Gün
gələcək, işğal altıtındakı torpaqlar
azad olunandan sonra orada qaldırılacaq Azərbaycan
bayrağı azadlıq meydanına gətiriləcək və
hərbi paradda göstəriləcək
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 100 illik yubileyi münasibətilə
iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli
hərbi parad keçirilib.
AZƏRTAC xəbər verir ki,
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban
Əliyeva paradda olublar.
Dövlət
və hökumət rəsmiləri, Milli Məclisin
deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri,
hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları,
yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn
nümayəndə heyətlərinin rəhbərləri,
müharibə veteranları və paytaxt ictimaiyyətinin
nümayəndələri hərbi paradı izləyiblər.
Hərbi
paradda Müdafiə, Daxili İşlər, Fövqəladə
Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi,
Dövlət Sərhəd və Xüsusi Dövlət
Mühafizə xidmətlərinin, eləcə də Türkiyə
Respublikası Silahlı Qüvvələrinin parad heyətindən
ibarət 4 min nəfərədək şəxsi heyəti
iştirak edib.
Təntənəli
mərasimdə 240-dan çox hərbi texnika, gəmilər,
70-dən artıq uçuş vasitəsi, o cümlədən
silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli
texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan
müdafiə sistemləri, helikopterlər, pilotsuz
uçuş aparatları kimi müxtəlif növ ən
yeni silah və texnikalar nümayiş olunub.
Paradda, həmçinin
Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş
Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail,
Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı
və Ukraynadan olan 100-dək nümayəndə iştirak
edib.
Azadlıq meydanına
toplaşanlar Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevi sürəkli alqışlarla qarşıladılar.
Müdafiə naziri,
general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan
İlham Əliyevə raport verdi.
Dövlətimizin
başçısı, Ali Baş Komandan İlham Əliyev hərbi
paradda iştirak edən şəxsi heyəti salamladı.
Müdafiə Nazirliyinin əlahiddə
nümunəvi orkestri Azərbaycan Respublikasının dövlət
himnini ifa etdi.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev hərbi paradda nitq
söylədi.
Prezident, Ali Baş Komandan İlham
Əliyevin nitqi
-Əziz əsgərlər, zabitlər,
generallar.
Əziz hərbçilər.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Mən sizi və bütün Azərbaycan
xalqını Azərbaycan Ordusunun 100 illiyi münasibətilə
ürəkdən təbrik edirəm.
Azərbaycan Silahlı Qüvvələrinin
bütün şəxsi heyətinə yeni uğurlar, yeni
nailiyyətlər arzulayıram.
Keçən ay biz Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyini qeyd etmişik. Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən qəbul edilmiş ən önəmli qərarlardan
biri Azərbaycan Ordusunun yaradılması ilə bağlı qərar
idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq
Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra respublika süqut etdi və Azərbaycan
dövlət müstəqilliyini itirdi. Bu,
bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu
əldə etməkdən daha çətin işdir.
Azərbaycanın dövlət müstəqilliyi
1991-ci ildə bərpa edilmişdir. Ancaq bildiyimiz kimi, müstəqilliyimizin ilk iki ili ölkəmiz üçün çox
ağır keçmişdir, faciəvi illər idi. Sanki tarix XX əsrin sonunda təkrarlanırdı.
1991-1993-cü illərdə Azərbaycan
böyük fəlakətlə üz-üzə
qalmışdı. Ölkə idarəolunmaz
vəziyyətdə idi. Müstəqilliyimiz
formal, şərti xarakter daşıyırdı. Azərbaycan müstəqil siyasət apara bilmirdi.
Ölkə daxillində çəkişmələr,
hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da
ağırlaşdırırdı. İqtisadi
tənəzzül, böhran hökm sürürdü. 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat tərəfindən
dövlət çevrilişi vəziyyəti daha da
ağırlaşdırdı. Azərbaycanda
vəziyyət kritik həddə çatmışdı.
Bundan istifadə edən Ermənistan
xalqımıza, gənc dövlətimizə qarşı
işğalçılıq siyasəti aparırdı. Bu siyasət nəticəsində
torpaqlarımızın bir hissəsi işğal altına
düşmüşdür. Demək olar ki, müstəqilliyimizin
ilk iki ili Azərbaycanın gələcəkdə
müstəqil ölkə kimi yaşamasını sual
altına qoymuşdu. Belə bir ağır vəziyyətdə
Azərbaycan xalqı həmişə olduğu kimi,
müdriklik göstərdi, ulu öndər Heydər Əliyevə
müraciət etdi, onu hakimiyyətə dəvət etdi.
Ancaq bundan sonra, ulu öndər Heydər
Əliyev hakimiyyətə gələndən sonra vəziyyət
sabitləşdi və Azərbaycan bu ağır vəziyyətdən
çıxa bildi.
