Cəzasız qalan cinayətlər

 

Sumqayıt hadisələrindən 30 il ötür

 

1988-ci il fevral ayının 27-dən 28-nə keçən gecə erməni terrorçuları xaricdə yaşayan havadarlarının köməyi ilə Sumqayıtda qan tökdülər. Törədilən ağır cinayəti ört-basdır etmək üçün mətbuat səhifələrində müxtəlif böhtanlar, yalanlar yayılmağa başladı.

Başlıca məqsədləri erməni millətçilərinin qara niyyətlərini pərdələmək, əsl həqiqətləri gizlətmək idi. Yerevanda nəşr olunan “Sumqayıt... Genosid... Aşkarlıq...” kitab başdan-başa böhtaniftira toplusuna çevrilmişdi. Hətta faktlar və rəqəmlər uydurma yalanların içərisində bilərəkdən və qəsdən təhrif olunur, rəqəmlər dəfələrlə şişirdilirdi. Bütün bunlar dünya ictimaiyyətini çaşdırmağa yönəldilmiş üsullar idi. Hələ 1988-ci il 30 mart tarixli nömrəsində “İzvestiya” qəzetində belə bir yazı dərc olunmuşdur: “Sumqayıt: istintaqa şayiələr mane olur”. O vaxtdan başlayaraq SSRİ Baş Prokurorluğunun istintaq qrupunu çaşdırmaq üçün hər cür hiylə və yalanlara əl atdılar. “Pravda” qəzeti 4 aprel 1988-ci il sayında yazırdı ki, Ermənistanın Moskvadakı nümayəndəliyinin yaydığı məlumata görə, guya Sumqayıtda 1500 nəfərə yaxın adam öldürülüb. Ermənilər köhnə vərdişlərindən əl çəkmir, əsl həqiqəti boğmaq üçün şərə, böhtana əl atırdılar. Onlar niyyətlərinə çatmaq üçün hətta Moskvanı şərləyir, müxtəlif uydurmalar yayırdılar. Qarabağ Komitəsinin iclaslarında Moskvaya, Sov.İKP MK-ya inamlarının azaldığını ifadə edən müxtəlif bəyanatlar yayırdılar. Hələ o vaxtlar Qarabağ Komitəsinə yardım edən əsas qüvvələrin başında Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan dayanırdı. Deməli, hələ sovet dövründən xaricdə yaşayan erməni lobbisinin köməyi və yardımı ilə Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün məqam axtarırdılar.

Sumqayıtda törədilən qanlı cinayətlər əvvəlcədən hazırlanmış həmin ssenarinin davamı idi. Bu dəfə baş rolu üç dəfə məhkum olunmuş Eduard Qriqoryan oynayırdı. “Paşa” ləqəbi ilə tanınan bu adam erməni millətçilərinin əlində bir alətə, əsl oyuncağa çevrilmişdi. Onun barəsində ən dəqiq məlumatı SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, istintaq aparan qrupun rəhbəri Qalkin vermişdi: “Eduard Qriqoryan tüfeyli həyat sürən bir cinayətkardır. Dəfələrlə həbs olunsa da, sonradan azadlığa çıxmışdır. O, Sumqayıtda yeniyetmə uşaqları başına toplayıb müxtəlif cinayətlər törətmişdi. Baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində 5 erməni qətlə yetirilmiş, 8 qadın zorlanmışdır...”

Sumqayıtda baş verən hadisələrdən dərhal sonra Zori Balayan, Silva Kaputikyan kimiləri Qorbaçovla görüşür və həmin görüşdən sonra Sumqayıta ordu yeridilir. Sumqayıtda komendant saatı tətbiq olunur, qadağalar gücləndirilir.

1988-ci ilin mart ayının əvvəllərində hadisələr bir qədər səngisə də, şayiələrin, uydurmaların, böhtanların miqyası xeyli genişlənmişdi. Komendant saatı başlayandan sonra iki minə yaxın günahsız adam həbs olunmuşdur. Qəribə burasıdır ki, cəmi iki-üç gün ərzində dünyanın ən ucqarlarından belə Ermənistanın tərəfdarları və təbliğatçıları peyda olmuşdur. Sumqayıtlı jurnalist Eyruz Məmmədov deyir ki, hadisələrin səhərisi günü İsveçrədən Artaşes Qabrelian adlı birisi videokamerası ilə Sumqayıtın küçələrini gəzirdi. Milliyyətcə erməni olan bu adam Sumqayıtda lentə aldığı hadisələrə belə ad qoymuşdur: “Bizi başkəsənlərdən xilas edin...” Bundan sonra Azərbaycana qarşı geniş təbliğat kampaniyası başladı. “Azadlıq” radiosunun Ermənistan üzrə baş redaktoru Eduard Ohanyan hadisələri öz xeyirlərinə yozmaq üçün müxtəlif böhtanlardan istifadə edirdi. Beləliklə, dünya mətbuatında yalan və qərəzli ifadələrin sayı artırdı.

