Dövlətçiliyin etibarlı dayağı

 

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən müstəqil Azərbaycan bu gün bütövlükdə Avropanın ən sabit, təhlükəsiz və tolerant ölkələrindən biri kimi tanınır. Respublikamızın son 25 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir.

İctimai-siyasi sabitlik amili eyni zamanda mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq norma və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirərək xarici siyasi əlaqələrinə yeni impulslar vermişdir. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında daxili işlər orqanlarının və onun ayrı-ayrı strukturlarının da müstəsna xidmətləri vardır.

Bu günlərdə yaranmasının 100-cü ildönümünü qürur hissilə qeyd edən daxili işlər orqanlarının xidmət salnaməsi keşməkeşli, çətin olduğu qədər də şərəfli, eyni zamanda, ziddiyyətli və məsuliyyətli bir yolu ehtiva edir. Fəaliyyətinin müxtəlif mərhələlərində cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları 1 əsrlik şanlı tarixi ərzində qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirmiş, xalqın və dövlətin sadiq keşikçisinə çevrilmişlər.

Azərbaycan polisinin 100 illik yubileyi respublikada möhkəm ictimai-siyasi sabitliyin, sürətli sosial-iqtisadi inkişaf və tərəqqinin əldə olunduğu bir dövrə təsadüf edir. Böyük ictimai və dövləti əhəmiyyət kəsb edən polisin peşə bayramı onun mütərəqqi ənənələrinə, gecəli-gündüzlü gərgin əməyinə, habelə vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olanların əziz xatirəsinə ehtiramın əyani təcəssümüdür. Ölkədə ictimai təhlükəsizliyi, qanunçuluğu və hüquq qaydasını qorumaq kimi çətin və məsul vəzifəni yerinə yetirən Azərbaycan polisi tarixi yubileyi qanuna, xalqa, dövlətə və Prezidentə sədaqətli xidməti ilə qarşılayır.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 iyul 1918-ci il tarixli qərarı ilə yaradılmış asayişi mühafizə dəstələrinin fəaliyyəti ilk müstəqil dövlətimizin formalaşmasında və milli maraqların qorunmasında mühüm rol oynamışlar. Polisi dövlətin zəruri təsisatlarından, mühüm sütunlarından biri hesab edən, onun xalq və Vətən qarşısındakı xidmətlərini daim yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyev məhz bu tarixi bağlılığı nəzərə alaraq imzaladığı müvafiq sərəncamla iyulun 2-ni “Azərbaycan polisi günü” elan etmişdir.

Keçmiş SSRİ dövründə fəaliyyət göstərən milis sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan dövlət təsisatı olsa da, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları böyük təcrübə qazanmış, yüksək bilik və peşəkarlıq əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. İkinci Dünya müharibəsi illərində Azərbaycan milisinin 800-ə yaxın əməkdaşı ön cəbhədə vuruşmuş, onların həmkarları isə respublikada asayişi və təhlükəsizliyi mərdliklə qorumuşlar. Göstərdikləri igidlik və qəhrəmanlıqlara görə dövlətin orden və medallarına layiq görülmüşlər. Müharibədən sonrakı illərdə də milis işçiləri cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin keşiyində qətiyyət nümayiş etdirmiş, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.

Azərbaycanın daxili işlər orqanlarının keyfiyyətcə yeni mərhələdə dinamik inkişafı, sözün həqiqi mənasında, milliləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısı güclənmiş, sıralarının saflaşdırılmasına, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verilmişdir.

