylərindən biri
Nəsirəddin Tusi xüsusi vurğulayırdı ki, elm və
qələm sahiblərini yazdıqlarının
çoxluğu ilə deyil, əməllərinin
faydalılığı, əxlaqlarının
saflığı və özlərinin xeyirxahlığı
ilə sınaqdan keçirmək lazımdır. Bu hikmətli kəlam sanki
Nigar xanımın həyatına və
yaradıcılığına işıq tutur. Şairənin
sadəliyi, arzularındakı səmimiyyət və təvazökarlığı
da öz yerində:
Heykəl də qoymayın şairə vaxtsız,
Zaman sınağından qoy qalib
çıxsın.
Nə oxucu ona söyləsin baxtsız,
Nə dövran uçurub heykəli
yıxsın.
Qəlblərdə yaşasın onun heykəli,
Şeri məşəl kimi illəri
yarsın.
Gələcəyin xoşbəxt nəsillərinə
Əsrindən, dövründən salam
aparsın.
İllər boyu səksəkədə yaşayan, mənəvi
repressiyalara, təzyiqlərə məruz qalan Nigar Rəfibəyli
bəy nəslindən olduğunu nəinki gizlətmir, hətta
iftixarla yazırdı:
Mən könül mülkünün tacidarıyam,
Xəyal dünyasının şah
nigarıyam.
Vətən torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.
Nigar xanım “Vətən torpağında
iftixar olan” misrasında böyük bir həqiqətdən
söz açır.
Nigar Rəfibəyli “Xalq şairi” və “Əməkdar
mədəniyyət işçisi” fəxri adlara layiq
görülür, “Şərəf nişanı” ordeni ilə
təltif olunur.
Bakıda yaşadığı
küçə, Gəncədə oxuduğu məktəb
onun adını daşıyır. Gəncənin
ən səfalı yerində - Xan bağında abidəsi
ucaldılır.
Abidənin
açılışında ümummilli lider Heydər Əliyev
şəxsən iştirak edib və seçicilər
qarşısında Nigar xanımdan söz açıb: “Mən
Gəncəyə gələndə gəncəlilər məni
böyük həyəcanla qarşıladılar. Mən
xoş əhvali-ruhiyyə gördüm. Yolumuz Sərdar
bağına düşdü. Çünki orada Gəncənin
dəyərli insanlarından biri Nigar xanım Rəfibəylinin
abidəsinin açılış mərasimini keçirdik.
Nigar xanım Rəfibəyli Gəncənin böyük Rəfibəylilər
ailəsinin, sülaləsinin çox parlaq nümayəndələrindəndir.
Gəncənin tarixi haqqında danışarkən Rəfibəylilərin
xüsusi yerini mən qeyd edirəm. Bəli, Nigar xanım Azərbaycan
xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycan
ədəbiyyatının inkişafında böyük xidmətlər
göstərmişdir... O, öz həyat
yoldaşı - Azərbaycanın böyük şairi Rəsul
Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının
yüksəlməsində xüsusi rol oynamışdır və
məmnunam ki, onların övladı Azərbaycanın
böyük yazıçısı, Yazıçılar
Birliyinin sədri, hörmətli Anar da öz əcdadlarının,
atasının, anasının işini davam etdirir və Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin
inkişafına öz xidmətlərini göstərir... Bir
ailədə üç xalq yazıçısı - Rəsul
Rza, Nigar xanım Rəfibəyli, Anar”.
Sağlığında Nigar
xanımın paxıllığını çəkən,
ona qibtə edən, qapısına daş atanlar da olmuşdur.
Lakin xalq şairi Bəxtiyar Vahabzadə
demişkən, onlar nə murada yetdi, nə kama çatdı.
Onlardan toz izi qədər də bir şey qalmadı.
Şanlı nəsillərin iftixarı və yadigarı Nigar
Rəfibəyli vəfalı həyat yoldaşı kimi,
örnək ana kimi, bir çoxunun nəğməyə
çevrilərək dillər əzbəri olan, cazibəsi
ilə qəlbləri fəth edən poeziyası ilə
insanların qəlbinə yol tapan, xalqın sevimlisinə
çevrilən xoşbəxt şairədir.
Qəzənfər
PAŞAYEV,
filologiya
üzrə elmlər doktoru,
professor
Azərbaycan.-
2018.- 24 iyun.- S.6.