Xocalı soyqırımından bəhs edən “Zülmətdən qaçarkən” filmi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilib

 

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin Sülh və Ədalət Mərkəzində Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib. Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib. Xatırladaq ki, bu film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

 Tədbiri açan Monterey Şəhər Şurasının keçmiş üzvü Nensi Selfric 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmişmüasir dövrün ən dəhşətli cinayətlərindən biri olan Xocalı qırğını haqqında ətraflı məlumat verərək, gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra çıxış edən Montereyin Yüksək Hərbi Dənizçilik Məktəbinin tələbəsi Emin Qurbanzadə Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında danışaraq, işğal nəticəsində çoxlu sayda dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyini, öz torpaqlarından didərgin düşdüyünü, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmişbu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildirib.

Sonra “Zülmətdən qaçarkən” filmi nümayiş etdirilib. Filmin süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alimjurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır.

Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Monterey şəhəri 2011-ci ildə Lənkəran şəhəri ilə qardaşlaşmış şəhərlər münasibətləri qurub.

 

Azərbaycan.- 2018.- 1 mart.- S.6.