Bir
əsrlik rəşadət yolu
Hər kəs Azadlıq
meydanında keçirilmiş paradın qürur dolu təəssüratları
altındadır. İndi hər kəs bu möhtəşəm
tədbiri müzakirə edir, yüksək
hazırlıqlı hərbçilərimizin peşəkarlığı,
Azərbaycan şahinlərinin məharəti, ən müasir
silahlar, hərbi texnika, cəmiyyətdəki vətənpərvərlik
əzmi haqqında düşüncələrini
bölüşür.
Xalqımız Silahlı
Qüvvələr Gününü hər il böyük
iftixarla qeyd edir. Bu, Azərbaycan Ordusuna olan sevginin, inamın
ifadəsidir. Bu il isə həmin günün xüsusilə
böyük əlamətdarlığı vardır.
Silahlı Qüvvələrin yaradılmasından 100 il
ötür.
1919-cu ildə Bakıda ilk hərbi
parad da elə indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə
keçirilib. Bir neçə gün öncə Azadlıq
meydanından görünən mənzərə həm də
100 il əvvəlki o riqqətli anların bir növ yenidən
yaşanması idi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin paradın
açılışındakı qətiyyətli
çıxışı, dünyanın və
işğalçı Ermənistanın diqqətinə
çatdırdığı milli güc, dövlətçilik
qüdrəti Cümhuriyyət qurucularımızın
gerçəkləşmiş arzuları idi.
2013-cü ildə
keçirilmiş hərbi paraddan ötən müddət ərzində
Azərbaycan Ordusunun maddi-texniki bazası daha da möhkəmləndirilib,
xeyli müasir silah-sursat alınıb. Ölkə Prezidenti hərbçilər
qarşısındakı çıxışında bir
çox əhəmiyyətli məqamlara toxunaraq bildirib ki,
hazırda ordumuz ən güclü ordular
sırasındadır. Silah-sursat baxımından dünya
miqyasında nadir ölkələrdən biridir: “Biz
bütün bunları ona görə edirik ki, Azərbaycan
Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi
potensialımız güclənsin. Ona görə edirik ki,
görürük və dünyada gedən proseslər də
onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər
işləsəydi, Azərbaycan torpaqları çoxdan
işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar
tərəfindən qəbul olunmuş qərar və qətnamələr
icra edilmir, onların icra mexanizmi yoxdur. Güc amili
dünyanın müxtəlif bölgələrində əsas
amil kimi çıxış edir. Belə olan halda əlbəttə
ki, bizim apardığımız siyasət düzgün siyasətdir”.
Azərbaycan Prezidenti ölkəmizin
bu hərbi potensialı bir ilin içində əldə etmədiyini,
ardıcıl siyasət nəticəsində
qazandığını vurğuladı. Diqqətə
çatdırdı ki, dost ölkələrlə səmərəli
əlaqələr sayəsində biz dünyanın ən
müasir silahlarını əldə etmişik. Bundan sonra da
Azərbaycan müasir silah və texnika alacaq. “Buna nail olmaq
üçün bizim dost ölkələrlə çox səmərəli
əlaqələrimiz, böyük maliyyə
resurslarımız və güclü iradəmiz var”.
Ali Baş Komandan ordumuzun
2016-cı il aprel zəfərinə, bir neçə gün əvvəl
Naxçıvan ərazisində strateji yüksəkliklərin
düşməndən azad edilməsi faktına da toxundu. Bu, o
demək idi ki, sülh danışıqlarını məqsədli
şəkildə dalana dirəyənlər, təcavüzkar
mövqeyindən əl çəkmək istəməyən
Ermənistan artıq Azərbaycanı öz qüdrətli
ordusunun gücünü işə salmağa vadar edir. İlk
qısamüddətli addımların nəticələri isə
ortadadır. Ali Baş Komandan bildirdi ki, Azərbaycan əsgəri,
zabiti, generalı - Azərbaycan Ordusu öz qəhrəmanlıq,
peşəkarlıq, rəşadət nümunəsini bir daha
göstərdi, Azərbaycan xalqı işğalla
barışmayacaq: “Ermənistan tərəfindən onların
ordusu ilə bağlı uzun illər ərzində yayılan
nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz
onların illər boyu yaratdıqları dırnaqarası
möhkəm müdafiə xəttini bir neçə gün ərzində
yardıq, məhv etdik... Düşmən bilməlidir ki, onun
bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur
ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin
bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli
məntəqələri Azərbaycan Ordusu tərəfindən
məhv edilə bilər”.
