Mükəmməl
və demokratik seçki sistemi
Hər bir demokratik ölkədə
vətəndaşların cəmiyyətin siyasi-ictimai həyatında,
dövlət işlərində iştirakının ən
kütləvi forması seçkilərdir. Vətəndaşların
dövlətin idarə edilməsində iştirak
hüquqları əsas etibarilə seçki vasitəsilə
reallaşır. Seçkilərin əsas
şərti isə ədalət, aşkarlıq, şəffaflıq
və obyektivlikdir. Demokratiya və vətəndaş
cəmiyyəti quruculuğu yoluna sadiqliyini bəyan etmiş Azərbaycan
xalqı legitim, qanuni hakimiyyətin
formalaşdırılmasının yeganə yolunu məhz
şəffaf və obyektiv seçkilərdə görür.
Mütərəqqi
tələblərə cavab verən məcəllə
Azərbaycanda seçkilərin
demokratik keçirilməsi ilə bağlı kifayət qədər
təcrübə və zəngin ənənə mövcuddur. Bu ənənənin əsasının
qoyulmasının tarixi 25 il əvvələ
gedib çıxır. 1993-cü ildə ulu
öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışndan sonra demokratik seçki mühitinin
formalaşdırılması Azərbaycanda hüquqi dövlət
quruculuğunun əsas istiqamətlərindən birinə
çevrildi. Heydər Əliyevin həmin il
Prezident seçilməsi ölkəmizdə xalqın öz rəhbərinə
sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər,
ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş
cəmiyyəti quruculuğunun, o cümlədən seçki
sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını
qoydu.
Ötən 25 ildə ölkəmizdə
5 prezident, 5 parlament, 4 bələdiyyə seçkisi, o
cümlədən 3 dəfə referendum keçirilib. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə
əlavə və təkrar seçkilər də təyin
olunub. Hər bir seçki və referendum
ölkəmizdə demokratik seçki praktikasının təkmilləşdirilməsi,
seçki təcrübəsinin artırılması ilə əlamətdar
olub. Seçkilərin şəffaflığını
təmin etmək üçün hətta böyük
demokratiya tarixi olan ölkələrdə tətbiq olunmayan
mexanizmlərdən, müasir informasiya texnologiyalarının
imkanlarından istifadə edilib.
Demokratik ölkələrin
seçki təcrubəsi göstərir ki, hər bir
seçkinin uğurunu təmin edən şərtlər
sırasında siyasi iradə və ictimai-siyasi sabitlik amilləri
ilə yanaşı, təkmil seçki qanunvericiliyinin də
olması vacibdir. Ümumxalq səsverməsi yolu ilə
1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab
verən azad, ədalətli, obyektiv seçkilərin
keçirilməsi üçün əsas prioritetləri
müəyyənləşdirmişdir. Əsas
Qanunda təsbit olunmuş müddəalara istinadən Azərbaycanda
seçkilərin hüquqi bazası
formalaşdırılmışdır. Konstitusiyanın
4-cü maddəsinə əsasən
xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən
başqa heç kəsin xalqı təmsil etmək, xalqın
adından danışmaq və xalqın adından müraciət
etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən,
hər bir Azərbaycan vətəndaşının dövlət
orqanlarına seçmək və seçilmək, habelə
referendumda iştirak etmək hüququ var.
Respublikamz tarixi təkamül
yolu ilə qazanılan nailiyyətlərlə kifayətlənməmiş,
seçki təcrübəsinin demokratik standartlara
uyğunlaşdırılması yönündə səyləri
artırmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq
münasibətlərini gücləndirmişdir. Azərbaycan
iqtidarının siyasi iradəsi ilə 1997-ci ildən
müasir standartlara cavab verən seçki qanunvericiliyinin
formalaşdırılması məqsədilə beynəlxalq
təşkilatlarla qurulmuş fəal işbirliyinin müsbət
nəticələri bu nöqteyi-nəzərdən diqqəti
xüsusilə çəkir. Azərbaycan
2001-ci ilin yanvarında Avropa Şurasına (AŞ)
tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə əməkdaşlığını
daha da genişləndirmişdir. Seçki
qanunvericiliyinin təkmilləşdirilməsi işində
AŞ Venesiya Komissiyası da yüksək fəallıq
göstərmişdir.