Müstəqilliyimizin ilk illərində
nizami ordu yaradılmamışdı. Ayrı-ayrı silahlı birləşmələr
Azərbaycanın ərazi bütövlüyünü qoruya
bilməmişlər. Ona görə, Ulu
Öndər tərəfindən qəbul edilmiş bir
çox önəmli qərarlar arasında nizami ordunun yaradılması
qərarı xüsusi yer tutur. Nizami ordunu
yaratmaq üçün iqtisadi imkanlar olmalı idi. Məhz buna görə, o illərdə Azərbaycanda
çox ciddi iqtisadi islahatlar aparılmışdır, xarici sərmayənin
cəlb olunması təmin edilmişdir, Azərbaycan beynəlxalq
təcriddən çıxa bilmişdir. Ölkədə
aparılan siyasi, iqtisadi islahatlar vəziyyəti sabitləşdirdi
və Azərbaycan 1993-cü ildən sonra inkişaf və tərəqqi
yolu ilə gedir. Bu siyasət bu gün də
davam etdirilir. 1993-2003-cü illər sabitlik
və inkişaf illəri kimi tariximizdə qalmışdır.
2003-cü ildən başlayaraq
bütün istiqamətlər üzrə işlər sürətlə
gedir, o cümlədən ordu quruculuğu sahəsində. Ordu quruculuğu bizim
üçün ən başlıca, ən prioritet məsələdir.
Bu da təbiidir. Çünki
biz müharibə şəraitində yaşayırıq.
Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa
çatıb. Bizim əsas vəzifəmiz
ölkəmizin ərazi bütövlüyünü bərpa
etməkdir.
Qeyd etdiyim kimi, Ermənistan müstəqilliyimizin
ilk illərində ölkəmizdə gedən mənfi proseslərdən,
o cümlədən Xalq Cəbhəsi-Müsavat tərəfindən
başlanmış vətəndaş müharibəsindən
istifadə edərək torpaqlarımızı zəbt
etmişdir. Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır, tarixi Azərbaycan torpağıdır.
Əsrlər boyu Azərbaycan xalqı bu
torpaqlarda yaşamış, yaratmışdır. Beynəlxalq hüquqa görə də Dağlıq
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın
ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Son illər ərzində dünyanın
aparıcı beynəlxalq təşkilatları münaqişə
ilə bağlı bir çox qərar və qətnamələr
qəbul etmişlər. O cümlədən BMT Təhlükəsizlik
Şurası dörd qətnamə qəbul etmişdir və
orada da göstərilir ki, erməni silahlı qüvvələri
işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz
çıxarılmalıdır. Bu qətnamələr
hələ də qüvvədədir və öz qüvvəsini
itirməyib.
Xalqımıza qarşı etnik təmizləmə
siyasəti aparılmışdır, Xocalı
soyqırımı törədilmişdir. Aralarında uşaqlar,
qadınlar, qocalar da olan 600-dən çox günahsız insan
erməni cəlladları tərəfindən qətlə
yetirilmişdir. Mindən çox insan itkin
düşmüşdür. Bu gün
dünyanın 10-dan çox ölkəsi Xocalı
soyqırımını rəsmən soyqırımı kimi
tanıyıb.
Azərbaycan işğalla heç vaxt
barışmayacaq. Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etməlidir və bərpa
edəcək. Bunun üçün
güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə
deyə bilərəm ki, buna nail ola
bilmişik. Bu gün Azərbaycan ordusu
dünyanın güclü orduları sırasındadır.
Ordu quruculuğu əsas vəzifəmizdir.
Güclü ordunu yaratmaq üçün
güclü iqtisadiyyatımız olmalıdır. Biz bu istiqamətdə çox fəal işləmişik.
Son 15 il ərzində iqtisadi sahədə
Azərbaycan qədər inkişaf edən ikinci ölkə
olmamışdır. İqtisadiyyatımız 3,2
dəfə artmışdır. İqtisadi potensialına
görə Azərbaycan bu gün özünü çox
rahat hiss edir. Bütün aparıcı beynəlxalq
təşkilatların reytinqlərində Azərbaycan ən
qabaqcıl yerlərdədir. İnkişafda
olan ölkələrin arasında Azərbaycan
inkişafına görə dünya miqyasında
üçüncü yerdədir. Biz
öz hesabımıza yaşayırıq, heç bir yerdən
yardım almırıq. Buna ehtiyac da yoxdur.
Öz zəhmətimizlə qazanılan vəsaiti
ölkə qarşısında duran əsas məqsədlərin
həllinə yönəldirik. Onların
arasında ordu quruculuğu birinci yerdədir.
2003-cü ildən bu günə qədər
bizim hərbi xərclərimiz 15 dəfə
artmışdır. Hərbçilərin xidmət şəraiti
yaxşılaşır. Son illər ərzində
onlarla hərbi şəhərcik yaradılmışdır.
