Sənətin
qüdrətinə tapınan alim
Memarlıq insanın gözəllik
qanunları ilə qurub yaratmaq niyyətidir… Gələcək
nəsillərə nəcib bir iz qoymaq istəyi,
düşünən və yaşayan, tarixin
yaddaşını danışdıran mükəmməl bir
sənətdir. Burada bəşər mədəniyyətini
formalaşdıran digər sahələr - ədəbiyyat,
musiqi, rəssamlıq, heykəltəraşlıq da bir araya gəlir.
Yazıçı
və şairlərin bədii sözün imkanları, bəstəkarların
səslərin dili, rəssamların rəng və qrafika, heykəltəraşların
daşla, tuncla, qranitlə ifadə etdiklərini memar dəqiq
ölçülü cizgilərlə və bu cizgilərin
torpağın köksündə daşla, kərpic-kərpic,
pillə-pillə,
sütun-sütun ucalan surəti ilə ərsəyə gətirir.
Və nəhayət, möhtəşəm tikililər
dövrün aynasına çevrilir. Müəllif sənətə
həyatın, varlığın əsl həqiqətini təqdim
edir.
Bəs gələcəyin
sənətkarlarını yetişdirmək, eyni zamanda yurdun qədim
memarlıq ənənələrini elmi əsərlərin,
kitabların silinməz yaddaşında əbədiləşdirmək,
ölkə xaricində bu ənənələrin təbliğinə
çalışmaq, zamanın
aşındırdığı bir çox qədim memarlıq abidələrimizi
yenidən həyata qaytarmaq necə?!
Azərbaycanın
tanınmış elm xadimi, Memarlıq və İnşaat
Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın
qismətinə məhz bu nəcib missiyanı yerinə yetirmək
düşüb. Əvvəla xüsusi
vurğulanmalıdır ki, milli memarlığın ilk mərhələlərinin
tədqiqində onun alim-pedaqoq kimi özünəməxsus
rolu var. Bu rol keçmişimizi daş
yaddaşında yaşadan qədim abidələrimizin
memarlıq xüsusiyyətlərinə dair sanballı elmi-tədqiqat
əsərlərinin qələmə alınmasından, bu
abidələrdə gizlənmiş həqiqətlərin üzə
çıxarılmasından tutmuş ölkəmizdə
memarlıq təhsilinin yüksək səviyyədə
təşkilinə, gənc, peşəkar
arxitektor-inşaatçı nəslinin yetişdirilməsinə
qədər çox geniş istiqamətləri əhatə
edir.
Gülçöhrə Məmmədova
elm aləmində, sənətdə tutduğu çətin və
bənzərsiz mövqeyi ilə qısa bir zamanda
hamının rəğbətini qazanıb. O, həm
elm, həm vəzifə, həm də peşəkarlıq zirvəsinə
seçdiyi yola sədaqət, xarakterindəki yorulmazlıq, məqsədyönlülük,
qətrə-qətrə topladığı zəngin bilik və
böyük təcrübə sayəsində nail olub.
Daim axtarışlar aparıb, oxuyub, öyrənib, eyni zamanda
bütün hərəkətlərində humanizmə, ədalətə,
obyektivliyə söykənib. Peşə vəzifəsini yerinə
yetirdikcə vətəndaşlıq vəzifəsini də
yüksək məsuliyyətlə və ciddiyyətlə həyata
keçirib. Nəcib davranışı, mədəniyyəti,
sadəliyi, təvazökarlığı, insanlara diqqəti,
qayğı və məhəbbəti ilə bütün
yetirmələrinin, onu tanıyanların sevimlisinə
çevrilib.
Bax, əsl alimliyin,
pedaqoqluğun qayəsi də budur!
Ömrün
illəri
...1953-cü ilin baharında Qərbi
Azərbaycanın Vedi rayonunda, milli dəyərlərimizə
ruhən bağlı bir ailədə anadan olub.
