Ermənistanda böyük təşviş: “İlham Əliyev Yerevanın artıq 80 kilometrliyinədək irəliləyib”

 

Möhtəşəm hərbi paradAli Baş Komandanımızın sərt bəyanatları Ermənistanda məğlubiyyətin qaçılmaz olduğuna tam əminlik yaradıb

 

2016-cı ilin aprel, cari ilin Günnüt zəfərlərinin ardınca Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə ölkəmizdə keçirilən təntənəli hərbi parad Ermənistanda, sözün əsl mənasında, şok effekti yaradıb.

Açıq və qəzəbli şəkildə qeyd olunur ki, rəsmi Yerevanın uydurduğu yalanlar daha erməni xalqı tərəfindən qəbul olunmur. Artıq ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini anlamağa başlayıblar.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin paradda çıxışı zamanı verdiyi açıq mesajlar isə Ermənistan rəhbərliyi daxil olmaqla bu ölkənin cəmiyyətini böyük qorxu və təlaşa düçar edib. Çünki Ali Baş Komandan düşmənə sərt xəbərdarlıq edib, işğal siyasətinin uzun müddət davam etməyəcəyini bildirib.

 

Separatçıların “müdafiə naziri”: “Biz indi daha çox narahatıq”

 

Ermənistan mediasına, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda bəlli olur ki, Azərbaycan Ordusunun gücünün nümayiş etdirildiyi hərbi paraddan sonra qarşı tərəfdə ciddi narahatlıq yaranıb. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “müdafiə naziriLevon Mnasakanyan Azərbaycan Ordusunun dağıdıcı hərbi texnikalara malik olduğunu etiraf edib. O, ordumuzun cəbhədə ciddi rejimlə təlimlər keçirdiyinideyib. Bildirib ki, müharibə ehtimalını heç vaxt istisna etmirlər: “Hazırda Azərbaycan Ordusu qabaqcıl mövqelərdə təlimlər keçir, şəxsi heyəti durmadan məşq edir, texnikalar sınaqdan keçirilir, taktikalar hazırlayır. Hərbi paradlarında da yaxşı silahlara malik olduqlarını göstərdilər. Təlimlərdə də yeni silahlardan istifadə edirlər. Son aylarda təmas xəttinin Azərbaycan tərəfində baş verənləri müşahidə edirik. Onlar bütün bölmələrlə təlimlər keçirlər. Xüsusilə artilleriyanın iştirakı ilə məşqləri müşahidə edirik. Müşahidələrimiz deməyə əsas verir ki, Azərbaycan Ordusu nəyəsə hazırlanır. Biz indi daha çox narahatıq. Əvvəllər gün ərzində müşahidələr aparırdıqsa, indi hər saat izləyirik”.

 

Ermənistanı qorxuya salan güc nümayişi

 

Azərbaycan Hərbi Hava Qüvvələrinə aid yeni müdafiə sistemləri, helikopterlər də Yerevanda xüsusi narahatlıq yaradır. Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Azərbaycan yeni helikopterləri təkcə Rusiyadan yox, Türkiyə, Səudiyyə Ərəbistanından da alır: “Azərbaycanın nə qədər belə müasir helikopterlərinin olduğu aydın deyil. Lakin məsələ ondadır ki, Ermənistan belə yeni helikopterlərin hansı ölkə tərəfindən Azərbaycana satılmasını “təqib edə” bilməz. Çünki Ermənistanın müttəfiqi olan Rusiya Azərbaycanla geniş hərbi əməkdaşlıq edir.

Bu günlərdə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü Belarus 300 kilometr hədəfi vura bilən raketləri Azərbaycana satdı. Onlar hərbi paradda da nümayiş olundu. Bu situasiyada hansısa ölkəni Azərbaycana silahı satdığına görə qınamaq absurddur. Çünki onlar dərhal Ermənistana öz müttəfiqlərinin addımlarını nümunə göstərəcəklər”.

Erməni politoloq Suren Sarkisyan yeni helikopterlərin Azərbaycanın Hərbi Hava Qüvvələrinin gücünü daha da artıracağını hesab edir: “Bu helikopterlərdən təkcə daşıma, yaxud xilasetmə üçün deyil, həm də döyüş şəraitində istifadə edilə bilər, böyük manevr qabiliyyətinə malik olan mobil texnikalardır”.

Digər erməni ekspert Ruben Toroyan vurğulayır ki, Azərbaycan hərbi paradda güc nümayiş etdirdi, Nikol Paşinyan iqtidarının bütün bunları nəzərə alması vacibdir. Ekspert hesab edir ki, indi güc yolu ilə Ermənistanla danışmaq Azərbaycan üçün daha rahatdır.

