“Cənub qaz dəhlizi” enerji təhlükəsizliyi abidəsinə
çevriləcək
Xəzər dənizinin
Azərbaycan sektorundakı
enerji qaynaqlarını
Avropaya ixrac edəcək “Cənub qaz dəhlizi” (CQD) hazırda dünyada həyata keçirilən
nəhəng layihələrdən
biri kimi beynəlxalq aləmin diqqət
mərkəzindədir.
“Şahdəniz”
yatağından əldə
olunan qazı Avropadakı istehlakçılara
çatdırmaq üçün
bu dəhliz boyu 3 böyük kəmər bir-birinə calanaraq vahid sistem yaradacaq. Bunlar CQBK (Cənubi Qafqaz Boru Kəməri),
TANAP (Transanadolu Qaz Boru Kəməri) və TAP-dır (Transadriatik Qaz Boru Kəməri).
CQBK Azərbaycanda
443 və Gürcüstanda
248 kilometr məsafə
qət edir. Gürcüstan-Türkiyə sərhədində
TANAP-a qovuşur. TANAP isə Türkiyə
ərazisi ilə 1850 kilometr boyu uzanaraq
TAP-la birləşir.
TAP dəhlizin
sonuncu seqmentidir. Uzunluğu 878 kilometr olan bu
kəmərin 550 kilometri
Yunanıstandan, 215 kilometri
Albaniyadan, 105 kilometri Adriatik dənizinin altından keçəcək,
sonuncu 8 kilometri İtaliya ərazisində
quruda yerləşəcək.
CQBK və TANAP artıq istifadəyə
verilib. TAP-ın tikintisi isə davam edir.
Prezident
İlham Əliyev Asiya İnkişaf Bankının
(AİB) Direktorlar
Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən “Cənub qaz dəhlizi”nin böyük hissəsinin artıq icra olunduğunu vurğulamış, “Cənub
qaz dəhlizi” layihəsinə ilk dəstək
verən beynəlxalq maliyyə qurumu kimi AİB-in rolu xüsusi
qeyd edilmişdir. Eyni zamanda, TANAP-ın açılışının
böyük əhəmiyyət
daşıdığı bildirilmişdir.
Bu layihənin Avropanın enerji təhlükəsizliyinə mühüm
töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.
Təsadüfi deyil ki, “Cənub
qaz dəhlizi”nin mühüm əhəmiyyəti
istər Azərbaycanda,
istərsə də digər ölkələrdə
keçirilən çoxsaylı tədbirlərdə dönə-dönə
qeyd edilir. Məsələn, AİB-in İcraçı Direktorlar Şurasının
üzvü Kşatrapati
Şivajin Bakıda olarkən CQD-nin çox mühüm layihə olduğunu vurğulayıb.
Bildirib ki, həyata keçirilən
bir çox layihələrdə əvvəlcədən
nəzərdə tutulmuş
maliyyələşmənin həcmi sonradan artdığı halda, “Cənub qaz dəhlizi”nin icrasının gedişində əksinə,
az vəsait sərf olunub. Bu da işlərin
səmərəli
aparıldığından irəli gəlir.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç də
öz “Twitter” hesabatında layihə çərçivəsində görülən işlərin
gedişini yüksək
dəyərləndirib: “Bu
gün biz niyyətləri reallığa
çeviririk və Enerji İttifaqı ilə daha bir
nəzərəçarpacaq nəticəni veririk. “Cənub qaz
dəhlizi” enerji təchizatçıları və marşrutlarını şaxələndirməklə
Cənub-Şərqi Avropa,
Cənubi İtaliya kimi ən həssas bölgələr də daxil olmaqla Avropa
İttifaqının enerji
təhlükəsizliyi baxımından
strateji əhəmiyyət
kəsb edir. Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarının
arasındakı bu “körpü”dən yararlana
bilərik. Bu, uğur qazanmaq üçün birgə maraq doğurur”.
CQD nəhəng
qazpaylayıcı infrastrukturdur.
Artıq 7 ölkə - Azərbaycan,
Gürcüstan, Türkiyə,
Yunanıstan, Bolqarıstan,
İtaliya və Albaniya “Cənub qaz dəhlizi”nin üzvüdür. Daha üç Balkan ölkəsi - Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina növbəti mərhələlərdə
layihəyə qoşulacaqlar.
Bakıda keçirilən “Cənub
qaz dəhlizi və Cənub-Şərqi
Avropada enerji təhlükəsizliyi” beynəlxalq
konfransında da CQD-dən geniş bəhs olunub. Tədbirdə Bolqarıstanın
Azərbaycandakı səfiri
Nikolay Yankov “Cənub qaz dəhlizi”nin Avropaya təbii qazı yeni mənbədən təmin edəcəyini
xatırladıb və layihənin Bolqarıstan üçün də mühüm əhəmiyyət
daşıdığını deyib: “Bolqarıstan və digər region ölkələri ilk dəfə təbii qazı Şimaldan yox, Şərqdən idxal edəcək.
Azərbaycan təbii qazı qitədə mənbələrin
şaxələndirilməsinə səbəb olacaq. Bolqarıstan hər zaman “Cənub qaz dəhlizi”nə öz dəstəyini ifadə edib. Yunanıstan-Bolqarıstan interkonnektoru
isə Azərbaycan təbii qazının Bolqarıstana nəqlinə
xidmət edəcək”.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan
interkonnektorunun tikintisi
üzrə artıq tender elan edilib
və boru kəmərinin inşasının
2020-ci ildə tamamlanması
nəzərdə tutulub.
Bolqarıstanın Energetika
Nazirliyinin nümayəndəsi
Rosen Simitchiev bildirib ki, ölkəsi
ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Bu da ölkənin
təbii qaza olan tələbatının
25-30 faizini təmin edəcək.
Avropaya alternativ və yeni mənbədən təbii qaz təmin edən, qitənin enerji xəritəsini dəyişdirən
3500 kilometrlik “Cənub
qaz dəhlizi” Azərbaycanın liderliyi ilə reallaşır. Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti
(SOCAR) təbii qazın
Avropaya çatdırılmasında
fəal iştirakçı
olmaqla yanaşı, qitədə qazlaşdırma
prosesində də böyük rol oynayır. Şirkət Albaniyanın
qazlaşdırılması üzrə mühəndislik xidmətləri
göstərməyə hazırlaşır.
Beləliklə, “Cənub qaz dəhlizi” Cənub-Şərqi
Avropa və Balkan ölkələrinin,
eləcə də bütövlüklə qitənin
enerji təhlükəsizliyinin
təmin olunmasında
müstəsna rol oynayacaq.
Flora SADIQLI
Azərbaycan.- 2018.- 30 iyun.- S.1; 6.