Uşaqlığı və ilk məktəb illəri İrəvanda
keçib. Atası Hüseyn Məmmədov Qərbi Azərbaycanın
tanınmış ictimai-siyasi xadimlərindən idi. Uzun illər
yüksək vəzifələrdə işləmişdi.
Üç çağırış Ermənistan Ali Sovetinin
deputatı olmuşdu. Onu tanıyanların xatirələrində
əsl ziyalı, vətənpərvər bir Azərbaycan
övladı kimi yaşayan Hüseyn Məmmədov mərd,
sözübütöv, saf və işgüzar İrəvan
ziyalılarından biri kimi eldə-obada yüksək nüfuza
malik idi.
Ötən əsrin
70-ci illərində mənfur xislətli ermənilərlə
bir yerdə çalışmaqdan bezən və bəlkə
də onların hansısa təzyiqindən, təqibindən,
fitnə-fəsadlarından qorunmaq istəyən Hüseyn Məmmədov
ailəsi ilə birlikdə Bakıya köçür.
Gülçöhrə Məmmədova
da məktəbi Bakıda bitirir.
Niyyəti
bəlli idi: memar olacaqdı
Daxilindəki hansısa qüvvə
onu taleyini bu sənətə bağlamağa sövq edirdi. O, ermənilərin məqsədli şəkildə
dağıtdıqları, sıradan
çıxardıqları, tarixdən izini itirmək
üçün min bir əməl işlətdikləri
yaşı bilinməyən abidələrimizi çox
görmüşdü. Həmin abidələrin
xarabalıqlarına baxıb köks
ötürmüşdü. Onları xəyalında abad,
bütöv formalarında şəkilləndirməyə
çalışmışdı, özü də dönə-dönə.
Düşüncələrində həmin abidələrin hər
daşına toxunmuşdu. İllər keçdikcə daxili
dünyasındakı o düşüncələr də
böyümüş, kamilləşmişdi.
Anlamışdı ki, xəyallarındakı arzularını
memarlıq sənətinin qüdrəti ilə reallığa
çevirə bilər.
1971-ci ildə
arzularının ardınca Azərbaycan Politexnik İnstitutunun
Memarlıq fakültəsinə gəldi. 1975-ci ildə yeni ali
təhsil ocağı - Azərbaycan İnşaat Mühəndisləri
İnstitutu yaradılanda
çalışqanlığını, təşkilatçılıq
qabiliyyətini nəzərə alaraq onu komsomol komitəsinin
katibi seçdilər. Sonralar partiya komitəsi
katibinin müavini də işlədi. Ali məktəbi bitirdi
və həmin institutun Memarlıq konstruksiyaları və abidələrin
bərpası kafedrasında əmək fəaliyyətinə
başladı. Bu, onun arzusuna tam uyğun elmi istiqamət idi.
Memarlıq sənətindəki yenilikləri, müasir
tendensiyaları, üslubları, texniki nailiyyətləri diqqətlə
izləyib öyrənsə də, onu tarixi abidələrin
memarlıq xüsusiyyətləri daha çox
maraqlandırırdı. Bu abidələrdə dövrün
ruhunu duyurdu. O, ruhu keçmişdən gələcəyə
ötürən qədim memarların ürəyinin sevgisini, əllərinin
izini, yaradıcılıq enerjisini hiss edə bilirdi. Ona
görə də elmi fəaliyyətini tarixi memarlıq abidələrinin
öyrənilməsinə və bərpasına həsr etməyə
qərar verdi.
Daş
pərdələr arxasındakı həqiqətlər
Həm ictimai işlərdə,
həm pedaqoji fəaliyyətdə məsuliyyətlə
çalışan Gülçöhrə Məmmədova
elmi araşdırmalarını bir an diqqətdən kənarda
qoymurdu. Elə gənc yaşlarından fəaliyyətində
novatorluq meyilləri özünü büruzə verirdi. Elmi fəaliyyəti
Qafqaz Albaniyasının memarlığı və Azərbaycan
ərazisində xristian dini memarlığının tədqiqi
ilə bağlı idi. 100-dən çox elmi və metodik
işin, 2 monoqrafiyanın müəllifi, 9 kitabın həmmüəllifidir.
