Qafqazın ən böyük sənaye
kompleksi
Sumqayıt Kimya Sənaye
Parkındakı müəssisələr məhsullarını
“Made in Azerbaijan” brendi ilə ixrac edir
Bir vaxtlar bu ərazi beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli məkanlarından biri hesab olunurdu. Bura təkcə ekoloji tarazılığın pozulduğu ərazi deyil, yaşayış üçün də çox təhlükəli yer sayılırdı. Lakin müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi strategiyasına uyğun olaraq ərazidə öncə abadlıq işləri aparıldı və sonra paytaxt Bakıdan 32.5 km məsafədə yerləşən bu məkanda nəhəng infrastruktur layihələri reallaşdırıldı. İndi bu ərazidə Qafqazın ən böyük sənaye kompleksi olan Sumqayıt Kimya Sənaye Parkı yerləşir.
16 rezident,
2.7 milyard dollarlıq investisiya
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da sənayeləşmə iqtisadi siyasətin prioritetlərindəndir və bu sahədə ölkəmiz zəngin ənənələrə malikdir. Müasir dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, yeni çağırışlara, yeni yanaşmalara əsaslanmalıdır.
Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli fərmanına əsasən yaradılan Sumqayıt Kimya Sənaye Parkının ərazisi 506 hektardır. Ümumi sənaye zonası 450 hektar, sosial zona 21 hektar, ümumi məskunlaşma isə 74 faizdir.
Təməli 2013-cü ilin oktyabr ayında qoyulan Sumqayıt Kimya Sənaye Parkının 16 rezidenti var. Rezidentlər 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azad olunublar. Bu şirkətlər tərəfindən sənaye parkına ümumilikdə 2.7 milyard dollar investisiya yatırılması gözlənilir. Ötən ilin dekabrında burada daha 4 müəssisə fəaliyyətə başlayıb, eləcə də 3 müəssisənin təməli qoyulub. Hazırda parkda 6 müəssisə fəaliyyət göstərir ki, onların istehsal etdiyi bir sıra məhsullar “Made in Azerbaijan” brendi adı altında xaricə də ixrac edilir. Elə biz də həm istehsal prosesi, həm də təməli qoyulan müəssisələrdə aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olmaq üçün Sumqayıt Kimya Sənaye Parkına yollandıq.
İldə 72 növdə 30 min ton sürtkü
yağları istehsal edilir
Sənaye parkında yeni fəaliyyətə başlayan müəssisələrdən biri “Alco Lubricant” MMC-nin Sürtkü Yağları Zavodudur. 2016-cı ildə sənaye parkının rezidenti statusunu alan şirkət parkın 2,5 ha torpaq sahəsində Almaniya texnologiyası əsasında ildə 72 növdə 30 min ton sürtkü yağlarını istehsal edir.
Bu yağlar əsasən avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetika sahələrində istifadə olunur. Şirkət xammalı Rusiya və Avropa ölkələrindən, eləcə də “SOCAR”dan alır. Alınan baza yağlarına müxtəlif qatqılar qatmaqla yeni məhsul istehsal edilir.
Avtomobil və gəmilər üçün
sürtkü yağları necə
hazırlanır
Baza yağları vaqonlarla düz zavodun ərazisinə gətirilərək çənlərə doldurulur. Laboratoriyada yoxlanıldıqdan sonra blenderlərə ötürülür. Zavoda gələn yağların tərkibi bəzən çox qatı olur və bəzən də şaxtalı havada qatılaşır. Ona görə də ərazidə buxar-istilik məntəqəsi də inşa olunub ki, çənlərdəki və blenderdəki yağları müəyyən temperaturda saxlasınlar.
Burada baza yağlarına bəzi qatqılar
qatıldıqdan sonra müəyyən temperaturda qarışdırılaraq bişirilir. Məhsulun tam hazır olması laboratoriyanın verdiyi analiz cavablarından sonra bilinir. İstehsal olunacaq
yeni yağların bütün parametrləri
uyğun gələnə
qədər baza yağları blenderdə
4-6 saat qarışdırılır.
Ən maraqlısı odur ki, bütün bu sistem avtomatik
həyata keçirilir,
prosesdə insan əməyindən istifadə
olunmur. Proses kiçik monitor vasitəsi
ilə idarə edilir. Elektron tapşırıqlar verildikdən sonra sistem işə düşür və tam yekunlaşdıqdan sonra siqnal verir. Buna baxmayaraq zavodda
ilkin mərhələdə
100 nəfər işçi
çalışır.
Məhsul tam hazır olduqdan sonra birbaşa daxildəki hazır məhsul çənlərinə
vurulur. Bundan sonra yağlar
paketləmə məntəqəsinə
ötürülür.
Burada Almaniya,
İtaliya istehsalı
olan müxtəlif avadanlıqlar vasitəsi ilə qablaşdırılır
və “Aminol” adı ilə “Made in
Azerbaijan” brendi kimi satışa çıxarılır.
Qiyməti isə xaricdən
gələn yağların
yarı qiymətinədir.
İstehsal edilən yüksək keyfiyyətli və rəqabətədavamlı yağlar
yerli bazarda satılmaqla yanaşı,
bir qisminin də Türkiyə, Gürcüstan və MDB ölkələrinə ixrac
edilməsi nəzərdə
tutulub.
