Güclü sərkərdənin qüdrətli ordusu

 

Lələtəpə və Günnüt hərbi zəfərləri ilə ən yüksək səviyyəli döyüş hazırlığını sübut edən Silahlı Qüvvələrimizin peşəkarlığı, maddi-texniki təchizatı beynəlxalq reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilir

 

Hər bir dövlətin mövcudluğu və inkişafı, ərazi bütövlüyünün toxunulmazlığı, vətəndaşlarının təhlükəsizliyinin təminatı onun iqtisadiyyatı, çevik daxilixarici siyasəti ilə yanaşı, güclü ordusunun olması ilə də bağlıdır.

Müasir Azərbaycanın Silahlı Qüvvələrinin yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğundan qaynaqlanır. Xalq Cümhuriyyətinin elan olunmasından sonra hökumətin qarşısında duran təxirəsalınmaz vəzifələrdən biri gənc respublikanı xarici təhdidlərdən və fəaliyyətlərini dövlət müstəqilliyinin əleyhinə yönəltmiş bolşevik-daşnak silahlı qruplaşmalarından qorumaq üçün Milli Ordu quruculuğu idi.

1918-ci il may ayının 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinın yaradılması zərurəti xüsusi olaraq qeyd edilmiş və hökumətin qərarı ilə həmin ilin iyun ayının 26-da Gəncədə ilk milli hərbi hissə - əlahiddə korpus formalaşdırılmış, orduya çağırış haqqında fərman verilmişdir.

İlk dövrlərdə Azərbaycanın hərbi qulluqçuları say etibarilə 600 nəfərlik könüllü dəstələrdən ibarət olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının məlum qərarından sonra 5000 nəfərlik ilk nizami ordu hissəsi - “Əlahiddə Azərbaycan korpusu” təsis edilmişdi.

Qısa müddət ərzində Azərbaycan Ordusu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakı və ətraf bölgələrdə ağır döyüş sınaqlarından çıxaraq, torpaqlarımızı erməni-bolşevik işğalından xilas etmişdi. Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin təşkili Azərbaycanın hərb tarixində və bütövlükdə Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə olmuşdu. Bununla da Azərbaycanda müstəqil nizami ordu quruculuğunun əsası qoyulmuş və hərb sənəti tarixində yeni səhifə açılmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuş general Səməd bəy Mehmandarov əmrlərinin birində cümhuriyyətin ordu quruculuğunun əsas vəzifələri haqqında bunları yazırdı: “Vəzifələrimin icrasına başlarkən mənim görməli olduğum o böyük işin bütün ciddiliyini, mürəkkəbliyini və çətinliyini anlayıram... Döyüşkən ordunun yaradılmasının bütün uğuru bütünlüklə bu işin düzgün qurulmasından asılıdır. Hamını birgə, səmimi fəaliyyətə dəvət etməklə mən bütün səviyyələrdə olan rəislərin diqqətini qoşunlarda təlim və tərbiyəyə, onlarda möhkəm intizamın aşılanmasına, xidmətə məsuliyyət və məhəbbət hisslərinin, xidməti mülkiyyətə marağın oyadılmasına, qanun-qaydaya riayət edilməsinə və nəhayət, tabeçilikdə olanlara qayğıkeş və mehriban münasibət göstərilməsinə çağırıram. Yalnız bu keyfiyyətlərin varlığı ordunun yaradılmasını, gənc respublika tərəfindən ona böyük xərclər çəkilməsini doğrulda bilər və belə bir ordunun yaradılması üçün mən heç bir çətinlikdən çəkinməyəcəyəm”.

XX əsrin əvvəllərində müsəlman Şərqində yeni tipli, milli maraqlara cavab verən müasir ordunun yaranması Azərbaycan Xalq Cümhuriyyətinin şanlı səhifələrindən birinə çevrilmişdi. Qısa müddət ərzində nəinki Milli Ordunun struktur və idarəetmə mexanizmləri, həmçinin peşəkar hərbi kadr hazırlığı sisteminin təməli qoyulmuş, hətta onun imkanları hesabına Ermənistanın hələ həmin illərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilən işğal siyasətinin qarşısı qətiyyətlə alınmışdır.

Lakin bolşevik işğalı, Xalq Cümhuriyyətinin süqutu nəticəsində Milli Ordu quruculuğu dayandırılmış, Hərbi Nazirlik ləğv edilmiş, Milli Ordunun 21 generalından 15 nəfəri amansızcasına qətlə yetirilmişdi.

