Gəncədə “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir
qadın hərəkatı” mövzusunda
beynəlxalq konfrans keçirilir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Konfransda Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, həmçinin nüfuzlu alimlər, tədqiqatçılar və ölkə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tarixi hadisədir. Dövlət başçısının bu qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir.
Elmar Vəliyev qeyd edib ki, qədim tarixə malik Gəncə zəngin elm-təhsil, mədəniyyət mərkəzi olmaqla yanaşı, həm də türk-müsəlman Şərqində birinci parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olub. Milli Şuranın, hökumətin ilk iclasları bu şəhərdə keçirilib, mühüm qanunlar qəbul edilib, taleyüklü qərarlar verilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dövlət başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğunu diqqətə çatdırıb.
Komitə sədri vurğulayıb ki, müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiqləyib.
Prezident Katibliyinin rəisi-Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə “Azərbaycan XX əsrin əvvəllərində: milli oyanış” hərəkatı mövzusundakı çıxışında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməyə başladığımız bir vaxtda cümhuriyyətə doğru aparan yolların nəzərdən keçirilməsi çox vacibdir. Çünki xalqımız məhz həmin yolu keçərək öz müstəqil dövlətini qurmuşdu və bu böyük hadisə Azərbaycan xalqının XX əsrin əvvəllərində azadlıq və müstəqillik uğrunda ardıcıl və inamlı mübarizəsinin qanunauyğun yekunu kimi qəbul edilməlidir.
Ötən əsrin ilk illərindən başlayaraq çar Rusiyasının ucqarlarda, xüsusən Azərbaycandakı milli müstəmləkəçilik siyasətini tarixi faktlar əsasında geniş şərh edən Dilarə Seyidzadə qeyd edib ki, 1917-ci ilin fevralında Rusiyada çarizmin devrilməsindən sonra başqa xalqlar kimi, Azərbaycan xalqının da qarşısında sosial-iqtisadi, siyasi və milli inkişaf üçün geniş imkanlar açılmışdı. Dövlət Dumasının Azərbaycandan olan deputatları Rusiyada parlamentarizmin təşəkkülündə və inkişafında iştirak edərək parlament fəaliyyəti sahəsində böyük təcrübə qazanmışdılar. Bu təcrübə onlara bütün səylərini birləşdirərək qısa müddətdə müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa imkan verdi.
Prezidentin köməkçisi, həmçinin Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə həyata keçirilən bir sıra mühüm tədbirlər, qəbul edilən qanunlar, eləcə də həmin illərdə Difai, Müsavat partiyaları, cümhuriyyətin qurucularının siyasi fəaliyyəti, o cümlədən Dövlət Dumasında, dövri mətbuatda cəsarətli çıxışları və Azərbaycanın istiqlaliyyəti uğrunda apardığı mübarizə haqqında ətraflı məlumat verib.
Azadlıq hərəkatının böyük yüksəliş və milli oyanış dövrünün Azərbaycan xalqına istedadlı, yüksək peşəkar ictimai-siyasi xadimlərin parlaq bir nəslini bəxş etdiyini diqqətə çatdıran Prezidentin köməkçisi ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk demokratik respublikanın qurulmasında onların böyük xidmətlərini yüksək qiymətləndirdiyini xatırladaraq ulu öndərin bu sözlərini sitat gətirib: “Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”.
“Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı sərəncamında da xüsusi qeyd edilir ki, Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib. XIX əsrin axırları - XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb”, - deyən Dilarə Seyidzadə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmasına görə dövlət başçısına konfrans iştirakçıları adından təşəkkürünü bildirib.
Sonra Ombudsman Elmira Süleymanova konfransda “Seçki hüququ-fundamental insan hüququdur” mövzusunda çıxış edib. O, diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının İstiqlaliyyət bəyannaməsi, daha sonra isə parlamentdə qəbul etdikləri qanunlar yüksək demokratikliyi ilə seçilməklə yanaşı, həm də onların insan, vətəndaş hüquq və azadlıqlarına verdikləri dəyərin göstəricisi idi.
Daha sonra İstanbul və Yedditəpə universitetlərinin professoru İbrahim Yıldırımın Türkiyəyə mühacirət etmiş azərbaycanlı qadınlar barədə məruzəsi dinlənilib. Türkiyəli professor çıxışında Azərbaycanın bolşevik işğalından sonra mühacirət etmək məcburiyyətində qalan və taleyini qardaş ölkəyə bağlayan bir sıra ziyalı qadınların nəsil şəcərəsini araşdırdığını və bu sahədəki elmi tədqiqatlarının nəticələrini diqqətə çatdırıb.
Konfransda BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Lətifə Əliyevanın, AMEA-nın Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri İradə Bağırovanın, həmin institutun Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi Kamran İsmayılovun, Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri İlqar Niftəliyevin, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Samirə Qasımovanın mövzu ilə bağlı məruzələri də dinlənilib.
Beynəlxalq elmi-praktik konfransda “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar” adlı film nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərən qadınlar, həmçinin Gəncə, Yevlax, Mingəçevir şəhərlərinin, Ağdam, Bərdə, Tərtər, Samux, Göygöl, Şəmkir və Kəlbəcər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinə diplomlar təqdim olunub.
Azərbaycan.- 2018.- 2 mart.- S.4.