Yaqub Mahmudov: “ Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmədirlər

 

Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot da təsdiq edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Ankarada Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan beynəlxalq simpoziumda bildirib.

Y.Mahmudov deyib ki, tarixdən, tarixi hadisələrdən, o cümlədən Xocalı soyqırımından ibrət dərsi almaq lazımdır. İyirmi ildən çoxdur ki, BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilmir. Beynəlxalq hüquq yoxdur, beynəlxalq güc var. Bu gün münaqişələrin hamısı türk-İslam coğrafiyasında cərəyan edir. Biz terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Azərbaycanın və Türkiyənin terror təşkilatı yoxdur, amma ermənilərin yüzlərlə terror təşkilatı var.

İnstitutun direktoru bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala müsahibəsində Xocalı soyqırımının təşkilatçılarından olduğunu etiraf edib. S.Sarkisyan lovğalıqla belə deyib: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik”.

Akademik vurğulayıb ki, Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilədək Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. “Biz hər zaman ermənilərə əl uzatmışıq. O əlin ən uzununu “Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq” deyərək Məhəmməd Əmin Rəsulzadə uzadıb. Cümhuriyyət zamanı parlamentdə ermənilərə yer verdik. Amma ermənilər bizim əlimizi tutmadılar. 1918-ci ildə Londona göndərdiyi məlumatda general Tomson Fətəli xan Xoyski haqqında yazırdı: “O, ağıllı adamdır, hüquqşünasdır və öz bacarığı ilə Qafqazda bizə məlum olan bütün əvvəlki dövlət qurumlarından daha mükəmməl dövlət qurumu yaratmışdır. Mənimlə görüş zamanı o, ermənilərin xəyanətindən yana-yana danışırdı”.

 

Azərbaycan.- 2018.- 1 mart.- S.3.