Hərbçilərin xidmət şəraiti
çox yaxşıdır. Hərbi hissələrimizin,
hərbi şəhərciklərimizin 80 faizi son bir neçə
il ərzində yenidən tikilib və ya əsaslı
təmir edilib. Növbəti 2-3 il ərzində
bizim bütün şəhərciklərimiz tam təmirli
olacaq. Beləliklə, bu məsələ də
öz həllini tapmış olacaq. Hərbçilərin
mənzil-məişət məsələləri həll
olunur. Qəbul edilmiş qərar əsasında 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə
dövlət tərəfindən pulsuz mənzillər verilir. Bu gün bizim hərbi hissələrimizdə 20 mindən
çox mülki vətəndaş çalışır.
Əvvəllər bu işlərdə əsgərlər
işləyirdilər. Biz əsgərləri
məişət işlərindən azad etdik. Eyni
zamanda, mülki vətəndaşlar üçün 20 mindən
çox iş yeri yaradılmışdır.
Ordumuz ən müasir silahlarla, texnika ilə
təchiz edilmişdir. O
cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi
təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir.
Bizim təşəbbüsümüzlə son
illər ərzində 20-dən çox hərbi zavod
yaradılmışdır. Bu zavodlarda 1200
adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal
olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz
artıq hərbi məhsullarımızı ixrac etməyə
də başlamışıq. Həmçinin
Azərbaycan bir çox ölkələrdən ən
müasir silah və texnika alır. Bu
gün bu silahların kiçik bir hissəsi paradda
nümayiş etdiriləcək.
Son illər ərzində ən müasir
texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə
zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi
gəmilər, hava hücumundan müdafiə sistemləri, ən
müasir standartlara cavab verən sistemlər, onlarla
döyüş təyyarəsi, yüzdən çox
döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən
müasir kəşfiyyat və döyüş pilotsuz
uçuş aparatları, ən müasir artilleriya
qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli
raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri –
bütün bunlar bizim hərbi gücümüzü
artırır. Deyə bilərəm ki, ordunun
maddi-texniki təchizatı baxımından Azərbaycan
dünya miqyasında nadir ölkələrdən biridir.
Biz bütün bunları ona görə
edirik ki, Azərbaycan Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi
potensialımız güclənsin. Ona
görə edirik ki, görürük və dünyada gedən
proseslər də onu göstərir ki, beynəlxalq hüquq
işləmir. Əgər işləsəydi
Azərbaycan torpaqları çoxdan
işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul
olunmuş qərar və qətnamələr icra edilmir,
onların icra mexanizmi yoxdur. Güc amili
dünyanın müxtəlif bölgələrində əsas
amil kimi çıxış edir. Belə
olan halda əlbəttə ki, bizim apardığımız
siyasət düzgün siyasətdir. Bu
siyasəti biz uzun illərdir ki, aparırıq. Bu hərbi potensialı biz bir ilə əldə etməmişik.
Bir neçə il ərzində
ardıcıl siyasət nəticəsində, o cümlədən
dost ölkələrlə səmərəli əlaqələr
sayəsində biz dünyanın ən müasir
silahlarını əldə etmişik və bu proses davam
etdiriləcəkdir. Bundan sonra da Azərbaycan ən
müasir silah və texnikanı alacaq. Buna nail olmaq
üçün bizim dost ölkələrlə çox səmərəli
əlaqələrimiz var. Bizim böyük maliyyə
resurslarımız və güclü iradəmiz var.
Ordumuzun döyüş qabiliyyəti
artır. Mən dəfələrlə
hərbi hissələrdə vəziyyətlə tanış olarkən qeyd edirdim ki, Azərbaycanda
çox yüksək vətənpərvərlik ruhu var. Azərbaycan
Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir
və bunu yaxın tarix göstərir. İki il
bundan əvvəl Ermənistan xalqımıza qarşı
növbəti hərbi təxribat törətmişdir, bizim
mövqelərimizi atəşə tutmuşdur, mülki əhaliyə
qarşı təcavüz etmişdir. Həm hərbçilərimiz,
həm mülki vətəndaşlar şəhid olmuşdur.
Azərbaycan Ordusu işğalçını cəzasız
qoymadı, onlara layiqli cavab verdi, onları
yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı
keçirərək işğal edilmiş
torpaqlarımızın bir hissəsini
işğalçılardan azad etdi. Ağdərə,
Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi
işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi.
Uğurlu əks-hücum əməliyyatı nəticəsində
minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət
edir. Ermənilərin torpaqlarımızda,
işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə
bu gün bizim əsgərlərimiz xidmət göstərir.
Lələtəpədə bizim bayrağımız
dalğalanır. Ağdərə
dağlarında bizim bayrağımız dalğalanır.
Biz strateji yüksəklikləri əldə
etmişik və bu, bizə çox böyük
üstünlük verir. Aprel
döyüşləri bizim şanlı qələbəmizdir.
Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan
Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət
göstərmişdir. Bir daha göstərmişdir
ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq.
Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən
onların ordusu ilə bağlı uzun illər ərzində
yayılan nağıllar mif idi. Biz bu mifi
darmadağın etdik. Biz onların illər
boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə
xəttini bir neçə gün ərzində yardıq, məhv
etdik. Aprel döyüşləri tariximizin
şanlı səhifəsidir.
