Növbəti hərbi parad Qarabağda keçiriləcək

 

Bu gün dünyanın ən güclü orduları ilə bir sırada dayanan Azərbaycan Silahlı Qüvvələri hər bir vətəndaşımızın qürur və güvənc mənbəyidir. Ulu öndər Heydər Əliyevin yaratdığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin daha da qüdrətləndirdiyi ordumuzun döyüş imkanları istənilən təhdidin qarşısını layiqincə almağa və torpaqlarımızı işğal altında saxlayan Ermənistan ordusunu qısa zamanda darmadağın etməyə qadirdir.

Milli Məclisin deputatları da bildirirlər ki, ordumuzun artan gücü və qüdrəti ərazilərimizin işğaldan azad ediləcəyi günü sürətlə yaxınlaşdırır.

 

Lələtəpə və Günnüt qələbələrini Şuşa və Xankəndi zəfərləri ilə davam etdirəcəyik

 

Tahir SÜLEYMANOV,

Milli Məclisin deputatı:

 

- Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə keçirilən təntənəli parad respublikamızın hərbi qüdrətinin növbəti nümayişi kimi tarixə düşdü. Paradı böyük sevinc hissi ilə izləyərək ordumuzla, əsgərlərimizlə, malik olduğumuz hərbi güclə qürur duydum. Qəlbində vətənpərvərlik hissləri olan hər bir soydaşımız kimi Azərbaycanın iqtisadi baxımdan inkişafı və buna paralel olaraq ordumuzun güclənməsi məni də fərəhləndirir.

Ölkəmizdə ayrı-ayrı qoşun növlərinin timsalında ordu quruculuğunun ən son nailiyyətləri, xüsusən modernləşmə istiqamətində görülən işlər məlumdur. Əvvəlki hərbi paradlarda da ordumuzun potensial imkanlarının bir hissəsini görmüşdük. Bu parad isə göstərdi ki, son bir neçə ildə Azərbaycan Ordusu sürətlə inkişaf edib, arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirib. Ən mühümü odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.

Hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrinin 4 min nəfərlik şəxsi heyəti iştirak etdi, 240-dan çox hərbi texnika və silah sistemləri, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş etdirildi. Ən fərəhlisi odur ki, paraddan keçən hərbi texnikanın arasında Azərbaycanda istehsal olunanlar da vardı. Bu çox böyük nailiyyətdir və Azərbaycanda hərbi sənaye kompleksinin uğurla inkişafından xəbər verir.

Bu möhtəşəm parad Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətinin nümayişi ilə yanaşı, həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsinin təsdiqidir. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzatmaqda davam etməsi və regiondakı mürəkkəb hərbi-siyasi vəziyyət Azərbaycan Respublikası üçün öz suverenliyini və ərazi bütövlüyünü qorumaq və işğal olunmuş əraziləri azad etmək məqsədilə Silahlı Qüvvələrin döyüş imkanlarını daha da artırmağı zəruri edir. Təəssüratım ondan ibarətdir ki, Azərbaycan öz torpaqlarını istənilən hər an hərbi yolla azad etməyə qadirdir.

Buna görə Azərbaycanda hərbi xərclər milyardlarla manat həcmindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artmışdır. Biz demək olar ki, tez-tez yeni hərbi şəhərciklərin yaradılması barədə eşidirik. Hazırda ölkəmizdə ən yüksək maaş alan əhali qruplarından biri hərbçilərdir. Bu belə də olmalıdır. Ordumuzun qüdrətlənməsi, zabit və əsgərlərin sosial rifahının yüksək olması daim diqqət mərkəzində saxlanılmalıdır. Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər bütün vətəndaşlar tərəfindən yüksək razılıqla qarşılanır. Çünki ordu bizim dayağımız, güvənc yerimizdir.

Azərbaycan inkişaf yolundadır. Artıq yeni enerji və nəqliyyat layihələrimiz işə salınıb. Bütün bunlar ölkəmizə daxil olacaq xarici valyutanın yeni mənbələri deməkdir. Ona görə növbəti illərdə biz Azərbaycanda daha böyük iqtisadi inkişaf müşahidə edəcəyik. İqtisadi inkişaf isə bütün sahələrin tərəqqisi üçün stimuldur. Azərbaycandakı kompleks inkişafın da əsasında iqtisadiyyatın güclənməsi dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin kökündə məhz iqtisadi gücdən yararlanaraq, digər sahələrin, o cümlədən ordumuzun qüdrətlənməsinə, hərbi sənaye kompleksinin inkişafına geniş imkanlar yaradır.

