“İlham Əliyev öz ordusu ilə əslində, Yerevana doğru irəliləyir”
Azərbaycanın son hərbi qələbələri
Ermənistanda böyük
xof yaradıb
Müzəffər Azərbaycan
Ordusunun 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinə nəzarəti
tam əlinə alması
və bir sıra yüksəklikləri
azad etməsi hələ də Ermənistanı çalxalamaqdadır.
Düşmən bununla
anlayır ki, Azərbaycan ərazisinin işğal faktı ilə heç vaxt barışmayacaq.
Qarşı tərəf
onu da aydın
sezir ki, gec-tez ölkəmiz düşmənin işğalçılıq
siyasətinə son qoyacaq.
Günnüt zəfəri
bunun növbəti
real təsdiqidir. Digər
tərəfdən, Azərbaycan
Ordusunun Naxçıvan
istiqamətində 11 min hektar
ərazini düşmən
işğalından azad
etməsi Ermənistanda
hakimiyyətə yeni gələn və Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı hədyanlar
danışan Nikol Paşinyana Silahlı Qüvvələrimizin, şəxsən
Ali Baş Komandan İlham Əliyevin vurduğu sərt sillədir.
Bununla ona başa salınır ki, özünü düzgün aparmasa, danışıqlarda konstruktiv
olmasa, onda başıqapazlı olacaq,
sələfi Serj Sarkisyan kimi cəbhədə məğlubiyyətlərə
məruz qalacaq. Paşinyanın bu sillədən, Günnüt
mesajından hansı dərs çıxaracağını
qarşıdakı günlər
ərzində görə
biləcəyik. İndi
isə onun başı sələfinin
tərəfdarlarına qarşı
təzyiqlərə qarışıb.
N.Paşinyan “repressiya
maşını”nı işə
salıb
Ermənistanda uzun müddət hakimiyyətdə
olan Serj Sarkisyanın və ətrafının əlində
böyük miqdarda varidat toplanması heç kimə sirr deyil. Amma
işğalçı ölkədə
məlum hakimiyyət dəyişikliyindən sonra
bu varidatın əldə saxlanılması
ciddi problemə çevrilib. Xüsusən
də Sarkisyan tərəfdarlarına qarşı
hakimiyyətin başladığı
repressiv siyasət vəziyyəti daha da qəlizləşdirir. Sarkisyan tərəfdarları
ya varidatlarını itirməklə barışmalı,
ya da mövcudluqlarını
qorumaq üçün
vuruşmalıdırlar. Hadisələrin
gedişi göstərir
ki, onlar ikinci yola baş
vurmağa hazırlaşırlar.
Buna əsas səbəb
hakimiyyətin təzyiq
siyasətini daha da artırmasıdır.
Son məlumatlara görə, Serj Sarkisyanın başçılıq
etdiyi partiyanın daha bir üzvü
həbs edilib. Keçmiş deputat Arakel Movsisyan Milli Təhlükəsizlik
Xidməti (MTX) tərəfindən
həbs olunub. “Şmays” ləqəbi ilə məşhur olan Arakel Movsisyan
MTX-nin təcridxanasına
yerləşdirilib. Movsisyanın
evində axtarış
zamanı silah-sursat aşkar edilib. Arakel Movsisyan Manvel Qriqoryanın yaxın adamlarından biri olub. Movsisyanın parlamentdə deputat seçilməsinə məhz
Qriqoryan şərait yaradıb.
Qriqoryanın keçmiş
döyüş yoldaşı
olan Movsisyan sonralar Ermənistan hökumətinin əmri ilə müxtəlif cinayətlərin təşkilində
iştirak edib. Bəzi mənbələr
onun Ermənistan parlamentində 1999-cu ildə
təşkil edilən
teraktın dolayısı
iştirakçısı olduğunu
da bildiriblər. Belə ki, Movsisyanın
qardaşı Muşeq
Movsisyan o zaman parlamentdə deputat idi. İddiaya görə, məhz o, terrorçuların parlamentə
girişinə şərait
yaradanlardan biri olub.
Arakel Movsisyan
Serj Sarkisyana son xidmətini Yerevandakı etiraz aksiyaları zamanı göstərib. Onun adamları etirazçılar arasına
daxil olaraq onları qarşıdurmaya
çəkməyə cəhd
edib və polislə etirazçıların
toqquşmalarına şərait
yaradıblar. Movsisyanın
Ayqek kəndindəki villasında axtarış
aparan MTX əməkdaşları
isə sonda onu baş idarəyə
aparıblar. MTX əməkdaşları
iki saat ərzində keçmiş
deputatın evində silah axtarıblar.
Sarkisyanın qudası
da istintaqa cəlb edilib
Serj Sarkisyanın qudası Ara Minasyanın sahibi olduğu Yerevandakı “İşıqlandırıcı Qriqori” tibb mərkəzində
ölkənin Səhiyyə
Nazirliyi tərəfindən
yoxlamalar aparılır.
Bildirilir ki, yoxlamalar iki ay davam edəcək, lakin artıq ilk mərhələdə pozuntular
aşkar olunub. Hələlik bu pozuntuların nədən
ibarət olması barədə məlumat verilmir. Əldə olunan informasiya hüquq mühafizə orqanlarına təqdim ediləcək.
