Bakının Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub

 

Martın 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva yeni binanın rəmzi açılışını bildirən lenti kəsdi, körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1942-ci ildən 5 qrup ilə fəaliyyət göstərib. Bağça sanatoriya tiplidiruşaq müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların qəbulu Vərəm Dispanserinin göndərişi əsasında həyata keçirilir. 2014-cü ilin sentyabrında bu məktəbəqədər təhsil müəssisəsinin birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanıldı. Artıq ikimərtəbəli yeni binada beşi Azərbaycan, biri rus bölməsi olmaqla 6 qrupdan ibarət, müasir tələblərə cavab verən körpələr evi-uşaq bağçası fəaliyyət göstərəcək. 120 yerlik bağçada 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 47 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edəcək.

Ölkədə uşaq müəssisələrinin yüksək tələblər səviyyəsində qurulması istiqamətində dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanmışdı və ölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyən edilmişdi. Həmin vaxtdan Fond ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyətini daha da genişləndirib. Bu bağçada da lazımi şərait yaradılıb, binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb, müəssisə zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Həyətyanı ərazi abadlaşdırılıb, mindən çox müxtəlif növ həmişəyaşıl ağac əkilib, uşaqların istirahəti üçün əyləncə qurğuları quraşdırılıb.

 

Azərbaycan.- 2018.- 7 mart.- S.1.