Bakıda
keçirilmiş hərbi parad
İordaniyanın Dövlət Xəbərlər Agentliyi tərəfindən geniş
işıqlandırılıb
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin
100 illiyi münasibətilə Bakıda keçirilmiş hərbi
parad İordaniyanın “Petra” Dövlət Xəbərlər
Agentliyi tərəfindən geniş
işıqlandırılıb.
Azərbaycanın İordaniyadakı səfirliyindən
AZƏRTAC-a bildiriblər ki, agentliyin yaydığı məqalədə
paytaxt Bakının mərkəzində əzəmətli hərbi
paradın keçirildiyindən bəhs edilir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin paradda olduğu diqqətə
çatdırılır. Qeyd edilir ki, hərbi
paradda Azərbaycanın Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi,
Dövlət Sərhəd və Xüsusi
Dövlət Mühafizə xidmətlərinin, eləcə də
Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti
iştirak edib. Mərasimdə 240-dan çox hərbi
texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o
cümlədən silahlanmaya yeni qəbul edilmiş ən
müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava
hücumundan müdafiə sistemləri,
helikopterlər, pilotsuz uçuş
aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.
1918-ci il iyunun 26-da Azərbaycanda ilk
nizami ordu quruculuğuna start verildiyini bildirən müəllif Azərbaycan
Silahlı Qüvvələrinin hərbi imkanlarının son illər ərzində
artdığını diqqətə çatdırır.
Məqalədə Azərbaycanda
hərbi və müdafiə sənayesinin inkişafından bəhs
edilir, əsgərlərimizin beynəlxalq
əməliyyatlarda, məsələn, Əfqanıstandakı
əməliyyatlarda iştirak etdiyi vurğulanır.
Yazıda Dağlıq Qarabağ münaqişəsinə də toxunulur, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, ATƏT-in
Minsk qrupunun vasitəçiliyi
ilə aparılan sülh
danışıqlarının nəticəsiz
qaldığı vurğulanır.
Məqalədə cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və minaatanlardan
da istifadə etməklə Ermənistan
silahlı qüvvələrinin atəşkəsi daim pozduğu diqqətə
çatdırılır.
Azərbaycan.- 2018.- 28 iyun.- S.8.