“Yol
hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 564;
2001, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002, ¹ 1, maddə
9, ¹ 8, maddə 463; 2003, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə 57, ¹
11, maddə 901; 2005, ¹ 4, maddə 277, ¹ 10, maddə 874, ¹ 11, maddə
993; 2006, ¹ 12, maddə 1027; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddələr
1053, 1091; 2008, ¹ 2, maddə 49, ¹ 6, maddələr 453, 463, ¹ 7,
maddə 602; 2009, ¹ 2, maddə 47, ¹ 4, maddə 210, ¹ 12, maddə
948; 2010, ¹ 7, maddə 598; 2011, ¹ 2, maddə 71, ¹ 4, maddə 255,
¹ 6, maddə 469, ¹ 12, maddə 1097; 2012, ¹ 5, maddə 402, ¹ 7,
maddə 671; 2013, ¹ 4, maddələr 362, 363, ¹ 7, maddə 795, ¹
11, maddələr 1295, 1298; 2014, ¹ 4, maddələr 343, 346, ¹ 5,
maddə 467, ¹ 11, maddə 1352; 2015, ¹ 1, maddə 2, ¹ 2, maddələr
76, 79, 105, ¹ 5, maddə 502, ¹ 6, maddə 686, ¹ 11, maddələr
1256, 1276; 2016, ¹ 11, maddələr 1758, 1795; 2017, ¹ 2, maddələr
138, 150; ¹ 5, maddə 727, ¹ 8, maddə 1507, ¹ 10, maddə 1774, ¹
12 (I kitab) maddə 2215; 2018, ¹ 2, maddələr 143, 157; Azərbaycan
Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddə üzrə:
1.1.1. aşağıdakı məzmunda
25-1-ci - 25-3-cü bəndlər əlavə edilsin:
“25-1) trisikl - işçi həcmi
50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə
hərəkətə gətirilən və ya mühərrikinin
tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti
saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə
nəzərən simmetrik yerləşən üçtəkərli
mexaniki nəqliyyat vasitəsidir;
25-2) yüngül kvadrisikl -
yüksüz vəziyyətdə kütləsi 350 kiloqramdan
(elektrik mühərrikli nəqliyyat vasitələri
üçün akkumulyatorların kütləsi nəzərə
alınmır) çox olmayan dördtəkərli aşağıdakı
mexaniki nəqliyyat vasitələridir:
işçi həcmi 50 kub
santimetrdən çox olmayan məcburi
alışdırmalı daxili yanma mühərriki ilə təchiz
edilən nəqliyyat vasitələri;
maksimal effektiv gücü 4
kVt-dan çox olmayan digər növ daxili yanma mühərriki
ilə təchiz edilən nəqliyyat vasitələri;
uzunmüddətli yüklənmə
rejimində mühərrikinin nominal maksimal gücü 4 kVt-dan
çox olmayan elektrik mühərriki ilə təchiz edilən
nəqliyyat vasitələri;
25-3) kvadrisikl - bu qanunun 1-ci maddəsinin
25-2-ci bəndində nəzərdə tutulmuş nəqliyyat
vasitələri istisna olmaqla, yüksüz vəziyyətdə
kütləsi 400 kiloqramdan (yük daşımaq
üçün nəzərdə tutulan nəqliyyat vasitələri
üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli
nəqliyyat vasitələri üçün
akkumulyatorların kütləsi nəzərə alınmır)
və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli
dördtəkərli mexaniki nəqliyyat vasitəsidir;”;
1.1.2. 26-cı bənddə “tam
ləvazimatlı vəziyyətdə kütləsi 400
kiloqramdan çox olmayan üç və dördtəkərli
mexaniki nəqliyyat vasitələri də” sözləri
“trisikllər və yüngül kvadrisikllər” sözləri
ilə əvəz edilsin.
1.2. 16-cı maddənin II hissəsinin
ikinci cümləsinə, 37-ci maddənin I hissəsinin 8-ci bəndinə,
55-ci maddənin V hissəsinin 2-ci bəndinə, 78-ci maddənin
III hissəsinə (hər iki halda) “kateqoriyalı”
sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə
edilsin.
