Azərbaycanın Əfqanıstan üzrə Beynəlxalq
Təmas Qrupunun toplantısına ev sahibliyi etməsi böyük
önəm daşıyır
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev iyunun 27-də ABŞ dövlət katibinin Cənubi və
Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin
birinci müavini xanım Alis Uelsi qəbul edib.
AZƏRTAC xəbər verir ki, xanım Alis Uels Əfqanıstan
üzrə Beynəlxalq Təmas Qrupunun
toplantısına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı minnətdarlığını
bildirdi və bu tədbirin
böyük önəm
daşıdığını dedi.
Dövlətimizin
başçısı xanım Alis Uelsin bu tədbirdə iştirak etməsindən məmnunluğunu bildirdi.
Xanım Alis Uels bu
yaxınlarda qeyd olunmuş
Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 100 illiyi və
“Şahdəniz-2” layihəsinin rəsmi
açılışı kimi çox tarixi tədbirlərdən
az keçmiş Azərbaycana
səfər etməsindən məmnunluğunu
vurğuladı. O, bu mühüm
hadisələrlə
bağlı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikası
Prezidentinə təbrik məktubları göndərdiyini
xatırlayaraq bu münasibətlə öz təbriklərini də
çatdırdı.
Dövlətimizin
başçısı Amerika Prezidenti Donald Trampın bu iki mühüm
hadisə ilə bağlı göndərdiyi məktublara və
orada ölkəmiz və ikitərəfli
münasibətlərimizlə əlaqədar ifadə etdiyi xoş fikirlərə
görə minnətdarlığını bildirdi,
bunun əlaqələrimizin strateji önəmini bir daha nümayiş etdirdiyini dedi və qeyd etdi ki,
Azərbaycan tərəfi ABŞ Prezidentinin
ölkəmizə olan münasibətini
yüksək qiymətləndirir. Eyni zamanda,
Prezident İlham
Əliyev Azərbaycanın həyata keçirdiyi
nəhəng enerji layihələrinin
reallaşmasına ABŞ hökumətinin verdiyi
dəstəyin böyük önəm
daşıdığını vurğuladı və bildirdi ki, Azərbaycan hər
zaman müxtəlif enerji
layihələri, o cümlədən
böyük əhəmiyyət
daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin
reallaşmasında bu dəstəyi hiss edib.
Dövlətimizin
başçısı bildirdi ki, Azərbaycan Əfqanıstan hökumətinə
birbaşa və beynəlxalq səylər
çərçivəsində dəstək göstərir və
eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli
Dəstək missiyasına öz töhfəsini
verir və bu missiyada Azərbaycan hərbçilərinin
sayı
artırılıb. Azərbaycan gələcəkdə də
öz hərbçilərinin
sayını artırmağa hazırdır. Prezident
İlham Əliyev daha
sonra qeyd etdi ki, xüsusilə
Bakı-Tbilisi-Qars dəmir yolu xətti
işə düşdükdən sonra Azərbaycan
Əfqanıstana böyük önəm
daşıyan logistik dəstəyi təmin
edir. Prezident İlham Əliyev bütün
bunların Əfqanıstan hökuməti tərəfindən
yüksək qiymətləndirildiyini dedi.
Azərbaycan Prezidenti
qeyd etdi ki, Əfqanıstan üzrə Beynəlxalq Təmas
Qrupunun toplantısı bunu
bir daha nümayiş etdirəcək və
Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi
işinə böyük töhfə verəcək.
Xanım Alis
Uels Azərbaycan Prezidenti
ilə görüşün
Əfqanıstana dair məsələlər
ətrafında fikir mübadiləsi aparmaq üçün
yaxşı imkan yaratdığını
dedi. O, Azərbaycanın
Əfqanıstana və bu ölkənin
xalqına davamlı dəstəyini və eləcə də
Əfqanıstandakı Qətiyyətli Dəstək
missiyasında Azərbaycan hərbçilərinin
sayının artırılmasının ABŞ tərəfindən
yüksək qiymətləndirildiyini bildirdi.
Söhbət zamanı Azərbaycan-ABŞ
ikitərəfli münasibətlərinin siyasi,
iqtisadi, enerji və təhlükəsizlik
sahələrində uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin
bundan sonra da genişlənəcəyinə əminlik
ifadə edildi.
Azərbaycan.- 2018.-28 iyun.- S.6.