“O dünya”dan qayıdan var...

 

Girov götürülən həkim Məmməd Nağıyev yaralı xocalılılar üzərində adi iynə-sapla cərrahiyyə əməliyyatı da aparıb

 

Xocalı dəhşətlərini yaşamış, girovluqda erməni vandallarının insanlığa yaraşmayan hərəkətlərini görənlərdən biri Xocalı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Məmməd Nağıyev olub. O, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, 1979-cu ildən Xankəndidə həkimliyə başlayıb. 1988-ci ildən “DQMV hadisələriilə əlaqədar ona qarşı da təzyiqlər artıb. Orada yaşayan soydaşlarımıza tibbi xidmət göstərmək üçün ermənilərin bütün təqib həqarətlərinə dözərək yerini 1989-cu ilin yanvar ayına kimi tərk etməyib. Həmin tarixdən etibarən o, Xankəndi, Ballıca, Xənzək kəndlərinin əhatəsində, əslində, ermənilərin mühasirəsində qalan Cəmillidə peşə xidmətini davam etdirib. Ağdam-Şuşa yolu ermənilər tərəfindən bağlananda helikopterlə Xocalıdan Şuşaya uçar, oradan isə müxtəlif yollarla Cəmilliyə işə gedərdi.

...Cəmilliyə gedən yollar çox qorxulu idi. 1991-ci ildə Şəkidən Cəmilliyə köməyə gələn milis işçiləri ermənilər tərəfindən məhz o yolda, meşəlikdə güllələnmişdilər. Həmin il avqust ayının 23-də növbəti dəfə Şuşadan Cəmilliyə gedərkən ermənilər meşədə gizləndikləri yerdən çıxaraq avtobusu atəşə tutmuşdular. Avtobusdakı 21 nəfərdən 3-ü şəhid olmuş, 15-i isə müxtəlif dərəcədə ağır yaralanmışdı. Məmməd həkimin həmin maşında olması yaralıları amansız vaxtsız ölümün pəncəsindən xilas etmişdi. Çünki təcili olaraq yaralıları geriyə, Şuşa xəstəxanasına qaytara bilmişdilər.

Dağlıq Qarabağ Təşkilat Komitəsi yaradıldıqdan sonra da Məmməd Nağıyev erməni daşnakları ilə üz-üzə az qalmayıb: “Arkadi Volskinin rəhbərlik etdiyi Dağlıq Qarabağ Təşkilat Komitəsinin tətbiq etdiyikomendant saatırejimi xəstə üstünə getməyimizə mane olurdu. 1990-cı il fevral ayının 13-də gecə fin evlərinin birindəki xəstəyə baxıb qayıdırdım. Yolda Əsgəranın hərbi komendantı təcili yardım maşınımızı saxladıb yoxladı.Hərbi rejimin qanunu”na tabe olmadığımızı irad tutanda bildirdim ki, xəstə yanından gəlirik. O, qəzəb hiddətlə dedi: “Sən kimsən ki, komendant saatını pozursan?!” O, mənə inanmadı xəstəni görmək üçün birlikdə geri qayıtmağımızı əmr etdi. Biz xəstə olan evə getdik. Komendant xəstə uşağı gördükdən sonra bizi yenə hədələdi: “...Bir komendant saatında xəstə üstünə getsən, cəzan ağır olacaq!”

Verdiyim cavab onu özündən bir az da çıxartdı. Əsgəranda 3 gün kamerada saxlanmağım da məhz həkim kimi andıma sadiqlik nümayişim idi”.

Məmməd Nağıyev o dəhşətli illəri müdhiş gecəni yaddaşına ağrı-acı ilə yazıb. Deyir ki, Xocalı özünümüdafiə taboru yaradılanda orada tibbi xidmət rəisi kimi fəaliyyət göstərib. Əsir düşməsi məhz tibbi xidməti ilə bağlı olub: “O dəhşətli gecə, təxminən saat 4 radələri, yəni səhərə yaxın digərləri kimi, biz mühasirədən çıxmaq üçün Qarqar çayını keçib meşələrə üz tutmuşduq. Təxminən 150 nəfər idik. Təbiətin o gecə sanki xocalılılara qəzəbi tutmuşdu: soyuq insanı qılınc kimi kəsirdi. Yalın ayaqları don vurmuşdu, ona görə çoxu taqətdən düşmüşdü. Erməni vandalları isə meşədə pusquda dayanmış, yolları kəsmişdilər. Camaata qarşı hər cür vəhşilik edir, alçaqcasına qocaya, cavana, uşağa, hamilə qadınlara belə fərq qoymadan atəş açırdılar. Xocalılıları o gecə son nəfərinədək qırmaq istəyirdilər. İki gün idi ki, meşədəydik. Aclıq, soyuq, şaxta çoxlarını taqətdən salmışdı. Ayaqları buz bağlayan qocaları irəli aparmaq olmurdu. Fevralın 27-də Dəhraz kəndi yaxınlığında erməni quldurları ilə üz-üzə gəldik. Atışma başlayanda yaxınlıqdakı dərəyə endik. Birdən məndən irəlidə gedən qadının on yaşlı uşağını vurub yaraladılar. Uşağın yarasını sarımaq üçün ona tərəf sürünəndə güllə papağımın günlüyünü deşib keçdi. Bir qədər gözləyib uşağa tərəf yenidən süründüm yarasını sarıdım. Uşağa baxdığımdan ləngimişdim”...

