Elmdə mənəvi-intellektual varislik
30 İyun 2018
2018-ci il iyun ayının 30-da XX əsr Azərbaycan
elminin inkişafında müstəsna xidmətləri
olmuş, biologiya elmi sahəsində görkəmli alim və
ictimai-siyasi xadim, AMEA-nın həqiqi üzvü Cəlal Əlirza
oğlu Əliyevin anadan olmasının 90 ili tamam olur. Akademik
Cəlal Əliyevin bu yubileyi yalnız elmi mühitimiz
üçün deyil, bütövlükdə
respublikamızın ictimai-mədəni həyatında əlamətdar
bir hadisədir. Çünki adı Azərbaycanın elmi və
ictimai fikir tarixinə qızıl hərflərlə
yazılmış akademik Cəlal Əliyevin şəxsiyyəti,
elmi, elmi-təşkilati, ictimai-mədəni, praktiki istiqamətləri
özündə birləşdirən geniş fəaliyyət
spektri, bütövlükdə XX əsrin ikinci yarısı,
Azərbaycan elmi və ictimai düşüncəsinin təşəkkülündə
və inkişafında müstəsna rol oynamışdır.
Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin
yaranması və inkişafı məhz Cəlal Əliyevin
adı ilə bağlıdır. Onun şərəfli
ömür yolu Azərbaycan elminin inkişafına və
yüksəlişinə həsr olunmuşdur. Cəlal Əliyevin
çətin, lakin şərəfli və mənalı
ömür yolu, zəngin elmi fəaliyyəti əsl həyat
məktəbi, elmi ideallara xidmətin parlaq nümunəsidir.
Alimin elmi irsi, təcrübəsi misilsiz mənəvi sərvətlər
xəzinəsidir. Yüksək intellektə və dərin
biliyə malik alim olan Cəlal Əliyev öz fəaliyyəti
ilə hər zaman elmi fikrimizi ən yeni nailiyyətlərlə
zənginləşdirmişdir.
Hər bir alimin ən böyük xidmətlərindən
biri fərdi elmi nailiyyətləri ilə bərabər,
özündən sonra elmi məktəb yaratması ilə
ölçülür. Cəlal Əliyev Azərbaycan elm
tarixində bu baxımdan müstəsna xidmətləri olan
bir şəxsiyyətdir. Onun yaratdığı elmi məktəbin
şöhrəti Azərbaycanın hüdudlarını
aşaraq bütün dünyada tanınmışdır. Onun
elmi məktəbinin yetirmələri olan alimlər bu gün
dünyanın ən nüfuzlu elmi mərkəzlərində
Azərbaycan elmini layiqincə təmsil etməkdədirlər.
Məlumdur ki, Cəlal Əliyevin mənsub olduğu ailə
XX əsr Azərbaycanın sosial-mədəni
inkişafında, respublikamızda elmi və ictimai
düşüncənin formalaşmasında müstəsna rol
oynamışdır. Bu ailənin nümayəndəsi,
xalqımızın ümummilli lideri Heydər Əliyev istər
sovet hakimiyyəti illərində, istərsə də müstəqillik
mərhələsində Azərbaycanın inkişafında
müstəsna xidmətlər göstərmişdir. Müasir
Azərbaycanda ictimai-mədəni həyatın elə sahəsi
yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin
fundamental nəticələri aydın şəkildə
görünməsin. Bu sahələr içərisində
elmin xüsusi yeri vardır. İstər sovet hakimiyyəti illərində,
istərsə də müstəqillik dövründə Heydər
Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas
istiqamətlərindən birini təşkil etmişdir.
Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin elm
siyasətinin reallaşmasında Cəlal Əliyevin müstəsna
xidmətləri olmuşdur. Heç də təsadüfi
deyildir ki, Azərbaycan elminin yalnız keçmiş SSRİ
miqyasında deyil, dünya miqyasında çoxsaylı elmi
uğurları məhz ötən əsrin 60-70-ci illərinə
təsadüf edir. Akademik Cəlal Əliyev məhz belə bir
şəraitdə fəaliyyət göstərmiş, bu
uğurların əsas müəlliflərindən
olmuşdur.
