İmran Qasımovun 100 illik yubileyinin
qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2018-ci ilin noyabr ayında Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndəsi, nasir, dramaturq,
kinossenarist və publisist, ictimai xadim, Dövlət Mükafatı
laureatı, xalq yazıçısı İmran Haşım
oğlu Qasımovun anadan olmasının 100 illiyi tamam olur.
İmran Qasımov yaradıcılıq
axtarışları və bədii tapıntıları ilə
Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə
vermiş sənətkarlardandır. O, çoxcəhətli ədəbi
fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə
aldığı və özünəməxsus dəst-xətti
ilə seçilən əsərlərində müasirlərinin
zəngin mənəviyyatını və əxlaqi keyfiyyətlərini
geniş lövhələrlə dolğun əks
etdirmişdir. İmran Qasımovun uğurlu səhnə təcəssümü
tapmış pyesləri Azərbaycan dramaturgiyasının
nailiyyətləri kimi dəyərlidir. Onun ssenariləri əsasında
çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq
sənət nümunələri olub, kinosevərlər tərəfindən
bu gün də rəğbətlə
qarşılanmaqdadır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan ədəbiyyatının
inkişafı və təbliğində mühüm xidmətlər
göstərmiş xalq yazıçısı İmran
Qasımovun anadan olmasının 100-cü
ildönümünün qeyd olunmasını təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini
nəzərə almaqla, xalq yazıçısı İmran
Qasımovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər
planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 iyun 2018-ci il
Azərbaycan.- 2018.-29 iyun.- S.2.