Kazimirovun Kvazibarışığı - erməni işğalçıları üçün “müqəddəs yazı”

 

Bu yaxınlarda erməni millətçiləri qondarmaArtsax azadlıq hərəkatı”nın 30 illiyini təntənə ilə qeyd etməyə cəhd göstərdilər. Mən “təntənəli bayramlar” haqqında məlumat tapmaq üçün internetdə axtarış sistemlərini ələk-vələk etdim. Kiçik yığıncaq haqqında bir-iki qeyddən savayı heç nə tapmadım. Onların birində hansısa Artsaxın müstəqilliyi haqqında hansısa memorandum qəbul etmiş bir qrup adamın Moskvada yığışmasından söhbət gedirdi. Oxucu soruşur, bəs oraya yığılan kimlər idi? Adları sadalamaq istəmirəm, çünki buna layiq deyillər. Bir sözlə, işğalçılar və onların züy tutanları. Sadəcə “X” işarəsini basıb brauzerdə bu səhifəni bağlamaqdaha real mütaliəyə keçmək olardı. Lakin qondarma memorandumun məntiqsizliyi yan ötməyə qoymadı.

Bax belə, yığıncaq iştirakçıları “azadlıq hərəkatının” 1988-ci ildən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında müraciətlə başlandığını söyləyirdilər - əlbəttə, onu əvvəlcə Azərbaycandan ayırmaqla. Diqqət yetirək, AZADLIQ sözü işlədilir. Yəni onlar, görürsünüz ki, ayrıca respublika deyil, Ermənistana BİRLƏŞDİRİLMƏYİ istəyirdilər. Birləşməyi kimlərin istəməsi aydındır, şübhəsiz ki, bu, Qarabağın sadə erməniləri deyil, “baş ofisiYerevanda yerləşən, “böyük Ermənistan” xülyaları ilə yaşayan erməni millətçiləri idi. Başqasının torpağını qoparmaqonu özününkünə (hərçənd özününkü olub-olmaması da, indiki Ermənistanın Azərbaycanın tarixi torpaqlarında yaradıldığı nəzərə alınsa, mübahisəli məsələdir) birləşdirmək arzusunu “azadlıq hərəkatı” adlandırmaq absurddur. Doğrudur, erməni millətçilərində təfəkkür həmişə absurd olub. Ona görə də biz bunu onlar üçün yazmırıq. Faydasızdır. Bunu həmin yığıncağın özünü politoloq, diplomat hesab edən, guya həqiqət tərəfdarları olan iştirakçıları üçün yazırıq.

Beləliklə, 1988-ci ildə proses qondarma “azadlıq hərəkatı” ilə deyil, Ermənistan SSR tərəfindən Azərbaycan ərazilərinin əsl ilhaqı ilə başlandı. Sonra, bu cənablar yazırlar ki, Azərbaycan 1918-ci ildə guya Ermənistana və Dağlıq Qarabağa ərazi iddiası irəli sürüb. Təəccüblüdür, onlar buna qədər nə düşünüblər?! Dağlıq Qarabağ heç vaxt ermənilərin olmayıb. Abbasqulu ağa Bakıxanovun təsvir etdiyi Qarabağ xanlığında XVIII əsrin hadisələrində ermənilərin oraya köçürülməsindən əvvəl və sonra bu xanlığı yalnız azərbaycanlılar idarə ediblər. Bütün bunları əks etdirən sənədlər Rusiya arxivlərindədir. Özü də hansı iddiadan danışmaq olar ki, hələ o zaman Azərbaycanın qərb ərazilərinin böyük hissəsi Ermənistana keçmişdi, bu barədə də kifayət qədər sənədlər var. Biz artıq adət etmişik ki, ermənilər özləri tarix uydurur, sonra öz yalanlarına özlərini inandırır və başqalarını da buna inanmağa məcbur etməyə cəhd göstərirlər. Lakin söhbət tarixi məqamlarda deyil, başqa məsələdədir...

