Bu, bizim ordudur - Azərbaycan Ordusu

 

Ordun varsa, yurdun var!

Öz ordusunu yedizdirməyən xalq, özgə ordusunu yedizdirər!

Bu müdrik deyimlər tarixin sınaqlarından çıxan həqiqətlərdir! Mahiyyətcə ordunun zəruriliyini, xalqın və dövlətin taleyindəki müstəsna əhəmiyyətini əks etdirir.

İlk dəfə ordunun gərəkliliyini, ordusuzluğun acısını isə düşmən torpağımıza göz dikəndə dərindən anladıq...

Buna qədər elə zənn edirik ki, adını sevə-sevə “Qızıl Ordu” qoyduğumuz sovet ordusu bizi hamıdan və hər təhlükədən qoruyur...

Doğrudur, 20 Yanvar hadisələrindən sonra bu inam və etibar xeyli sarsılmışdı. Amma hələ də qırmızı imperiyanın tərkibində olduğumuza görə SSRİ-nin silahlı qüvvələrinə güvənməyə məcburduq...

Bir vaxtlar arxalandığımız həmin ordunun 366-cı polku (alayı) 26 fevral 1992-ci ildə Xocalı soyqırımını törədəndə isə ordusuzluğun hansı fəlakətlərlə nəticələnə biləcəyini tam dolğunluğu ilə dərk etdik!

Amma ordu qurmaq da asan, hər kəsin bacaracağı iş deyil!

Bütün bunları yaşamış, bir çox hallarda canlı şahidi olmuşuq.

Müstəqil Azərbaycanın Azadlıq meydanında Milli Ordumuzun 100 illik yubileyi münasibətilə keçirilən möhtəşəm paradı seyr edərkən bir daha xəyalən geriyə döndük, yaxın keçmişdə baş verənləri yenidən xatırladıq!

 

***

 

Hamının səbirsizliklə gözlədiyi gün, saat və dəqiqə gəlib çatır!

Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunmuş hərbi parada start verilir.

Müdafiə naziri Ali Baş Komandan cənab İlham Əliyevə raport verir!

Ali Baş Komandan əsgər və zabitləri, generalları, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edərək ordu quruculuğu sahəsində görülən işlərə yığcam nəzər salır.

Ulu öndər Heydər Əliyevin başladığı ordu quruculuğu bu gün özünün zirvə nöqtəsinə çatmışdır.

Bunu 2016-cı ilin aprel əməliyyatı sübut etmişdir!

Bunu ötən ay keçirilən Naxçıvan əməliyyatı sübut etmişdir!

Bunu yubiley paradında gördüklərimiz də sübut edirdi!

Əvvəlcə müxtəlif qoşun növlərinə məxsus şəxsi heyət nizami addımlarla tribunaların önündən keçdi.

Nə qədər qürurverici anlar idi...

Cüssəli, fiziki cəhətdən güclü və sağlam, mətin, nizami addımlarla irəliləyərək əllərində ən müasir atıcı silahlar tutmuş bu hərbçilər bizimkilər idi...

Öz qardaşlarımız, oğullarımız, öz balalarımız idi...

Nə qədər belə bir ordunun həsrətini çəkmişdik, ilahi!

***

 

Ötən əsrin doxsanıncı illərində düşmən havadarlarına arxalanaraq torpaqlarımızın işğalına başlayanda vətənin qeyrətini, torpağın təəssübünü çəkən igidlərimiz çox idi.

Onlar çağırış gözləmədən vətənin müdafiəsinə qalxdılar.

Keçmiş SSRİ-nin müxtəlif hərbi hissələrində xidmət edən vətənpərvər zabitlərimiz geriyə dönərək torpaqların müdafiəsində iştirak etmək istəklərini bildirdilər.

Amma xalq əsl rəhbərindən, əsl sərkərdəsindən ayrı düşmüşdü...

Nə nizami ordu vardı, nə də onu yaratmağı bacaranlar...

