Bakıda Gürcüstanın milli bayramı qeyd edilib

 

Gürcüstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə iyunun 25-də rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze qəbulda çıxış edərək ölkəsinin müstəqilliyinin tarixindən danışıb. Bildirib ki, həm Azərbaycan, həm də Gürcüstan bu il müstəqilliyinin 100 iliyini qeyd edir.

Səfir deyib ki, Gürcüstan dövlət müstəqilliyini möhkəmləndirir, iqtisadiyyatını inkişaf etdirir, azaddemokratik cəmiyyət qurur. Bu proseslərdə Gürcüstanın Azərbaycanla əməkdaşlığının əhəmiyyətinə toxunan diplomat xalqlarımızın qədim dostluq ənənələrinə malik olduğunu vurğulayıb.

Baş nazirin müavini Əli Əhmədov əlamətdar bayram münasibətilə Gürcüstan xalqını Azərbaycan hökuməti adından təbrik edib. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu xatırladan Baş nazirin müavini bildirib ki, xalqlarımızın qədim dostluq münasibətləri mövcuddur. Ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr daha da möhkəmlənib. Bu münasibətlər Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin qarantıdır.

Əli Əhmədov regional əhəmiyyətli layihələrin həyata keçirilməsinin xalqlarımızın rifahına mühüm töhfə verdiyini vurğulayıb.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.- 2018.-26 iyun.- S.3.