V.Volodin: "Xalq Prezident İlham Əliyevin həyata keçirdiyi
siyasətə dəstək verir”
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 24-də Rusiya Federasiyası
Federal Məclisi Dövlət Dumasının sədri
Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki,
dövlətimizin başçısı Rusiya Federasiyası
Federal Məclisi Dövlət Dumasının sədri
Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə
heyətinin Azərbaycana səfərinin uğurlu və səmərəli
keçəcəyinə və ölkələrimiz
arasında dostluq münasibətlərinin daha da inkişaf
etdirilməsi işinə töhfə verəcəyinə əminliyini
ifadə etdi. Bu yaxınlarda Rusiya Federasiyasında Vladimir Putinlə
görüşünü məmnunluqla xatırlayan Prezident
İlham Əliyev iki ölkənin dövlət
başçıları arasında görüşlərin
mütəmadi olaraq keçirildiyini qeyd etdi və bu təmasların
əlaqələrimizin bütün istiqamətlərdə irəliyə
aparılması baxımından önəmini
vurğuladı. Dövlətimizin başçısı qeyd
etdi ki, ikitərəfli münasibətlərimiz geniş sahələri
əhatə edir, möhkəm siyasi əlaqələr mövcuddur,
iqtisadi, ticarət, nəqliyyat, energetika, humanitar və digər
sahələrdə yaxşı dinamika müşahidə
olunur. Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz
arasında münasibətlərin möhkəmlənməsində
parlamentlərarası əməkdaşlıq da böyük
önəm daşıyır. Dövlətimin
başçısı qeyd etdi ki, ölkələrimiz beynəlxalq
təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq
edir və hər zaman beynəlxalq səviyyədə bir-birini
qarşılıqlı surətdə dəstəkləyir.
Bütün bunlar ölkələrimiz arasında etimada əsaslanan
əlaqələrin yaxşı göstəricisidir. Prezident
İlham Əliyev bir daha Rusiya Federasiyası Federal Məclisi
Dövlət Dumasının sədri Vyaçeslav Volodinin
başçılıq etdiyi nümayəndə heyətinin səfərinin
ikitərəfli münasibətlərimizin inkişafına
töhfə verəcəyinə əminliyini ifadə etdi.
Rusiya Federasiyası Federal Məclisi
Dövlət Dumasının sədri Vyaçeslav Volodin
dövlətimizin başçısını prezident
seçkilərində inamlı qələbəsi münasibətilə
təbrik etdi və bildirdi ki, bu seçkilərdə insanlar
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə,
o cümlədən xarici siyasətə dəstək verdiklərini
nümayiş etdiriblər. Vyaçeslav Volodin vurğuladı
ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası
arasında münasibətlər strateji tərəfdaşlıq
əlaqələrinə əsaslanır və çox
yüksək səviyyədədir. O qeyd etdi ki, dövlət
başçılarının həyata keçirdiyi siyasət
bu işdə xüsusi rol oynayır. Parlamentlərarası əməkdaşlıq
məsələsinə toxunan Vyaçeslav Volodin bildirdi ki, bu
sahədə də əlaqələrin uğurla inkişaf etməsi
xalqlarımızın bir-birinə daha da
yaxınlaşması işinə xidmət edir. Vyaçeslav
Volodin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın
genişləndiyini məmnunluqla vurğuladı və bildirdi
ki, ticarət dövriyyəsinin 30 faiz artımı bunun
çox yaxşı göstəricisidir. Rusiya Federasiyası
Federal Məclisi Dövlət Dumasının sədri, eyni
zamanda, turizm sahəsində əməkdaşlığın
genişləndiyini qeyd edərək ötən il Rusiyadan Azərbaycana
850 mindən artıq turistin gəldiyini bildirdi və bu
göstəricinin 18 faiz artdığını qeyd etdi. O,
bildirdi ki, bu rəqəm Rusiya turistləri üçün ənənəvi
olan bir çox ölkələrin göstəricisini artıq
geridə qoyub.
Prezident İlham Əliyev təbriklərə
görə minnətdarlığını bildirdi.
Söhbət zamanı əməkdaşlığımızın
perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-
2018.-26 iyun.- S.2.