Ordu quruculuğu prosesinə yalnız 71 illik zaman kəsiyindən - 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yenidən başlanılmışdı. Lakin həmin dövrdə ictimai-siyasi vəziyyət, hakimiyyətdə olanların bacarıqsızlığı, şəxsi maraqların dövlət mənafeyini üstələməsi üzündən yaranmış xaos və özbaşınalıq ordu quruculuğuna da mənfi təsir göstərmişdi. Vahid komandanlığın olmaması, peşəkar hərbi qulluqçuların azlığı sayəsində silahlı birləşmələr müxtəlif qrupların əlində cəmləşmişdi. Silahlı qüvvələrin formalaşması haqqında qərar qəbul edilsə də, bu taleyüklü vəzifə formal xarakter daşımışdı. Yaranmış vəziyyət isə son nəticədə torpaqlarımızın 20 faizinin işğal edilməsinə, bir milyona yaxın insanın doğma evlərindən qaçqın düşməsinə səbəb olmuşdu.

Müasir Azərbaycan dövlətinin ordu quruculuğuinkişaf mərhələləri xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi hissəni təsis etdiyi əlamətdar gün - iyun ayının 26-sı Azərbaycan Silahlı Qüvvələri Günü elan olunmuşdur.

Ümummilli liderin hələ SSRİ dönəmində - ötən əsrin 70-ci illərində gələcək Azərbaycan Ordusu üçün kadr potensialı hazırlayan Cəmşid Naxçıvanski adına məktəbi təsis etməsi müasir ordumuzun formalaşmasında böyük rol oynamaqdadır. Bu məktəbin yetirmələri olmuş Azərbaycan hərbçiləri hələ Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. 1993-cü ilin iyun ayında Azərbaycan xalqının tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə vətəndaş müharibəsinin qarşısını almaqla yanaşı, müstəqil dövlətin Milli Ordusunun qurulmasına da real imkanlar açmışdı. Məhz bu dövrdən etibarən silahlı qüvvələr dövlətin tam nəzarəti altına keçmişdi.

Xüsusilə qeyd olunmalıdır ki, Heydər Əliyev milli ordunun yaradılması prosesinə hələ Naxçıvanda, Ali Məclisin Sədri olarkən başlamışdı. Qısa müddət ərzində Azərbaycanın Silahlı Qüvvələrində geniş islahatlar aparılmışdı, onun texniki təminatı, hərbi qulluqçuların sosial statusu, hüquqi vəzifələri haqqında mühüm qanunvericilik aktları qəbul edilmişdi.

Silahlı qüvvələrin döyüş hazırlığının səviyyəsinin yüksəldilməsinə, beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılmasına, peşəkar zabit kadrlarının hazırlığına xüsusi diqqət yönəldilmişdi. Heydər Əliyev təkcə Azərbaycanın hərtərəfli inkişafına, iqtisadi-siyasi cəhətdən güclənməsinə, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına deyil, dövlətimizin, xalqımızın təhlükəsizliyinin təminatına da böyük töhfələrini vermiş, onun gələcək strategiyasını da müəyyən etmişdir. Ulu öndər Azərbaycanda hərbi təhsil sisteminin təkmilləşdirilməsi, onun beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında mühüm fərman imzalamışdır. 2001-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə ümummilli lider demişdir: “Ordu yaratmaq, qurmaq asan bir deyildir... Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir... Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır”.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu günuğurla davam etdirilməkdədir. Silahlı Qüvvələrimiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, şəxsi heyətin müasir hərbi texnika ilə təminatı, onun xidmət və həyat şəraiti davamlı şəkildə yaxşılaşdırılmışdır. Dövlət başçısı İlham Əliyevin sözləri ilə desək, “Güclü dövlətin güclü ordusu olmalıdır”. Aparılan genişmiqyaslı islahatlar nəticəsində hazırda Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biri kimi dəyərləndirilir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycanın müdafiə xərcləri üçün ayrılan illik vəsait ardıcıl olaraq işğalçı Ermənistanın dövlət büdcəsindən də çoxdur.