Azərbaycanda seçki
qanunvericiliyinin beynəlxalq standartlara
uyğunlaşdırılması məqsədi ilə
2003-cü ilin mayında Seçki Məcəlləsinin qəbulu
bu əməkdaşlığın gözəl bəhrəsidir. Sənədin
hazırlanması ilə bağlı ilk növbədə
AŞ Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və
İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki
Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq
münasibətləri qurulmuşdur. 2002-ci ilin
ortalarından etibarən bu təşkilatlarla aparılan məsləhətləşmələrdən,
alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi
Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
Demokratik məzmununa görə dünyanın ən
inkişaf etmiş ölkələrinin seçki
qanunvericiliyinə nümunə sayıla biləcək bu məcəllə
beynəlxalq təşkilatlar tərəfindən yüksək
qiymətləndirilmiş, seçki üzrə ixtisaslaşmış
beynəlxalq təşkilatların müsbət rəyi
alınmışdır. AŞ Venesiya
Komissiyasının və ATƏT-in DTİHB-nin sənədlə
bağlı yekun rəyində Seçki Məcəlləsinin
seçkilərin və referendumun keçirilməsi
üçün beynəlxalq meyarlara və ən yaxşı
təcrübələrə uyğun qaydalar nəzərdə
tutduğu vurğulanmış, bu sənədin qəbuluna
nail olmuş Azərbaycan rəhbərliyinin siyasi əzmkarlığı
alqışlanmışdır.
Bütün təkmilləşdirmələrdən
sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında
Milli Məclisdə qəbul edilmiş və Azərbaycan
Prezidentinin müvafiq fərmanı ilə qüvvəyə
minmişdir. Beynəlxalq ekspertlərin birmənalı rəyinə
əsasən, Seçki Məcəlləsi seçkilər
sahəsində bütün qanunvericilik normalarını
özündə əks etdirmiş, Avropa standartlarına
uyğun tərtib olunmuşdur. Sənəd
ölkədə prezident, parlament və bələdiyyə
seçkilərinin, həmçinin referendumun keçirilmə
qaydalarını müəyyənləşdirmişdir.
Seçki Məcəlləsi, eyni zamanda, Mərkəzi
Seçki Komissiyasının, eləcə də dairə və
məntəqə seçki komissiyalarının təsisi və
fəaliyyəti prinsiplərini də özündə əks
etdirmişdir. Əvvəlki qanunlarla müqayisədə
Seçki Məcəlləsi şəffaf və demokratik
seçkilərin keçirilməsi üçün daha
möhkəm hüquqi bazisin yaradılması, namizədlərin
qeydiyyatı, seçkilərə hazırlıq və
seçki komissiyalarının formalaşdırılması,
fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin
təkmilləşdirilməsinə imkan vermişdir. Hələ
2003-cü il oktyabrın 15-də azad,
demokratik və şəffaf şəraitdə
keçirilmiş prezident seçkiləri Seçki Məcəlləsinin
mütərəqqi və təkmil sənəd olduğunu tam
təsdiqləmişdir.
Seçki
prosesinin daha da təkmilləşdirilməsinə xidmət edən
dəyişikliklər
Dünyanın ən
demokratik ölkələrində belə seçkilərin
gedişində müəyyən nöqsanların meydana
çıxması bir sıra Qərb politoloqlarının
elmi mülahizələrində də xüsusi olaraq
vurğulanır. Hər dəfə keçirilən
seçkilər seçki qanunvericiliyindəki
boşluqların üzə çıxarılmasında və
onların aradan qaldırılmasında mühüm rol
oynayır.
2005-ci ilin fevral və mart
aylarında Azərbaycan ATƏT DTİHB, habelə AŞ
Venesiya Komissiyası ekspertlərinin görüşləri
keçirilmiş, bu istiqamətdə geniş müzakirələr
aparılmışdır. Bu müzakirələrin yekunu kimi
2005-ci ilin may ayında Seçki Məcəlləsi Milli Məclisin
müzakirəsinə çıxarılmış, sənədin
43 maddəsində əlavə və dəyişikliklər
edilmişdir. Əlavə və dəyişikliklərə
əsasən, seçki komissiyaları üzvlərinin statusu
daha da dəqiqləşdirilmişdir. Dəyişikliklər
nəticəsində Azərbaycan praktikasında ilk dəfə
olaraq təkrar səsvermənin qarşısını
almağa yönəlmiş bir müddəa, vətəndaşlara
seçici vəsiqələrinin verilməsi məsələsi
öz əksini tapmışdır. Bundan əlavə,
seçici siyahılarının MSK-nın internet saytında
yerləşdirilməsi məsələsi də qanunda
müddəa kimi əksini tapmışdır. Eyni zamanda, Seçki Məcəlləsində namizədlərin
qeydiyyatı proseduru da sadələşdirilmişdir.
Cəmiyyətimiz gündən-günə
inkişaf etdiyi, yeni demokratik dəyərləri əxz etdiyi
üçün qanunvericiliyin, o cümlədən seçki
qanunvericiliyinin təkmilləşdirilməsi təbii
sayılmalıdır. Bu mənala AŞ Venesiya Komissiyası ilə
seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə
aparılan işin yekun nəticəsi olaraq 2008-ci ildə Milli
Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinə
90-dan artıq əlavə və dəyişikliyin edilməsi
sənədin daha da təkmilləşdirilməsinə xidmət
etmişdir. Seçki Məcəlləsinə
əlavə və dəyişikliklərlə bağlı
qanun layihəsinə AŞ Venesiya Komissiyası və ATƏT-in
DTİHB də müsbət rəy vermişdir. Həmin təşkilatların birgə rəyində
təklif olunan əlavə və dəyişikliklər
ölkənin seçki qanunvericiliyinin təkmilləşdirilməsi
istiqamətində irəliyə doğru atılmış
addım kimi dəyərləndirilmişdir.