O gecə mühasirəni yara bilməyən xocalılılardan biri də Məmməd həkim oldu. “O dünyadan gələn” həkim, aradan illər keçsə də, gördüklərindən söz açmağa çətinlik çəkir. Girovluq həyatında da o, həkim kimi peşə andına sadiq qalaraq 7 nəfər ağır yaralı soydaşımızı amansız ölümün pəncəsindən qurtarıb. Hətta Rövşən adlı girovun yarasından axan qanı dayandırmaq üçün burada cərraha da çevrilib: adi iynə-sapla onun yarasını tikib və vaxtsız ölümün qanlı pəncəsindən xilas edib: “Girov götürdükdən sonra ermənilər bizi bir ictimai binaya yığıb üstümüzdəki qiymətli əşyaları əlimizdən aldılar. Hətta bəzilərinin qızıl dişini adi kəlbətinlə çıxarmaqdan çəkinmirdi o vandallar! Əsir götürüldüyümüz təxminən bir saat olardı. Beş-altı erməni dığası içəri soxulub qışqır-bağır saldılar. Anlatdılar ki, hansınınsa birinin qohumu bizimkilər tərəfindən öldürülüb. Ona görə də onun qisasını almağa gəliblər. Bir erməni quldurunun məhv olmasına görə bizdən 13 nəfəri bayıra çıxarıb güllələdilər. Daha dəhşətlisi isə Mesxeti türkü Əhməd adlı bir nəfərin başını kəsib top kimi oynatmaları idi. Baxmaq olmurdu o mənzərəyə. Vəhşiliyin ən alçaq forması idi. Növbə, deyəsən, mənə çatmışdı. İçəridən avtomatın qundağı ilə məni də vurub bayıra atdılar. Bizim dəstədə pulemyotun kimdə olduğunu soruşdular. Bilmədiyimi dedim. Yıxılana qədər döyüb sonuncu dəfə xəbərdarlıq etdilər: “Əgər 15 dəqiqəyə kimi deməsən, başın kəsiləcək!” Mən içəri qaytarılana kimi pulemyotçunun kimliyi artıq onlara məlum olmuşdu. Buna baxmayaraq, məndən əl çəkmək fikirləri yox idi. Həkim kimi döyüşçülərimizə yardım etməyim onları azğınlaşdırmışdı. O qədər döymüşdülər ki, yerə yıxılmışdım. Biri cibindən iri bıçaq çıxarıb sinəmə çökmüşdü. Bu an bir maşın gəldi. İçərisindən iki nəfər mülki geyimli düşüb bizə yaxınlaşdı. Ermənicə nə danışdılarsa, onlar məni yerdən qaldırıb içəri, camaatımızın yanına itələyib saldılar”.

...O günlər arxada qalsa da, həmin yaşantılar öz dəhşətləri ilə Məmməd Nağıyevin yaddaşına qan rəngində yazılıb. 1992-ci ilin may ayında Xocalı taborunun yenidən bərpasında iştirak edən həkim 1995-ci ilə kimi Milli Ordunun sıralarında, əsasən də ön cəbhədə - Ağdam bölgəsində düşmənlə üz-üzə dayanan əsgərlərimizlə çiyin-çiyinə olub, Qaraqaya, Şelli, Naxçıvanik, Pircamal, Aranzəmin, Abdal-Gülablı, Bağbanlar, Fərrux, Papravənd və Şahbulaq uğrunda gedən döyüşlərdə onlarla yaralıya yerində ilk tibbi yardım göstərib. O, bu gün xocalılıların sağlamlığının keşiyində həm də “Azərbaycan Bayrağı” ordenli, əməkdar həkim kimi dayanıb, təqaüddə olsa da...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 1 mart.- S.6.