Naxçıvanın 1990-cı illərin əvvəllərində
ermənilər tərəfindən zəbt edilmiş 11 min
hektar torpağı bu bayram ərəfəsində - keçən
ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən
aparılmış uğurlu əməliyyat nəticəsində
azad edildi. Çox
böyük mühəndislik və kəşfiyyat işləri
aparıldı. Naxçıvan əməliyyatı
yüksək məharətlə, peşəkarlıqla həyata
keçirildi. Azərbaycan hərbçisi
bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir.
Biz strateji yüksəklikləri zəbt etdik.
Biz indi strateji kommunikasiya yollarını nəzarət
altında saxlayırıq. Naxçıvan
əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan
Ordusu güclü ordudur. Bir daha onu göstərdi
ki, biz istənilən vəzifəni icra edə bilərik və
icra edirik, böyük məharətlə və peşəkarlıqla.
Bundan sonra Azərbaycan Ordusu hər an
hazır olmalıdır ki, öz ərazi
bütövlüyünü bərpa etsin. Biz
istəyirik ki, münaqişə sülh yolu ilə həll
olunsun və Azərbaycanın apardığı siyasət
bunun əyani sübutudur. Ancaq bir daha demək
istəyirəm ki, biz bu vəziyyətlə heç vaxt
barışmayacağıq. Biz çox
güclü ordu yaratmışıq. Düşmən
bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya
strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.
Düşmənin bütün hərbi obyektləri,
bütün strateji əhəmiyyətli məntəqələri
Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər.
Bizim bu gün nümayiş etdirəcəyimiz
silahlar həm Azərbaycan xalqına, həm düşmənə,
həm də bütün dünyaya bunu göstərəcək.
Ona görə, hesab edirəm ki, məsələnin
tezliklə danışıqlar yolu ilə ədalətli həlli,
Azərbaycanın ərazi bütövlüyünün tezliklə
bərpa edilməsi qarşı tərəfin də
marağında olmalıdır.
Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq.
Bizim qarşımızda bütün yollar
açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız
inkişaf yolu ilə gedəcək. Ermənistan
bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək.
Tarixi ədalət bizim tərəfimizdədir,
beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi
güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik
ruhu bizdədir. Aprel qələbələri,
Naxçıvan qələbələri bir daha ordumuzun,
xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir,
bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam
arxayın ola bilər, Azərbaycan Ordusu
istənilən vəzifəni icra etməyə qadirdir və
buna hazırdır.
2016-cı ilin Aprel döyüşlərində,
2018-ci ilin Naxçıvan əməliyyatında
işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan
bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti
var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq
meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa
aparırdı. Bu bayraqlar döyüşdə
olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın
işğaldan azad edilmiş torpaqlarında dalğalanır və
bu parad üçün buraya gətirilib. Gün
gələcək və bu gün işğal altındakı
torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan
bayrağı Azadlıq meydanına gətiriləcək və
hərbi paradda göstəriləcək. Biz
bu müqəddəs günü
yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq.
Eşq olsun Azərbaycan Ordusuna!
Yaşasın Azərbaycan!
***
Sonra Silahlı Qüvvələrin şəxsi
heyətinin və hərbi texnikanın təntənəli
keçidi başladı.
Meydana əvvəlcə Azərbaycan
Respublikasının dövlət bayrağı gətirildi.
Yüz il əvvəl Azərbaycan
Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş
üçrəngli dövlət bayrağımız 72 ildən
sonra ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə yenidən qaldırılıb. Xalqımız
və Silahlı Qüvvələrimizin şəxsi heyəti
bu bayraq altında yeni-yeni zəfərlərə doğru
inamla irəliləməkdədir.
Dövlət bayrağının
ardınca quruda, dənizdə və havada müqəddəs Vətənin
keşiyini çəkən Silahlı Qüvvələrin
qoşun növlərinin döyüş bayraqlarını
aparan hərbçilər addımlayırdılar. 2016-cı ilin aprelində Füzuli, Cəbrayıl
və Tərtər rayonlarının ərazilərinin bir hissəsinin
işğaldan azad edilməsində xüsusi xidmətləri
olan hərbi hissələrin və bu yaxınlarda
Naxçıvan Muxtar Respublikasında bir çox strateji
yüksəklikləri azad edərək 11 min hektar ərazinin
nəzarətə götürülməsində fərqlənən
Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin
döyüş bayraqları tribuna önündən
aparıldı.
Ulu öndər Heydər Əliyevin 1971-ci ildə
yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından ibarət
parad heyəti tribunaya yaxınlaşdı. Xalqımızın
haqlı olaraq Heydər Əliyev Məktəbi
adlandırdığı bu xüsusi təyinatlı təhsil
ocağının Azərbaycan Ordusunun yaranmasında və
formalaşmasında müstəsna rolu var.