Müəllimlikdə ilk addımları görkəmli alim,
professor Davud Axundovun rəhbərliyi altında
atılmışdı. Namizədlik dissertasiyası isə son
dərəcə aktual bir mövzuya həsr olunmuşdu. Gülçöhrə xanım “Qafqaz
Albaniyasının erkən orta əsrlər xristian
memarlığı” mövzusunda tədqiqatlar aparırdı.
Zaman o zaman idi ki, cəmi bir neçə ildən sonra Azərbaycana
qarşı işğal siyasətinə başlayacaq bədnam
qonşularımız hələlik öz işlərini əl
altından görürdülər. Qafqaz ərazisindəki
qədim Azərbaycan abidələrini müxtəlif mənbələrdə
öz adlarına çıxmağa
çalışırdılar. Vandalizm əməli ilə məşğul
olaraq abidələr üzərindəki yazıları
saxtalaşdırırdılar. Bu torpaqlarda sonradan məskunlaşdırılmış
ermənilər belə yaramaz əməlləri ilə özlərinin
guya Qafqazın ən qədim xalqı olmaları mifini isbat etməyə
çalışırdılar.
Belə bir
zamanda - 1985-ci ildə Gülçöhrə Məmmədova
“Qafqaz Albaniyasının erkən orta əsrlər xristian
memarlığı” mövzusunda namizədlik dissertasiyası
ilə elmi ictimaiyyət qarşısına çıxdı.
Dissertasiyasını uğurla müdafiə etdi. Əslində,
bu mövzuda tədqiqatlar aparmaq, həqiqətləri üzə
çıxarmaq, bir sıra daş pərdələr
arxasında qəsdən gizlədilmiş tarixi faktların
aşkarlanması sovet dönəmində o qədər də
asan deyildi. Amma Gülçöhrə xanım
bunu bacardı. Uzun illər qonşularımızın “harada
xaç varsa, ora mənimdir” xülyalarını bu əsəri
ilə sıradan çıxardı. Məlum oldu ki, Qafqaz
Albaniyasının beşiyi olan Azərbaycanın orta əsrlər
xristian abidələri məhz elə burada yaşayan türklərin
özlərinə məxsusdur. Bu, Gülçöhrə
xanımın Azərbaycan elmi qarşısındakı
böyük xidməti idi. 1999-cu ildə isə bu istiqamətin
davamı kimi “Qafqaz Albaniyasının dini memarlığı”
mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə
etdi. “Qafqaz Albaniyasının dini memarlığı (rus dilində)”,
“Azərbaycanın qədim və ilkin orta əsrlər
memarlığı”, “Architecture of Caucasion Albania” kimi fundamental
monoqrafiyalar yazdı, “Kiş”, “Nic”, “Şəkinin memarlıq
abidələri” əsərlərinin həmmüəllifi
oldu. Bu kitablarda Azərbaycanın və
ümumilikdə Qafqazın tarixi memarlıq mənzərəsi
güzgü kimi əksini tapırdı. Qafqaz
Albaniyasının memarlıq abidələrini tədqiq etmək,
bu mövzuda monoqrafiyalar qələmə almaq və onları
Azərbaycanın memarlıq tarixinə yerləşdirmək
Gülçöhrə xanımın milli elmimizə zəngin
töhfələridir.
Həyata
qaytarılan qədim abidələr
Gülçöhrə
xanımın tarixi memarlıq abidələrinin öyrənilməsi,
bərpası, qorunması, təbliği işinə töhfələri
təkcə elmi əsərlərlə, tədqiqatlarla məhdudlaşmır.
O, bir sıra tarixi abidələrin bərpasında da
bacarıqlı təşkilatçı kimi yaxından
iştirak edib. Şəki şəhərinin Kiş kəndindəki
qədim alban məbədinin bərpası layihəsini bu
sırada xüsusi qeyd etmək istərdik.
