Tərcümə Mərkəzinin fəaliyyətinin təmin
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Müəyyən edilsin ki, Tərcümə Mərkəzinin (bundan sonra - Mərkəz) təsisçisinin publik hüquqi şəxsin inkişaf istiqamətlərinin müəyyən edilməsi səlahiyyətini Mərkəz, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan digər səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3.Mərkəzin nizamnaməsini, strukturunu və işçilərinin say həddini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
2.4.Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin istifadəsində olan dövlət əmlakının Mərkəz publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində onun balansına verilməsini təmin etsin;
2.5.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.6. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
3.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral
2018-ci il
Azərbaycan.- 2018.- 4 mart.- S.2.