Könüllü özünümüdafiə batalyonları zəruri silah-sursat, hərbi texnika, hətta geyimlə belə təmin olunmur, əsgərlərin yeməyinə və məişət şəraitinə lazımi qayğı göstərilmir, silahlı dəstələr vahid mərkəzdən idarə olunmur, müharibə dövlət səviyyəsində aparılmırdı!

Qeyrətli vətən övladları şəhid getsə də, torpaqların müdafiəsi mümkün olmadı, ərazilərimizin 20 faizi işğala məruz qaldı.

Yalnız xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra vəziyyət dəyişdi.

Uğurlu Horadiz əməliyyatı keçirildi, 22 kənd işğaldan azad edildi.

Dövlət səviyyəsində, yüksək peşəkarlıqla müasir ordu quruculuğu prosesinə başlanıldı.

 

***

 

Azadlıq meydanında gördüyümüz isə quruculuğunu başa çatdırdığımız müasir, milli Azərbaycan Ordusu idi!

Əhsən belə Prezidentə!

Əhsən belə Ali Baş Komandana!

Bu ordu öz dövlətini qorumağa qadirdir!

Bu ordu müstəqilliyimizi qorumağa qadirdir!

Bu ordu xalqımızı qorumağa qadirdir!

Bu ordu həm də işğal altındakı ərazilərimizi geri qaytarmağa qadirdir!

Yüksək döyüş ruhu, möhkəm nizam-intizam, fiziki hazırlıq və dözümlülük, mənəvi mətinlik müasir Azərbaycan Ordusunun xarakterik xüsusiyyətidir!

Ali Baş Komandan Azadlıq meydanındakı tribunadan bütün dünyaya bəyan etdi: “Gün gələcək, işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək!”

Azərbaycan dövləti ordudan heç nə əsirgəmir!

* Kifayət qədər vəsait ayırır! 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artırılmışdır.

* Yüksək biliyə, təcrübəyə və hərbi vərdişlərə malik zabitlər daim şəxsi heyətlə məşğul olur, onları öyrədir, püxtələşdirir. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir.

* Əsgər və zabitlər üçün ən gözəl məişət və istirahət şəraiti yaradılmış, yeni hərbi şəhərciklər salınmış, müasir kazarmalar tikilmişdir. Hərbi hissələrimizin, hərbi şəhərciklərimizin 80 faizi son bir neçə il ərzində yenidən tikilib və ya təmir edilib.

* Əsgərin düzgün qidalanması və sağlamlığı, təmizliyi diqqət mərkəzindədir. Azərbaycan Ordusunun heç nədən korluğu yoxdur. Təkcə bir ildə əsgər və zabitlər 500 tondan çox ətlə qidalanırlar. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Qəbul edilmiş qərara əsasən, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir.

* Ən müasir texnologiyalara əsaslanan yeni silahlar ardıcıl və sistemli şəkildə alınaraq gətirilir, ordunun sərəncamına verilir, onlardan istifadə qaydaları qısa müddətdə öyrədilir, müvafiq nöqtələrdə yerləşdirilir. Yeni silahlar arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri vardır.

* Müdafiə sənayesi kompleksi qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir, əvvəlki texnika və silahlar modernləşdirilir, yeniləri istehsal olunur. Son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq.

* Bütün ixtisaslar üzrə zabit kadrları hazırlanır, şəxsi heyətin mənəvi, fiziki və hərbi hazırlığı daim diqqətdə saxlanılır, ordunun peşəkarlıq səviyyəsi durmadan yüksəldilir. Azərbaycan Ordusu bir sıra beynəlxalq hərbi təlimlərdə və əməliyyatlarda iştirak edir.

 

***

 

Bəli, Azərbaycan Ordusu 100 yaşını qeyd etdi!

Ötən 100 il ordumuz üçün uğursuzluq, sınaq, eyni zamanda intibah dövrü olub!