Xatırlatmaq lazımdır ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edərək tarixinin yeni və eyni zamanda, mürəkkəb mərhələsinə qədəm qoymuş Azərbaycanda qeyri-sabit ictimai-siyasi vəziyyət, insan hüquqlarının kütləvi şəkildə pozulması, hərc-mərclik, özbaşınalıq və s. kimi hallar dözülməz həddə çatmışdı. Qanunla nəzərdə tutulmayan çoxsaylı silahlı dəstələr və ayrı-ayrı silahlı şəxslər kriminogen durumu xeyli gərginləşdirmiş, əhalidə vahimə və qorxu hissi yaratmışdı. Ümumi dağıdıcı proseslər daxili işlər orqanlarında da cərəyan edirdi. Cinayətkarlıqla mübarizə aparmalı, hüquq qaydasını qorumalı olan bu dövlət qurumu siyasi oyunlara cəlb edilmiş, belə anormal vəziyyətə etiraz edən peşəkarlar işdən kənarlaşdırılmışdı. Polisə səriştəsiz, yararsız, onun adına ləkə gətirən, hətta əvvəllər cinayət törətmiş şəxslər qəbul edilərək rəhbər vəzifələrə irəli çəkilmişdi. Nəticə etibarı ilə dövlətin digər institutları kimi daxili işlər orqanlarının nüfuzu da aşağı enmiş, respublikada cinayətkarlıq kəskin surətdə artmışdı.

1993-cü ilin iyununda respublikaya qayıdışı ilə xalqın və ölkənin gələcəyi baxımından məsuliyyəti çiyinlərinə götürən ulu öndər Heydər Əliyev dağılmaq və az qala, tarixin səhnəsindən silinmək həddində olan müstəqil Azərbaycan dövlətçiliyini xilas etdi, ona qurtuluş gətirdi. Hakimiyyətə gəlişinın ilk günlərindən, ümummilli lider, qanunçuluq və dövlətçilik prinsiplərini ön plana çəkərək ölkədə hökm sürən hərc-mərcliyə və özbaşınalıqlara qarşı mübarizənin möhkəm təməlini qoydu.

İlk növbədə, şəxsi heyətin sıraları böyük ambisiyalarla yaşayan, dövlət vəzifəsinə yalnız qazanc və hökmranlıq mənbəyi kimi baxan şəxslərdən təmizləndi, əsl peşəkarlar xidmətə qaytarıldı. Ölkədə tüğyan edən cinayətkarlığa qarşı ixtisaslı mübarizənin aparılması üçün zəruri kadr potensialı, işgüzar ab-hava yaradıldı. 1994-cü il avqustun 9-da imzalanmış “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman ölkədə mütəşəkkil cinayətkarlıqla mübarizənin başlanğıcını qoydu.

Dövlətin hüquqi-siyasi sütunlarının möhkəmlənməsində, ictimai-siyasi sabitliyin bərqərar olmasında, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizənin gücləndirilməsində müstəsna rola malik daxili işlər orqanlarının fəaliyyətinin hələ də qənaətbəxş səviyyədə qurulmaması, dövrün tələblərinə cavab verməməsi Heydər Əliyevi ilk gündən ciddi şəkildə qayğılandırırdı. 1994-cü ilin aprelində bununla əlaqədar Daxili İşlər Nazirliyində geniş müşavirə keçirən ulu öndər Heydər Əliyev polis orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş qanunsuzluqların, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şəxsi heyətdən yeni nazirin rəhbərliyi altında fədakarlıqla işləməyi, xalqa və dövlətə layiqincə xidmət göstərməyi, cinayətkarlığa qarşı daha barışmaz mövqe tutmağı tələb edirdi. “Bizim polis orqanları insanlarımızın hüquqlarının qorunmasına çox vaxt təminat verə bilmirlər. Respublikamızda nizam-intizam aşağı səviyyədədir. Müəssisələrdə, təşkilatlarda respublikamızın cürbəcür özəklərində cinayətkarlıq, rüşvətxorluq, bir çox mənfi hallar geniş yayılmışdır. Bunların aradan götürülməsi, belə hallara qarşı mübarizənin aparılması üçün hüquq-mühafizə orqanları hamısı birlikdə, bərabər, ahəngdar fəaliyyət göstərməlidirlər” - deyə ümummilli lider DİN-in fəaliyyətindəki nöqsanları əsasən, rəhbər şəxslərin səriştəsizliyi, onların qulluq səlahiyyətlərinə səhlənkar yanaşmaları, şəxsi maraqlarını dövlət mənafelərindən üstün tutmaları ilə əlaqələndirmişdir. Yeni nazir Ramil Usubova inandığını və etibar etdiyini deyən Heydər Əliyev onun fəaliyyəti altında keçmişdə yol verilmiş bir çox nöqsanların tez bir zamanda aradan qaldırılacağına, xalqın polisə inam və etimadının artacağına əminliyini ifadə etmişdir.

