Bakının ilk abidələri

 

Tarixləşən heykəllər

 

Onlar ömürlərini şama çevirərək millət yolunda yandırdılar ki, qaranlıqlar aydınlansın. Çünki maarif işığı yandırmadan nurlu gələcəyə nail olmaq mümkün deyil. Bunun üçün millətin maarifpərvər övladları hər cəfaya dözdülər. Məqsədləri soydaşlarının savadlanması, cahillikdən qurtularaq haqlarını, hüquqlarını anlamaları, tərəqqi etmələri idi. Bu müqəddəs amal yolunda həyata keçirdikləri işlərin bəhrəsini özləri görə bilməsələr də, çəkdikləri əziyyətlər hədər getmədi. O şəxsiyyətlərin xoş əməlləri, gözəl niyyətləri, zəhmətləri unudulmadı. Yəqin, elə buna görə Bakıda ilk heykəllər millətin böyük maarifçi övladlarına - Mirzə Fətəli Axundzadəyə və Mirzə Ələkbər Sabirə ucaldıldı.

 

“Köhnə Sabir

 

Bakıda görkəmli satirik şair Mirzə Ələkbər Sabirin heykəli 1922-ci ildə qoyuldu. Layihəsi heykəltəraş Y.Sirişev tərəfindən verilən abidənin hazırlanması heykəltəraş Y.İ.Keylixisə həvalə olundu. Şairin heykəli İçərişəhər divarlarının yaxınlığında, “İsmailiyyə” binası ilə yanaşı bağda məskən tapdı.

Ancaq əsər sənətkarlıq baxımından o qədər də uğurlu hesab edilmədi. Səbəb kimi bəzilərinin söylədikləri heykəlin yad millətdən olan sənətkarlar tərəfindən hazırlanması fikri idi. Amma bu da mübahisəlidir. “Sənətkarın milliyyəti olmur” deyənlərə haqq verməmək mümkünsüzdür. Digər tərəfdən, bu da həqiqətdir ki, ilk eskizlərindən tutmuş heykəlin hazırlanmasına qədər bütün işləri həyata keçirən rəssamlar Azərbaycan incəsənəti üçün əhəmiyyətli işlər görmüşdülər. Amma göz önündə olan, danılmaz bir fakt da var idi: bu da Sabir dünyasında, şeiriyyətində qərar tutmuş milliliyin, şairin daxili dünyasının, ictimai-siyasi ədalətsizliyə etirazının əsərdə əksini tapmaması idi. Yakov İosifoviç Keylixis ona həvalə olunan işin öhdəsindən gələ bilməmişdi.

 

Yeniləşən “Sabir

 

Buna baxmayaraq, şəhərin baxımlı yerində salınmış bağla, qədim qalın qala divarları ilə harmoniya yarada bilməyən heykəl orada 36 il qaldı. 1950-ci ilin ilk günlərindən Bakıda sənaye və şəhərsalma işləri daha da sürətləndi.M.Ə.Sabir” heykəlinin yerləşdiyi mərkəzi bağda da quruculuq işləri həyata keçirilməyə başlanıldı. Əsas məqsəd bağın sərt qala divarları, ətrafdakı qədim tikililərlə harmoniyasını yaratmaq idi. “M.Ə.Sabir” heykəli bu harmoniyaya uyğun gəlmədiyindən onu yenisi ilə əvəz etmək qərarına gəldilər. Bu dəfə heykəltəraş Cəlal Qaryağdının öhdəsinə düşdü.

1958-ci ildə M.Ə.Sabirin heykəli yeniləndi. Bu dəfə heykəl ətrafdakı tikililərlə vəhdət yarada bildi. Əsərin müəllifləri istedadlı heykəltəraş C.Qaryağdı, arxitektorlar Q.Əlizadə, A.İsmayılov oldu. Heykəl tuncdan, qara qranitdən və mərmərdən işləndi.

1958-ci ildən M.Ə.Sabirin heykəli Bakının baxımlı yerlərindən birində salınmış bağa xüsusi ab-hava gətirir, fərqli ovqat yaradır.