Kiş məbədinin tarixi əhəmiyyəti
ondan ibarətdir ki, bu tikili Azərbaycanda və Qafqazda ən qədim
xristian kilsəsidir. Kilsə hələ bütpərəstlik
zamanında, yəni iki min il öncə inşa edilmişdir.
Məbəd qədimliyi ilə yanaşı, yeraltı və
yerüstü abidələr içərisində öz tarixi
dəyərini, çoxəsrlik yaddaşını qoruyub
saxlaya bilmişdir. Belə bir abidənin bərpa
olunub muzey kimi fəaliyyət göstərməsi həqiqətən
də çox mühüm işdir. 2000-ci ildə abidənin
bərpası istiqamətində işlər başlayana qədər
Kiş məbədini, yəqin ki, yerli sakinlərdən
başqa kimsə tanımırdı. Bu gün isə həmin
məbəd yerli və xarici turistlərin, ölkəmizə
gəlmiş qonaqların ən çox ziyarət etdikləri
və bütün dünyada tanınan, vətənimizin
simvoluna çevrilən qədim abidələrindəndir.
Gülçöhrə xanım deyir ki, abidənin bərpası
o qədər də asan başa gəlmədi. Üstəlik,
layihə üçün ayrılmış vəsaitin məbləği
də çox cüzi idi. Amma çox kiçik bir büdcə
çərçivəsində böyük bir nəticə əldə
etmək mümkün oldu. Bərpa prosesi
Memarlıq və İnşaat Universitetinin müəllim və
tələbələrindən ibarət bir qrupun ərazidə
ölçmə işi aparmaları ilə başlandı.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının
böyük bir ekspedisiyası bir il ərzində arxeoloji
qazıntılar həyata keçirdi. Ondan sonra
çertyojlar, arxeoloji qazıntının materialları əsasında
abidənin bərpasına start verildi. “Binanın” şimal
divarının uçub-sökülmüş üzlük
daşları tamam sökülərək nömrələndi
və təmizləndikdən sonra yerinə bərkidildi. Dam hissəsi tamamilə açıldı.
Çünki məbədin damı uzun illər öz ilk
formasından uzaqlaşmış, pis vəziyyətə
düşmüşdü. Məbədin əvvəlki kirəmit
damı qazıntılar zamanı tapılmış kirəmit
qırıqlarına əsasən yeniləndi. Bu kirəmitin
özünün istehsalı çətin bir proses idi. Bərpa
prosesi başa çatdırılandan sonra məbədin
daxilində muzey yaradıldı. Həyəti
abadlaşdırıldı, taxçalarda çertyojlar əsasında
alban abidələrinin kiçik maketləri yaradıldı.
Arxeoloqların qazıntılar zamanı tapıntıları
muzeyə qoyuldu. Beləliklə, 2003-cü ildə muzey ilk
qonaqlarını qarşıladı”.
Kiş məbədi
layihəsinin ardınca Gülçöhrə Məmmədovanın
rəhbərliyi altında Qəbələ rayonunun Nic kəndindəki
qədim alban məbədi də bərpa edilərək yenidən
həyata qaytarıldı. 2007-ci ildə isə
Gülçöhrə xanımın yaxından
iştirakı ilə Qax rayonunun Qum kəndində
yerləşən və 6-cı əsrin yadigarı və
çox böyük tarixi və memarlıq dəyəri olan
alban bazilikasının konservasiya layihəsi uğurla
reallaşdırıldı, abidənin
dağılmasının qarşısı alındı. Bu
abidələrə yenidən həyat verilməsinin,
tarixi-siyasi, mədəni əhəmiyyəti də
öz yerində. Layihələrin sosial-iqtisadi dəyəri də
çox böyükdür. Məlumdur ki, bu cür işlərin
icrası zamanı təkcə abidələr bərpa olunmur.