Elmin ən uca zirvələrini fəth etmiş Cəlal Əliyevin
həyat bioqrafiyası olduqca sadə bir başlanğıca
malikdir. O, 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində
anadan olmuşdur. 1944-cü ildə Naxçıvan Müəllimlər
İnstitutunun Təbiətşünaslıq-coğrafiya,
1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin
Biologiya fakültəsini fərqlənmə diplomu ilə
bitirmişdir. 1955-ci ildə “Bitki fiziologiyası” ixtisası
üzrə namizədlik, 1971-ci ildə doktorluq
dissertasiyalarını müdafiə etmişdir. 1976-cı ildə
Azərbaycan Elmlər Akademiyasının müxbir
üzvü, 1980-ci ildə həqiqi üzvü
seçilmişdir.
Elmi fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik
İnstitutunun Bitki fiziologiyası şöbəsində
başlayan Cəlal Əliyev burada laboratoriya və şöbə
müdiri vəzifələrinə qədər yüksəlmişdir.
O, eyni zamanda 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının
Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaratmış, onu
böyük kadr potensialı və maddi-texniki bazası olan
laboratoriya və şöbə səviyyəsinə qədər
inkişaf etdirmiş və 1990-cı ildən etibarən
ömrünün sonunadək Bioloji məhsuldarlığın
fundamental problemləri şöbəsinə rəhbərlik
etmişdir. 1981-1990-cı illərdə Azərbaycan EA Biologiya
Elmləri Bölməsinin akademik-katibi olmuşdur. Uzun illər
EA-nın Rəyasət Heyətinin üzvü olmuşdur.
Cəlal Əliyev keçən əsrin 70-ci illərində
Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o
cümlədən, molekulyar biologiya, molekulyar genetika, gen və
hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter
biologiyası və bioinformatikanın bünövrəsini
qoymuş, onların hərtərəfli inkişafının
başlıca istiqamətlərini müəyyənləşdirmiş
və fundamental tədqiqatlarla zəngin bir məktəb
formalaşdırmışdır.
Cəlal Əliyevin elmi fəaliyyətinin əsas istiqaməti
kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq
proseslərinin nəzəri əsasları kimi fotosintez və
fototənəffüs proseslərinin tədqiqinə həsr
olunmuşdur. O, bitkilərin məhsuldarlığının
fizioloji, biokimyəvi, biofiziki və molekulyar-genetik əsaslarını,
eyni zamanda bitkilərin həyatının struktur-funksional təşkilinin
molekulyar səviyyədən başlayaraq, bütöv bitki və
əkinə qədər bütün mərhələ və
formalarında məhsuldarlıq proseslərini öyrənməklə
yüksək məhsuldarlığının təməlində
duran əsas prinsipləri işləyib
hazırlamışdır. Fototənəffüs prosesi ilə
bağlı əldə edilən qlobal nəticə isə
dünya elminin tarixinə yazılmışdır.
Onun inkişaf etdirdiyi elmi istiqamətlərdən biri də
torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının
çirklənməsinin müəyyənləşdirilməsi
ilə bağlıdır. Onun bu problemlə əlaqədar
fundamental əsərləri beynəlxalq miqyasda çox
yüksək qiymətləndirilmişdir.
Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini
daim diqqət mərkəzində saxlayan alimin Azərbaycanda
bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı
beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin
mühafizəsi və səmərəli istifadəsi
strategiyasının işlənib hazırlanmasında
mühüm xidmətləri vardır. Cəlal Əliyevin rəhbərliyi
altında Azərbaycanda bitki genetik ehtiyatları üzrə
Milli Proqram və biomüxtəlifliyin qorunması və səmərəli
istifadəsi strategiyası və fəaliyyət planı
işlənilib hazırlanmış, Bitki Genbankı
yaradılmış, Azərbaycanda təbii floranın öyrənilməsi
sahəsində mühüm işlər
görülmüş, 2013-cü ildə “Azərbaycanın
Qırmızı Kitabı”nın 2-ci nəşri
hazırlanaraq nəşr olunmuşdur.
