Heydər
Əliyev Mərkəzində Gürcüstan
rəssamlarının sərgisi açılıb
İyunun 27-də Heydər Əliyev Mərkəzində
Gürcüstan rəssamlarının əsərlərindən
ibarət “Cari vəziyyət” adlı sərgi
açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində
çıxış edən Heydər Əliyev Mərkəzinin
direktoru Anar Ələkbərov bu sərginin Gürcüstan Mədəniyyət
Nazirliyi və Gürcüstan Milli Muzeyi ilə birgə əməkdaşlıq
çərçivəsində ərsəyə gəldiyini
bildirib. Diqqətə çatdırıb ki, sərgi ötən
əsrin 80-90-cı illərində Gürcüstan təsviri
incəsənətinin inkişafına töhfə vermiş
25 rəssamın yaradıcılığı ilə
tanışlıq imkanı yaradır. Layihənin
reallaşmasında əməyi olan hər kəsə təşəkkürünü
bildirən Anar Ələkbərov sərginin bəyəniləcəyinə
və xoş təəssüratlar yaradacağına
ümidvar olduğunu deyib.
Sərginin kuratoru
Çarlz Merevezer
çıxışında ilk növbədə
Heydər Əliyev Fonduna və Heydər Əliyev
Mərkəzinə dərin minnətdarlığını bildirib. “Sərginin əsas məqsədi Azərbaycan
ictimaiyyətini Gürcüstan incəsənətinə
aid məqamlarla tanış etməkdir.
Ümumiyyətlə, Azərbaycan və Gürcüstan
regionun mühüm
dövlətləridir. Onların
arasındakı çox sıx münasibətlər
həm də incəsənətin təşviqinə öz töhfəsini verir”,
- deyən Çarlz Merevezer
iki il yarım Gürcüstanda yaşamasından, bu ölkənin incəsənətini öyrənməsindən
danışıb. Qeyd edib ki, Heydər Əliyev
Mərkəzində təşkil edilən sərgidəki
nümunələr sırasında həm fərdi, həm də
dövlət kolleksiyasına aid əsərlər
yer alıb.
Sərgidə nümayiş
olunan əsərlərin 1985-ci ildən sonra Gürcüstanda yaşanan dəyişiklikləri əks etdirdiyini diqqətə çatdıran Çarlz Merevezer deyib: “Bu əsərləri
Nyu-York, London və Asiya regionuna məxsus incəsənətlə
müqayisə etsək, 1980-1990-cı illərə aid olan və sonrakı
dövrləri əhatə edən incəsənətin xüsusi məna kəsb etdiyini
görərik. Sərginin digər
bölümündə isə 2000-2005-ci illərə aid əsərlər də var
ki, o vaxt
Gürcüstan ötən əsrin
90-cı illəri ilə müqayisədə daha
ağır dövrünü
yaşayırdı. Biz incəsənətdə
genişmiqyaslı dəyişikliklərin şahidi
olacağıq”.
Sərginin koordinatoru
və Gürcüstan Milli
Muzeyinin kuratoru Lika Mamataşvili
Gürcüstanın Mədəniyyət Nazirliyi
və Milli Muzeyi
adından Heydər Əliyev Mərkəzinə təşəkkür
edib.
Tədbirdə
çıxış edən rəssamlar burada
əsərlərinin sərgilənməsindən şərəf
duyduqlarını bildirərək bu sərginin
Gürcüstan və Azərbaycan incəsənət
xadimlərini bir araya
gətirdiyini vurğulayıblar. Qeyd olunub ki, 70-ci illərdə
Gürcüstan Rəssamlıq Məktəbində
azərbaycanlı gənclər də təhsil alıblar və
onların gürcüstanlı həmkarları ilə gözəl
münasibətləri olub. Azərbaycanlı
rəssamlar incə zövqlü əsərlər
yaradırlar.
Sərgidə nümayiş
etdirilən fotoların müəllifi Quram
Tşibaxaşvili sevimli
şəhəri Bakıya gəlməsindən və burada sərgi təşkil edilməsindən çox şad olduğunu deyib.
Azərbaycan Rəssamlar
İttifaqının sədri, Xalq Rəssamı
Fərhad Xəlilov Heydər Əliyev Mərkəzində təşkil
edilən bu sərgini ölkənin incəsənət
həyatında böyük hadisə kimi dəyərləndirib. Gürcü
rəssamlarının əsərlərini yüksək qiymətləndirib
və bu yaxınlarda Tbilisidə
keçirilən festivaldan söz
açıb.
Qeyd
edək ki, “Cari vəziyyət”
sərgisinin ekspozisiyasında Vaxo Buqadze, Levan Çoqoşvili, Malxaz Datukişvili, Giya Edzgveradze, Mişa Qoqriçiani, Mamuka Caparidze, Temo Cavaxişvili, Kote Cinçaradze, Karlo Kaçarava, Keti Kapanadze, Uşanqi Xumaraşvili, Luka Lasareişvili, Maya Naveriani, Koka Ramişvili, Lia Şvelidze, Murtaz Şvelidze, Kote Sulaberidze, Oleq Timçenko, Mamuka Tsetsxladze, Maya Tsetsxladze, Niko Tsetsxladze, Quram Tsibaxaşvili, Teona Çaparidze, İliko Zautaşvili və Daniel Spehrin əsərləri təqdim olunur.
1970-ci illərin
sonunda başlayan və
2000-ci ilədək davam edən dövr Gürcüstanın müasir
bədii və incəsənət istiqamətinin yüksəlişi
ilə yadda qalıb. Əhəmiyyətli
olmasına baxmayaraq, Gürcüstan
incəsənətinin bu dövrü
az tanınmış və kifayət qədər
tədqiq edilməyib.
Sərgi avqustun
26-dək davam edəcək.
Azərbaycan.- 2018.- 28 iyun.- S.10.