Seçki Məcəlləsinə
2008-ci ilin dekabr, 2010-cu ilin iyun, 2011-ci ilin fevral və 2012-ci
ilin aprel ayında əlavələr və dəyişikliklər
edilmişdir.
2008-ci ilin dekabrında olunan əlavələr və
dəyişikliklər mahiyyət etibarilə Seçki Məcəlləsinin
pozulmasına görə məsuliyyətin
artırılmasını və bir sıra hallarda məsuliyyətin
müəyyənləşdirilməsini nəzərdə
tutur. 2010-cu ilin iyun ayında Yeni Azərbaycan
Partiyasını təmsil edən deputatların təşəbbüsü
ilə qəbul olunan əlavələr və dəyişikliklər
ilk növbədə seçki prosesinin müasir dövrdə
daha da təkmilləşdirilməsinə, seçki
resurslarından daha səmərəli istifadə olunmasına
xidmət etmişdir. 2011-ci ilin
fevralında edilən əlavə və dəyişikliklər
texniki xarakter daşımış, Seçki Məcəlləsinin
Konstitusiyaya uyğunlaşdırılmasına xidmət
etmişdir. Seçki Məcəlləsinə
2012-ci ilin aprelində olunan dəyişikliklər isə məcəllədə
referendum üzrə təşviqat qrupunun qeydə
alınmasına, vətəndaşın seçki
hüquqlarının pozulmasının aradan
qaldırılması ilə əlaqədar olan müddətlərin
qısaldılmasına yönəlib.
Ötən ilin sonlarında məcəlləyə
edilmiş son dəyişikliklər isə 2016-cı ildə həyata
keçirilmiş Konstitusiya islahatlarından irəli gəlmişdir.
Bütövlükdə hər bir dəyişiklik
seçki institutunun daha səmərəli fəaliyyət
göstərməsinə, seçki prosesi ilə bağlı
şikayətlərin daha çevik, operativ
araşdırılmasına, seçici siyahılarının
dəqiqləşdirilməsinə, seçkiləri
müşahidə prosesinin asanlaşdırılmasına,
seçkilərin daha şəffaf, demokratik şəraitdə
keçirilməsinə, namizədlərin təbliğat-təşviqat,
vətəndaşların seçki hüququnun realizəsi
imkanlarını yaxşılaşdırmağa xidmət
etmişdir.
Qarşıdan
prezident seçkiləri gəlir
Azərbaycan Respublikası Prezidentinin
5 fevral 2018-ci il tarixli sərəncamı
ilə prezident seçkiləri bu il aprel ayının 11-nə
təyin edilib. Mərkəzi Seçki
Komissiyası seçkilərin hazırlanıb keçirilməsi
üzrə əsas hərəkət və tədbirlərin Təqvim
Planını təsdiq edib. Hazırda
seçki prosesinin namizədliyin irəli sürülməsi mərhələsi
davam edir. Namizədin qeydə
alınması üçün zəruri olan seçki sənədlərinin
Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi
martın 12-si saat 18-də başa çatır.
Onu da qeyd edək ki, Konstitusiyaya
edilmiş son dəyişikliklərə əsasən, Azərbaycan
Respublikasının Prezidenti 7 il müddətinə
seçilir.
Seçki qanunvericiliyinə əsasən,
seçkiqabağı təşviqatın aparılması səsvermə
gününə 23 gün qalmış başlanır və səsvermənin
başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə,
seçkiqabağı təşviqat 2018-ci il
martın 19-u başlayacaq və aprelin 10-u saat 8.00-da başa
çatacaq.
Seçkilərdə
kütləvi informasiya vasitələrində prezidentliyə
qeydə alınan namizədlərə seçkiqabağı
ödənişsiz təşviqat aparmaq məqsədilə
“Azərbaycan” qəzeti daxil olmaqla bir neçə KİV-də
şərait yaradılacaq.
İstənilən
seçkilərin ədalətli və şəffaf həyata
keçirilməsi həmin ölkədə cəmiyyətin
demokratik mühitinin yüksək olması mənasını
verir. Azərbaycanda vətəndaşların seçki
hüquqları yüksək səviyyədə təmin
olunur. Seçkilərin azad və sərbəst
şəkildə həyata keçirilməsi məqsədilə
kifayət qədər müasir tələblərə
uyğun qanunvericilik bazası mövcuddur. Bununla
yanaşı, seçkilərin keçirilməsi
üçün lazımi şərait yaradılıb,
seçki komissiyaları müasir texniki avadanlıqlarla təchiz
edilib. Bu mənada qarşıdan gələn
prezident seçkiləri bütün müasir və demokratik
standartlara uyğun keçiriləcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2018.- 4 mart.- S.1; 4.