Bütün dünya Azərbaycanın hərbi qüdrətini gördü

 

Hərbi parad Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığını bir daha təsdiq etdi

 

Bakıda Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr edilmiş hərbi parad ordumuzun güc və qüdrətinin nümayişinin əyani təzahürü oldu. Bu parad təsdiqlədi ki, Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir. Bununla bağlı deputatların, ziyalıların və ehtiyatda olan hərbçilərimizin əməkdaşlarımıza və yerli KİV-ə verdikləri rəylərini dərc edirik.

Deputat Elman Məmmədov bildirib ki, hərbi paradla Azərbaycan Ordusu özünün malik olduğu gücü nümayiş etdirdi. Bununla, Azərbaycanın dostlarını sevindirdi, düşmənlərinin bağrını yardı: “Prezident İlham Əliyevin paradda söylədiyi nitq, verdiyi mesajlar bir daha sübut etdi ki, ölkəmiz qısa müddətdə torpaqlarını işğaldan azad edəcək və buna qadirdir. Ordumuzun gücü, qüdrəti, silah-sursat arsenalı, bazası, Azərbaycan əsgərinin mübariz vətənpərvərlik ruhu, döyüş qabiliyyəti onu deməyə əsas verir ki, ordumuz hər an Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad və düşməni darmadağın edə bilər. Prezident bəyan etdi ki, biz ermənilərdən güclüyük. Beynəlxalq hüquq bizim tərəfimizdədir. İqtisadiyyatımız, vətənpərvərliyimiz, daxili sabitliyimiz, bir sözlə, bütün göstəricilərimiz onlardan yüksək səviyyədədir”.

Elman Məmmədovun sözlərinə görə, işğalçı tərəf bundan ciddi nəticə çıxartmalı, Azərbaycanın və ordumuzun gücü ilə hesablaşmalıdır: “Bizim hərbi gücümüzü görüb ağlı yerində olan, ayıq başla fikirləşməyi bacaran düşmən və onların havadarları bundan nəticə çıxartmalıdırlar. Əks təqdirdə, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün özünün hərbi gücünü istifadə etmək məcburiyyətində qalacaq və ərazi bütövlüyünü təmin edəcək. Hərbi parad Azərbaycan vətəndaşlarında, ölkədən kənar yaşayan bütün azərbaycanlılarda çox yüksək ruh yüksəkliyi, mübarizlik, vətənpərvərlik hissi yaratdı. Bununla fəxr edirik, qürur duyuruq və ordumuza inanırıq. Əminik ki, ordumuz torpaqlarımızı işğaldan azad edəcək”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadənin fikrincə, hərbi parad Azərbaycan Ordusunun hazırkı vəziyyətinin gözəl göstəricisi oldu: “Nümayiş etdirilən müasir silahlar və texnikalar, hərbi təyyarə və helikopterlərin uçuşu, 2016-cı ilin aprelində və bu yaxınlarda Naxçıvanın Günnüt kəndi ətrafındakı əməliyyatlarda iştirak etmiş hərbçilərin parada qatılması Azərbaycanın müstəqilliyinin qarantlarından biri olan çox ciddi dövlət strukturunun - Silahlı Qüvvələrinin uğurla fəaliyyət göstərdiyini bir daha sübut etdi”.

Aydın Mirzəzadənin sözlərinə görə, bu gün ordumuzun gücü və peşəkarlığı elə səviyyədədir ki, istənilən an Ermənistanın işğalı altında olan ərazilərimizi azad edə bilər.

Deputat Zahid Orucun sözlərinə görə, Azərbaycan əsgəri istənilən vaxt işğalda olan əraziləri azad etmək iqtidarındadır: “Prezidentin paradda qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri istər şəxsi heyət baxımından, istər maddi-texniki təchizat baxımından dünyanın güclü orduları sırasındadır. Ordumuzun yaranma tarixi 100 il olsa da, arada 70 ildən çox zaman itirilib, sovetlərin tərkibində olmuşuq. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ordu quruculuğu başladı. Qısa zamanda nizami əsgəri qüvvə bərpa olundu”.