Sumqayıt hadisələrinin araşdırmaçıları qəribə faktlar üzə çıxarıblar. Məlum olub ki, hələ Sumqayıtda hadisələr törədilməmiş ermənilər müxtəlif tədbirlər görüblər. Burada yaşayan 1000-dən çox erməni 1988-ci il yanvar ayının 1-dən fevral ayının 25-dək əmanət kassalarında saxladıqları 8 milyon 343 min 691 rubl pulu təcili olaraq çıxarıb Yerevana, Rusiyanın müxtəlif şəhərlərinə köçürüblər. Sumqayıtın sənaye müəssisələrində təhsil, mədəniyyət və səhiyyə sistemində çalışan ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi üçün gizli imzalar toplamağa başlamışdılar. OnlarKrunq” erməni cəmiyyətinə yardım adı ilə pul köçürür, onu açıq və ya gizli maliyyələşdirirdilər. Gizli yolla toplanılan vəsaitin çoxu Yerevana göndərilirdi.

Tədqiqatçılar Sumqayıt hadisələrinin başlanmasını belə təsvir edirlər: 1988-ci il fevralın 27-28-də əsl vəhşiliklərin başlanğıcı qoyuldu. Əvvəlcə təşkilatçılar işə başladılar. Təxribatçı qrupun rəhbərləri hər kəsi inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağda və ermənilər yaşayan Azərbaycan ərazilərində ermənilərə qarşı kütləvi qırğın nəzərdə tutulub. Əgər bunların qarşısı vaxtında alınmasa, vəziyyət daha da gərginləşəcək. Hələ o vaxtlar Qorbaçovun ən yaxın köməkçiləri də milliyyətcə erməni idi. Onların himayəsi ilə ermənilərin gizli niyyətləri baş tutur, Moskva onlardan köməyini əsirgəmirdi. Hətta o vaxtlar bu məsələ xaricdə də müzakirə olunmuşdur. 1987-ci ilin noyabr ayında Aqambekyan xaricdə erməni lobbisi ilə görüşdə açıq-aşkar bəyan etmişdir ki, Dağlıq Qarabağ Azərbaycandan alınıb Ermənistana verilməlidir. Həmin gün Mixail Qorbaçov xanımı Raisa Qorbaçova ilə Amerikanın Kaliforniya ştatında erməni icması ilə görüş keçirmişdir. Həmin görüşdə Dağlıq Qarabağ məsələsinin Ermənistanın xeyrinə həlli üçün konkret qərar verilmişdir. Əlbəttə, bütün bunlar erməniləri bir qədər də şirnikləndirir, onları daha ağır cinayətlərə sövq etdirirdi.

1988-ci il fevral ayının 27-də ermənilərin gizli planları açıq şəkildə Sumqayıtda baş tutdu. Doğrudur, sonradan bu ağır cinayəti araşdırmaq üçün SSRİ Baş Prokurorluğunun istintaq qrupu işə başladı. Amma üst-üstə qalaqlanan arxiv materialları hələ də dəqiqliklə araşdırılmayıb. Ona görə də Sumqayıt hadisələri bu gün də arxivlərdə bir sirr kimi saxlanılır. Bir müddət bu istintaq işini birdəfəlik dayandırdılar. Hər şey mərkəzdən idarə olunsa da, hadisələri pərdələmək, gizlətmək üçün ciddi bir maraq var idi. 1988-ci il iyul ayının 18-də SSRİ Ali Sovetinin iclasında Mixail Qorbaçov deyib ki, qoşunlar Sumqayıta bir saat gecikmişdilər. Sonradan məlum oldu ki, bu faktın özü də yalandır. SSRİ müdafiə naziri Yazov “Sumqayıtın əks-sədası” sənədli filminin çəkiliş qrupuna müsahibə verərkən bu fikri inkar edib. Sumqayıtlı jurnalist Eyruz Məmmədov həmin görüşü belə xatırlayır: “SSRİ müdafiə naziri Yazov müsahibəsində bizə bildirdi ki, sovet ordusu heç vaxt heç yerə gecikmir. Baş komandanın əmri olmadan heç yerdə komendant saatı elan etməyə ixtiyarımız yoxdur. Əsgərin silah işlətməyə, güllə atmağa icazəsi ola bilməz”. Deməli, Mixail Qorbaçovun həmin iclasda söylədikləri yalan olub. Sumqayıt hadisələrinin bütün planını onlar özləri cızıb.