Ordu hər bir xalqın qürur yeridir
Güclü orduya malik olmaq, bir xalqın müstəqil
dövlətə sahib olmasıdır. Bu dövlətin
varlığı, sərhədlərinin
toxunulmazlığı uğrunda canından belə keçməyə
hazır övladlar olmalıdır. Əldə silah Vətənin
keşiyində dayanmış əsgər xalqın əminliyidir.
Müasir dünyamız hər nə qədər
müharibələrə qarşı olsa da, tərəqqipərvər
bəşəriyyət dövlətləri sülhə, əmin-amanlığa
çağırsa da, yenə də heç kim ordunun rolunu
inkar etmir. Əksinə, hər bir müstəqil ölkə
müasir dövrün elmi-texniki nailiyyətlərindən
faydalanaraq öz müdafiə qüdrətini daha da
artırmağa can atır.
Deməli, hələ əsrlər sonra da güclü
ordu dövlətlər üçün həlledici
üstünlüklərdən olaraq qalacaq.
Azərbaycan xalqı həmişə sülhün, əmin-amanlığın
qədir-qiymətini bilib. Qonşuları ilə mehriban, isti
münasibətlərə üstünlük verib. Biz davakar
olmamışıq, döyüşkən olmuşuq.
Hücüm etməmişik, ancaq müdafiəni də
unutmamışıq. Son dərəcə əlverişli
coğrafi mövqeyə, zəngin təbii ehtiyatlara malik bu məmləkətinsə
qapısından düşmən əskik olmayıb. Ona
görə də bir əlimizdə duz-çörək
olubsa, o biri ilə də sivri qılıncın qəbzəsindən
yapışmışıq. Təbii sərvətlərlə
zəngin olan belə bir coğrafi ərazidə, müxtəlif
geopolitik maraqların kəsişmə məkanında ordu
bizim üçün milli varlıq məsələsidir.
100 il əvvəl
Cümhuriyyət hökumətinin qurulmasından qısa
müddət sonra - 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan
Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də
Hərbi Nazirlik təsis edildi. General Səməd bəy
Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa
Şıxlinski nazir müavini təyin edildilər. Azərbaycan
Ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov,
Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy
Şıxlinski, Həbibbəy Səlimov kimi generalları var
idi.
Belə peşəkar insanların rəhbərlik etdikləri
Milli Ordumuz Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə
birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik
işğalından azad etdi.
Bu hərbi birləşmələr Muğanda və Əsgəranda
milli hökumətə qarşı baş vermiş
qiyamları yatırtmaqda yüksək səriştə
göstərdi. Qazaxda Azərbaycan sərhədlərini
pozmuş erməni nizami ordu hissələrini pərən-pərən
saldı.
Cümhuriyyətin süqutundan sonra bolşevik hökuməti
Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti
Nargin adasına aparılıb güllələndi.
Azərbaycan xalqı öz döyüş əzmini
1941-1945-ci illər müharibəsində daha böyük əzmlə
nümayiş etdirdi. Bu müharibə Azərbaycan əsgərinin
misilsiz şücaət və rəşadətinə
şahid oldu. Respublika əhalisindən səfərbər
olunmuş 600 minədək döyüşçü cəbhədə
qəhrəmanlıqla vuruşaraq, igid övladlarının
hansı yüksək mənəvi, fiziki keyfiyyətlərə
və vətənpərvərlik hisslərinə malik
olduqlarını sübuta yetirdi. Onlardan 300 mini geriyə
qayıtmadı. O vaxt əsas heyəti azərbaycanlılardan
ibarət olan dörd milli diviziya yaradılmışdı. Əfsuslar
olsun ki, müharibədən sonra mərkəzi hakimiyyətin
göstərişi ilə həmin hərbi birləşmələr
ləğv edildi. Çünki milli ruhun, cəngavərlik ənənələrinin,
şəxsi nümunənin yüksək olduğu bu diviziyalar
mərkəzə qorxu və xof gətirirdi. Rusiya, Ukrayna və
Belarus istisna olmaqla, digər respublikalarda hərb sənətinin,
milli hərbi kadrların və onları yetişdirəcək
müvafiq təhsil müəssisələrinin
yaradılmasına qısqanc və ikili münasibət sonralar
da özünü göstərdi.