Digər tərəfdən,
Ermənistan İstintaq
Komitəsi Serj Sarkisyanın mühafizəsinin
rəhbəri Vaçaqan
Kazaryana məxsus olan, Yerevanın mərkəzində yerləşən
“Yans” restoran kompleksində aparılmış
yoxlamalar barədə
məlumat verib. Burada hesabatlarda qeydə alınmamış
1 milyon 441 min dollar həcmində
pul aşkarlanıb. Restoranlar kompleksində külli miqdarda maliyyə fırıldaqçılığı
və mənimsəmə
faktları aşkarlanıb.
İstintaq Komitəsinin
mətbuat xidməti bildirib ki, kompleksin
mühasibi 2012-ci ilin oktyabrından 2017-ci ilin mayınadək sifarişlər
və maliyyə vəsaitləri ilə bağlı məlumatları
saxtalaşdıraraq fərdi
şəkildə, yaxud
da menecerin köməyi ilə 25 milyon dram pul mənimsəyib.
Yerevan meri həbs edilib
Açılan cinayət
işi çərçivəsində
Sarkisyanın yaxınlarına
məxsus “Selena” şirkətinin
direktoru Samvel Karapetyanın və şirkətin faktiki sahibi Ruben Beqlaryanın evlərində də axtarış həyata keçirilib. Nəticədə
2 ədəd odlu silah və 1 milyon dollardan çox pul aşkarlanıb.
Bundan əlavə,
Ermənistan polisinin Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə Baş
İdarəsinin Korrupsiya
və İqtisadi Cinayətkarlıqla Mübarizə
İdarəsi Yerevan meri
Taron Markaryana qarşı cinayət işinin başladılması
üçün ölkənin
Baş Prokurorluğuna
müraciət edib. Mətbuat Baş Prokurorluğun artıq Markaryana qarşı cinayət işi başladığını bildirib.
Onun böyük məbləğdə pul vəsaitinin mənimsənilməsində,
eyni həcmdə vergidən yayınmaqda, dövlət sənədlərinin
saxtalaşdırılmasında ittiham olunduğu vurğulanıb.
“General rütbəsi hansısa xidmətlərə görə
hədiyyəyə çevrilib”
Serj Sarkisyanın hərbi sahədə tərəfdarlarına qarşı
da müəyyən addımların atılması
üçün işlər
görülür. Ermənistan
Milli Təhlükəsizlik
Xidmətinin sərhəd
qoşunlarının keçmiş
komandanı, general-mayor Levon
Stepanyanın bu xüsusda açıqlamaları
xüsusilə diqqət
çəkir. O bildirir
ki, artıq Ermənistanda generalların
sayına və rütbələrin təqdim
edilməsi meyarlarına
yenidən baxılmalıdır.
Onun sözlərinə
görə, Ermənistanda
general rütbəsi lap əvvəldən
ləkələnib: “Yalnız
hərbi təlim üçün 8-10 il vaxt tələb olunur, hələ mən orduda xidməti demirəm. Hərbçi hərbi məktəbdən ali rəhbərliyə qədər
yol keçməlidir.
Bu proses ən azı 18 ilə yaxın vaxt aparır”.
Onun sözlərinə
görə, bu rütbə Ermənistanda
hansısa xidmətlərə
görə hədiyyəyə
çevrilib. Bu məsələdə
hərbi kadrlarla səhra komandirləri arasında həmişə
mübahisələr olub.
Stepanyan bildirir ki, bir neçə
generalın rütbəni
siyasi oyunlara görə aldığı
sirr deyil: “Məsələn, seçkiləri
saxtalaşdırdıqlarına, səs gətirdiklərinə
görə. Bu, sirr deyil”.
Azərbaycanın son hərbi
zəfərlərinin Ermənistanda
böyük xof yaratdığını qeyd
edən Stepanyan xatırladıb ki, Qarabağın “müdafiə
ordusu”nun keçmiş
komandanı Samvel Babayanın belə generalları kolxoz sədrlərinə bənzətməsi
yanlış fikirdir. Onun sözlərinə görə, kolxoz sədrləri barədə
daha yaxşı fikirdədir: “İlham Əliyev öz ordusu ilə əslində, Yerevana doğru irəliləyir. Ancaq Ermənistanda general tanıyıram ki, rütbəni şöhrətpərəstlik
üzündən alıb,
eləsi də var ki, heç
hərbi salam verə bilmir. Hətta general var ki, Ararat dağının
Ermənistan ərazisində
olduğunu bilmir”. O ki qaldı həbs
edilmiş general Manvel Qriqoryana,
Stepanyan burada qəribə bir şey görmür. Onun fikrincə, bu şəxsin cinayətlərini hamı
bilirdi.
Hesab edilir ki, hərb sahəsində
də vəziyyətə
əl gəzdirilməsi,
burada Sarkisyanın tərəfdarlarının sıradan
çıxarılması onun
mövqelərini daha da zəiflətməyə
hesablanıb. Qarşı
tərəfin buna müqaviməti isə Ermənistanda daxili qarşıdurmanı daha da kəskinləşdirəcək.
Elçin CƏFƏROV
Azərbaycan. - 2018.-26 iyun.- S.1; 4.