Azərbaycan Prezidenti əmindir ki, Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri uğurla icra etməyə qadirdir. Dövlət başçısı çıxışların birində bildirmişdir: “Bu gün demək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qalmır. Bütün istiqamətlər üzrə konkret siyasət var, proqram var və gözəl nəticələr var. Əminəm ki, münaqişənin həllində də biz istədiyimizə nail olacağıq. Biz tarixi ədaləti bərpa edəcəyik, öz doğma torpaqlarımıza qayıdacağıq. Bunun başqa yolu yoxdur. Tarixin inkişafı, tarixin gedişatı, dünyada gedən proseslər, güclənən Azərbaycan, zəifləyən, yoxsullaşan Ermənistan - bütün bunlar reallıqdır. Bu reallıqları öz siyasətimizlə, öz iradəmizlə yaratmışıq. Ermənistanı bundan sonra da bütün beynəlxalq və regional layihələrdən təcrid edəcəyik. Azərbaycanı bundan sonra da gücləndirəcəyik. Güclü dövlətimiz bu münaqişənin həllində öz sözünü deyəcək”.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və onun şəxsi heyətinin hüquqi statusunun beynəlxalq standartlar səviyyəsində müəyyən olunması istiqamətində də mühüm qanunvericilik bazası yaradılmışdır. Xatırladaq ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi - referendumu yolu ilə Azərbaycan Respublikası Konstitusiyasına mühüm əlavə və düzəlişlər qəbul edilmişdir. Həmin ümumxalq səsverməsi nəticəsində dövlətin və xalqın təhlükəsizlik məsələləri, “silahlı qüvvələr” anlayışı dövrün çağırışlarına uyğun olaraq yeni məzmun kəsb etmiş, bu ifadə əvvəlki kimi Milli Ordunu deyil, digər silahlı birləşmələri də əhatə etmişdir. Beləliklə, əsas funksiyası Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumaq olan bu təsisatın tərkibinə ilk dəfə olaraq quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri ilə birlikdə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti də daxil edilmişdir.

Silahlı Qüvvələrimizin məqsədi, təyinat və vəzifələri, hüquqi əsasları, dinc, real təhdid, səfərbərlik və müharibə dövründə funksiyaları, maddi-texniki təminatı, hərbi qulluqçularımızın hüquqi məsuliyyəti və digər mühüm məsələlər 2017-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda geniş əksini tapmışdır. Sənəddə bildirilir ki, silahlı qüvvələrimizin yaradılmasında və gücləndirilməsində məqsəd Azərbaycan Respublikasının silahlı müdafiəsi, onun təhlükəsizliyinin və milli maraqlarının təminatı, Konstitusiya quruluşunun, suverenliyinin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədlərinin mühafizəsi, mülki müdafiənin təşkili və bu kimi digər məsul vəzifələrin icrasıdır. Həmin qanuna əsasən, silahlı qüvvələrdə hərbi qulluqçuların hərbi xidmət keçməsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsi ilə, onların hüquqi statusu isə Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəaları, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və digər normativ hüquqi aktlarla tənzimlənir.

Əsgər və zabitlərimizin hüquqisosial müdafiəsi də diqqətdən kənarda qalmamışdır. Bu məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi olan ayrı-ayrı hərbi qurumların fəaliyyəti isə adı çəkilən sənədlə yanaşı, digər qanunvericilik aktları - “Azərbaycan Ordusu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Daxili Qoşunlar haqqında”, “Sərhəd mühafizə orqanları haqqında” və s. qanunlarla müəyyən olunur.

Paralel olaraq, ordumuz dünyanın ən müasir və mükəmməl döyüş texnikası ilə təmin edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılmış və hazırda burada 800 addan çox hərbi təyinatlı texnika istehsal edilməkdədir. Bu isə Azərbaycana öz ordusunu zəruri silah, sursattexnika ilə təchiz etmək üçün əvəzsiz imkan yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı nəticəsində bu gün ordumuzun silah və texnikası demək olar ki, tamamilə yeniləşmiş, hərbi şəhərciklər əsaslı təmir olunmuş, yeniləri istifadəyə verilmişdir. Ordumuz ən müasir silahsursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, artilleriya, uçuş texnikası və s. yüksək səviyyədə təmin olunmuşdur.

Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti, döyüş ruhu yüksəlmişdir. Əsgər və zabitlərimiz istənilən döyüş tapşırığını yerinə yetirməyə, işğal altında qalmış torpaqlarımızı azad etməyə hər an hazırdırlar. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyanın 50 ən güclü ordusu sırasındadır. Onun sözlərinə görə, bu danılmaz faktı Azərbaycan ictimaiyyəti də görürbilir. Beynəlxalq reytinq agentliklərinin qənaətləri də Silahlı Qüvvələrimizin döyüş hazırlığını, peşəkarlığını, maddi-texniki təchizatını da yüksək dəyərləndirirlər. Prezident demişdir: “Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik. Ən müasir silahlar, texnika, döyüş aparatları, təyyarələr, vertolyotlar, pilotsuz döyüş aparatları, artilleriya qurğuları, zirehli maşınlar, tanklar, toplar, hava hücumuna qarşı ən müasir qurğular, yəni bütün bunlar bizim hərbi gücümüzü böyük dərəcədə artırmışdır”.

O da vurğulanmalıdır ki, Azərbaycanın Silahlı Qüvvələrinin hissələri ərazi bütövlüyümüzün bərpası, dövlət sərhədlərinin qorunması ilə yanaşı, beynəlxalq razılaşmalara əsasən dünyanın müxtəlif guşələrində həyata keçirilən sülhməramlı əməliyyatlarda da fəal iştirak edirlər.