Onun keçdiyi yol hamar və rahat yox, enişli-yoxuşlu olub!

Amma bu bir həqiqətdir ki, Azərbaycan Ordusu heç zaman indiki qədər güclü, qüdrətli və möhkəm olmayıb!

Yüz yaşı ərəfəsində - 2016-cı ilin aprelində ordumuz yeni imkanlarını açıb göstərdi: Lələtəpə yüksəkliyi və onunla birgə 2 min hektar ərazi bizim nəzarətimizə qaytarıldı.

İkinci qeyri-adi əməliyyat isə may ayında baş verdi: Naxçıvanın Günnüt kəndi - bütövlükdə isə 11 min hektardan çox ərazi geri qaytarıldı!

 

                                                                                                                                                ***                    

 

Bu əməliyyatlar barədə eşitmişdik, oxumuşduq!

Aprel qəhrəmanlarını tanımış, şəhidlərimizlə qürur duyaraq onlara rəhmət diləmiş, böyük hörmət və ehtiramımızı bildirmişdik!

Azadlıq meydanında keçirilən hərbi paradda isə hər şeyi öz gözlərimizlə gördük!

Həm də təkcə biz yox, bütün dünya gördü!

Sonsuz sevinc və fəxarət hissi yaşadıq!

Bəli, bu möhtəşəm ordu bizim ordumuzdur, müstəqil Azərbaycanın Milli Ordusudur!

Sevdiyimiz, fəxr etdiyimiz, güvəndiyimiz ordudur!

Möhtəşəmliyi, gücü və qüdrəti göz qabağındadır!

Bu ordu ən əvvəl xalqın arzularının ifadəçisi olan Ali Baş Komandanı ilə güclüdür!

Bu ordu yüksək biliyə və peşə vərdişlərinə malik zabit və generalları ilə güclüdür!

Bu ordu qəlbi vətənə və xalqa böyük məhəbbətlə döyünən igid əsgərlərimizlə güclüdür!

Bu ordu ən yeni texnologiyalara əsaslanan müasir silah- sursatı və texnikası ilə güclüdür!

Bu ordu vətənpərvərliyi, döyüş ruhu, qarşıya qoyulan hər bir tapşırığı dəqiq yerinə yetirmək bacarığı və məharəti ilə güclüdür!

Ali Baş Komandandan daimi qayğı, dövlətdən tükənməz dəstək, xalqdan sonsuz məhəbbət görən ordu yenilməz və məğlubedilməz olur!

 

***

 

Biz Lələtəpədə və Günnütdə gücümüzü və imkanlarımızı göstərdik!

Biz Cocuq Mərcanlı nümunəsi ilə Böyük Qayıdışa başladığımızı nümayiş etdirdik!

Hərbi paradda isə nəyimiz varsa, ortaya qoyduq: həm texnika, həm şəxsi heyət sarıdan!

İndi seçim düşmənindir!

Biz sülh tərəfdarı olmaqla bahəm, qüdrətli ordu da qurmuşuq!

Zaman bizə işləyir!

Hər gün daha da güclənirik, iqtisadi və hərbi qüdrətimizi artırırıq!

Baxın, a!

Sonra gec olar!

***

 

Ən nəhayət! Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilən möhtəşəm paradda söylədiyi dərin məzmunlu, parlaq nitqindən bəzi xatırlatmaları bir daha diqqətinizə təqdim edirik:

* Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır;

* Ölkəmizdə 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur;

* Düşmənin bütün hərbi obyektləri, strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən hər an məhv edilə bilər;

* Ermənilərin illər boyu yaratdıqları müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik;

* Ermənistan ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mifini darmadağın etdik;

*Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir;

* Tarixi ədalət, beynəlxalq hüquq, iqtisadi və hərbi güc, vətənpərvərlik ruhu bizim tərəfimizdədir;

* Aprel və Naxçıvan qələbələri bir daha əmin edir ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır;

* Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2018.- 29 iyun.- S.1; 3.