Hərbi hissədə görüş

 

Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatı Gənclər Birliyinin bir qrup fəalı Silahlı Qüvvələr Günü münasibətilə “N” saylı hərbi hissədə olublar.  Əvvəlcə gənclər “N” saylı hərbi hissədə ucaldılan ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıb.

1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Odur ki, hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildi.

Natiq vurğuladı ki, qısa müddətdə milli ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycan Ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi nümunəvi generalları olmuşdur.

Görüşdə bildirildi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıtması və möhkəm iradəsi sayəsində 1994-cü ildə ölkədə atəşkəsə nail olunduqdan sonra ordu quruculuğu istiqamətində böyük işlər görüldü. Bu gün dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlətimizin etibarlı müdafiəsi tam təmin olunub. Qeyd edildi ki, əsgər və zabitlərimiz torpaqlarımızın azad edilməsinə hazırdır. Cocuq Mərcanlı ilə başlayan qayıdış davamlı olacaq.

Sonda bir qrup gəncə hərbi hissənin rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim edildi.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2018.-26 iyun.- S.8.