Xocalının beş Milli Qəhrəmanından biri
Araz Səlimovu Xocalıda və ona yaxın
ərazidə yaxşı
tanıyırdılar. Yaşı o qədər də çox deyildi. 32 yaşı təzəcə
tamam olmuşdu. Amma bu yaşın çərçivəsinə sığmayan əməlləri
vardı. Xocalının ən çətin günlərində darda qalanlara, çətin vəziyyətə düşənlərə
kömək etmişdi.
Onları təhlükəsiz yerlərə çatdırmışdı.
Belə adamların sayı bir deyildi,
beş deyildi.
Ona görə də Araz Səlimova müraciət edənlər
yaxşı bilirdilər
ki, darda qalmayacaqlar. Könüllülərdən ibarət batalyona
yazılanda hər şeyi ölçüb-biçmişdi.
Bilirdi ki, bu torpaq
uğrunda ölmək
olar və bu ölümü şərəfli yaşamaq
qədər uca tuturdu.
O qədər əməliyyatlarda iştirak
etmişdi ki... Özü də bu ərazini
yaxşı tanıdığına
görə onu ən çətin tapşırıqların yerinə
yetirilməsinə göndərirdilər
və inanırdılar
ki, Araz tapşırılan işin
öhdəsindən ləyaqətlə
gələcək. Bircə şeydən
tərəddüd edirdi.
Deyirdi ki, sonuncu gülləni
öz ürəyimə
sıxaram, təki erməni quldurlarına əsir düşməyim.
Ermənilərin törətdikləri açıq və gizli cinayətlərdən
xəbəri vardı.
Ən çətin döyüşlərdə açıq-aşkar
hiss etmişdi ki, ermənilərin heç kəsə - nə qocalara, nə uşaqlara, nə də qadınlara güzəşti yox idi. Onların bircə məqsədi vardı: məhv etmək, öldürmək,
günahsız adamlara
cəza vermək...
1992-ci il
fevral ayının
26-da bir daha sübut olundu ki, erməni quldurları ən ağır cinayətlərə
əl atmaqdan belə çəkinmirlər.
Xocalıda törədilən soyqırımı tarixin ən dəhşətli faciələrindən biridir.
Bəzi faktları olduğu kimi sadalayaq: Xocalı soyqırımında 63 uşaq,
100-dən çox qadın,
76 qoca, bir sözlə, 613 Xocalı sakini qətlə yetirilib. Yaşayan bir şəhəri
Yer üzündən silmək ermənilərin
başlıca məqsədi
olub. Bütün bunları vaxtında,
vədəsində dünyaya
çatdıra bilməsək
də, o vaxtdan bəri çox işlər görülüb.
Ermənilərin belə vəhşiliklərindən
xəbəri olan Araz Səlimov dinc əhaliyə kömək etmək üçün yorulmaq bilmirdi. Sonuncu dəfə Əskərandan
geriyə dönəndə
düşmən mühasirəsinə
düşdü. Onda
qardaşı Fəxrəddinlə
atası Bahadur kişi də
yanında idi. Çətin vəziyyətdə qalmışdılar. Amma Araz
son nəfəsinə qədər
düşmənə asanlıqla
təslim olmadı.
Deyirlər ki, düşmənlər
onu ələ keçirmək üçün
bütün vasitələrdən
istifadə edirdilər.
Ona görə ki, Arazın iştirak etdiyi əməliyyatlarda düşmən xeyli itkiyə yol verirdi. Özü demişkən, biz ölməyə yox, öldürməyə gedirik.
Elə bir düşmənlə üz-üzəyik ki, onlara zərrə qədər də güzəşt edə bilmərik.
Arazın çətin məqamlarda
əməliyyatları uğurla
başa çatdırması
tez-tez baş verirdi. Batalyonda hamı ona inanırdı. Bilirdilər ki,
Araz düşmənin
mövqelərinə yaxşı
bələddir. Bir
dəfə atası Bahadur kişi
çətin əməliyyatdan
onu yayındırmaq istəmişdi. Amma Araz inadından
dönməmişdi. Demişdi ki,
Xocalını da, ona yaxın bütün əraziləri
də biz qorumalıyıq.
Bu yerləri bizdən
yaxşı tanıyan
yoxdur. Üç övladı var
idi, hər dəfə döyüşə
gedəndə onlarla halallaşırdı. Övladlarından bir qədər nigaran olsa da,
bu yurdu heç nəyə dəyişmirdi. “Mən Xocalıda doğulmuşam. Son damla qanıma qədər bu doğma ocağımızı
qoruyacağam” - deyirdi.
Bəlkə də Xocalıda
belə bir dəhşətli qətliam
hadisəsi olmazdı.