 

İlham Əliyevin mesajı erməni cəmiyyətində xofu artırıb

 

Azərbaycan Ordusunun hərbi parad fonunda gücünü təsdiqləyən və bunun ermənilər üçün yaxşı heç nə vəd etmədiyini göstərən daha bir faktor Azərbaycan Naxçıvan istiqamətində 11 min hektar ərazinin azad edilməsidir. Ermənistanın “Yerkramas” saytı yazır ki, Naxçıvan əməliyyatlarının ardınca iyunun 26-da keçirilən hərbi paradla Azərbaycan yeni mesajlar verir:

“Azərbaycan Ordusu son paradla yenə Ermənistanla müqayisədə daha müasir hərbi texnologiyalara malik olduğunu nümayiş etdirdi. Onu da göstərdi ki, Azərbaycan Ermənistan kimi təkcə Rusiyadan yox, digər ölkələrdən də silah alır və özünün yerli istehsalı var. Bütün bunların Naxçıvan istiqamətində baş verənlərdən sonraya təsadüf etməsi Ermənistan üçün ikiqat xəbərdarlıqdır. Hazırda Azərbaycanın Naxçıvanda 20 min hərbi qulluqçusu var, bununla yanaşı, yüzlərlə zirehli texnika, Hava Hücumundan Müdafiə sistemləri və 90 kilometrdaha uzaq məsafədəki hədəfi vurmaq bacarığına malik zenit-raket kompleksi yerləşdirilib.

Reallıq həm də ondan ibarətdir ki, Azərbaycan Naxçıvan istiqamətində 11 min hektar əraziyə nəzarəti ələ keçirib. Hesablamalarımıza görə, bu, atəşkəsdən sonrakı dövrdə Azərbaycan Ordusunun ən böyük əraziyə nəzarəti ələ keçirməsidir. Hətta bu ərazi “Aprel müharibəsində” Azərbaycanın nəzarətə götürdüyü ərazilərdən təxminən iki dəfə daha böyükdür. Ən kədərlisi isə Ermənistan hakimiyyətinin reaksiyasıdır. Keçmiş rejimAprel müharibəsi”ndəki məğlubiyyətə necə adi reaksiya vermişdisə, indiki hakimiyyət də Naxçıvan cəbhəsindəki məğlubiyyətə eyni reaksiyanı verdi. Görünür, Ermənistan hakimiyyəti hadisələrə tüpürür, hərçənd, bu ərazilər Yerevanın 70-80 kilometrliyində baş verir. Bəli, İlham Əliyev ordusu ilə Yerevanın lap yaxınlığına doğru irəliləyir”.

 

“Hərb cəbhəsində daha böyük sürətlə Azərbaycana uduzuruq

 

Bununla yanaşı, sosial şəbəkələrdə paylaşılan statuslardan və verilən şərhlərdən qənaətə gəlmək olar ki, Ermənistanda ümumi əhvali-ruhiyyə Bakıda keçirilən paradın fonunda kifayət qədər pessimistdir. Cəmiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından, bununla bağlı Ermənistanın üzləşdiyi çoxsaylı problemlərdən daha çox narazılıq bildirir, Azərbaycanın artan hərbi gücündən ciddi narahatlıq keçirir. Artıq ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini anlamağa başlayıblar.

Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bunu aydın görmək olar. Açıq qeyd olunur ki, Azərbaycan Aprel dərslərini də istənilən vaxt təkrarlaya bilər.

Facebooksosial şəbəkə istifadəçilərindən Şaqen Martirosyan adlı bir nəfərin şərhi isə xüsusilə diqqət çəkir: “Azərbaycan daim güclü orduya malik olduğunu bildirir. İyunun 26-da keçirdikləri paradla bunu təsdiqlədilər. Bizdə isə ordu deyəndə daha çox korrupsiya və cinayət yuvası yada düşür”.

Karen Mkrtçyan adlı “Facebook” istifadəçisi isə bildirir: “Nə vaxta qədər belə davam edəcək? Biz hərb cəbhəsində daha böyük sürətlə Azərbaycana uduzuruq. Onlar yeni silahlar göstərirlər, biz isə hələ də ötən əsrin 70-80-ci illərinin silahlarından istfiadə edirik”.

Daha bir Ermənistan vətəndaşı Armen Muradyan isə “Twitter”də belə bir status paylaşıb: “Nikol Paşinyana məsləhət görərdim ki, Serj Sarkisyanın səhvlərini təkrar etməsin. Yoxsa yeni döyüşlərdə daha ağır məğlubiyyətə düçar ola bilərik. Azərbaycan paradda silahlarını elə-belə nümayiş etdirmirdi”.

 

“Paraddakı texnika ilə Azərbaycan bizi darmadağın edər”

 

Robert Şaqinyan adlı biri isə “Twitter”də yazıb: “Azərbaycanlıların Aprel hücumundan və Naxçıvandakı əməliyyatlarından sonrakı qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Onun paradda dediklərini rus saytlarından oxumaq kifayətdir ki, bizi nələrin gözlədəyini təsəvvür edəsən”.

Karen Markaryan adlı birinin paylaşdığı statusona yazılan rəylər çoxlu bəyənmələr toplamışdı: “Dünən təsadüfən “Facebookda bir səhifədə Azərbaycandakı paraddan şəkilləri gördüm. Maraqla baxdım və sözün əsl mənasında, şok yaşadım. Ermənistan rəhbərliyi hər dəfə müharibədən dəm vurur. Paraddakı texnika ilə Azərbaycan bizi darmadağın edər. Elə hey deyirik müharibə, müharibə, müharibə... Birgözümüzü açacağıq ki, Azərbaycan tankları Yerevanda hərbi parad keçirir”.

