Birinci vitse-prezident Mehriban
Əliyeva Səbail rayonunda əsaslı
surətdə yenidən qurulan 157 nömrəli
uşaq bağçasının
açılışında iştirak edib
Bakının Səbail rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü
ilə əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının
martın 6-da açılışı
olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Bayıl yaşayış sahəsində yerləşən uşaq bağçasının ikimərtəbəli binası 100 il əvvəl inşa olunmuşdu. Yüz uşağın tərbiyə aldığı binanın əsaslı təmirə ehtiyacı var idi. Bina sökülərək onun yerində üçmərtəbəli müasir bina tikilib. Burada işlər yüksək keyfiyyətlə və zövqlə yerinə yetirilib. Beləliklə, hazırda uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb. Binanın giriş hissəsi, foye, qrup otaqları və zallar burada tərbiyə alan azyaşlılara uyğun xüsusi dizaynla işlənib. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib.
Ümumi
sahəsi təxminən 2 min kvadratmetrə
yaxın olan bağçanın
binasında 110 uşaq tərbiyə alacaq. Bağçada
uşaqların təlim-tərbiyəsi ilə ümumilikdə
25 nəfər məşğul olacaq.
Buradakı 5 qrupun hər biri
üçün geniş
oyun və yataq
otaqları və digər zəruri otaqlar,
həmçinin musiqi və əyləncə
zalları, tibb kabineti,
müasir avadanlıqla təchiz olunmuş mətbəx və yeməkxana tikilib. Bir sözlə, bağçada
yaradılan şərait uşaqların təlim-tərbiyəsi
ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcək,
həmçinin onların bilikli və zəngin
dünyagörüşünə malik bir vətəndaş kimi
formalaşmasında mühüm rol oynayacaq. Binada müşahidə kameraları,
yanğındanmühafizə sistemi
quraşdırılıb. Bağçanın yerləşdiyi
ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri
görülüb, müxtəlif
çiçək və gül
kolları, ağaclar əkilib.
Azərbaycan.- 2018.- 7 mart.- S.2.