Azərbaycan Ordusunun zabitlərindən ibarət
parad heyətləri də mətin addımlarla tribunanın
önündən keçdi. Ulu öndərimiz Heydər Əliyev vaxtilə
demişdir: “Vətəni, torpağı, dövləti qorumaq
peşəsi hər bir peşədən üstündür,
şərəflidir!”. Zabitlərimiz
xalqımızın və Ordumuzun gələcəyinin təminatıdır.
Azərbaycanın xüsusi təyinatlı təhsil
müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin
parad heyəti tribunanın önündən keçdi. Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbində müxtəlif ixtisaslar üzrə peşəkar
zabitlər hazırlanır. Onlar hərbi xidmətin
çətinliklərinin öhdəsindən layiqincə gələrək
respublikamızın müstəqilliyi və ərazi
bütövlüyünün qorunması uğrunda hər bir əmrə
hazırdırlar. Məktəbin 15 məzunu “Azərbaycanın
Milli Qəhrəmanı” adına layiq
görülüb. Hərbi Hava Qüvvələri, Hava
Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz
Qüvvələri fakültələrində aviasiyanın
döyüş idarəetməsi, eləcə də dənizçi
ixtisasları üzrə peşəkar zabitlər, təyyarəçilər,
şturmanlar, mexaniklər, silahlanmanın müxtəlif sistemləri
üzrə mütəxəssislər, aviasiya xidmətləri,
radiotexniki vasitələr üzrə mühəndislər
hazırlanır.
İlk dəfə bu paradda qardaş
Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin
parad heyəti də iştirak etdi. 1918-ci il sentyabrın 15-də
türk-Azərbaycan birləşmiş qoşunlarının
cəmləşdiyi Qafqaz İslam Ordusu bu möhtəşəm
hərbi paradın keçirildiyi Bakını
daşnak-bolşevik qüvvələrindən təmizləyərək
Azərbaycan dövlətinin paytaxtını azad etdi. Türk
ordusunun parad heyətinin bu tədbirdə iştirakı da 100 il əvvəl olduğu kimi, sarsılmaz
dostluğun və qardaşlığın növbəti
göstəricisi oldu.
Sülhməramlı, Əməliyyat
İmkanları Konsepsiyası və Əməliyyat
Ehtiyatları taborlarını təmsil edən hərbi
qulluqçular da mətin addımlarla tribuna önündən
keçdilər. Sülhməramlı taborumuz sülhməramlı əməliyyatlarda
fəal iştirak edir, beynəlxalq sülhün və
sabitliyin bərqərar olunmasına ölkəmizin töhfəsini
verir. Azərbaycan sülhməramlıları
hazırda NATO-nun “Qətiyyətli Dəstək”
qeyri-döyüş missiyası çərçivəsində
Əfqanıstanda vəzifələrini şərəflə
yerinə yetirirlər.
Doğma Azərbaycanımızın qorxmaz, igid
övladları – Xüsusi Təyinatlı Qüvvələrin
və Dəniz Piyadaları bölmələrinin hərbi
qulluqçuları, Daxili İşlər Nazirliyinin, Dövlət
Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi
Dövlət Mühafizə Xidmətinin Milli
Qvardiyasının hərbi qulluqçuları tribuna
önündən keçərək Vətənə, xalqa,
dövlətə, Ali Baş Komandana və Heydər Əliyev
ideyalarına öz sədaqətlərini bir daha bildirdilər.
Müasir silah, xüsusi avadanlıq və
texnika ilə təchiz edilmiş Xüsusi Təyinatlılar ən
ekstremal şəraitdə belə düşmən dərinliyində
mühüm əhəmiyyətli obyektləri ələ
keçirmək, qarşıya qoyulmuş digər müxtəlif
dərəcəli tapşırıqları uğurla yerinə
yetirmək imkanına malikdirlər. Şəxsi heyətin tribuna önündən
keçməsi ilə eyni vaxtda paraplanlarda uçuş fəaliyyətləri
nümayiş etdirilərək havada xüsusi
tapşırıqlar yerinə yetirildi.
Dəniz piyadaları və döyüş
dalğıcları dövlət dəniz
hüdudlarının müdafiəsi üzrə dənizdə
və su altında bütün tapşırıqları yerinə
yetirməyə hər an hazırdırlar.
Onlar vətəndaşın, cəmiyyətin və
dövlətin mənafeyinin qorunması, ictimai asayişin
mühafizəsi, həmçinin mühüm dövlət
obyektlərinin mühafizəsi üzrə
tapşırıqları müvəffəqiyyətlə yerinə
yetirir.
Dövlət Təhlükəsizliyi Xidməti
xalqımızın mənafeyini və dövlətimizin təhlükəsizliyini
bu gün qətiyyətlə qoruyur. Fövqəladə Hallar Nazirliyinin şəxsi
heyəti fövqəladə halların fəsadlarının
aradan qaldırılması, xilasetmə və humanitar əməliyyatların
həyata keçirilməsi üzrə öz vəzifələrini
nəinki ölkə daxilində, habelə xarici dövlətlərdə
də şərəflə yerinə yetirir. Dövlət Sərhəd Xidmətinin hərbi
qulluqçuları Vətənimizin hüdudlarını
etibarlı şəkildə mühafizə edirlər. Xüsusi Dövlət Mühafizə Xidməti
ölkə rəhbərliyinin, respublikamıza gələn
xarici ölkələrin rəsmi nümayəndələrinin
təhlükəsizliyinin təmin edilməsi, həmçinin
mühüm dövlət obyektlərinin, o cümlədən
neft-qaz infrastrukturunun mühafizəsinin təşkili və təmin
edilməsi üzrə vəzifələrinin öhdəsindən
layiqincə gəlir.
