“Hər birimiz Vətənə xidmət edirik

 

Müdafiə Nazirliyi qalib jurnalistləri mükafatlandırdı

 

Dünən Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin  mükafatlandırılması mərasimi keçirilib.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan mərasimdə Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı təbrikini çatdırıb.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Ordusunun 100 illiyini əlamətdar bir tarix adlandırıb,  ordu və media arasında yüksək əlaqələrin mövcud olduğunu vurğulayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı nazirliyin Mətbuat Şurası ilə birgə ilk dəfə belə bir tədbir keçirdiyini, müsabiqəyə 70-ə yaxın yazı təqdim edildiyini açıqlayıb. Qeyd edib ki, müsabiqənin məqsədi Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qisimlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübənin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin KİV-də obyektiv işıqlandırılmasını, habelə ictimaiyyətlə ordu arasında əlaqələrin daha da genişləndirilməsini təmin etməkdən ibarət olub.

Müsabiqəyə martın 30-dan iyunun 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc edilən yazılar buraxılıb. Yazılarda mövzunun dolğun əhatə edilməsinə, faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informativlik dərəcəsinə, müqayisəli təhlil üslubundan istifadəyə üstünlük verilib. Təqdim olunan yazılar diqqətlə yoxlanıldıqdan sonra qaliblər müəyyənləşdirilib.

Sonra müsabiqədə iştirak edən jurnalistlərə diplom və qiymətli hədiyyələr təqdim edilib. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr edilən “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinin qalibləri arasında “Azərbaycan” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev də var.

 

Səbinə MƏMMƏDOVA

 

Azərbaycan.- 2018.- 26 iyun.- S.6.