Sumqayıtda o hadisələr zamanı sovet ordusunun vəhşilikləri ilə üzləşən çox adam olub. Onlar həmin hadisələri bu gün də dönə-dönə xatırlayırlar. Qəribə burasıdır ki, həmin hadisələrə görə günahsız cəza alanların sayı çox olub. Əsl cinayətkarlar isə gizlədilib.

Yenə də qayıdaq əsas məqama. Sumqayıtda hadisələr baş verəndən sonra Mixail Qorbaçovun sərəncamı ilə komendant saatı elan olundu. Onda 400-dən çox azərbaycanlını günahsız olaraq həbsxanalara doldurdular. Yüzlərlə adam layiq olmadığı cəzanı aldı. Sovet ordusununxilaskar” əsgərləri müxtəlif cinayətlər törətməkdə davam edirdilər. Qocalarla, uşaqlarla hədsiz dərəcədə kobud davranırdılar. O vaxtlar Azər Babayev adlı sumqayıtlı uşaq başına gələnləri nifrətlə xatırlayır. Deyir ki, onda cəmi 13 yaşım olardı. 1988-ci il mart ayının 1-də əmimgildən evimizə qayıdırdım. Komendant saatına nəzarət edən əsgərlər yolumu kəsdilər. Dedilər ki, sənədlərini təqdim et. Cavabım qısa oldu: “Hələ pasport almağa yaşım çatmır” - dedim. Mənim bu sözüm əsgərləri çox əsəbləşdirdi. Əli dubinkalı beş əsgər məni əlil olana qədər döydülər. Belə vəhşilikləri öz gözümüzlə görürdük. Ona görə də sovet əsgərinin “xilaskar” adına o qədər də inanmırdıq. Belə işgəncələrə, cəzalara məruz qalanların sayı çox idi. Sumqayıt hadisələrinin günahsız qurbanları sayca çox olub. Bütün bunlar barədə dəqiq məlumat olsa da, cinayətkarlar czəalandırılmayıb. Həmin günlərdə sumqayıtlı Əhməd Əhmədova da ölüm hökmü oxundu, özüMoskvada.

Hadisələri təhlil edərkən bir daha sübut olunur ki, törədilən ağır cinayətlərin ssenarisi birbaşa Moskvada hazırlanıb. Elə nəzarət mexanizmi də mərkəzdən başlayıb. Araşdırmaçılar onu da sübut ediblər ki, Sumqayıt hadisələri başlayan gündən Moskva hər şeyi kənardan sükutla izləyib. 1988-ci ildə Sumqayıtda müxtəlif millətlərdən olan 250 min 200 nəfər yaşayırdı. Onların 14200 nəfəri milliyyətcə erməni idi. Açıq-aşkar görünür ki, şəhərdə onların sayı o qədər də az olmayıb. Özüonlar başqa millətlərlə müqayisədə sosial cəhətdən təminatlı olublar. Bütün bunlara baxmayaraq, özlərini yazıq və məzlum xalq kimi aparır, daim böyük güzəştlər istəyirdilər. Onların tələblərinə əməl olunmayanda şərə, böhtana əl atır, müxtəlif cinayətlər törədirdilər. Bir məsələ də ciddi maraq doğurur ki, onlar öz cinayətlərini ört-basdır etmək üçün müxtəlif hiylələrə əl atırdılar. Sumqayıt Dövlət Universitetinin kafedra müdiri işləyən Ramazan Məmmədov o hadisələri təhlil edərkən yazır: “Hadisələr baş verəndən dərhal sonra “Sumqayıt... Soyqırımı... Aşkarlıq...” adlı kitabça 50 min tirajla Yerevanda rus dilində nəşr olundu və tezliklə dünyanın müxtəlif dillərinə tərcümə edildi. Elə bil xüsusi təşkilat qrupu yaradılmışdı. Baş verən hadisələri təhrif edərək, şişirdərək öz xeyirlərinə geniş yayırdılar. Bütün bunlar bir daha sübut edir ki, ermənilər bu qanlı aksiyanın törədilməsinə ciddi hazırlaşmışdılar. Hər şey planlı şəkildə təşkil olunmuşdur. Əlbəttə, yenə Moskvanın yardımı və rəhbərliyi ilə...”

Sumqayıt hadisələri hər il təhlil olunur, yeni faktlar üzə çıxır, cinayətkarların adı çəkilir. Düz 30 il ötüb. Araşdırmaçıların yazdığı kimi, cinayətkarlar cəzasız qalır. Keçmiş SSRİ Baş Prokurorluğunun istintaq qrupu ağır bir cinayət işinin arxiv materiallarını üzə çıxarmır. Bütün bunlar geridə qalsa da, əsl həqiqətlər gec-tez açılmalıdır. Bunu vaxt, zaman tələb edir...

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2018.- 2 mart.- S.7.