İftixar doğuran parad

 

2018-ci il Azərbaycan dövlətinin tarixində yubileylərlə zəngindir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil respublikamızda bu il bir çox dövlət orqanlarının yaradılmasının 100-cü ildönümü tamam olur. 100 illiyini qeyd edən mühüm strukturlardan biri də Azərbaycan Silahlı Qüvvələridir. 3 gün əvvəl ordumuzun yubileyi möhtəşəm hərbi-rəsmi keçid təşkil olunmaqla təntənəli surətdə qeyd edildi.

İftixar doğuran keçid düşməni lərzəyə salan ən müasir hərbi texnika və avadanlıq, silah-sursat növləri, mətin əsgərlərimizin qürurla və əzmlə addımlaması son dövrlər cəbhədə qazanılan qələbələrimizin və gələcək böyük zəfərin rəhnidir. Həm keçid, həm də Ali Baş Komandan cənab İlham Əliyevin tədbirdəki nitqinin məğzi son illər ordu quruculuğu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində dövlət başçısının gərgin siyasidiplomatik səylərinin, qətiyyətli mövqeyinin və qəbul etdiyi məqsədyönlü qərarlarının məntiqi nəticəsi və bariz təzahürüdür.

Azərbaycan indiyə kimi sülh danışıqlarına sadiq qalmaqla yanaşı, ordu quruculuğunu da diqqət mərkəzində saxlayıb. Ölkəmizin təhlükəsizlik sisteminin, müdafiə qabiliyyətinin hərtərəfli möhkəmləndirilməsi, hücum strategiyasının işlənib hazırlanması sahəsində ciddi uğurlara imza atılıb. Hərbi xərclərimiz ilk dəfə olaraq 2007-ci ildən 1 milyard dolları ötüb. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq hesabatlara əsasən, Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu cərgəsində yer alır. İndiyədək ölkə vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini 2008 və 2011-ci illərdə ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görmüşdülər. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik etmişdi. Azərbaycan Ordusunun arsenalının ən modern silah və digər hərbi texnika ilə zənginləşməsi sonuncu paradda da göründü. Çünki bu parad göstərdi ki, dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları mühüm strateji silah növləri Azərbaycanda var. Rusiyadan, İsraildən, Belarusdan, Türkiyədən alınan raketlər, hava hücumundan müdafiə və ən müasir reaktiv yaylım atəşi sistemləri, genişmiqyaslı dağıdıcı gücə malik əməliyyat-taktiki kompleksləri, çox mürəkkəb əməliyyatları keçirə bilən pilotsuz aparatlar çox az sayda ölkənin hərbi arsenalında mövcuddur. Azərbaycan Ordusunun raket-artilleriya qoşunlarının silahlanmasında yer alan yeni və çoxsaylı artilleriya qurğuları, reaktiv artilleriya sistemləri, onlardan eyni vaxtda düşmənin bütün mövqelərini məhv etməyə imkan verir.

Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yüksəldilir. Artıq ölkə üzrə demək olar ki, bütün hərbi kazarma və şəhərciklərin yenidən qurulması başa çatmaq üzrədir. Təbii ki, bütün bunlar Azərbaycanın işğalçı Ermənistanla müqayisədə əzici üstünlüyünü daha da artırır. Ermənistan rəhbərliyi də bunu yaxşı anlayır və haqlı olaraq təlaş keçirir.

Hərb tariximizin şanlı səhifələrindən olan 2016-cı ilin aprel hadisələri, cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi oldu. Aprel döyüşləri, eyni zamanda ordumuzun peşəkarlığını göstərdi. Çünki ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

2016-cı ilin aprelindən başlananbu ilin may ayında Naxçıvanda Günnüt zəfəri ilə davam etdirilən qələbələr xalqımızda milli iftixar, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına böyük inam, gənclərimizdə yüksək hərbi vətənpərvərlik coşqusu yaradır. Ordumuzun cəbhənin Naxçıvan hissəsindəki inamlı irəliləyişi sübut edir ki, Silahlı Qüvvələrimiz illər boyu ermənilərin təşkil etdiyi müdafiə və istehkam sistemlərini hər an məhv etmək qabiliyyətinə malikdir.

Ali Baş Komandanın dediyi kimi, “Silahlı Quvvələrimiz düşmənə məxsus bütün hədəfləri vurmağa qadirdir”.

Son illərdə dövlət başçısının, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır. Hazırda Azərbaycanda 58 müdafiə sənayesi müəssisəsi fəaliyyət göstərir. Ölkəmizin müdafiə sənayesində hazırda 1200 adda müdafiə təyinatlı məmulat istehsal olunur. Bütün bunlar həm ordumuzun tələbatını ödəmək, həm də Azərbaycanda istehsal olunan hərbi sənaye məhsullarını xaricə ixrac etmək şəraiti yaradır.

Ordumuzun qüdrətlənməsi prosesində qarşıda duran əsas vəzifələrdən biriinformasiya təhlükəsizliyinin təmin olunmasıdır. Müasir dövrdə informasiyanın yeni dəyər kəsb etməsi, strateji resursa çevrilməsi onun qorunması, təhlükəsizliyinin təmin edilməsi məsələsini ön plana çıxarır. Bütün bunlar nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən “İnformasiya təhlükəsizliyi” və “Fiziki təhlükəsizlik” üzrə məlumat topluları hazırlanıb. Toplularda nazirliyin idarə, müəssisə, hərbi hissə və digər hərbi obyektlərində internet və rabitə xidmətindən istifadə zamanı təhlükəsizlik tədbirləri öz əksini tapıb. İnformasiya təhlükəsizliyi və bu sahədə müvafiq infrastrukturun qurulması gələcəkdə hərbi məqsədlər üçün yaradılacaq rəqəmsal texnologiyaların tətbiqi üçün geniş şərait yaradır. Bu həm məxfi məlumatların qorunması, kütləvi məlumatların təhlili, qərar-qəbuletmədə əsaslı təhlilə söykənməyi, logistika və təchizatın səmərəliləşdirilməsi, kadr ehtiyatları və hazırda fəaliyyət göstərən əməkdaşların keyfiyyətinin dəyərləndirilməsi üçün əhəmiyyət kəsb edir.

Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Silahlı Qüvvələrə xüsusi diqqətindən və habelə ölkədə gedən bütün islahat proseslərini düzgün və səmərəli uzlaşdırma strategiyasından irəli gəlir. Azərbaycan əsgəri havada, sudaquruda vətənin təhlükəsizliyini şərəflə qoruyur, işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazırdır. Bu məsələdə birlik və vətəndaş həmrəyliyi mövcuddur. Ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri bölgənin ən qüdrətli hərbi gücünə çevrilib.

 

Tamerlan VAHABOV,

ABŞ Hərbi Dəniz Quvvələri Ali Məktəbinin

və Corctaun Universitetinin məzunu

 

Azərbaycan.- 2018.- 29 iyun.- S.4.