Azərbaycan Silahlı Qüvvələri bu gün həm peşəkarlığına, həm maddi-texniki təchizatına, həm də döyüş əzminə görə 90-cı illərin əvvəllərindəki ordudan kəskin şəkildə fərqlənir. Milli Ordumuzun hərbi hissələrinin son illərdə keçirdiyi lokal hərbi əməliyyatlar onun inkişaf və təkmilləşmə yolunun uğurlu imtahanları olmuş, Ermənistanın silahlı qüvvələri əsgər və zabitlərimizin döyüş əzmi və peşəkarlığı qarşısında duruş gətirə bilməmişlər. 2016-cı ilin dörd günlük aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklər, Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və digər mühüm mövqelər düşməndən azad olunmuşdur. Aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilmiş və 500-dən artıq döyüşçü yaralanmışdır. Bu döyüş təkcə Silahlı Qüvvələrimizin yüksək peşəkarlığını, döyüş əzmini deyil, həm də Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirmişdir.

İki il sonra, 2018-ci il mayın 20-27-də Silahlı Qüvvələrimizin həyata keçirdiyi digər lokal hərbi əməliyyat şanlı Azərbaycan əsgərinin inamlı qələbəsi, Naxçıvan Muxtar Respublikasının işğal altında olan 11 min hektarlıq strateji ərazisinin azad edilməsi ilə nəticələnmişdir. Belə ki, şərti olaraqGünnüt əməliyyatı” adlandırılan hərbi tədbirlər çərçivəsində Milli Ordumuz Ermənistanın Naxçıvan Muxtar Respublikasına qarşı hücum planının icrasını qabaqlamış, Şərur rayonunun Günnüt kəndi, onun ətrafında olan strateji yüksəkliklər, o cümlədən Xunut dağı və Ağbulaq yüksəkliyi və digər mühüm mövqelər azad olunmuş, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu döyüşçülərimizin nəzarəti altına keçmişdir.

Azərbaycan dövləti üçün aktuallığını saxlayan ən böyük problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Lakin dünyada cərəyan edən proseslər, müxtəlif regionlarda baş qaldıran silahlı münaqişələr bir daha göstərir ki, müasir geosiyasətdə güclü ordu amili getdikcə daha böyük əhəmiyyət kəsb etməkdə və beynəlxalq hüququn təsir imkanlarını üstələməkdədir. 2018-ci ilin may ayında ADA Universitetində keçirilmiş məzun günündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələni bir daha diqqətə çatdırmışdır. Bildirmişdir ki, beynəlxalq hüququn normaları Ermənistanın işğalı altında olan əraziləri Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqləməsinə, BMT və digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı qərar və qətnamələr qəbul etmələrinə baxmayaraq, bu sənədlərdəki tələblərdən heç biri hələ də icra olunmamışdır. Dünyanın müxtəlif guşələrindəki münaqişəli məsələlərə hamılıqla qəbul edilmiş beynəlxalq normalar çərçivəsindən deyil, hərbi güc müstəvisindən yanaşılır. Bu isə beynəlxalq hüququn ağır böhran içərisində olduğunun göstəricilərindən biridir.

Dövlət başçısı onu da qeyd etmişdir ki, Azərbaycan öz siyasətini dünyada mövcud olan real vəziyyətə uyğunlaşdırmalıdır. Belə olan təqdirdə dövlətimiz öz ərazi bütövlüyünün, suverenliyinin müdafiəsi üçün iqtisadi qüdrətini artırmaqla yanaşı, Milli Ordunun da hərbi potensialının artırılmasına, şəxsi heyətin peşəkarlıq səviyyəsinin, onun mübarizə, qələbə əzminin yüksəldilməsinə ciddi diqqət yetirir. Prezident İlham Əliyev demişdir: “Bu gün dünyada güc amili ön plana çıxır. Biz bunu demək olar ki, hər gün görürük. Əlbəttə, biz bu istiqamətdə öz addımlarımızı atmışıq və atacağıq. Son illər ərzində ordu quruculuğuna ayırdığımız diqqət və qoyduğumuz vəsait bir daha göstərir ki, biz düzgün yoldayıq və bu yolu davam etdirəcəyik”.

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubileyi ərəfəsində tam əminliklə deyə bilərik ki, güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Regionun ən qüdrətli ordusu olan Silahlı Qüvvələrimiz ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini dərhal və uğurla yerinə yetirməyə hazırdır.

 

Fərhad MƏMMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Strateji Araşdırmalar Mərkəzinin direktoru

 

Azərbaycan.- 2018.- 26 iyun.- S.1; 5.