Onların yerləşdiyi ərazilər də
abadlaşdırılır, yeni yollar çəkilir, müxtəlif
ticarət və xidmət obyektləri yaradılır. Abidələr
misilsiz təbii gözəlliklərə malik kəndlərimizdə
yerləşir. O kəndlərin havası, suyu əsl məlhəmdir.
Həmin torpaqlardakı qədim memarlıq nümunələrinin
bərpası ilə insanlar bölgələrimizin illərlə
unudulmuş, yaddan çıxmış kəndlərinin
füsunkarlığını sanki yenidən kəşf
etmiş olurlar. Bütün bu nailiyyətlərdə peşəkar
təşkilatçı, vətənsevər alim-pedaqoq kimi
Gülçöhrə xanım Məmmədovanın
böyük rolu var. O, memarlıq tariximizə bu gün də
yeni töhfələrini verir. Rəhbəri olduğu
Memarlıq və İnşaat Universitetində “Azərbaycan
memarlığının tarixi” adlı 5 cildlik dərslik
artıq çapdan çıxıb. Bu fundamental 5 cildliyin
müəllifləri universitetin müəllimləridir. Qədim
dövrü əhatə edən 1-ci və orta əsrlər
dövrünə aid 2-ci cildin həmmüəlliflərindən
biri də Gülçöhrə xanımdır. Xatırladaq
ki, Azərbaycanın memarlıq tarixi adlı əsər
sonuncu dəfə 1963-cü ildə qələmə
alınıb. Həmin kitab cəmi 1 cilddir. İndi isə
ötən onilliklər ərzində aparılmış elmi
tədqiqatları, əldə edilmiş tapıntıları
da əhatə edən 5 cildlik əsər oxucuların
ixtiyarındadır.
Gülçöhrə
xanımın təşkilatçılıq məharətini
onun rəhbəri olduğu Azərbaycan Memarlıq və
İnşaat Universitetinin digər nailiyyətlərində də
görmək mümkündür.
Təşəbbüskar
alim
...O, adıçəkilən universitetin
rektoru vəzifəsinə 2000-ci ildə ümummilli lider Heydər
Əliyevin sərəncamı ilə təyin edilib. Bu illər
ərzində universitetin maddi-texniki bazası yüksəlib.
Müəllim və tələbələrin iş şəraiti
yaxşılaşıb. Təhsilin məzmunu və tədris-metodik
bazası müasir standartlara uyğunlaşdırılıb.
Universitetdə həyatın tələblərinə cavab verən
yeni ixtisaslar açılıb. Struktur dəyişiklikləri
aparılıb. Çoxpilləli təhsil konsepsiyasını
həyata keçirərək universitet nəzdində texniki təmayüllü
lisey və inşaat kolleci yaradılıb. Bu illər ərzində
universitetin hazırladığı mütəxəssislərin
keyfiyyəti xeyli yaxşılaşıb. Tədris prosesi
müasirləşib. Universitetin beynəlxalq əlaqələri inkişaf
edib. Eyni zamanda regionda nüfuzu
da artıb. Bu gün universitetin tələbə
və doktorantları sırasında xarici vətəndaşların
sayı kifayət qədərdir. Gülçöhrə
xanımın rəhbərliyi dövründə burada təhsil
alan xarici tələbələrin sayı
700-ə çatıb.
Memarlıq və İnşaat Universitetində
yüksək mənəvi ab-hava hökm sürür, səmimi,
xoş, şəffaf və obyektiv təhsil mühiti
yaradılıb. Ali məktəbin müəllimləri
üçün 16 mərtəbəli yaşayış
binası, idman və yeməkxana korpusu tikilib. 13 mərtəbəli əsas tədris binasında,
12 mərtəbəli su təsərrüfatı və 4 mərtəbəli
memarlıq fakültələrinin binalarında təmir və
yenidənqurma işləri aparılaraq ən yüksək təhsil
infrastrukturu yaradılıb. Bütün bunlar dövlət
rəhbərliyinin təhsilin inkişafına istiqamətlənmiş
siyasət, diqqət və qayğısı, eləcə də
Gülçöhrə xanımın yüksək
işgüzarlığı sayəsində mümkün olub.