Sovet hakimiyyəti dövründə imperiyanın
xüsusilə azərbaycanlılara qarşı hərbi siyasəti
dəyişmədi. Söz yox, sovet dövründə
çar Rusiyasından fərqli olaraq azərbaycanlı gənclər
hərbi xidmətə çağırılırdılar.
Amma onlar döyüş üçün nəzərdə
tutulmuş hərbi hissələrdə deyil, əsasən
tikinti batalyonlarında xidmətə cəlb olunurdular. Məqsəd
də aydın idi: azərbaycanlılar arasında hərb elminə
dərindən yiyələnən, müasir silahlarla rəftar
etməyi bacaran hərbçilərin yetişdirilməsinə
imkan verməmək. Belə bir vəziyyətin mümkün qədər
dəyişdirilməsindən ötrü bu siyasətin mahiyyətini
yaxşı anlayan və xalqın, dövlətin gələcəyi
üçün qətiyyət nümayiş etdirən Heydər
Əliyev kimi ümummilli liderə ehtiyac vardı.
1969-cu ildə sovet Azərbaycanına rəhbərliyə
başladıqdan sonra Heydər Əliyevin təxirəsalınmaz
addımlarından biri 1971-ci il iyunun 20-də Cəmşid
Naxçıvanski adına ixtisaslaşdırılmış
hərbi məktəbin təşkili oldu. Ulu öndər azərbaycanlı
gənclərin SSRİ-nin hərbi məktəblərinə
güzəştli şərtlərlə qəbulu
üçün əlindən gələni edirdi.
Heydər Əliyevin tarixi xidməti ondan ibarət oldu ki,
böyük bir sovet imperiyasının, onun ideoloji
maşınının stereotipini dəyişməyi
bacardı. Şəxsi münasibətləri, nüfuzu, əlaqələri,
nəhayət, iradəsi və qətiyyəti sayəsində
respublikada milli hərbi kadr hazırlığı
üçün baza rolunu oynaya biləcək ilk hərbi məktəbin
təməlini qoydu.
O vaxt SSRİ-də iki belə məktəb vardı:
Naximov və Suvorov adına hərbi məktəblər.
Üçüncü belə məktəbin Azərbaycanda
yaradılması böyük əhəmiyyət
daşıyırdı. Bu gün həmin məktəbin məzunları
arasında yüksək rütbəli zabitlər, generallar var.
Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin
yetirmələri müstəqil Azərbaycan Ordusunun
sütununu təşkil edirlər. Bu, ulu öndərin ordu
quruculuğu siyasətinə hələ SSRİ dövründən
başladığına və bu siyasətin böyük
tarixi nəticələr verməsinə dəlalət edir. Belə
bir siyasətin həyata keçirilməsinin, ordu quruculuğu
işinin, hərb sənətinin incəliklərini bilən
peşəkarların yetişdirilməsinin xalq
üçün nə qədər əhəmiyyətli
olduğunu bir də ötən əsrin 80-ci illərinin
sonları, 90-cı illərin əvvəllərində
anladıq.
...O illərdə Azərbaycan Ermənistanın hərbi
təcavüzünə məruz qaldı. Düşmən
ölkə öz havadarlarının hərtərəfli dəstəyi
ilə apardığı şərəfsiz müharibədə
torpaqlarımızın 20 faizini işğal etdi. Müstəqilliyin
ilk illərində ölkə rəhbərliyində bir-birini əvəz
edən səriştəsiz iqtidarlar ordu quruculuğu kimi son dərəcə
çətin və məsuliyyətli işi bu sahədən
anlayışı olmayan naşı adamlara tapşırmışdılar.
Bu mühüm işə özfəaliyyət kimi
yanaşırdılar. Ölkədə müxtəlif firqələrə
bağlı qanunsuz silahlı birləşmələr at
oynadırdı. Həmin birləşmələr hakimiyyət
uğrunda davanı vətəndaş müharibəsi həddinə
gətirib çıxarırdı.
Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyət rəhbərliyinə
qayıdışından sonra respublikada nizami ordu
quruculuğu, Silahlı Qüvvələrin təşkili
prosesi yenidən vüsət almağa başladı. Ölkədə
qanunsuz silahlı birləşmələr ləğv olundu.
