Silahlı Qüvvələrimiz mütəşəkkil
hərbi qüvvəyə çevrilib
Azərbaycan Respublikası Silahlı Qüvvələr
Günü münasibətilə “Gülüstan” sarayında
təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a
bildiriblər ki, mərasim açıq elan edildikdən sonra
ümummilli lider Heydər Əliyevin, Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda şəhid olan vətən övladlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət
himni səsləndirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, xarici ölkələrin
respublikamızdakı səfirləri, hərbi attaşeləri,
beynəlxalq təşkilatların əməkdaşları,
yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn
nümayəndə heyətlərinin rəhbərləri və
müharibə veteranları iştirak ediblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirdə
çıxış edərək bildirib ki, xalqımız Azərbaycan
Ordusunun yaradılmasının 100-cü
ildönümünü yüksək səviyyədə qeyd
edir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan
Silahlı Qüvvələri 1918-ci ildə yaradılmış
Cümhuriyyət Ordusunun varisidir. 1918-ci il iyunun 26-da Müsəlman
Korpusunun əsasında Əlahiddə Azərbaycan Korpusunun təşkilinə
başlanıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22
may tarixli fərmanına əsasən Əlahiddə Azərbaycan
Korpusunun yaradıldığı gün - 26 iyun tarixi Azərbaycan
Ordusu Günü elan edilib. Həmin tarixdən bugünədək
Azərbaycan Ordusu parlaq inkişaf yolu keçib.
Nazir vurğulayıb ki, 1918-ci ildə dost və
qardaş Türkiyədən gələn hərbi qüvvələr
və Əlahiddə Azərbaycan Korpusunun bölmələrindən
ibarət olan Qafqaz İslam Ordusunun Azərbaycan
torpaqlarını, xüsusilə Bakını işğaldan
azad etməsi şanlı tariximizə qızıl hərflərlə
həkk olunub. Həmçinin 1920-ci ildə Azərbaycan Ordusu
dövlətimizin ərazi bütövlüyünə
qarşı yönəlmiş erməni təcavüzünün
qarşısının alınmasında böyük nailiyyətlər
əldə edib. 1991-ci ildə -
xalqımız müstəqilliyini bərpa etdikdən
sonra Azərbaycan Milli Ordusu yaradılıb və ordu
quruculuğu sahəsində mühüm addımlar
atılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanda
müasir ordu quruculuğunun əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulub. Qısa müddətdə
ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə
yetirməyə qadir olan mütəşəkkil hərbi
qüvvəyə çevrilib. Hazırda Azərbaycan Ordusu
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə qabaqcıl
orduların sırasında layiqli yer tutub. Ali Baş
Komandanın qeyd etdiyi kimi, ordu quruculuğu dövlətimiz
üçün ən başlıca məsələdir. Azərbaycan
Ordusunun müdafiə qüdrətinin və döyüş
qabiliyyətinin artırılması, maddi-texniki təchizatının
yaxşılaşdırılması, o cümlədən hərbi
qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi
bu siyasətin prioritet istiqamətlərindəndir.
Qeyd olunub ki, ölkəmizin beynəlxalq birlik tərəfindən
tanınmış torpaqları Ermənistan Respublikası tərəfindən
işğal edilib. Dünya birliyi və bütün beynəlxalq
təşkilatlar ölkəmizin ərazi
bütövlüyünü tanıyır və dəstəkləyir,
eləcə də Azərbaycanın haqlı mövqeyini
müdafiə edir. Ancaq Ermənistan beynəlxalq hüquq
normalarına məhəl qoymur və
işğalçılıq niyyətindən əl çəkmir.
“Xalqımız, dövlətimiz və Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən
Ordumuza və onun şəxsi heyətinə göstərilən
diqqət və qayğı bir ali məqsədə -
torpaqlarımızı erməni
işğalçılarından azad edərək
respublikamızın ərazi bütövlüyünün bərpasına,
regionda sülh və əmin-amanlığın bərqərar
olmasına ciddi töhfə verməyə xidmət edir.
Müdafiə Nazirliyi bir çox dövlətlə, həmçinin
beynəlxalq təşkilatlarla əməkdaşlığını
ildən-ilə inkişaf etdirir. Bu gün dövlətimizin
qarşısında ciddi təhlükəsizlik məsələlərinin
olmasına baxmayaraq, Azərbaycan Ordusu sülhməramlı əməliyyatlarda
iştirak edərək beynəlxalq sülhə və təhlükəsizliyə
ciddi töhfə verməkdədir”, - deyə general-polkovnik
Zakir Həsənov vurğulayıb.
Sonra bayram münasibətilə hərbi paradda
iştirak edən xarici dövlətlərin yüksək vəzifəli
şəxsləri “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”
yubiley medalı ilə təltif ediliblər.
Tədbir xalq mahnıları, Azərbaycan və xarici
bəstəkarların əsərlərinin ifa olunduğu
bayram konserti ilə yekunlaşıb.
Azərbaycan.-
2018.- 28 iyun.- S.6.