Bu təyinatdan sonra Azərbaycan polisi fəaliyyətini tamamilə yeni norma və prinsiplər üzərində quraraq dövlətçiliyin, ictimai asayişin və qanunçuluğun qorunması üçün böyük fədakarlıqlar göstərmişdir. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlərin qarşısının qanun çərçivəsində alınmasında daxili işlər orqanları da qətiyyətli mövqe tutmuş, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmiş, dövlətçilik sınağından üzüağ çıxmışlar. Sonrakı dövrdə də Azərbaycan polisi ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizə sahəsində diqqətəlayiq uğurlara imza atmışdır.

Ötən illərdə cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq tam bərpa edilərək dönməz xarakter almış, kriminogen durum nəzarətə götürülmüş, insanların polisə və bütövlükdə dövlət strukturlarına inamı, etimadı artmışdır. Daxili işlər orqanlarının normativ-hüquqi bazasının və təşkilati əsaslarının yaradılması üçün qanunlar, fərman və sərəncamlar imzalanmışdır. Bütün bunların nəticəsidir ki, hazırda respublikamız nəinki MDB məkanında, ümumilikdə Şərqi Avropa məkanında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığı, sabitliyin daha etibarlı təminatı baxımından yüksək göstəriciyə malik dövlətlərdən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bununla bağlı demişdir: “Azərbaycanda kriminogen vəziyyət bütün MDB məkanında və hətta geniş mənada bölgədə ən müsbətdir. Biz bunu həm statistik göstəricilərdə, eyni zamanda, gündəlik həyatda görürük. Azərbaycanda insanlar rahat yaşayırlar. Azərbaycanda sabitlik var, ictimai təhlükəsizlik var. İnsanlar günün istənilən vaxtında - gündüz, günorta, gecə rahat gəzirlər, dincəlirlər. Yəni, bütün bunlar Azərbaycanın reallıqlarıdır. Biz bütün bunları əldə etmişik. Ulu öndər Heydər Əliyev siyasəti nəticəsində, onun Azərbaycana xidmətləri nəticəsində biz bu gün bunu yaşayırıq və Azərbaycanı, müstəqil dövlətimizi daha da gücləndiririk”.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramı daxili işlər orqanlarında müasir dövrün tələbinə uyğun islahatların aparılması, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Proqram əsasında həyata keçirilən tədbirlər çərçivəsində nazirliyin strukturunda Daxili Təhlükəsizlik, İnsan alverinə qarşı mübarizə, Miqrasiya, Korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirləri idarələri, habelə cinayət və hadisələr barədə daxil olan məlumatların, vətəndaşların müraciətlərinin operativ qəbulu məqsədilə “102 xidməti”, “Qaynar xətt”, internet saytı, elektron poçt ünvanı və s. yaradılmışdır.

Son illər respublikamız üçün qlobal əhəmiyyət kəsb edən beynəlxalq miqyaslı idman tədbirlərinin, humanitar-siyasi forumların və s. tədbirlərin təşkili zamanı ictimaiyyət daxili işlər orqanlarının mütəşəkkil və yorulmaz fəaliyyətinin şahidi olur. Dövlətinə, xalqına və Prezidentinə hər zaman yüksək sədaqət nümayiş etdirən daxili işlər orqanlarının çoxsaylı əməkdaşları belə taleyüklü məqamlarda çevik, sistemli və planlaşdırılmış fəaliyyətləri ilə fərqlənir, qlobal tədbirlərin əvvəldən sonadək sabitlik, sulh və əmin-amanlıq şəraitində uğurla başa çatmasına, insanların təhlükəsizliyinin maksimum səviyyədə təminatına sanballı töhfələrini verirlər. Ölkəmizdə təşkil olunmuş nüfuzlu idman yarışlarında iştirak edən əcnəbi qonaqlar Azərbaycan polisinin səmimi, nəzakətli, qonaqpərvər münasibətini razılıqla qeyd edirlər.

