Paytaxtın rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandum
imzalanıb
Memorandum Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və “PASHA Travel” şirkətinin birlikdə rəsmi şəhər kartı yaratmaq məqsədilə keçirdikləri görüşdə imzalanıb.
Görüşdə “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Zenqstşmid bildirib ki, “Baku Card”, Azərbaycanda ilk və Bakı şəhərinin yeganə rəsmi şəhər kartıdır: “Bu kartlar Azərbaycanın turizm sektorunun inkişafına öz töhfəsini verəcək. Belə ki, kart sahibləri ictimai nəqliyyatdan pulsuz, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edəcək. Bundan əlavə, “Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və digər müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər. Kartların istifadə müddəti birgünlük, üçgünlük və birhəftəlik olacaq. Birgünlük kartların qiyməti 35 manat, üçgünlük kartların 60 manat, bir həftəlik kartların isə 90 manat dəyərində olması nəzərdə tutulub”.
F.Zenqstşmid qeyd edib ki, yeni kartlar bir neçə aydan sonra istifadəyə veriləcək və gələcəkdə bu kartların Azərbaycan üzrə istismarı mümkündür. Yeni “Baku Card”ın maliyyə işləri “PASHA Travel” tərəfindən qarşılanır. Kartın istifadəyə verilməsi və səmərəliliyinin artırılması üçün şirkət Bakı Nəqliyyat Agentliyi və Milli Turizm Təbliğat Bürosu ilə birlikdə fəaliyyət göstərəcək.
Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev bildirib ki, “Baku Card” paytaxta və ölkəmizə turistlərdə daha çox maraq yaratmasına səbəb olacaq yeni bir məhsuldur: “Yeni istifadəyə veriləcək “Baku Card”lar Azərbaycanda turizm potensialını daha da artıracaq. Kartlardan yerli əhali və turistlər yararlana biləcəklər. Kart sahiblərinə “Baku Card” ilə yanaşı, endirimlər və xüsusi təkliflər əldə edə biləcəkləri mağaza və restoranların siyahısı olan broşürlər də veriləcək”.
F.Nağıyev qeyd edib ki, hazırda Milli Turizm Təbliğat Bürosu özəl müəssisələrin “Baku Card” layihəsinə qoşulmaları üçün danışıqlar aparır. Yeni kartdan bir çox obyektlərdə istifadə olunması və kartın cəlbediciliyinin artırılması istiqamətində işlər görülür.
Bakı Nəqliyyat Agentliyinin direktorunun müşaviri Mübariz Abbasov isə bildirib ki, hazırda 21 marşrut
xətti üzrə avtobuslarda gediş haqqı “BakıKart” ilə həyata keçirilir: “Yeni layihəyə
əsasən, “Baku Card”
sahibləri də ictimai nəqliyyatdan, o cümlədən metrodan
pulsuz istifadə edə biləcəklər.
Hazırda Bakıda nəqliyyat sahəsində
optimallaşdırma işləri aparılır. Gələcəkdə
yeni kartlardan daha çox marşrut xətti üzrə avtobuslarda
istifadə ediləcək. Həmçinin bu
kartlar ölkəyə gələn turistlərin
“28 May” metro
stansiyası - Heydər Əliyev Beynəlxalq Aeroportu
istiqamətində fəaliyyət göstərən ekspress avtobuslarda da istifadə etməsinə imkan
yaradacaq”.
Azərbaycan.-
2018.- 1 mart.- S.3.