“Gənclərimizin memarlığa həvəsi indi
çox böyükdür”, - deyir rektor. “Bu marağı da
yaradan əsas amillərdən biri ölkəmizdə gedən
irimiqyaslı memarlıq və tikinti-abadlıq fəaliyyətidir.
Böyük massivlər, müasir memarlıq abidələri
inşa olunur, genişmiqyaslı abadlıq tədbirləri həyata
keçirilir. Gənclər də bunu görür və
prosesin iştirakçısı olmaq istəyirlər.
Çünki əmək bazarında bu sahənin peşəkar
mütəxəssislərinə tələbat
böyükdür. Biz isə çalışırıq,
universitetdə elə bir mühit yaradaq ki, tələbəyə
münasibət tam obyektiv olsun. O, bilsin ki, bilik yeganə
meyardır. İmtahan prosesinin tam şəffaf şəkildə
həyata keçirildiyini xüsusi qeyd edəcəyəm.
Çünki bu ən vacib məsələdir. Digər tərəfdən,
təhsilin keyfiyyətinin artırılması da mühüm
problemlərdəndir. Həm memarlıq, həm inşaat daim
yeniləşən sahədir”.
Alim deyir: “Yeni texnologiyalar, müasir tikinti materialları
yaranır, üslublar dəyişir. Peşəkar
memar, inşaatçı həmişə öz üzərində
çalışmalı, yeni texnologiyaları mənimsəməli
və müasir tələblərə cavab verməlidir.
Həm də bu sənətin qədim kökləri
var, memarlığın tarixi daş dövrünə gedib
çıxır. Tarix boyu çox gözəl
abidələr yaranıb ki, indi də onlara baxıb
böyük zövq alırıq”. Professorun
sözlərinə görə, memarlıq elə bir sənətdir
ki, ömrünü bu sənətə bağlayan
insanların heç biri sonradan buna görə
peşmançılıq duymur.
Milli köklərə bağlılıq
O, Azərbaycan sərhədlərindən kənarda da
tanınan alimlərimizdəndir. Gülçöhrə Məmmədova
Beynəlxalq Mühəndislik Akademiyasının, Şərq
Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının,
Beynəlxalq Memarlıq Akademiyasının həqiqi
üzvüdür. 1985-ci ildən Azərbaycan
Memarlar İttifaqının üzvü, 2008-ci ildən
katibidir. Uzun illərdir ki, beynəlxalq
konfranslarda iştirak edir. Eləcə də
bir çox beynəlxalq elmi tədbirlərin təşkilatçısı
olmuşdur. Azərbaycan Memarlıq və İnşaat
Universitetinin təşəbbüsü və
Gülçöhrə xanımın sədrliyi ilə
İtaliyanın Florensiya şəhərində “Müasir
dövrdə tarixi irsin qorunma problemləri” mövzusunda 4 beynəlxalq
elmi konfrans keçirilib. Bir Azərbaycan
universitetinin belə aktual elmi konfransların təşkilatçısı
olması və universitetin rektorunun bu konfranslara sədrlik etməsi
son dərəcə mühüm faktdır. Gülçöhrə Məmmədova ISESCO-nun dəstəyi
əsasında İslam Dünyası Universitetləri
Federasiyası ilə birgə Bakıda keçirilən “XXI əsr
və tarixi İslam şəhərləri” mövzusunda beynəlxalq
konfransın da təşəbbüskarı olub.