Xatırladaq ki, məhz daxili işlər orqanlarının əzmkar fəaliyyəti nəticəsində Bakıda 2012-ci ildə təşkil edilmiş “Eurovision-2012” musiqi yarışması, 2015-ci ilin I Avropa Oyunları, 2017-ci ilin IV İslam Həmrəyliyi Oyunları, habelə ardıcıl 3 ildir ki, keçirilən “Formula-1” yarışları tamamilə dinc və sabitlik şəraitində başa çatmışdır. Şübhəsiz, bu oyunlar zamanı hər bir idmançının rahat, təhlükəsiz, firavan şəraitdə qüvvəsini sınamasına imkan verən mühitin formalaşdırılması, eləcə də əcnəbilərin təhlükəsizliyinin təmin edilməsi qarşıda ciddi vəzifələr kimi dayanırdı. Fəqət, rəsmi Bakı bu vəzifənin doğurduğu məsuliyyətin ağırlığından zərrə qədər də çəkinmədi. Bu, daxili əminlik, ilk növbədə, ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində əsası qoyulmuş sabitliyə, milli təhlükəsizliyə, xalq-iqtidar vəhdətinə əsaslanırdı. Bu güvəni şərtləndirən digər mühüm amil respublikamızın güc nazirliklərinin, ilk növbədə, ötən 25 ildə sabitliyin və vətəndaşların təhlükəsizliyinin sadiq və etibarlı keşikçisinə çevrilmiş Azərbaycan daxili işlər orqanlarının əzmkar fəaliyyətindən, peşəsinə, dövlətinə, xalqına sadiqliyindən irəli gəlirdi.

Hansı dövrə təsadüf etməsindən, motivindən asılı olmayaraq daxili işlər orqanları əməkdaşlarının fədakar fəaliyyətinin mahiyyətində bir xoş məram diqqəti xüsusi çəkir: cəmiyyətdə ictimai asayişi yüksək səviyyədə təmin etmək, vətəndaşların qanuni maraq və mənafelərini qorumaq, hüquq pozuntularına qarşı əzmkar mübarizə aparmaq, təhlükəsizliyi bütün səviyyələrdə təmin etmək! Ötən illərdə Azərbaycan polisinin ən ekstremal situasiyalara fiziki, mənəvi və psixoloji hazırlığını təsdiqləyən minlərlə hadisənin canlı şahidi olmuşuq. Və həmin anlarda fəaliyyətinə hansısa səbəbdən biganəliklə, laqeydliklə yanaşdığımız polis əməkdaşlarının Vətəni, xalqı, vətəndaşı üçün yüksək fədakarlıq göstərmələrindən qürur hissi keçirmişik. Bəli, son 25 ildə Azərbaycan polisi və onun missiyası, fəaliyyət fəlsəfəsi tamamilə dəyişib və burada insan və vətəndaş amilinə həssas, qayğıkeş münasibət ön plana keçib.

Bu günlərdə 100 illik yubileyini qeyd edən daxili işlər orqanları öz fəaliyyəti ilə peşəkar, bacarıqlı və monolit struktur olduğunu tam təsdiqləyir. Daxili işlər orqanlarının şəxsi heyəti ölkədə aparılan quruculuq prosesində fəal iştirak edərək, dövlətin, hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur.

 

Şahsultan HƏSƏNOV,

Rusiya Federasiyasının Prezidenti yanında

İdarəçilik və Dövlət Qulluğu Akademiyasının magistri

 

Azərbaycan.- 2018.- 30 iyun.- S.4.