Ordu vahid komandanlığa tabe etdirildi. Silahlı Qüvvələrdə
həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri,
döyüş əməliyyatlarının vahid rəhbərlik
altında planlaşdırılması, hissələrin hərb
elminin tələblərinə uyğun idarə edilməsi,
kadrların saflaşdırılması, qoşun hissələrinin
təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi
Azərbaycan Ordusunu keyfiyyətcə yeniləşdirdi.
Ötən əsrin 90-cı illərinin ortalarından
başlayaraq Azərbaycan və NATO arasında sıx və səmərəli
əməkdaşlığın yaradılması ordu
quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə,
Silahlı Qüvvələrimizin modernləşdirilməsinə,
müasir standartlara uyğunlaşdırılmasına gətirib
çıxardı.
Bir əsrin ən güclü ordusu
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev ulu öndərin
ideyalarını bu sahədə də yüksək əzmlə
yerinə yetirərək ordumuzu 100 illik tarixinin ən
güclü mərhələsinə yetirib. İndi Azərbaycan
Ordusu bir əsrlik şərəfli tarixin ən qüdrətli
ordusudur. Silahlı Qüvvələrimiz müasir hərbi
texnika ilə təchiz edilib. Möhkəm nizam-intizam, yüksək
döyüş ruhu ilə seçilir. Düşmənə
sarsıdıcı zərbə vurmağa qadirdir.
Ölkə rəhbəri Azərbaycanın Dağlıq
Qarabağ məsələsində heç bir güzəştə
getməyəcəyini hər zaman qətiyyətlə bəyan
edir. Bu münaqişənin yalnız ölkəmizin ərazi
bütövlüyü çərçivəsində, beynəlxalq
hüququn norma və prinsiplərinə uyğun şəkildə
həllini tapmasının mümkünlüyünü
vurğulayır. “İrəvan bizim tarixi
torpağımızdır və biz azərbaycanlılar bu
tarixi torpaqlara qayıtmalıyıq. Bu bizim siyasi və strateji
hədəfimizdir. Biz tədricən bu hədəfə
yaxınlaşmalıyıq” bəyanatı ilə
xalqımıza, getdikcə güclənən dövlətimizə
nəinki Dağlıq Qarabağ və ətraf rayonların
azadlığını, ermənilərin əsrlər əvvəl
min bir hiylə ilə Azərbaycanın bağrından
qoparıb özlərinə dövlət qondardıqları
tarixi torpaqlarımızı da hədəf göstərir. Azərbaycan
gec-tez o torpaqlarla birgə əlindən alınmış
tarixi haqlarını geri qaytarmalıdır. Dövlət rəhbərimizin
bu qətiyyəti xalqımızın vəhdətinə,
getdiyimiz yolun düzgünlüyünə, cəmiyyətdəki
vətənpərvərlik ruhuna, ordumuzun getdikcə yüksələn
qüdrətinə əsaslanır.
2016-cı ilin aprel döyüşlərində Azərbaycan
hərbçiləri misilsiz hünərlə, düşmənə
vurduqları sarsıdıcı zərbə ilə
ölümdən üstün olduqlarını göstərdilər.
Bu şücaət qələbə arzusunda olan Azərbaycan vətəndaşlarının
ürəyindən xəbər verdi. Bununla həm də Azərbaycanda
necə cəsur, vətənpərvər bir gəncliyin
yetişdiyini gördük. Müstəqillik dövründə
böyümüş gənclik Qarabağ müharibəsinin,
itirilmiş torpaqlarımızın dərslərini
yaxşı mənimsəyib. Bu işdə vətənpərvərlik
təbliğatı aparan insanlarımızın da
böyük əməyi vardır.
Səngərdə düşmənlə üz-üzə
dayanmış əsgərin ovqatından, döyüş
hazırlığından çox şey asılıdır.
Bu gün Azərbaycan əsgərinin ovqatı intiqam
ovqatıdır. Bu, erməni cəlladlarının Xocalıda
törətdikləri soyqırımının intiqam hissidir.
Azərbaycana qarşı hərbi təcavüzünün,
verdiyimiz itkilərin, on illərlə başımıza
açılan müsibətlərin, yaşadılan məhrumiyyətlərin
qisas hissidir. Həm də güclü bir dövlətə,
qüdrətli orduya mənsubiyyətin qürurudur.