Azərbaycanın hərbi sənayesi də ordumuzu praktik döyüş vəsaiti ilə təchiz etməyə qadirdir. Hazırda ölkəmizdə 1200 adda hərbi məhsul istehsal olunur. Ona görə ordumuz döyüşdə həlledici rol oynayan müasir hərbi texnika sarıdan heç vaxt korluq çəkə bilməz. Bu mənada ölkəmizin hərbi uğurları çox böyükdür və bütün bunları Ermənistan rəhbərliyi də bilməmiş deyil. Onların xüsusən son günlərdəki həyəcanını başa düşmək olar. Döyüş əməliyyatları başlasa, ermənilərin hərbi kontingenti toplamağa gücü çatmayacaq.

Prezident İlham Əliyev paraddakı çıxışında çox düzgün olaraq dedi: “Bu proses davam etdiriləcəkdir. Bundan sonra da Azərbaycan ən müasir silah və texnikanı alacaq. Buna nail olmaq üçün bizim dost ölkələrlə çox səmərəli əlaqələrimiz var. Bizim böyük maliyyə resurslarımız və güclü iradəmiz var”. Bəli, torpaqlarımızın işğal altında olduğu, beynəlxalq qətnamələrə məhəl qoyulmadığı bir şəraitdə Azərbaycan haqlı olaraq ordusunu gücləndirir. Çünki güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir. İki il əvvəl aprel döyüşlərində də Azərbaycan öz gücünü göstərdi və düşmənə layiqli zərbə vurdu.

Ordumuzun 100 illiyi münasibətilə keçirilən parad göstərdi ki, Silahlı Qüvvələrimizin gücü sürətlə artır, qoşunlarımız yeni döyüş imkanları əldə edirlər. Bütün bunlar bizə lazımdır. Lələtəpə və Günnüt zəfərlərini Şuşa və Xankəndi zəfərləri ilə tamamlamağın vaxtıdır.

 

Ordumuzun qüdrətinin növbəti nümayişi

 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı:

 

- İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad gözlənildiyindən də yüksək səviyyədə baş tutdu. Ölkə ictimaiyyəti çoxdan bəri gözlədiyi bu paradda nümayiş etdirilən hərbi texnika ilə Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu gördü. Düzdür, əvvəlki paradlardan, 2016-cı ilin aprel zəfərindən sonra qoşunlarımızın nailiyyətləri, xüsusən modernləşmə istiqamətində görülən işlər məlum idi. Son parad isə Azərbaycan Silahlı Qüvvələrinin hansı gücə qadir olması ilə bağlı təsəvvürlərimizə əyanilik gətirdi. Baxmayaraq ki, paradda ölkəmizin hərbi potensialı tam olaraq nümayiş etdirilmirdi.

Bu parad göstərdi ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə əsasını qoyduğu ordumuz onun arzu etdiyi kimi inkişaf edir, qüdrətlənir, regionun hərbi gücünə çevrilir. Bəli, 25 il əvvəl, təlatümlü iyun günlərində biz heç təsəvvür də etmirdik ki, vaxt gələcək Azərbaycan ən yüksək inkişaf göstəricilərinə nail olacaq. Yuxumuza da girməzdi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək, kosmik klubun üzvü olacaq. Və o keşməkeşli, müstəqilliyimizin və dövlətimizin başı üstünü almış isti iyun günlərində heç kim vəziyyətin tamamilə dəyişəcəyinə ümid etmirdi. Ancaq Heydər Əliyev xalqın ümidini qaytardı, sabaha olan inamını bərpa etdi. Və biz bu gün Heydər Əliyevin böyük müdrikliklə yerinə yetirdiyi xilaskarlıq missiyasının sayəsində uğurlarımızla, Prezident İlham Əliyevin qeyd etdiyi kimi tarixin ən qüdrətli Azərbaycanı ilə fəxr edirik.

