Azərbaycan Pakistan əlaqələri tarixi və mədəni köklərə əsaslanır 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün ölkəmizə gəlməsindən məmnunluğunu ifadə etdi və bunu ölkələrimiz arasında qardaşlıq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirdi. Ölkələrimizin hər zaman bir-birini dəstəklədiyini deyən dövlətimizin başçısı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi səbəbindən Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmamasını yüksək qiymətləndirdi və qeyd etdi ki, bu, xalqlarımız arasında qardaşlığı nümayiş etdirir və Azərbaycan xalqı bunu yüksək dəyərləndirir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev Pakistan rəhbərləri ilə görüşlərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasında sıx siyasi əlaqələr mövcuddur və eyni zamanda, müdafiə sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Pakistanla hərbi əməkdaşlığı daha da genişləndirmək və Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır. Ölkələrimizin birgə hərbi təlimləri də bu məqsədə xidmət edir.

Xoş sözlərə görə minnətdarlığını bildirən Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayat Pakistan hökumətinin, xalqının və Silahlı Qüvvələrinin ən xoş arzularını Prezident İlham Əliyevə və xalqımıza çatdırdı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcəyindən məmnunluq hissi keçirdiyini deyən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayat tədbirin böyük əhəmiyyət daşıdığını vurğuladı və bu münasibətlə təbriklərini çatdırdı. Xalqlarımız arasında sıx əlaqələrin mövcud olduğunu deyən Zübair Mahmud Hayat bu əlaqələrin tarixi və mədəni köklərə əsaslandığını vurğuladı.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2018.-26 iyun.- S.2.