Tək silahlanma sahəsində deyil, mənəvi-psixoloji
hazırlıq cəhətdən də fərqlənən
ordumuz erməni işğalına məruz qalmış əraziləri
qısa müddət ərzində qaytarmaq gücünə
qadirdir. Belə bir reallıq nəinki Ermənistan, eləcə
də münaqişəyə bu və ya digər dərəcədə
dəxli olan beynəlxalq güclər tərəfindən də
etiraf olunmaqdadır.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş
Komandanı İlham Əliyevin paraddakı
çıxışından bəzi məqamları
xatırladaq: “Azərbaycan getdikcə güclənəcək.
Biz inkişaf yolundayıq. Bizim qarşımızda
bütün yollar açıqdır, üfüqlər
aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız
inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə
heç cür rəqabət apara bilmir və bilməyəcək.
Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq
hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir,
hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir.
Aprel qələbələri, Naxçıvan qələbələri
bir daha ordumuzun, xalqımızın vətənpərvərlik
ruhunu möhkəmləndirir, bir daha Azərbaycan
xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan
Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və
buna hazırdır”.
Bu qətiyyətli mövqe konkret reallığa əsaslanır.
Azərbaycanla işğalçı Ermənistanın
inkişaf mənzərəsi arasındakı kəskin fərqə
söykənir.
Müharibəni silahla edirlər. Faktdır ki, silahlı
qüvvələrimizin maddi-texniki təchizatı ölkənin
iqtisadi inkişaf dinamikası ilə paralel şəkildə
yüksələn xətt üzrə inkişaf edir. Ölkənin
müdafiə sənayesinin istehsalı olan və xaricdən
idxal olunan müasir silah-sursat və hərbi texnika hesabına
Azərbaycan Ordusunun maddi-texniki bazası daim güclənir.
Paradda da görüb şahid olduğumuz kimi, indi Azərbaycan
Ordusunun ixtiyarında elə silah növləri, hərbi
texnikalar, aviasiya parkı mövcuddur ki, Ermənistanın
yaxın gələcəkdə analoji texnikaya yiyələnmək
ehtimalı belə görünmür. Bu fakt
işğalçı dövlətin özü tərəfindən
də etiraf olunur.
Ordu quruculuğu prosesində xeyrimizə işləyən
həm maddi, həm də sırf psixoloji məqamlardan biri də
Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin
maddi təminatını öz potensialı hesabına ödəməsidir.
2004-cü ildə yaradılmış Müdafiə Sənayesi
Nazirliyi ildən-ilə hərbi təyinatlı məhsulların
istehsalını artırır. Düşmənlərimiz bu
sahədə də tamamilə əcnəbi “donorlardan”
asılıdırlar.
Kursant və zabit heyətimizin dünyanın ən
qabaqcıl hərbi təhsil müəssisələrində hərb
sənətinin sirlərinə yiyələnməsi ordumuzun
peşəkarlıq səviyyəsinin yüksəlməsinə
öz töhfəsini verir.
Müharibəni Vətən yolunda canını fəda
etməyə hazır olan əsgərlərlə edirlər.
Azərbaycan torpağı Mübariz İbrahimov kimi
oğullarımızın, aprel döyüşlərində
şücaət göstərmiş igidlərimizin şəxsində
yetirdiyi övladların hansı qəhrəmanlıqlara sahib
olduğunu göstərir.
O gün yaxındadır
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş
Komandanı İlham Əliyev hərbi paraddakı
çıxışı zamanı dedi: “2016-cı ilin aprel
döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında
işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan
bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi
əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda,
Azadlıq meydanında nümayiş etdiriləcək. Bu
bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu
bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu
bayraqlar Azərbaycanın işğaldan azad edilmiş
torpaqlarında dalğalanır və bu parad üçün
buraya gətirilib. Gün gələcək və bu gün
işğal altındakı torpaqlar azad olunandan sonra orada
qaldırılacaq, Azərbaycan bayrağı Azadlıq
meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.
Biz bu müqəddəs günü
yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq”.
O an mütləq yaşanacaq. Bu, 100 illik tarixin ən
böyük zəfəri olacaq!
Ən böyük zəfərlərə doğru, Azərbaycan
Ordusu!
Varlığınla, qüdrətinlə, əzminlə
qürur duyuruq!
İradə
ƏLİYEVA
Azərbaycan.- 2018.- 30 iyun.- S.1; 6.