Gülçöhrə xanım söhbətlərində
həmişə vurğulayır ki, sənətkar doğrudan
da dövrünün övladıdırsa, onun əsərləri
zamanın danışan dili olmalı, dövrün həqiqətini
deməlidir. Ona görə də hər bir incəsənət
növü kimi memarlıq da cəmiyyətin həyatı,
onun tarixi baxışları və ideologiyası ilə
bağlıdır. Əsl sənət əsəri
həyatın həqiqətini ifadə etməlidir. Məqsəd, xarakter aydın, parlaq və canlı
olmalıdır. Onda hər bir əsər
tərbiyəvi rolunu da yerinə yetirir. Bu,
müqəddəs bir prinsipə çevrilməlidir. Mükəmməl, kamil, insanın qanını
donduran əsərlərin işlənib meydana qoyulması həqiqətlə
gözəlliyin vəhdətinin, pozulmaz ahənginin təqdimatı
əsl yaradıcılıq fəaliyyətinin məhsuludur.
Bu isə xalqın mübarizəsini, əsrin və
zamanın ruhunu duymağı tələb edir. Bir də əsl sənətkar milli köklərdən
uzaqlaşmamalıdır. Onu yetirmiş xalqa asi olmamalıdır. Əks halda,
Rüstəm İbrahimbəyovun çəkdiyi “Qafqaz
üçlüyü” filmi kimi öz xalqını
aşağılayan nümunələr ortaya çıxacaq və
belə nümunələr xalqımız barədə
yanlış təsəvvürlər formalaşdırmağa
çalışan düşmənlərimizə xidmət edəcək.
“Unutqanlıq həmişə bizim bəlamız
olub. Bu il Cümhuriyyət ilidir,
tarixi faktlara bir də baxırıq, oxuyuruq, öyrənirik. Görürük ki, ermənilər ötən əsrin
sonlarından bizə qarşı törətdikləri mənfur
əməlləri əsrin əvvəlində də ediblər.
Sadəcə onların xislətini unutmuşuq.
Buna artıq haqqımız yoxdur”.
Yorulmaz yaradıcı fəaliyyət
Bu gün müasir
ziyalılığın görkəmli nümayəndəsi
Gülçöhrə Məmmədova ölkənin
ictimai-siyasi həyatında yaxından iştirak edir. O, 2000-ci və 2010-cu illərdə ikinci və
dördüncü çağırış Azərbaycan
Respublikası Milli Məclisinin deputatı seçilib. Elmi-pedaqoji sahədəki zəngin təcrübəsi
ilə üzvü olduğu Elm və Təhsil Komitəsinin fəaliyyətinə
dəyərli töhfələr verib.
Onun çoxşaxəli xidmətləri
istər ölkəmizdə, istərsə də Azərbaycan
hüdudlarından kənarda hər zaman öz layiqli qiymətini
alıb. Gülçöhrə
Məmmədova Prezident İlham Əliyevin sərəncamı
ilə 2006-cı ildə “Əməkdar memar” fəxri adına, 2013-cü ildə isə “Şöhrət”
ordeninə layiq görülüb. 2009-cu ildə
Fransanın “Akademik Palma Kavaleri” ordeni ilə təltif edilib.
2016-cı ildə Azərbaycanda təhsilin
inkişafındakı xidmətlərinə görə Azərbaycan
Respublikası Prezidentinin “Fəxri diplom”u ilə
mükafatlandırılıb.
Həyatda danışmaqdan çox düşünməyə
və əməli iş görməyə üstünlük
verən Gülçöhrə Məmmədova sənətdə,
elm və təhsil sahəsində üzərinə
düşən vəzifələri ləyaqətlə yerinə
yetirir. Sadəlik və yorulmaz yaradıcı fəaliyyət
bu insanın obrazının əsas göstəricisidir.
Şərəflə yaşanmış
ömrə taleyin özünün verdiyi yüksək
mükafatlar da var. Bunlar yurddan, ocaqdan, ululardan gələn
saflığı, halallığı,
işgüzarlığı, prinsipiallığı,
övladlarının uğurları, onların xoş
soraqlarının ana qəlbində doğurduğu
böyük fərəhdir.
Bu, şərəflə yaşanmış illərin
ucaltdığı ömür nümunəsidir...
İradə ƏLİYEVA
Azərbaycan.- 2018.-30 iyun.- S.10.