Mübariz sağ olsaydı, Silahlı Qüvvələrimizin paradını sevinclə seyr edərdi

 

Bu günlərdə Biləsuvar rayonunun Əliabad kəndində yaşayan, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim kişi ilə görüşdüm, hal-əhval tutdum, vəziyyəti ilə maraqlandım. Söhbət əsnasında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin 100 illik yubileyləri münasibətilə paytaxt Bakının Azadlıq meydanında keçirilən hərbi parad haqqında fikirlərini soruşdum.

O bunları dedi: “Sağ qalsaydı, Mübariz İbrahimovun 30 yaşı olardı və o da ordumuzun hərbi paradını böyük sevinclə seyr edərdi. Mənim oğlum da ordumuzu belə güclü görmək istəyirdi. Bu il iyunun 18-də Mübarizin Vətən uğrunda misilsiz rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlməsi tarixindən düz 10 il keçdi. Bu 10 ildə ölkəmizdə çox böyük irəliləyişlər olub. Mən 10 ildə bir ata kimi dünyaya ancaq Mübariz İbrahimovun gözü ilə, onun arzularından boylanaraq baxıram. “Şəhidlər ölmürlər” - deyənlər haqlıdırlar. Arzu və ümidlərinin timsalında sanki o, özü də sağdır, yaşayır. Adı kimi mübariz idi və onun mübarizəsi Vətənimizin haqq işi uğrunda, torpaqlarımızın işğaldan azad olunması üçün idi. İndi budur, Azərbaycan Respublikasının Silahlı Qüvvələri nəinki ilbəil, hətta günbəgün inkişaf etməkdədir. Ümummilli lider Heydər Əliyev tərəfindən güclü bir ordu kimi təşkil olunan Silahlı Qüvvələrimiz 2003-cü ildən bu yana inkişafının ən yüksək zirvəsinə qalxıb, amma hələ bu da son deyil. Hazırda ordumuz dünyanın ən mütəşəkkil 50 ordusu sırasındadır, amma inanıram ki, tezliklə 10 ordudan biri olacaq.

Hərbi parad təkcə Ermənistana deyil, həm də bu işğalçı dövləti dəstəkləyən imperialist, xristianpərəst, antiislamçı ölkələrə də əslində, güclü təsir vasitəsi, bir mesaj oldu. Onu da deyim ki, əgər Qarabağ müharibəsi başlayan zaman bizim ordumuz olsaydı, torpaqlarımız işğala, əhalimiz soyqırımına məruz qalmazdı - bir sözlə, xalqımızın başına bu müsibətlər gəlməzdi. O əliyalın, dünyada təklənmiş Azərbaycan hara, bu gün NATO səviyyəli - ən müasir döyüş silahları, havadan və qurudan ən güclu texnikaya malik ordusu olan mütəşəkkil, dünyanın tanıdığı, hörmət etdiyi Azərbaycan hara?! Paradda nümayiş etdirilən döyüş texnikası, Türkiyə Respublikasının Silahlı Qüvvələrinin parada qoşulması, dost ölkələrdən tədbiri müşahidə etmək üçün fəxri qonaqların paytaxtımıza gəlişi Azərbaycan xalqının ürəyini dağa döndərdi.

Ermənilər bu mesajı düzgün qiymətləndirməlidirlər. Qarabağdan üzüsulu çıxmaqdan başqa bir əlacları yoxdur. 2016-cı ilin aprel döyüşləri, bu ilin may ayının 20-28-də keçirilən Günnüt əməliyyatı ermənilərə dərs olmayıbsa, onda bilsinlər ki, Mübariz İbrahimov kimi Azərbaycan oğulları ayağa qalxıb torpaqlarımızı azad edəcəklər. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev nə vaxt lazım bilsə, ordumuz torpaqlarımızı işğaldan təmizləməyə hazırdır.

Erməni hakim dairələrinin Azərbaycanın hərbi paradından sonra qorxuya düşməsi haqqında xəbərlər alınmaqdadır. Belə ki, erməni baş naziri Nikol Paşinyan öz tvitter səhifəsində bəyan etmişdir ki, Ermənistan müharibə etmək fikrində deyil.

Biz də müharibə istəmirik, torpaqlarımızın sülh danışıqları yolu ilə azad edilməsini arzulayırıq. Amma müharibə olarsa, mən də yaşımın bu çağında digər oğlumla birlikdə silaha sarılmağa hazıram”.

Bu günlərdə kiminlə görüşürəmsə, ordumuz haqqında xoş sözlər eşidirəm. Xalqımız öz dövlətinin, Prezidentinin ətrafında sıx birləşərək və Milli Ordumuza güvənərək böyük bir ruh yüksəkliyi ilə Qarabağ məsələsinin həll olunacağına inam bəsləyir.

 

Seyran CAVADOV

 

Azərbaycan. - 2018.- 30 iyun.- S.4.