Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

 

Martın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə komissiyanın fevralın 24-də və 27-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb.

Qeyd edək ki, bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) bildirişin mətbəə üsulu ilə hazırlanmasına qərar verilib.

İclasda aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunmuş Tural Feyruz oğlu Abbaslı tərəfindən təqdim edilmiş səlahiyyətli nümayəndələr də qeydə alınıb.

Komissiyanın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

 

Azərbaycan.- 2018.-3 mart.- S.4.