Azərbaycan Ordusu yenilməzdir, güclüdür. Azərbaycan əsgəri vətənpərvərdir,
mübarizdir, qorxmazdır, cəsarətlidir, yüksək
hazırlıqlıdır. Azərbaycan əsgəri
Vətəninə, xalqına, dövlətinə, Ali Baş
Komandanına həmişə sadiqdir. Zaman
bu deyilənlərin nə qədər həqiqət
olduğunu tarixdə dəfələrlə sınaqdan
çıxarıb. Vətənpərvərlik ruhu ilə
silahlanmış Azərbaycan əsgərinin
qarşısında ən müasir silahlara sarılmış
düşmən belə tab gətirə bilməz. Azərbaycan əsgəri bu keyfiyyətlərini
2016-cı ilin aprel döyüşlərində, bu
yaxınlarda Naxçıvan Muxtar Respublikasının Şərur
rayonu istiqamətində də bir daha təsdiq etdi. Bu gün Azərbaycan bayrağı Talış zirvəsində,
Lələtəpədə, Naxçıvanın
Günnüt, Qızılqaya yüksəkliklərində əzəmətlə
dalğalanır. Strateji əhəmiyyət
daşıyan bu yüksəkliklərin geri qaytarılması
sübut edir ki, Azərbaycan məhz Prezident İlham
Əliyevin Ali Baş Komandanlığı altında öz
tarixi torpaqlarını mütləq geri qaytaracaq,
respublikamızın ərazi bütövlüyü təmin
ediləcək, dövlət bayrağımız
Şuşada, Xankəndidə, Laçında və
işğal altında olan digər torpaqlarımızda da
vüqarla dalğalanacaq.
Silahlı Qüvvələrin 100 illiyinə
həsr olunmuş paradı birləşmiş hərbi orkestr
müşayiət etdi.
Sonra hərbi paradda Azərbaycan Ordusunun
güc və qüdrətinin təqdimatı, ən müasir
hərbi və xüsusi texnikaların keçidi
başladı. Bu texnikalar bir daha göstərdi ki, son illərdə
Ordumuz əhəmiyyətli dərəcədə güclənib.
Güclü iqtisadiyyata söykənən
güclü ordu formulu Prezident İlham Əliyevin fəaliyyətinin
əsas istiqamətlərindən birinə çevrilib. Ölkəmizin iqtisadi inkişaf tempi Silahlı
Qüvvələrin müasir standartlara cavab verən peşəkar
orduya çevrilməsində mühüm rol oynayıb. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı,
güclü ordu quruculuğu müasir Azərbaycanı
xarakterizə edən əsas amillərdən biridir.
Çoxtəyinatlı zirehli avtomobillər
tribuna önündən keçdi. Bu avtomobillər kəşfiyyat, komanda-qərargah,
müxtəlif silah növləri ilə təchiz edilmiş
xüsusi çevik qüvvələrin xidmətində olmaqla
bir neçə konfiqurasiyada mövcuddur.
Zirehli avtomobillər üzərində
quraşdırılmış “SPAYK-LR”, silahlanmaya yeni qəbul
edilmiş daha güclü “SPAYK-ER” tank əleyhinə idarə
olunan raket kompleksləri paradı izləyənlərin
böyük marağına səbəb oldu. 2016-cı ilin aprel
döyüşləri zamanı bu silah vasitəsilə 30-dan
artıq düşmən tankı və digər zirehli
döyüş texnikası məhv edilib.
Üzərində pilotsuz uçuş aparatları əleyhinə
qurğu yerləşdirilmiş zirehli avtomobillər, mina əleyhinə
yüksək müdafiə sistemi ilə təchiz olunmuş
“MARAL-1” və “MARAL-2” zirehli avtomobilləri tribunaya
yaxınlaşdı. Bu hərbi texnikalar Azərbaycanın
Müdafiə Sənayesi Nazirliyinin zavodlarında istehsal olunur.
Ağır hərbi texnika istehsalında yenilik hesab edilən
zirehli transportyor “BTR-82A”nın xüsusiyyətləri
onu bütün növ qoşunlarda, həmçinin desant və
kəşfiyyat bölmələrində istifadə etməyə
imkan verir.
Tribuna önündən Dövlət Sərhəd
Xidmətinin hərbi texnikaları keçdi. Çevik hərəkət
maşınları, zirehli piyada daşıyan maşınlar,
zirehli transportyorlar, mobil müşahidə sistemləri
dövlət sərhədlərimizin mühafizəsi
üçün təyin olunub.
