Bakıda
“Dini təhsil: mövcud
vəziyyət və hədəflər” mövzusunda
konfrans keçirilib
İyunun 28-də
Bakıda Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
(DQİDK) təşkilatçılığı ilə “Dini təhsil: mövcud vəziyyət
və hədəflər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
DQİDK-nın və Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi,
Prezident yanında Bilik Fondunun, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin və Təhsil Nazirliyinin, Azərbaycan
Milli Elmlər Akademiyasının təmsilçiləri,
ilahiyyatçı alimlər və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Konfransda çıxış edən dövlət
komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki,
keçmiş sovet dövründə İslam dininə
qarşı əks fəaliyyət aparılıb. Məscidlər
dağıdılıb, din alimləri repressiyaya məruz
qalıb. SSRİ-nin apardığı siyasət nəticəsində
dini tədris ocaqlarının fəaliyyəti olmayıb. Bu
siyasət İslam dini ilə yanaşı, xristianlığa
və yəhudiliyə qarşı da aparılıb. Azərbaycan
ikinci dəfə müstəqil olduqdan sonra ümummilli lider
Heydər Əliyevin ölkədə müxtəlif dinlərin
fəaliyyəti üçün imkan
yaratdığını deyən komitə sədri
vurğulayıb ki, ulu öndərin dini sahəyə diqqəti
nəticəsində ölkəmizdə yeni məscidlər,
sinaqoqlar və kilsələr tikilib. “Dini etiqad
azadlığı haqqında” qanunun qəbul edilməsi nəticəsində
dini etiqadından asılı olmayaraq hər kəs rahat ibadət
etmək imkanı qazanıb. Bu siyasətin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini deyən dövlət
komitəsinin sədri yaradılan Azərbaycan İlahiyyat
İnstitutunu ölkəmizdə yüksək dini-mənəvi
mühitin qorunub saxlanılması və inkişaf etdirilməsinə,
dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı
kadrların hazırlanması prosesinə mühüm töhfə
adlandırıb. Diqqətə çatdırıb ki, dini sahədə
mənəvi dəyərləri əsas götürən, dinə
məhdud çərçivədə deyil, geniş prizmada
yanaşmağı bacaran, fəaliyyətində dünyəvilik,
tolerantlıq və multikulturalizm kimi Azərbaycan gerçəkliklərini
nəzərə alan yüksək dini və dünyəvi
savada malik ixtisaslı kadrların hazırlanması zəruridir.
M.Qurbanlı məhz Azərbaycan Prezidentinin bu
uzaqgörən addımı sayəsində gənclərin
dini sahədə qarşıya qoyulan məqsədlərə
çatmaq üçün səylə
çalışacaqlarına ümidvar olduğunu qeyd edib.
Prezident
Administrasiyasının Millətlərarası münasibətlər,
multikulturalizm və dini
məsələlər şöbəsinin baş
məsləhətçisi Müzəffər Talıblı bildirib ki, Azərbaycanda bir çox sahələrdə
olduğu kimi, dini sahədə də uğurlu
siyasət həyata keçirilir. Aparılan
siyasət beynəlxalq hüquq
normalarına və tarixən formalaşmış demokratik dəyərlərə uyğundur. Ölkəmiz son
illərdə dünyada dinlərarası
harmoniyanın və millətlərarası münasibətlərin
inkişafı məkanı kimi
tanınır. Bu sahədə Prezident İlham Əliyevin
və Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın əvəzsiz fəaliyyətləri
var. Bu gün
Azərbaycandan dünyaya tolerantlıqla
bağlı ciddi
çağırışlar edilir. Gəncləri
dini ekstremist qüvvələrin
təsirindən uzaqlaşdırmaq üçün
Azərbaycanda dini təhsil sahəsində
də ciddi tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə
yaradılmış İlahiyyat İnstitutu savadlı mütəxəssislərin
hazırlanması ilə yanaşı, digər dini konfessiyaların nümayəndələrini
də bu prosesə cəlb etmiş
olur.