1.3. 33-cü maddə üzrə:
1.3.1. II hissə
aşağıdakı redaksiyada verilsin:
“II. Azərbaycan Respublikası ərazisindəki
yollarda nəqliyyat vasitələrini idarə etmək
hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı
idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi,
mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini
idarəetmə hüququ - 16 yaşdan;
3) “A”, “B”, “C” kateqoriyalarına,
“B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini
idarəetmə hüququ -18 yaşdan;
4) “BE” kateqoriyasına və
“C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini
idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq “B” və
ya “C” kateqoriyasına (o cümlədən “C1”
altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə
etmək sahəsində təcrübə bir ildən az olmamaq
şərtilə);
5) “CE” kateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C”
kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə
etmək sahəsində təcrübə üç ildən
az olmamaq şərtilə);
6) “D” kateqoriyasına daxil olan nəqliyyat
vasitələrini, tramvayları və trolleybusları və
“D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini
idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə
“B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini
idarə etmək sahəsində təcrübə beş ildən
az olmamaq şərtilə);
7) “D1E” altkateqoriyasına daxil
olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25
yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və
ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini
idarə etmək sahəsində təcrübə iki ildən
az olmamaq şərtilə);
8) “DE” kateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65
yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarə etmək sahəsində təcrübə
üç ildən az olmamaq şərtilə).”.
1.3.2. aşağıdakı məzmunda
II-I hissə əlavə edilsin:
“II-I. Hərbi qulluqçular
“CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına
daxil olan nəqliyyat vasitələrini idarəetmə
hüququnu 19 yaşdan əldə edə bilərlər.”.
1.4. 34-cü maddə üzrə:
1.4.1. I hissəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Sürücülük vəsiqəsinin
təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”;
1.4.2. II hissənin 1-ci bəndinə
“motosikletləri,” sözündən sonra “kvadrisiklləri,
trisiklləri,” sözləri əlavə edilsin;
1.4.3. III hissə aşağıdakı redaksiyada
verilsin:
“III. Sürücülük vəsiqəsində ellips
işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq
yol hərəkətində fərqlənmə nişanı -
“AZ” və rəqəmlərlə nömrələnmiş
aşağıdakı məlumatlar göstərilir:
1. vəsiqə sahibinin soyadı;
2. vəsiqə sahibinin adı və atasının
adı;
3. vəsiqə sahibinin doğulduğu tarix və yer;
4a. vəsiqənin verildiyi tarix;
4b. vəsiqənin etibarlılıq müddətinin
qurtardığı tarix;
4c. vəsiqəni vermiş qurumun adı və ya
möhürü;
4d. vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi;
5. vəsiqənin nömrəsi;
6. vəsiqə sahibinin fotoşəkli;
7. vəsiqə sahibinin imzası;
8. vəsiqə sahibinin yaşayış yeri;
9. vəsiqə sahibinin idarə etmək hüququna malik
olduğu nəqliyyat vasitələrinin kateqoriyaları
(altkateqoriyaları);
10. hər bir kateqoriyanın (altkateqoriyanın) verildiyi
tarix;
11. hər bir kateqoriyanın (altkateqoriyanın)
etibarlılıq müddətinin qurtardığı tarix;
12. hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə
məlumat və ya məhdudiyyətlər (eynəklə idarəetmə
və ya yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini
idarə etmək hüququnun verildiyinə dair qeyd);
14. qeydiyyat və ya yol hərəkətinin təhlükəsizliyinə
aid olan digər məlumatlar (vəsiqə sahibinin qan qrupu və
ya “əlil” tanınma nişanlı nəqliyyat vasitəsini
idarə etmək hüququnun verildiyinə dair qeyd).”;
1.4.4. IV hissə üzrə:
1.4.4.1. “Avtomobilləri və motosikletləri” sözləri
“Bu qanunun 34-cü maddəsinin II hissəsinin 1-ci bəndində
nəzərdə tutulmuş nəqliyyat vasitələrini”
sözləri ilə əvəz edilsin və “kateqoriyaları”