Çöl şəraitində qərargah
və kəşfiyyat orqanlarının fəaliyyətini təmin
etmək üçün nəzərdə tutulmuş zirehli
komanda-qərargah və kəşfiyyat avtomobillərində
quraşdırılan və kabinədən idarə olunan
“LORENS” yerüstü müşahidə stansiyası
qoşunların döyüş düzülüşündə
fəaliyyət göstərərək kəşfiyyat məlumatlarının
əldə edilməsinə və real vaxt rejimində idarəetmə
məntəqələrinə ötürülməsinə
imkan yaradır.
“ORBİTER 1K”, “ORBİTER 3B”, “AEROSTAR BP”
pilotsuz uçuş aparatları hava kəşfiyyatının
aparılması və taktiki səviyyədə düşmənin
canlı qüvvəsinin və yüngül zirehli
texnikasının zərərsizləşdirilməsi,
müşahidə və kəşfiyyat, artilleriya dəstəyi
və xüsusi əməliyyatlarla bağlı qarşıya
qoyulmuş vəzifələrin icrası üçün
yüksək dəqiqliyi ilə seçilir. Uzun müddət havada qalma qabiliyyətinə
malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan
“HERON”, orta ölçülü çoxməqsədli “HERMES
900”, “HERMES 450”, “HAROP” pilotsuz uçuş aparatları da
paradda nümayiş etdirildi. Hava məkanında
patrul funksiyasını yerinə yetirərək hədəfi
aşkar etdikdə “mərmi-təyyarəyə” çevrilərək
yer hədəflərini yüksək dəqiqliklə məhv
etmək imkanına malik “HAROP” aparatları Aprel
döyüşlərində düşmənə
sarsıdıcı zərbələr vurub.
Zirehli-tank texnikası, özüyeriyən artilleriya
qurğuları, ən müasir, modernləşdirilmiş
piyadaların döyüş maşınları, dünyada ən
döyüşkən tank kimi tanınan “Ò-90S” tankı, Hava Hücumundan Müdafiə
silahları sistemləri, yüksək mobilliyi ilə
seçilən “BUK-ÌB” zenit-raket kompleksi, “S-300 FAVORİT”
çoxkanallı universal mobil zenit-raket sistemi,
“İldırım” və “Qalxan” hava hücumundan müdafiə
kompleksləri, yubiley ərəfəsində Azərbaycan
Ordusunun silahlanmasına daxil edilmiş yüksək dəqiqliyə
malik qanadlı hava-yer raketi, artilleriya silahları sistemləri,
silahlanmaya yeni daxil olmuş avtomatik idarəetmə sistemi ilə
təchiz edilmiş 152 millimetrlik özüyeriyən artilleriya
qurğusu, 300 millimetrlik yaylım atəşli reaktiv sistemləri,
raket silahları sistemləri, avtomatik idarəetmə sistemi ilə
təchiz edilmiş 301 millimetrlik və 624 millimetrlik əməliyyat-taktiki
raket kompleksləri də hərbi paradda nümayiş olundu.
Xalqımız əmin ola bilər ki,
bu gün paradda nümayiş etdirilən silah sistemləri və
hərbi texnikalarla Azərbaycanın hava məkanı
düşmənin istifadəsində olan istənilən
texnika və silah növlərindən, hava və
yerüstü zərərvurma vasitələrindən
etibarlı şəkildə qorunub və bundan sonra da qorunacaq.
Azərbaycan Ordusunun 100 illiyi münasibətilə təşkil
olunan parada Hərbi Dəniz Qüvvələrinin gəmiləri
dənizdən dəstək verdi. Dənizdə fəxri keçid edən hərbi gəmilərimiz
Xəzərin Azərbaycan sektorunda dövlətimizin iqtisadi və
strateji maraqlarını qorumaqla yanaşı, yüksək
döyüş hazırlığı nümayiş etdirdi.
Bunun ardınca Azadlıq meydanı üzərində
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus
döyüş təyyarələrinin və helikopterlərin
uçuşu başladı. Hərbi Hava Qüvvələrinin
uçuş nümayişini “Mi-17” tipli iki helikopter
açdı. Helikopterlər Azərbaycan
Respublikasının dövlət bayrağını və
xalqımızın ümummilli lideri Heydər Əliyevin
portretini Azadlıq meydanı üzərində
dalğalandırdı.
Paradda yüngül çoxməqsədli, yüksək
manevr qabiliyyətinə malik “BELL-412”, dənizdə və su
hövzələri üzərində axtarış-xilasetmə
tapşırıqlarının yerinə yetirilməsi, həmçinin
dəniz desantının su hövzələrinə
çıxarılması üçün təyin olunan
“KA-32”, çoxfunksiyalı hərbi-nəqliyyat təyinatlı
“Mi-24 QRİFİN”, şəxsi heyətin və müxtəlif
yüklərin daşınması, iriölçülü
yüklərin xarici asqılarda nəqli üçün təyin
olunan “Mi-17-1V” döyüş-nəqliyyat, eləcə də
“LAHAT”, “SPAYK NLOS” tipli raketlərlə silahlanmış “Mi-17”,
habelə “Mİ-35” və “Mİ-24” helikopterləri müxtəlif
düzülüşlərdə hərəkət edərək
Azadlıq meydanının üzərindən keçdi.
