Azərbaycan ilə Macarıstan arasında əlaqələr yüksək səviyyədədir

 

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyunun 29-da Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan-Macarıstan birgə hökumətlərarası komissiyasının həmsədri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Macarıstanın yüksək səviyyəli ikitərəfli əlaqələrindən danışan Baş nazir Novruz Məmmədov deyib ki, dövlətlərimizin başçıları arasında olan münasibətlər və “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə əlaqələrimizi daha genişləndirir.

Baş nazir bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib, Azərbaycan ilə Macarıstanın tarixi köklərə əsaslanan sıx münasibətlərinin olduğunu vurğulayıb.

Novruz Məmmədov ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyatın müxtəlif istiqamətlərində, turizm, kənd təsərrüfatı, İKT, elm, təhsil, humanitar və digər sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

“Biz Macarıstanın Azərbaycan ilə əməkdaşlığına böyük önəm veririk və hər zaman beynəlxalq müstəvidə dəstəyimizə arxalana bilərsiniz”, - deyən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəmizə növbəti səfərindən məmnunluğunu ifadə edib. Artıq yeddinci dəfədir Azərbaycana səfər etdiyini deyən qonaq hər gəlişində paytaxtımızda gördüyü inkişafın onda dərin təəssürat yaratdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2018.-30 iyun.- S.2.