Kaliforniya Senatında Sumqayıt hadisələri ilə bağlı keçirilən dinləmələrdə erməni lobbisi ifşa olundu

 

ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində erməni lobbisinin təşkilatçılığı ilə Kaliforniya Ştat Senatında Sumqayıt hadisələrinin 30 illiyinə, Kaliforniya ştatı ilə Ermənistan arasında iqtisadi əlaqələrin təşviqinə və Türkiyədən Kaliforniya sərmayələrinin çıxarılmasına həsr olunan dinləmələr keçirilib.

Təxminən 1 milyonadək erməninin yaşadığı Kaliforniyadakı erməni lobbisinin aramsız səylərinə və ayrı-ayrı senatorlara böyük məbləğlərdə pul xərcləməsinə baxmayaraq, Kaliforniya Ştat Senatının 40 üzvündən yalnız ikisi (həyat yoldaşı erməni olan senator Skot Vilk və erməni lobbisinin çoxdankı havadarı senator Entoni Portantino) tədbirə qatılıb.

Dinləmələr haqda xəbər aldıqdan dərhal sonra Kaliforniyada fəaliyyət göstərən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin və Amerika Azərbaycan Mədəniyyət Cəmiyyətinin fəal üzvləri, o cümlədən Həmid Azəri, Samir Lütvəliyev, Anar Usubov və digərləri tədbirə qatılıblar.

Tədbirdə Azərbaycanda yaşadığını və Sumqayıt hadisələrinin canlı şahidi olduğunu iddia edən erməni lobbisinin nümayəndəsi ölkəmiz əleyhinə böhtan xarakterli çıxış edərək, 1988-ci ilin Sumqayıt hadisələrini özlərinin uydurduğu versiyada təqdim edib. Senator PortantinoVilkona dəstək verərək erməni lobbisinə yarınmağa çalışıblar.

Dinləmələrdən sonra prosedur qaydalarına uyğun olaraq şərh və suallar verilib. Azərbaycan icmasının gənc üzvlərindən biri senator Portantinoya müraciət edərək deyib: “Siz Sumqayıt hadisələrindən danışdınız. Halbuki bu hadisələri törədənlər məsuliyyətə cəlb edilib. Onlardan biriQriqoryan adlı erməni idi. Ancaq 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı həyata keçirilmiş insanlıq əleyhinə dəhşətli cinayətin günahkarları indiyədək cəzasız qalıblar. Siz niyə çıxışınızda bu faktları qeyd etmirsiniz? Xocalı qətliamı ilə bağlı dinləmələr keçirəcəksinizmi?” O, senatoru məsələyə birtərəfli yanaşmamağa çağırıb. Bu cür sualı gözləməyən senator Portantino pərt şəkildə məsələni araşdıracağını bildirib.

Digər icma nümayəndəmiz çıxışında əslən Qarabağdan olduğunu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü, hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edərək, “Siz öz torpaqlarına qayıtmağı gözləyən bir milyon insana nə deyə bilərsiniz?” sualını ünvanlayıb. Senator Portantino suala cavab verməkdən yayınıb.

Sonra daha bir soydaşımız, nüfuzlu Kaliforniya Berkli Universitetinin tələbəsi çıxış edərək deyib: “Biz sizə sorğu ünvanlayaraq Azərbaycan icmasından da bir nümayəndənin bu dinləmələrə dəvət olunması və erməni nümayəndə ilə yanaşı çıxış etməsini xahiş etmişdik. Mənim sualım budur ki, hər iki tərəfin fikirlərini dinləmək əvəzinə, siz niyə məsələyə birtərəfli yanaşaraq yalnız erməni tərəfinə söz vermisiniz?”

Daha bir icma nümayəndəmiz isə deyib: “Siz qırğınlar törətmiş avtoritar rejimlərdən danışdınız. Lakin hazırda Ermənistanda hakimiyyətdə olan rejimi qeyd etmədiniz. Halbuki Ermənistanı bu gün idarə edən və siz, senator, Ermənistana səfərləriniz zamanı görüşdüyünüz o insanlar vaxtilə yüz minlərlə dinc azərbaycanlıya qarşı qırğınlar törətmiş şəxslərdir. Burada yaşayan və fəaliyyət göstərən erməni lobbisi və Ermənistan vətəndaşları sizə bu cür yalan məlumatlar çatdırırlar və siz, senator, bütün Kaliforniyanı təmsil edən rəsmi nümayəndə kimi bu yalanları sorğulayacaq ilk şəxs olmalısınız. Biz, Kaliforniya sakinləri bundan çox məyusuq. Biz azərbaycanlılar sizin dəstəklədiyiniz Ermənistan tərəfindən qırğına məruz qalmışıq. Ancaq siz həqiqətlərə göz yumursunuz, qarşı tərəfi dinləmək, doğruları öyrənmək istəmirsiniz. Mən buna çox təəssüf edirəm və sizə görə çox utanıram”.

Çıxış edən digər icma üzvləri, o cümlədən Xocalı soyqırımı şahidi Anar Usubov senatorları məsələyə birtərəfli yanaşmamağa çağırıblar. Onlar Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı haqqında faktlar irəli sürərək, Azərbaycanın haqq səsini çatdırıblar. Dinləmələrdə iştirak edən, ABŞ-dakı radikal erməni lobbisinin aparıcı təşkilatları olan Amerika Erməniləri Milli Komitəsinin və Amerika Erməni Assambleyasının rəhbər şəxsləri söz alaraq E.Portantinonu düşdüyü pis durumdan çıxarmağa çalışsalar da, əksinə, dolaşıq fikirləri ilə özlərini bir daha ifşa ediblər.

Senator E.Portantino icma üzvlərimizin ünvanladığı suallara çıxışlardan sonra cavab verəcəyini bildirsə də, tədbirin sonuna kimi səssiz qalaraq heç bir münasibət bildirməyib və ümumu sözlərlə dinləmələri yekunlaşdırıb.

 

Azərbaycan.- 2018.- 2 mart.- S.7.