 

İlham Əliyev Sarkisyanın ardınca Paşinyana da yüksək peşəkarlığın necə olduğunu göstərdi, əsl dərs verdi

 

Avrik Stepanyan adlı birisi isə “Ermənistanı parlaq gələcək yox, parlaq ölüm gözləyir” başlıqlı “tweet” atıb: “Azərbaycan hərbi parad keçirdirbütün dünyanın gündəm mövzusuna çevrilir. Biz keçirdəndə isə baxıb gülürlər. Həqiqətən, gülməlidir də. Sarkisyan vətənimizi, zavodlarımızı, torpaqlarımızın yarısını quldur oliqarxlara, yarısını da xaricilərə satdı. İndi gələn Paşinyan da Ermənistanı parlaq bazara çevirir”.

Henrix Aşotyan isə “Odnoklassniki”də hərbi paradla bağlı paylaşımın altına belə bir şərh yazıb: “Açıq reallıq budur. Azərbaycan Prezidenti iki il əvvəl apreldə S.Sarkisyana, indi isə Günnütün geri alınması ilə Paşinyana yüksək peşəkarlığın necə olduğunu göstərdi, əsl dərs verdi. Bizim yeni baş nazirimiz bəs nə etdi? Seyrçi mövqeyində qaldı. Deyəsən, bu da Sarkisyanın yolu ilə gedir”.

Edvard Karapetyanİnstagramda hərbi paradla bağlı şərh yazaraq qeyd edib: “Dostlar, acı olsa da, reallığı Azərbaycanın hərbi paradında gördük. Belə davam etsə, İlham Əliyevin növbəti hərbi paradı Bakıda yox, Stepanakertdə (Xankəndi - red.) olacaq”.

 

İlham Əliyev yavaş-yavaş Şuşaya doğru irəliləyir”

 

Silva Qalstukyan adlı “Facebook” istifadəçisi isə hərbi paradla bağlı paylaşmasında daha bədbin şərh verib: “Dostlar, Ermənistan ölüb, ağlayanı yoxdur. Paradı izlədim, dəhşətə gəldim. Xəbəriniz varmı ki, İlham Əliyev yavaş-yavaş Şuşaya doğru irəliləyir. Məni qınasanız da yenə də deyəcəm: Övladlarıma, mənə müharibə və Artsax (Qarabağ-red.) lazım deyil. Paşinyan da Sarkisyanın tayıdır. Xalqını, dövlətini yeni müharibəyə, ölüm-itimli günlərə sürükləyir. Necə olur-olsun, kim ölür-ölsün, təki hakimiyyətdə qalsın. Çox qorxulu bir vəziyyətdir”.

Qalstukyanın paylaşımına rəy bildirən Razmik Xaçaturovun fikirləri isə həqiqəti göstərir: “İlham Əliyevin hərbi paraddakı çıxışı çox qorxuludur. Nə vaxta qədər belə davam edəcək? Bizim yeni baş nazirimiz Paşinyan isə gecələri “Facebookda oturub axmaq söhbətlər edir. Bu adamın işi-gücü ancaq sosial şəbəkədir. Gör biz kim üçün günlərlə küçədə etirazlar keçirmişik. Həyatdı da...”

 

“Erməni gəncləri boş yerə ölmək istəmirlər”

 

David Sarkisyan adlı sosial şəbəkə istifadəçisi “Vkontakte”də rəy yazmışdı. Geyimindən və paylaşdığı şəkillərdən hərbi sistemdə çalışdığı hiss olunurdu: “Azərbaycanın son hərbi paradı və orada verilən mesajlar təsadüfi ola bilməz və sonda Ermənistan ciddi zərbə ilə qarşılaşa bilər. Müharibənin yenilənməsi təhlükəsi var”.

Henrix Balayan isə Davidin şərhinə rəy bildirib: “Bu texnika ilə bizi acı günlər gözləyir. Yenə də, ən çox itki biz tərəfdə olar. Gərək yuxarıda oturanlar son iki ildəki döyüşlərdən nəticə çıxartsınlar. Əsgərlərimiz axı boş yerə niyə ölsünlər ki?”

Manvel Baqdasaryan adlı bir gəncin “Facebookda “Ermənistan vətənpərvləri” adlı səhifədə paradla bağlı paylaşıma verdiyi şərh də diqqət çəkib: “Deyirəm, yaxşı ki Aprel döyüşləri oldubütün reallıqları gördük. Azərbaycanın son hərbi paradı isə göstərdi ki, fərq çox böyükdür. Biz erməni gəncləri boş yerə ölmək istəmirik”

Bütün bunlar hərbi paradın işğalçı tərəfdə ciddi xof yaratdığını aydın nümayiş etdirir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.- 29 iyun.- S.5.