Əlində kitab oturmuş halda təsvir edilən şairin baxışlarından müdriklik oxunur. M.Ə.Sabirin “Bənzərəm bir qocaman dağə ki, dəryadə durar” misrasından təsirlənən heykəltəraş ona məhz bu cür forma vermişdi. Bu barədə də fərqli fikirlər söylənildi. Bəziləri şairin oturmuş vəziyyətdə təsvir edilməsinin onun ictimai mübarizələrdə keçən həyatını lazımınca nəzərə çarpdırmadığını qeyd etdilər. Bunun əksini iddia edənlər isə üsyankar şairin bu görkəmində də mübarizə elementləri görə bildilər. Amma bir məsələdə fikirlər tam uyğun oldu. Heykəltəraş məqsədinə çatmış, şairin heykəlində milli elementləri ustalıqla verə bilmişdi.

 

Zamanla ayaqlaşan “Mirzə Fətəli Axundzadə”

 

M.Ə.Sabirin abidəsindən səkkiz il sonra Azərbaycan dramaturgiyasının banisi, yazıçı-dramaturq, filosof, ictimai xadim, maarifçi M.F.Axundzadənin xatirəsi əbədiləşdirildi.

1930-cu illər keçmiş sovet hökuməti tərəfindən mədəni quruculuq işlərinin sürətlə reallaşdırıldığı illər idi. Aparılan siyasətə uyğun olaraq həmin dövrdə SSRİ-nin tabeliyində olan respublikaların iri şəhərlərində bu məsələlər xüsusi təmtəraqla və təbliğatla həyata keçirilirdi. Şəhərsalma və memarlıq da həmin siyasətin tərkib hissəsinə çevrilirdi. Mərkəzdən Bakı Şəhər İcraiyyə Komitəsinə də bu istiqamətdə gərgin çalışmaq, diqqətəlayiq işlər görmək tapşırığı verildi.

1928-ci ildə Azərbaycanda M.F.Axundzadənin vəfatının 50 illiyi geniş qeyd edilmişdi. Həmin il yazıçının heykəlinin bünövrəsi qoyulmuşdu. Abidənin rəsmi açılış mərasimi isə 1930-cu il mayın 2-də keçirildi. Mirzə Fətəli Axundzadənin heykəli Odessada 1926-cı ildən Bakıda yaşayıb çalışan heykəltəraş Pinxos Sabsay tərəfindən hazırlandı və şəhərin mərkəzində kiçik bağda qoyuldu. Sahəsi 1300 kvadratmetr olan bağ 2008-ci ildə yenidən quruldu. Bərpadan sonra burada 3 mindən çox gül və bəzək kolu əkildi. Bağın ətrafında maraqlı tarixi binalar diqqəti cəlb edir. M.F.Axundzadənin heykəli də bu bağa xüsusi ab-hava gətirir.

P.Sabsay bu əsəri hazırlayarkən onu küçə səs-küyündən uzaq yer üçün nəzərdə tutmuşdu. Abidə yerləşdirilən zaman bağın memarlıq işləri yekunlaşmamışdı. İşlər başa çatdıqdan sonra ansamblın kompozisiya mərkəzi heykəl oldu. Sabsay heykəlin yerləşdiyi ərazi ilə harmoniyasına nail oldu. Abidə elə ustalıqla ucaldıldı ki, nəinki bağla, bütövlükdə ətraf tikililərlə vəhdət yaradır.

Bu böyük azərbaycanlının heykəli də özü kimi bəlalar gördü. 1941-1945-ci illər müharibəsi və ondan sonrakı dövrlərdə bəzi dardüşüncəlilər heykəlin yerləşmə qütbü ilə razılaşmadıqlarını bəhanə gətirdilər. Onun istiqamətini gecə ilə dəyişməyə cəhd etdilər.

M.F.Axundzadəheykəlinin bu ərazidə ucaldılmasından uzun illər keçir. O vaxtdan bəri çox dəyişikliklər baş verdi. Zövqlər dəyişdi. Axundzadənin heykəli də zamanın böyük sınaqlarından keçib zamanla ayaqlaşa bildi.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 7 mart.- S.6.