Azərbaycan-Ukrayna
sərhəd xidmətinin mövcud vəziyyəti
və inkişaf perspektivləri müzakirə
olundu
Dövlət
Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik
Elçin Quliyevin dəvəti
ilə Ukraynanın Dövlət Sərhəd Xidmətinin rəisi,
general-polkovnik Petro
Siqikalın rəhbərlik etdiyi nümayəndə
heyəti Azərbaycana səfər edib.
DSX-nin mətbuat mərkəzindən
AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti əvvəlcə
Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və
görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
məzarları önünə əklil və tər güllər
qoyub, xatirələrini dərin hörmət və ehtiramla yad
ediblər.
Sonra nümayəndə
heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın
müstəqilliyi uğrunda həlak olanların xatirəsini
yad edib.
Görüşdə
ikitərəfli münasibətlərin mövcud vəziyyəti
və yüksələn xətlə inkişaf etdiyi xüsusi
vurğulanıb, inkişaf perspektivləri müzakirə
edilib. Habelə Azərbaycan ilə Ukrayna arasında beynəlxalq
terrorçuluq, qeyri-qanuni miqrasiya, narkotiklərin qeyri-leqal
dövriyyəsi, SMBK, BMT, Avropa İttifaqı, FRONTEX, GUAM təşkilatları
çərçivəsində əməkdaşlığın
davam etdirilməsi məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.
Bununla yanaşı,
Azərbaycan Respublikasının dövlət sərhədindəki
əməliyyat şəraiti və mövcud təhdidlər,
o cümlədən Ermənistanın təcavüzü nəticəsində
ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin
bir hissəsinin işğal altında qalması, işğal
olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər
üçün istifadə edildiyi, mövcud vəziyyətin
sərhəd təhlükəsizliyi üçün əsas
təhdid olduğu vurğulanıb. Həmçinin DSX-da həyata
keçirilən islahatlar, sərhəd mühafizə
sisteminin gücləndirilməsi, müasir təlim-tədris
sisteminin yaradılması istiqamətində həyata
keçirilmiş tədbirlər və əldə olunmuş
nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat
verilib.
Ukrayna nümayəndə
heyəti səfər zamanı Dövlət Sərhəd Xidməti
Aparatının struktur bölmələri, Sahil Mühafizəsi,
DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi,
Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti
ilə tanış edilib.
İkitərəfli
əməkdaşlığın normativ hüquqi bazasının
inkişaf etdirilməsi məqsədilə nümayəndə
heyətlərinin rəhbərləri tərəfindən “Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti ilə
Ukrayna Dövlət Sərhəd Xidməti arasında
2019-2020-ci illər üzrə əməkdaşlığın
inkişaf etdirilməsi Planı” imzalanıb.
Azərbaycan.- 2018.-26 iyun.- S.8