Cəlal Əliyev dərin fundamental
araşdırmaları böyük praktika ilə birləşdirməyi
bacaran nadir alimlərdən idi. Öz məktəbini formalaşdırmış
alimin yaradıcılığının əhəmiyyətli
hissəsi taxılçılığın inkişafına
yönəlmişdir. Fundamental tədqiqatların nəticələrinin
seleksiya işlərində kompleks şəkildə həyata
keçirilməsi nəticəsində Cəlal Əliyev tərəfindən
yüksək məhsuldarlığa malik qiymətli buğda
sortları yaradılmışdır. Alimin rəhbərlik
etdiyi laboratoriyalarda alınan nəticələr bir çox
beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin
tədqiqat proqramlarında yüksək səviyyədə
qarşılanmışdır.
Cəlal Əliyevin çoxillik
axtarışlarının nəticələri Azərbaycanda
və xaricdə nəşr olunmuş 25 fundamental monoqrafiya və
kitabda, 800 elmi əsərdə və 20 müəlliflik şəhadətnaməsində
öz əksini tapmışdır.
Akademik Cəlal Əliyevin rəhbərliyi ilə 15 elmlər
doktoru, 80 elmlər namizədi hazırlanmışdır. Cəlal
Əliyevin tələbələri ölkəmizin və
dünyanın ən aparıcı elm mərkəzlərində
və universitetlərində bu gün də uğurla fəaliyyət
göstərərək Azərbaycan xalqını ləyaqətlə
təmsil edirlər.
Geniş diapazonlu elmi fəaliyyəti ilə Cəlal Əliyev
Azərbaycan elminin təşkili işində və inkişafında,
dünyada tanınmasında, təbliğ olunmasında və
beynəlxalq elmi təşkilatlarla əlaqələr
qurulmasında, ölkə elminin beynəlxalq elm məkanına
inteqrasiyasının dərinləşdirilməsində
misilsiz xidmətlər göstərmiş və eyni zamanda
dünya elminə dəyərli töhfələr vermişdir.
Alim Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi
Şurasının biologiya elmləri üzrə problem
şurasının sədri və bir sıra elmi və
müdafiə şuralarının üzvü kimi, fiziki-kimyəvi
biologiya sahəsində tədqiqatların genişlənməsinə
və düzgün istiqamətləndirilməsinə şərait
yaratmışdır.
Cəlal Əliyev 1981-ci ildən ömrünün sonuna
kimi “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri”
jurnalının baş redaktoru, “AMEA-nın məruzələri”
jurnalının və bir sıra beynəlxalq jurnalların
redaksiya heyətinin üzvü və fəxri üzvü
olmuşdur.
1999-cu ildə UNESCO-nun nəzdində
yaradılmış “Bioetika, elmi biliklərin və
texnologiyaların etikası” Milli Komitəsinin rəhbəri
kimi Cəlal Əliyev insan hüquqları və tibbi, bioloji
elmlərin dəyərlərinin Azərbaycan qanunvericiliyinin bioetik
prinsiplərinə uyğun tənzimlənməsi və
insanların gündəlik həyatlarında onların tətbiqinə
çalışmışdır. Onun daimi diqqəti ilə
müasir biologiya, kənd təsərrüfatı və tibbdə
aparılan tədqiqatların bioetik problemləri və
onların həlli yolları aydınlaşdırılmışdır.
Cəlal Əliyev iştirakçısı olduğu
mötəbər simpozium, konqres və forumlardakı dolğun
çıxışları ilə Azərbaycan elmini layiqincə
təmsil etmişdir. Eyni zamanda Beynəlxalq Fotosintez cəmiyyətinin
təşəbbüsü və təşkilatçılığı
ilə 2011 və 2013-cü illərdə Bakı şəhərində
böyük alimə həsr olunmuş “Davamlı inkişaf
naminə fotosintez tədqiqatları” mövzusunda beynəlxalq
konfranslar keçirilmişdir.
