Azərbaycan ilə Macarıstan arasında ticarət dövriyyəsi 2 dəfə artıb

 

Yanvar-may aylarında Azərbaycan ilə Macarıstan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində keçirilən görüşdə deyib.

Tədbirdən əvvəl Macarıstan nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüblər. Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Sonra Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Nazir Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin, biznes forumların əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu ilin sonunadək Budapeştdə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının və biznes forumun keçirilməsi nəzərdə tutulur.

Nazir Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını qeyd edib. Ötən ildə "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Macarıstana ixrac missiyası təşkil edilib.

Azərbaycan-Macarıstan əlaqələri iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, informasiya texnologiyaları, energetika, ticarət, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrində də uğurla davam edir və əməkdaşlığın genişləndirilməsi üçün imkanlar böyükdür. Azərbaycan bu potensialın reallaşdırılması və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Bu yaxınlarda rəsmi açılışı həyata keçirilmiş “Cənub Qaz Dəhlizi” və “TANAP” layihələri Azərbaycanın dünyada mühüm enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir.

Əczaçılıq sahəsində də ölkələrimiz arasında əməkdaşlıq imkanları genişdir. Dərman vasitələrinin Azərbaycanda birgə istehsalının təşkili üçün Pirallahı Sənaye Parkında yaradılmış infrastrukturdan və əlverişli imkanlardan yararlanmaq olar.

Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialı barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, Macarıstan şirkətləri Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə də Ələtdə yaradılacaq Xüsusi İqtisadi Zonada fəaliyyət göstərə bilərlər.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirib. Qarşılıqlı əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edən Peter Siyarto Bakıya səfəri çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb. Macarıstanın Azərbaycanla əczaçılıq, turizm, təhsil, kənd təsərrüfatı, enerji, nəqliyyat, su təsərrüfatı və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu, bu potensialdan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı imkanları, iş adamları arasında əlaqələrin genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi, Azərbaycanda və Macarıstanda ticarət evlərinin açılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşün sonunda Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Dillər Universiteti arasında bu universitetdə macar dilinin və mədəniyyətinin tədrisi ilə bağlı əməkdaşlıq sənədi imzalanıb.

 

Azərbaycan. - 2018.-30 iyun.- S.3.