Helikopterlərdən sonra Bakı səmasına
döyüş təyyarələri və
qırıcılar daxil oldu, milli şahinlərimiz paytaxt səmasında
nümunəvi uçuşları davam etdirdilər.
Təlim-döyüş təyyarəsi uçuş heyətinin
səriştələrinin artırılması və idarəolunmayan
raket və bombalarla döyüş
tapşırıqlarının yerinə yetirilməsi
üçün təyin edilən “L-39”, yaxın və orta məsafələrdə
hava döyüşlərinin aparılması
üçün nəzərdə tutulan “MiQ-29”, təyyarələrə,
yerüstü hədəflərə idarəolunmayan raket,
müxtəlif növ bombalar və 30 millimetrlik top ilə həmlə
imkanına malik “Su-25” təyyarələri müxtəlif
düzülüşlərdə hərəkət edərək
yüksək pilotaj fiqurları nümayiş etdirdilər.
Məhz bu paradda hərbi aviasiya tarixində
ilk dəfə Azərbaycan şahinləri “SU-25” hücum təyyarələri
ilə yüksək pilotaj məharəti göstərdilər. Onlar paytaxt səmasında
üçrəngli bayrağımızın möhtəşəm
əksini yaratdılar.
Azərbaycanın Hərbi Hava Qüvvələri
hərbi əməliyyatlar zamanı istənilən nöqtədə
düşmənə sarsıdıcı zərbələr
endirmək qabiliyyətinə malikdir. Qırıcı-bombardmançı
aviasiya bütün hündürlüklərdə hava hədəflərini
məhv etmək, yerləşdiyi məkandan asılı
olmayaraq yerüstü obyektlərə və hədəflərə
zərbələr endirmək iqtidarındadır. Hücum və
döyüş helikopterləri tam qüvvələri ilə
Quru Qoşunlarına aviasiya dəstəyi göstərmək
və bütün cəbhə boyu düşmənə fasiləsiz
zərbə vurmaq gücündədir. Nəqliyyat
aviasiyası desant və kəşfiyyat qruplarının
düşmənin arxa cəbhəsinə
çıxarılması və ehtiyatların təmin edilməsi
istiqamətində tapşırıqları müvəffəqiyyətlə
yerinə yetirir.
Azərbaycan Respublikası Hərbi
Hava Qüvvələrinin döyüş təyyarələrinin
və helikopterlərinin Bakı səmasında uçuşu
xalqımızda düşmən üzərində qəti qələbəyə
sarsılmaz inamı daha da möhkəmləndirdi.
1997-ci ildə Azərbaycan Ali Hərbi
Təyyarəçilik Məktəbinin ilk buraxılış
mərasimində ulu öndərimiz Heydər Əliyev
demişdi: “Çox sevinirəm ki, indi milli şahinlərimiz
var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycan səmasını
daim qorumağa, Azərbaycan ərazisini qorumağa, Azərbaycanın
müstəqilliyini qorumağa qadirdirlər”.
Paraddan sonra
Prezident İlham Əliyev Azərbaycan Ordusunun
yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan
Respublikasının ərazi bütövlüyünün
qorunub saxlanılmasında xüsusi xidmətlərinə,
qarşılarında qoyulmuş tapşırıqları
yerinə yetirərkən fərqləndiklərinə görə
dövlətimizin başçısının
iyunun 25-də imzaladığı Sərəncamla 1-ci dərəcəli
“Rəşadət” ordeni ilə təltif olunmuş
general-polkovnik Zakir Həsənova, general-polkovnik Nəcməddin
Sadıkova və general-leytenant Kərəm Mustafayevə həmin
ordenləri təqdim etdi.
Sonda xatirə şəkilləri
çəkdirildi.
***
Azərbaycan
Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən
möhtəşəm hərbi parad başa çatandan sonra
qardaş Türkiyənin “Solo Türk” və “Türk
Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd “F-16” və 8 ədəd
“F-5” tipli təyyarə də Bakı buxtası üzərində
nümunəvi uçuşlar keçirdi.
Beləliklə, bu parad bir daha
göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi
əbədidir və bu ordunun gücü onun öz xalqına
və dövlətinə sədaqətində, Vətən
sevgisindədir. Millətimizin ləyaqət rəmzi,
özünütəsdiq imkanı olan ordumuz
xalqımızın milli düşüncəsində ali və
müqəddəs ucalıqda dayanır, dövlətimizin
varlıq, mövcudluq və milli kimlik meyarı kimi
çıxış edir və bütün bu ali ideyaları
yalnız bir milli dəyər birləşdirir - Müstəqillik!
Azərbaycan.- 2018.- 28 iyun.- S.1-5.