Azərbaycan İlahiyyat
İnstitutunun rektoru Ceyhun Məmmədov tədbirdə geniş təqdimatla çıxış edib. O, yeni tədris
ocağının fəaliyyət istiqamətləri ilə
bağlı məlumat verib. Rektor Prezidentin 2018-ci il 9 fevral tarixli sərəncamına
əsasən Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
tabeliyində yaradılmış Azərbaycan İlahiyyat
İnstitutunun ilahiyyat
üzrə ixtisaslaşmış ali təhsil
müəssisəsi olduğunu qeyd edib. İnstitutun
yaradılmasının əsas məqsədi Azərbaycan
xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin
məntiqi nəticəsi olan yüksək
dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini
fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı
kadrların və mütəxəssislərin
hazırlanmasını təmin etməkdən ibarətdir.
İnstitutun tədris proqramında dini biliklərlə yanaşı, mükəmməl
dünyəvi biliklərin də verilməsi nəzərdə
tutulub. Rektor 2018-2019-cu tədris ili üçün Azərbaycan İlahiyyat
İnstitutuna ilk dəfə
həyata keçiriləcək tələbə qəbulunun
Dövlət İmtahan Mərkəzinin xətti
ilə III ixtisas qrupu
üzrə iki istiqamətdə -
islamşünaslıq və dinşünaslıq
ixtisasları üzrə həyata keçiriləcəyini qeyd edib. Ceyhun Məmmədov institutun
fəaliyyətində müxtəlif dünya
ölkələrində mövcud olan aparıcı ali təhsil
müəssisələrinin təcrübələrindən
faydalanacaqlarını bildirib.
Prezident
yanında Bilik Fondunun
icraçı direktoru Oktay
Səmədov Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının Prezident İlham Əliyevin
dini sahəyə göstərdiyi diqqətin
bariz nümunəsi olduğunu
deyərək qarşıdakı tədris ilində institutla birgə layihələr həyata
keçirməyi planlaşdırdıqlarını bildirib. İcraçı direktor rəhbərlik etdiyi
qurum ilə Azərbaycan İlahiyyat
İnstitutu arasında əlaqələrin
qurulmasının müsbət nəticələr verəcəyinə
əmin olduğunu deyib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov isə
çıxışında dövlət səviyyəsində
dini sahəyə göstərilən
qayğıdan bəhs edib. O,
son dövrdə Prezident
İlham Əliyevin fərman və sərəncamı
ilə dövlət komitəsinin tabeliyində Mənəvi Dəyərlərin
Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun
yaradılmasını bu sahədə
atılan strateji addımlar kimi dəyərləndirib. Bildirib ki, institutun
kadrları Azərbaycanda nümunəvi dövlət-din
münasibətlərinin və zəngin multikultural
mühitin qorunub
saxlanılmasında xüsusi rola malik olacaqlar.
R.Həsənov, eyni zamanda,
sözügedən təhsil müəssisəsində Azərbaycan
multikulturalizmi fənninin tədrisini arzu etdiyini bildirib.
Bakı şəhəri
Dağ yəhudiləri dini
icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert
Mobili Azərbaycanda qeyri-müsəlman dini icmaların nümayəndələrinin təhsil
almaları üçün yaradılan
şəraitdən danışıblar. Onlar Azərbaycan İlahiyyat
İnstitutunda dinşünaslıq
ixtisasının yaradılmasından məmnunluqlarını
ifadə edib və bu
sahədə hazırlanacaq ixtisaslı kadrlara
ciddi ehtiyac olduğunu vurğulayıblar.
AMEA-nın müxbir üzvü, Fəlsəfə
və Hüquq İnstitutunun
şöbə müdiri Könül
Bünyadzadə, Şərqşünaslıq İnstitutunun
əməkdaşı Elvüsal Məmmədov,
Xəzər Universitetinin baş
müəllimi Mail Yaqub
Azərbaycandakı dini təhsilin vəziyyəti,
mövcud problemlər, görüləcək
işlər
barədə fikirlərini bölüşüblər.
Azərbaycan.- 2018.- 29 iyun.- S.10.