Məşhur “Parker” şirkəti
ilə əməkdaşlıq
Sənaye parkının
digər yeni müəssisəsi “MST Group” şirkətinə
daxil olan “MST Engineering
Services” MMC-dir. 14 mart 2016-cı il tarixdə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilən müəssisə ABŞ-ın
“Parker Hannifin” şirkəti ilə birgə ilkin mərhələdə
ildə 30 min ədəd
müxtəlif növ
və çeşiddə
aşağı, orta və yüksək təzyiqə davamlı xortum və fitinq birləşmələrinin
istehsalını həyata
keçirir. İkinci mərhələdə isə ultra yüksək təzyiqli xortum və polad, paslanmaz boru birləşmələri istehsal
ediləcək.
Bundan başqa, müəssisədə
müxtəlif növ
aparatlara texniki xidmətlər də göstərilir. Belə ki, neft-qaz sahəsində və digər elektron sistemli qurğulardan istifadə edən şirkətlər həmin
cihazlar xarab olduqda bu müəssisəyə
müraciət edirlər.
Çünki burada çalışanlar
ABŞ-da və digər ölkələrdə
ixtisas kursu və təlimlər keçərək sertifikatlara
sahib çıxan mütəxəssislərdirlər.
Şirkətə daxil olan cihazlar öncə laboratoriyada yoxlanılır
və nasazlığının
səbəbi müəyyən
edilir. Bundan sonra cihaz təmir olunaraq işlək vəziyyətə
gətirilir.
İnvestisiya həcmi 5 milyon ABŞ dolları olan müəssisədə istehsal
edilən avadanlıqlar
kimya, maşınqayırma,
metallurgiya, neft-qaz, tikinti və qida sənayesində istifadə olunur. Müasir avadanlıqlar
və texnologiyalarla təchiz edilən zavodda ilkin mərhələdə
40 nəfər işlə
təmin olunub. Zavodda istehsal edilən məhsullar daxili tələbatı ödəməklə
yanaşı, MDB ölkələrinə
də ixrac olunacaq.
Şüşəyə olan
tələbat daxili istehsal hesabına ödəniləcək
Sənaye parkında tikintisi aparılan yeni müəssisələrdən biri
dekabrın 15-də təməli
qoyulan “AzerFloat” QSC-nin termoformasiya metodu ilə Şüşə İstehsalı
Zavodudur.
Hazırda tikinti işləri sürətlə davam edən zavodun ərazisində anbarın
bünövrəsi qoyulub
və monolit dəmir-beton işləri
görülüb. Tikinti işlərinə
xeyli sayda texnika və 130 nəfərə yaxın işçi qüvvəsi
cəlb olunub.
2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulan zavodda il ərzində termoformasiya metodu ilə 8 milyon kvadratmetr şüşə istehsal olunacaq. Məhsulların yüksək keyfiyyəti ilə yanaşı, rəqabətqabiliyyətli olmasına da xüsusi diqqət yetiriləcək. Müəssisənin istifadəyə verilməsi ilə Azərbaycanın bu sahədə ixrac potensialı da güclənəcək. Zavodun məhsullarının Rusiya, Türkiyə, Gürcüstan, Mərkəzi və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır. Bu zavod fəaliyyətə başladıqdan sonra Azərbaycanda şüşəyə olan tələbat tam təmin ediləcək. Yeni müəssisədə 180 nəfər işlə təmin olunacaq.
Onu da vurğulayaq ki, sənaye parkının ərazisində ötən ilin dekabrında təməli qoyulan digər müəssisələr “Azərxalça” ASC-nin Yunəyirici-boyaq, “Tabaterra” QSC-nin siqaret istehsal edəcək, Tütün məmulatları istehsalı fabriklərində, eyni zamanda, bu il istismara veriləcək “SOCAR Polymer”in və SOCAR Karbamidin zavodlarında, Silisium və Kalsium İstehsalat Müəssisəsinin, “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”nin istehsalat sahələrində tikinti işləri sürətlə davam edir.
Modern sənayeləşmə, azalan
idxal, artan ixrac potensialı
Sənaye potensialı üçün
vacib olan müəssisələrin fəaliyyətə
başlaması Azərbaycanın
idxaldan asılılığını
aradan götürəcək,
yerli istehsalını
artıracaq. Əlbəttə ki, bütün
bunlar modern sənayeləşmə
siyasətinin təntənəsidir.
Həm ərazisi, həm də yatırılan investisiyaların həcminə
görə Sumqayıt
Kimya Sənaye Parkı dünya miqyasında böyük bir sənaye mərkəzidir. Dövlətin uğurlu sənayeləşmə
siyasətinə uyğun
olaraq, innovativ və yüksək texnologiyalar əsasında
rəqabətqabiliyyətli sənayenin inkişafına
yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin
etmək və əhalinin istehsal sahəsində məşğulluğunu
artırmaq məqsədilə
ölkədə sənaye
parkları və sənaye məhəllələrinin
yaradılması prosesi
davam edir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.-1 mart.- S.1; 4.