Akademik Cəlal Əliyevin rəhbərlik
etdiyi Bioloji məhsuldarlığın fundamental problemləri
şöbəsində aparılan fundamental tədqiqatları
və əldə edilən böyük nəticələri,
mövcud kadr potensialını ( burada 1 nəfər akademik, 4
- AMEA-nın müxbir üzvü, 4 - elmlər doktoru, 22 nəfər
fəlsəfə doktoru fəaliyyət göstərir və
şöbənin əməkdaşlarının 60 faizini gənclər
təşkil edir), molekulyar biologiya və biotexnologiya sahələrinin
Azərbaycanda inkişafının aktuallığı və
perspektivliyini nəzərə alaraq, Azərbaycan Milli Elmlər
Akademiyasının 30 iyun 2014-cü il tarixli ümumi
yığıncağında bu şöbənin bazasında
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun
yaradılması haqqında qərar qəbul edilmiş və
institut 01 iyul 2016-cı il tarixdən müstəqil fəaliyyət
göstərməyə başlamışdır.
Akademik Cəlal Əliyevin Azərbaycanda
elmin inkişafı sahəsində çoxillik zəngin və
məhsuldar fəaliyyəti dövlət tərəfindən
daim yüksək qiymətləndirilmişdir. Alim müstəqil
Azərbaycan Respublikasının ali mükafatları olan
“İstiqlal”, “Şərəf” ordenlərinə və Azərbaycan
Respublikası Prezidentinin “Fəxri diplom”una layiq
görülmüşdür. O, iki dəfə
“Qırmızı Əmək Bayrağı” ordeni, “Böyük
Vətən müharibəsində fədakar əməyə
görə” medalı, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları
ilə təltif olunmuş və “Əməkdar elm xadimi” fəxri
adına layiq görülmüşdür. Cəlal Əliyev əldə
etdiyi elmi nailiyyətlərə görə bir çox beynəlxalq
mükafatlar almışdır. O, Gürcüstan
Respublikasının “Şərəf” ordeni ilə təltif
edilmiş, Rusiya Kənd Təsərrüfatı Elmləri
Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmləri
Akademiyasının xarici üzvü, bir çox beynəlxalq
cəmiyyətlərin respublikamızda təmsilçisi və
üzvü seçilmişdir.
Akademik Cəlal Əliyevin elmi və
ictimai mühitdə qazandığı böyük hörmət
onun taleyüklü məsələlərdə nümayiş
etdirdiyi yüksək prinsipiallığı ilə
bağlıdır. Ölkəmizdə XX əsrin
axırlarında cərəyan edən mürəkkəb
ictimai-siyasi proseslərdə əsl vətəndaş
mövqeyi tutmuş, milli mənafelərin müdafiəsi
işinə sanballı töhfələr vermişdir. Milli
dövlətçiliyin qorunması, Azərbaycanın milli
maraqlarının müdafiəsi ilə bağlı Cəlal Əliyevin
haqq səsi həmişə ən uca tribunalardan səslənmişdir.
Elmdə mənəvi-intellektual varislik olduqca
mühüm faktordur. Akademik Cəlal Əliyev o nadir şəxsiyyətlərdəndir
ki, belə bir mənəvi-intellektual varisliyə nail ola
bilmişdir. 90 illik yubileyi ərəfəsində Azərbaycan
alimlərinin onun ruhu qarşısında həyata keçirə
biləcəyi ən böyük missiya Azərbaycan elmini, onun
müqəddəs məbədi Elmlər Akademiyasını
inkişaf etdirməkdir. Nə qədər ki, Azərbaycanda
akademik Cəlal Əliyev kimi ziyalıların
yandırdığı elm işığının nuru
şölələnəcək, onun ruhu da daim şad
olacaqdır.
Akif ƏLİZADƏ,
AMEA-nın prezidenti,
Asəf HACIYEV,
Akademik
Azərbaycan.- 2018.- 30 iyun.- S.10.