Hər birimizin fəxarət ünvanlarımızdan biri də Silahlı Qüvvələrimizdir. Son 15 ildə Azərbaycanda ordu quruculuğu bir an da dayanmayıb, əksinə, ildən-ilə daha da geniş vüsət alıb. Son illərdə isə ordumuzda həyata keçirilən quruculuq işləri yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu dönəmdə qarşıya qoyulan əsas məqsəd Silahlı Qüvvələrdə modernləşmə ilə bağlı islahatların dinamik həyata keçirilməsi, ordumuzun döyüş qabiliyyətinin ən müasir standartlar səviyyəsinə çatdırılmasıdır. Bu məqsədlə ən inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan Rusiya və İsrail kimi dövlətlərdən ən son silah və texnikalar alınaraq ordumuzun arsenalına daxil edilib. Görünən odur ki, ulu öndər Heydər Əliyevin “Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir” fikrini rəhbər tutan Azərbaycan hakimiyyəti ildən-ilə hərbi məqsədli xərcləri artırmaqla Silahlı Qüvvələrimizi döyüşkən ruhda və yalnız qələbə əzmində olan güclü bir orduya çevirib. Hərbi parad bunu bir daha təsdiq etdi.

Paradda nümayiş etdirilən pilotsuz uçuş aparatları, “T-90S” tankları, “BUK-MB” zenit-raket kompleksi, “S-300 FAVORİT” çoxkanallı universal mobil zenit-raket sistemi, “İldırım” və “Qalxan” hava hücumundan müdafiə kompleksləri, yüksək dəqiqliyə malik qanadlı hava-yer raketi, artilleriya silahları sistemləri, 300 km uzaqlıqda hədəfi dəqiq vuran əməliyyat-taktiki raket kompleksləri, helikopterlər, peşəkar təyyarəçilərimizin yüksək pilotajlıq məharətlərini nümayiş etdirdikləri döyüş təyyarələri və qırıcılar Azərbaycanın ilbəil artan hərbi xərclərinin haraya sərf olunmasından xəbər verir.

Bütün bunlar göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Müasir texnika ilə təchiz edilmiş, gündən-günə modernləşən, yüksək nizam-intizama malik Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təhdidinə cavab verməyə qadirdir. Azərbaycanda hərbi paradın keçirilməsini böyük hadisə adlandıran Prezident İlham Əliyev nitqini bu fikirlə bitirdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Cənab İlham Əliyev həm də Ali Baş Komandan kimi əsl sərkərdədir. O sərkərdə ki, bizi böyük qələbəyə aparır, torpaqlarımızın işğaldan azad ediləcəyi günü sürətlə yaxınlaşdırır. 2014-cü ilin avqustunda hərbçilərimizin cəbhədə düşmənə zərbəsi, hərbi helikopterin vurulması, 2016-cı ilin aprel zəfəri və nəhayət, bu günlərdə Naxçıvandan strateji yüksəkliklərin düşməndən geri alınması İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm uğurlarıdır. Bu uğurların hər biri bizi Böyük Qələbəyə, torpaqlarımızın tamamilə işğaldan azad edilməsinə aparır.

Bir məsələni də qeyd etmək istərdim ki, Silahlı Qüvvələrimizin ayrı-ayrı sahələrini təmin edən hərbçilərimizlə yanaşı, qardaş Türkiyə hərbçilərinin də keçidi hərbi parada xüsusi bir ovqat qatdı və xalqımız tərəfindən çox böyük coşqu ilə qarşılandı. Bu da iki qardaş xalqın daim bir yerdə olmasının əyani göstəricisidir.

Paradı sonadək böyük qürur hissi ilə izlədim. Bir vətəndaş kimi güclü ordumuza sahib olduğumuz üçün özümü xoşbəxt saydım. Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmələrin, hərbi tədris müəssisələrinin, qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 4 min nəfərlik şəxsi heyətinin, 240-dan çox hərbi texnikanın, döyüş vertolyotlarının, təyyarələrin, gəmilərin iştirak etdiyi hərbi paradda hər birimiz dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi olduq. Silahlı Qüvvələrimizin hərbi gücünün praktik nümayiş etdirildiyi bu parad bir daha hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 29 iyun.- S.4.