Deputat bildirib ki, ulu öndərin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun güclənməsi prosesi davam edir. Dövlət büdcəsindən daha çox vəsaitin orduya yönəldilməsi, ən müasir silahların alınması, əsgər nizam-intizamının yaradılması uğurlu ordu siyasətinin nəticəsidir. Müharibə aparan ölkənin bu cür güclü ordusunun olması vacibdir. Prezidentin də dediyi kimi, ordumuz qısa müddətdə işğalda olan ərazilərimizi erməni terrorçularından təmizləyəcək. O günə çox az qaldı. Biz də tezliklə Qarabağda hərbi paradımızı keçirəcəyik.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev isə qeyd edib ki, Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilib, öz hərbi potensialına görə dünya ölkələri içərisində ilk 50-likdə qərarlaşıb. Onun sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərində əldə olunan misilsiz qələbə, bu ilin may ayında Naxçıvanın Şərur rayonunun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan hərbi əməliyyatın uğurla başa çatdırılması deməyə əsas verir ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək əzmindədir.

Deputat Elman Nəsirov bildirib ki, dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin Azərbaycan Ordusunun yaradılması ilə bağlı atdığı mühüm addıma da diqqəti cəlb edib: “Ali Baş Komandan bildirib ki, Cümhuriyyət qurucuları 100 il öncə Silahlı Qüvvələrin yaradılması ilə bağlı çox mühüm siyasi qərar qəbul ediblər. Biz həmin tarixi hadisənin 100 illiyini qeyd edirik. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. Biz 1991-ci ildə dövlət müstəqilliyini elan etsək də, tam müstəqilliyimiz ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışı ilə başlanıb. Heydər Əliyev ilk növbədə, ordu quruculuğu məsələlərinə diqqət yetirdi. Müasir Azərbaycan Ordusunun yaradıcısı məhz ulu öndər Heydər Əliyev oldu. Bu gün Azərbaycan Ordusu daha da güclənməkdədir. Prezident çıxışında qeyd etdi ki, dövlət büdcəsinin ən böyük hissəsi məhz bu məqsəd üçün ayrılır. 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artıb. Bu gün Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasındadır”.

Elman Nəsirov hərbi paradda Azərbaycan hərbi pilotlarının yüksək uçuş məharətlərini nümayiş etdirməsinə diqqət çəkib. Bildirib ki, Azərbaycan Ordusu bütün döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdır. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Prezident həmin müqəddəs günün uzaqda olmadığını vurğuladı. Biz fəxr edirik ki, belə qətiyyətli Ali Baş Komandanımız, güclü, qüdrətli ordumuz var.

Keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib ki, hərbi paradda yeni aldığımız müasir silah və zirehli texnikalar, zenit-raket kompleksləri, Azərbaycanın öz istehsalı olan hərbi təyinatlı məhsullar nümayiş etdirildi. Bütün dünya bizim gücümüzü gördü.

Yaşar Aydəmirov qeyd edib ki, hərbi paradda Ali Baş Komandan İlham Əliyevin çıxışı xalqımızda böyük ruh yüksəkliyi yaradıb: “Ali Baş Komandan bəyan etdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır və gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətirilib, hərbi paradda nümayiş etdiriləcək. Cənab Prezident bildirdi ki, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir və ordumuz düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə hərbi paradı Azərbaycan tarixinin ən uğurlu paradı adlandırıb: “İki aya yaxın idi bu parada hazırlıq gedirdi və hamımız möhtəşəm paradı böyük səbirsizliklə gözləyirdik. Deyə bilərəm ki, 100 yaşı tamam olan Azərbaycan Ordusu bu tarixi günü möhtəşəm şəkildə qeyd etdi. Silahlı Qüvvələrimiz öz gücünü bütün dünyaya nümayiş etdirdi. Hamı ordumuzun nələrə sahib olduğunu gördü. Xalqımızın dövlətinə və dövlət başçısına güvəni daha da artdı”.

Paradda nümayiş etdirilən silahların düşməndə qorxu yaratdığını söyləyən Ş.Ramaldanov Ali Baş Komandan İlham Əliyevin hərbi paraddakı çıxışına da toxunub: “Prezident İlham Əliyev demişkən, Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək. Çünki bizim güclü ordumuz və inkişaf edən iqtisadiyyatımız var. Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və tezliklə öz ərazi bütövlüyünü bərpa edəcək. Aprel döyüşlərinin Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdiyini xatırladan Prezident bu gün hərbçilərimizin ermənilərin ərazimizdə qazdıqları səngərlərdə xidmət göstərdiyini vurğuladı”.

Onun sözlərinə görə, Azərbaycan Ordusu istənilən zaman düşməni darmadağın etməyə hazırdır. Ali Baş Komandanın dediyi kimi, müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. İkinci mərhələ başlamalı olsa, ordumuz düşməni darmadağın etməyə qadirdir.

 

Səbinə MƏMMƏDOVA

 

Azərbaycan.- 2018.- 28 iyun.- S.7.