İki tarixin bir sevinci...

 

...Şəhərdə bayram havası var. Səf-səf düzülmüş hərbi geyimli atlı dəstələr və piyadalar nizami qaydada ötüb keçirlər. İllərdən 1919-cu il, günlərdən 28 maydır... Azərbaycan Xalq Cümhuriyyətinin birinci ildönümünü bayram edirlər. Bu, Cümhuriyyət hökumətinin birinci və sonuncu hərbi paradı olacaq. Milli Ordumuzun hissələrinin keçdiyi bu ərazidə - indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə cəmi on bir ay sonra işğalçı bolşeviklərin XI ordusu meydan sulayacaq… O məşum günlərdən xəbərsiz Bakı sakinləri isə sevinc içərisində tarixi anlara - Azərbaycanın ilk hərbi paradına şahid olurlar...

Əslində, müstəqil ölkənin qayğıları başından aşır. Bütün sahələrdə təxirəsalınmaz işlər, mühüm vəzifələr, həlli labüd problemlər var. Hökumətin hərbi sahədə görəcəyi vacib işlər isə həyati əhəmiyyət daşıyır. Səbəblər çoxdur. Əvvəla, onun azadlığına göz dikmiş düşmənləri çox və amansızdırlar. Belə ağır zamanda Azərbaycanın hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin sayı olduqca az idi. Çar Rusiyası bunun üçün uzun illər siyasət işlətmiş, azərbaycanlıları əsgəri xidmətə cəlb etməmişdi.

Çarizimin süqutundan sonra Azərbaycan da öz müqəddəratını həll etdi.  Cümhuriyyət hökuməti ilk gündən silahlı qüvvələrin təşkilinə başladı. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi.

Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən təsdiq olunan ilk Hökumət kabinəsində Hərbi Nazirlik də nəzərdə tutulurdu. Hərbi nazir vəzifəsinə isə “İstiqlal bəyannaməsi”ni imzalayan 26 nəfərdən biri - Xosrov Paşa bəy Sultanov təyin edildi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Korpusun komandiri vəzifəsini general-leytenant Əliağa Şıxlinski davam etdirdi. Əlahiddə Azərbaycan Korpusu milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm işlərə başladı.

Milli Ordumuzun ilk mühüm vəzifələrindən biri Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etmək oldu. Tədricən Azərbaycanın bütün ərazilərində daşnak-bolşevik silahlı qüvvələrinin zülmlərinə son qoyuldu. Azərbaycan Ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generallarının adları hərb tariximizdə əbədiləşdi.

1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində qismən dəyişiklik edildi. Nazirlər Şurasının 25 dekabr 1918-ci il qərarı ilə tam artilleriya generalı  Səməd bəy Mehmandarov hərbi nazir, həmin ilin 29 dekabr tarixli qərarı ilə isə general-leytenant Əlağa Şıxlinski nazir müavini vəzifəsinə təyin olundular.

1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna nail olan bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Zabitləri isə repressiyaya məruz qaldılar. Bir çoxuna ölüm cəzası verildi. Hökm Nargin adasında yerinə yetirildi.

XX əsrin sonuncu onilliyində ədalət qələbə çaldı. 1918-ci ildə olduğu kimi, bu dəfə də tarixin qarışıq, qanlı-qadalı zamanında Azərbaycan dövlət müstəqilliyinə nail oldu. Mərd övladları işğalçı erməni silahlılarına qarşı vahid komandanlıq, yetərincə silah-sursat olmadan döyüşmək məcburiyyətində qaldılar. Azərbaycan yenidən böyük çərinliklərlə öz nizami ordusunu qurdu. Yetmiş illik işğaldan azad olan ölkəmiz bütün dünyaya sübut etdi ki, müstəqil yaşamağa haqqı var.

Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk hərbi hissəni təsis etdiyi tarix - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunmağa başladı.

Bu da 2018-ci ilin 26 iyunu... Tariximizin bu günü... Vətənin səmasına yenə səda düşür. Hərbi helikopterlər, qırıcı təyyarələr eyni anda göylərin ənginliklərinə yüksəlir. Milyonlarla insan bu mənzərəni seyr edir. Bu anlarda yerdə də hərbi maşınlar hərəkətə gəlir. Uğultu səsləri gücləndikcə həyəcan artır... Ancaq bu həyəcanda təlaş yox, fəxr hissi var. Azərbaycan xalqı möhtəşəm bir tarixinin qürurunu yaşayır... Yenə Azərbaycanın paytaxtında bayram havası var.

İndi möhtəşəm hərbi paradını fərəhlə, fəxrlə seyr etdiyimiz bu ordunun - Azərbaycan Ordusunun yüksələn səsi inamımızın, güvəncimizin, gündən-günə inkişaf edən, güclü Azərbaycanımızın səsi, sədasıdır.

...Bir az aralıda balaca bir oğlan atasının əlindən tutub. O da atası kimi sağ əlini gözlərinə günlük edib yuxarı boylanır. Bəlkə də bu anda yüzlərlə belə uşaq özünü hərbi geyimdə havada dövrə vuran o qırıcı təyyarədə, helikopterdə, bir az qabaqda ağır-ağır irəliləyən hərbi maşında, mavi suları yarıb keçən hərbi gəmidə hiss edir. Beləcə, bu gün neçə ürəkdə ilk arzu yaranır, ilk xəyallar qurulur. Yaradılmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradını heyranlıqla, heyrətlə, vüqarla izləyən bu uşaqların duyğularından boy verən o arzular Azərbaycanın ümidli sabahıdır.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 26 iyun.- S.6.