sözündən sonra “və altkateqoriyaları” sözləri
əlavə edilsin;
1.4.4.2. 1-ci bənddə “motosikletləri” sözündən
sonra “, trisiklləri və yüngül kvadrisiklləri”
sözləri əlavə edilsin;
1.4.4.3. aşağıdakı məzmunda 2-1, 3-1, 4-1, 6-1
və 7-1-ci bəndlər əlavə edilsin:
“2-1) “B1” - bu qanunun 1-ci maddəsinin 25-3-cü bəndində
nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək
üçün;
3-1) “C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına
aid edilməyən, icazə verilən maksimum kütləsi
3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri,
habelə qoşqusunun icazə verilən maksimum kütləsi
750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri
idarə etmək üçün;
4-1) “D1” - sərnişin daşınması
üçün nəzərdə tutulan və oturacaq yerlərinin
sayı, sürücü oturacağından əlavə, 8-dən
artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə
qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan
artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə
etmək üçün;
6-1) “C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi
750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən
çox olmayan və bütövlükdə belə tərkibin
icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan
“C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək
üçün;
7-1) “D1E” - sərnişin daşınması
üçün nəzərdə tutulmayan, qoşqusunun icazə
verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin
avtomobilin yüksüz kütləsindən çox olmayan və
bütövlükdə belə tərkibin icazə verilən
maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1”
altkateqoriyasından olan avtomobilləri idarə etmək
üçün;”;
1.4.5. VI hissə aşağıdakı redaksiyada verilsin:
“VI. Sürücülük vəsiqəsindəki məlumatlar
Azərbaycan Respublikasının dövlət dilində və
ingilis dilində qeyd olunur.”;
1.4.6. Aşağıdakı məzmunda IX hissə əlavə
edilsin:
“IX. A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat
vasitələrini idarə etmək hüququnu təsdiq edən
sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1,
C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini
idarə etmək hüququnu təsdiq edir.”.
1.5. 35-ci maddə üzrə:
1.5.1. I-I hissənin ikinci cümləsində “A1”, “A” və
“B” kateqoriyalarına” sözləri “A” və “B”
kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına” sözləri
ilə əvəz edilsin;
1.5.2. II hissənin 2-ci bəndinə
“kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)”
sözü əlavə edilsin;
1.5.3. VI hissənin 6-cı bəndi
ləğv edilsin;
1.5.4. VII hissəyə
“kateqoriyalar” sözündən sonra “(altkateqoriyalar)” sözü
əlavə edilsin;
1.5.5. IX hissəyə
“kateqoriyaların” sözündən sonra
“(altkateqoriyaların)” sözü əlavə edilsin.
1.6. 37-ci maddənin V hissəsinin
2-ci bəndindən “nəqliyyat vasitəsini idarə etməkdən
diqqəti yayındıra biləcək söhbətdə
iştirak etmək,” sözləri çıxarılsın.
1.7. 56-cı maddənin I hissəsində
“S” kateqoriyalı” sözləri “C” kateqoriyalı və ya “C1”
altkateqoriyalı” sözləri ilə, “C” və “D”
kateqoriyalı” sözləri isə “C” kateqoriyasından (“C1”
altkateqoriyasından) əlavə “D” kateqoriyalı (“D1”
altkateqoriyalı)” sözləri ilə əvəz edilsin.
Maddə
2. Keçid müddəaları
2.1. Bu qanun 2019-cu il yanvarın
1-dən qüvvəyə minir.
2.2. 2019-cu il yanvarın 1-dək
verilmiş sürücülük vəsiqələri,
onların dəyişdirilməsi üçün “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin
VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə
tutulmuş əsaslar müəyyənləşdirilənədək
qüvvədə qalır.
2.3. Şəxs
sürücülük vəsiqəsinin yeni nümunəli
sürücülük vəsiqəsinə dəyişdirilməsi
üçün “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində
nəzərdə tutulmuş əsaslar olmadan da müraciət
edə bilər. Bu halda sürücülük vəsiqəsi
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun 35-ci maddəsinin VII hissəsində nəzərdə
tutulmuş qaydada dəyişdirilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
Azərbaycan.- 2018.-30 iyun.- S.7.