Ermənistan KİV-i separatçıların yığıncağında - 1992-1996-cı illərdə ATƏT-in Minsk qrupunun həmsədrinin iştirakını xüsusi sevinclə qeyd ediblər. İşğalçıların izlərini ört-basdır etməkdə, müsaidənizlə deyim, bu diplomatın xidmətləri hamıya məlumdur. O, özünü sülh tərəfdarı kimi göstərir. Lakin Kazimirovun KVAZİBARIŞIĞI həmişə erməni millətçilərinin əsl məqsədini - Azərbaycan ərazilərinin Ermənistan tərəfindən, əlbəttə, başqalarının köməyi ilə işğalının həqiqi mahiyyətini gizlətməyə yönəlib.

Necə olur ki, Azərbaycanın işğal edilmiş ərazilərinin beynəlxalq hüquq əsasında azad olunmasına dəvət edilmiş sabiq həmsədr işğalın ildönümünün faktiki qeyd olunduğu yığıncaqda iştirak etməyi özünə rəva görə bilir. Azərbaycan öz ərazisindən erməni qoşunlarının çıxarılmasını ciddi tələb edəndə, münaqişənin hərb yolu ilə həllindən qətiyyətlə danışanda Kazimirov fəallaşdırılır. O da müəllifi olduğu KVAZİBARIŞIĞINI yada salır. Yeri gəlmişkən, 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatları Ermənistan rəhbərliyini çox qorxuya salanda Kazimirov yalançı sülhün baş tutması üçün əlindən gələni etmişdi. O zaman onun vəzifəsi münaqişəni dondurmaq idi. Əgər o, ədalətli vasitəçi olsaydı, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması barədə BMT qətnamələrinin icrasına nail olardı, heç olmasa, buna cəhd göstərərdi. Bax, onda əsl sülhə nail olunardı.

2016-cı ildə Azərbaycan Ordusunun uğurlu aprel əks-hücum əməliyyatı zamanı Kazimirov yenə arenada göründü. Şükür Allaha, bu dəfə vasitəçi kimi yox. Lakin o, öz ampluasında idi: Azərbaycanı gərginlik eskalasiyasına və digər mövcud olmayan günahlara görə ittiham etdi. Kazimirov yaxşı başa düşür ki, Azərbaycan 1994-cü ildəki Azərbaycan deyil. Azərbaycan Ordusu erməni işğalçılarını ildırım zərbəsi ilə Yer üzündən silməyə qadirdir. Buna görə də, Kazimirov düşünür ki, hay-küy salmaq, insanları çaşdırmaq, qəbul edilmiş beynəlxalq sənədlərin mahiyyətini təhrif etmək lazımdır. Uzaq 1994-cü ildə onun məqsədi müvəqqəti barışıq bəhanəsilə Azərbaycana öz ərazilərini heç zaman hərb yolu ilə geri almağa imkan verməmək idi. Bu KVAZİBARIŞIQ əslində regionu 25 ildir gərginlik altında saxlayır. Əgər Kazimirov əsl sülh istəsəydi, heç olmasa BMT-nin qətnamələrinin icrasına nail olmağa çalışardı. Bunun əvəzinə o, öz sazişini uydurdu ki, bu da heç nəyi dəyişmədi. İndi isə o, hər dəfə ermənilərin göstərişi ilə deyilənləri təkrarlayır və Azərbaycanı öz torpaqlarını hərb yolu ilə almaq fikrinə görə ittiham edir. Lakin diplomatik cəhdlər nəticə vermirsə, istənilən beynəlxalq sənəd torpaqları işğal edilmiş ölkənin onu güc yolu ilə almaq hüququnu təsdiqləyər.

Erməni millətçiləri yaxşı bilirlər ki, heç bir müstəqil Qarabağ yoxdurolmayacaq. Onlar həmişə vahimə içində yaşamalı və qorxmalıdırlar ki, günlərin birində Azərbaycan öz zərbəsi ilə bütün işğalçı ordunu darmadağın edəcək. Qoy kazimirovlar Azərbaycanın hansısa KVAZİBARIŞIĞA razılıq verəcəyinə ümid bəsləməsinlər.

 

Azərbaycan.- 2018.- 3 mart.- S.7.