Fevralın 26-da hadisələr baş verən gecə Xocalıdan Bakıya kömək üçün zənglər
olurdu. Bu gecə zənglərinə
paytaxt o qədər laqeyd qalırdı ki, xocalılılar nə edəcəklərini
bilmirdilər. Bircə
çarələri qalmışdı:
dağlara, yollara səpilmək, bir cığırın, izin
axırına qədər
getmək... Bəlkə də bu yolun son ucunu heç özləri də bilmirdi. Qarlı, şaxtalı, sazaqlı bir gün idi.
Nə yaxşı ki, yollara az-çox bələdçilikləri var
idi. Yoxsa heç sağ
qalan olmazdı.
O qədər adamı
don vurmuşdu ki... Günahsız adamları sorğu-sualsız
güllələyirdilər. Ermənilərin vəhşilikləri heç müharibə qanunlarına da uyğun gəlmirdi. Onları himayə edən sovet ordusunun 366-cı motoatıcı alayı güclü silahlanmışdı.
Bütün bunların qarşısında
əliyalın adamlar axıra qədər mətanətlə dayanmışdılar.
Düşmənə asanlıqla təslim
olmaq istəmirdilər.
Xocalının həmin dövr
icra hakimiyyəti başçısı olmuş
Elman Məmmədov deyir
ki, adamlar sonuncu tikəni bölürdülər, amma
düşmənə təslim
olmurdular. Həmin gecə
1275 nəfər əsir
götürüldü. 130 uşaq valideynlərindən
birini itirdi, 8 ailə məhv edildi. Bu faktları
ona görə sadalayırıq ki, Xocalıda bütün qanunlar pozulmuşdu. İnsan haqları deyilən şey zərrə qədər də nəzərə alınmırdı.
Həmin günün səhərisi
Xocalıdan gələn
kiçik nümayəndə
heyəti Prezident Administrasiyasında mətbuat
konfransı keçirirdi. Azərbaycan televiziyasının
çəkiliş qrupu
ilə həmin tədbirdə iştirak edirdik. Elman Məmmədov,
məhv olmuş şəhərin prokuroru Atakişi Atakişiyev Prezident Administrasiyasının
geniş dəhlizində
səlahiyyətli adam axtarırdılar
ki, dərdlərini desinlər. Amma heç kəs
onların fəryadını
eşitmək istəmirdi.
Həmin
günlərdə paytaxtın
başı vəzifə
bölgüsünə qarışmışdı.
Xocalı soyqırımı o qədər də yada düşmürdü.
Elman Məmmədov əlacsız qalıb jurnalistlərdən kömək
istəyirdi. Amma bilirdi
ki, bizi sərt senzor nəzarəti gözləyir.
Sonda
Elman Məmmədovu və
Atakişi Atakişiyevi
İttifaqın Azərbaycandakı
keçmiş canişini
Viktor Polyaniçkonun qəbuluna
göndərdilər. İlahi, təzada baxın... Sovet ordusunun 366-cı motoatıcı alayı ermənilərlə birgə
ağır cinayət
törədir, nəticəni
yenə İttifaq canişini müzakirə edir. Hansı ədalətli qərardan
söhbət gedə bilərdi? Bax, Xocalı belə
təklənmişdi. Yalnız öz qüvvələrinə
güvənən bu adamlar çarəsiz qalmışdılar. Hələ mühasirəyə
düşəndə Araz
Səlimov demişdi ki, atamı da, qardaşımı da itirsəm, Xocalını itirmək istəmirəm. Bura mənim
ata-baba yurdumdur. Üç övladımın böyüdüyü
məkandır. Biz sona qədər hər şeyi varisliklə qorumalıyıq.
Araz kimi oğulların əqidəsi
nə qədər möhkəm olsa da, köməkləri az idi.
Xocalı barədə filmlər də çəkilib, kitablar da yazılıb,
amma hələ deyəcəyimiz söz çoxdur. Ona görə ki,
əsl həqiqətlər
sona qədər təhlil olunmayıb.
Hələ bu gün də 150 nəfərin itkin taleyi məlum
deyil. Dünyanın beynəlxalq qurumları
haqq-ədalət səsimizi
axıra qədər eşitmək istəmirlər.
Amma həqiqəti heç vaxt gizlətmək olmaz. Erməni lobbisi, onları
müdafiə edənlər
nə qədər güclü olsalar da, haqqın səsini batıra bilməyəcəklər.
Hər il fevralın 26-da Xocalının soyqırımı
günü anılır,
beynəlxalq ictimaiyyətə
geniş məlumat verilir. Amma bununla
da iş bitmir. Gərək belə bir təbliğatda fasilələr
olmasın. Xocalını yaşatmaq istəyənlər
onu hər gün anmalıdırlar.
Vaxt, zaman bunu tələb
edir. Bir də ki, Xocalının
beş Milli
Qəhrəmanının ruhu
o günlərə qayıdışı
tələb edir. Onlardan biri də
Araz Səlimov idi... Üç övlad atası, Xocalının igid oğlu, Azərbaycanın
Milli Qəhrəmanı!
Bəşir ŞƏRİFLİ
Azərbaycan.-
2018.- 1 mart.- S.6.