“Mehriban Əliyeva ən böyük xeyirxahımız, dayağımız,
sevimli qızımızdır”
Qadınlar gününün bayram sevincini yaşayan tənha analar Birinci vitse-prezidentdən və Leyla Əliyevadan əsl övlad qayğısı, şəfqət gördüklərini söyləyirlər
Ömrünün ahıllıq dövründə tənhalığa məruz qalsalar da, dövlətin isti qayğı mühitində bu yalqızlığın acısını, çətinliyini sanki duymayan həmin ağbirçək qadınların çöhrələrində də qadınlar gününün bayram sevincindən dolayı təbəssümləri sezməmək mümkün deyil.
Bayram fərəhi onların da əhvalına, davranışlarına sirayət edib, qəlblərində xoş duyğulara yol açıb. Söhbət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində dövlət himayəsində yaşayan pensiya yaşlı qadınlardan gedir...
Azərbaycan qadını tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz xarakterində cəmləşdirib. Qədim köklərə əsaslanan milli
ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən ana olaraq həmişə dərin hörmət və ehtiramın ünvanı olub. Bu gün ölkəmizdə aparılan sosial siyasət də qadınların, o cümlədən dövlət himayəsində yaşayan pensiya yaşlı qadınların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasına, problemlərinin, çətinliklərinin aradan qaldırılmasına yardım edilməsinə, onların ehtiyac duyduqları sosial xidmətlərlə təminatının daim yaxşılaşdırılmasına, layiqli ömür sürmələrinə yönəlib.
El arasında sadəcə “Qocalar evi” adlandırılan pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi də bunun əyani təzahürü olmaqla, dövlətimizin bu kateqoriyadan olan vətəndaşlarına münasibətində milli-mənəvi dəyərlər kodeksinə, qocaya hörmət və ehtiram, diqqət və qayğı göstərilməsi prinsipinə əsaslandığını nümayiş etdirir.
Xatırladaq ki, 1998-ci ildə, Qurban bayramı ərəfəsində ümummilli lider Heydər Əliyev pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə gələrək burada yaşayan ahıllarla görüşmüşdü. Həmin görüşdə ulu öndər “Əmin ola bilərsiniz ki, sizin həyatınız, yaşayışınız daim bizim, Prezidentin qayğısı altındadır və bundan sonra da belə olacaqdır” - deyə bəyan etmişdi. Bu sözlər həyatda öz əməli təsdiqini tapıb. Yaşlı, ahıl, ağbirçək insanlara dövlət qayğısı ildən-ilə artırılır, onların sosial müdafiəsi, o cümlədən pensiya təminatı daim gücləndirilir. Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində gördüklərimiz bunu təsdiq edir.
Həmçinin müəssisənin sakinlərinin bütün bayramları digərləri kimi keçirməsi, habelə Beynəlxalq Qadınlar Gününün burada yaşayan qadınların da könlünə sevinc hissləri bəxş etməsi üçün müvafiq tədbirlər təşkil olunur.
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Qətibə Əsədova bizimlə söhbətdə bildirdi ki, bu müəssisə özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər üçün nəzərdə tutulub. Burada qeyd olunan insanlar daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Müəssisədə hazırda 222 nəfər pensiya yaşında olan şəxs yaşayır.
Q.Əsədova Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparıldığını, sakinlərin layiqli həyat şəraitinin təmin olunması üçün müasir tələblərə uyğun şərait yaradıldığını vurğuladı: “Gördüyünüz kimi, müəssisənin hər bir guşəsində müasir, rahat şərait var. Hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. təmin edilib. Bütün kommunal sistemlər yenilənib, müəssisənin 7 hektardan ibarət ərazisi abadlaşdırılıb, geniş yaşıllaşdırma işləri görülüb.
Eyni zamanda, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi üçün 5 mərtəbəli 170 yerlik yeni korpus inşa olunaraq müvafiq təbəqədən olan insanların istifadəsinə verilib. Müəssisənin yeni korpusunun açılışında dövlət başçısı “Bu pansionatın yenidən qurulması, bax, belə müasir səviyyədə işlərin görülməsi Azərbaycan dövlətinin güclü sosial dövlət olduğunu təsdiqləyir. Mən bu barədə dəfələrlə fikirlərimi bölüşmüşəm, bir daha demək istəyirəm ki, dövlətimiz sosial dövlətdir. Sosial dövlət o dövlətdir ki, sosial sahəyə, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində vətəndaş dayanır” deyə vurğulayıb.
Müəssisə ilə yaxından tanış oluruq. Burada pensiya yaşına çatmış şəxslərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təmin olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün müasir tələblərə cavab verən hər cür şərait mövcuddur. Müəssisədə kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. sakinlərin istifadəsindədir. Bu müəssisə təkcə dövlət hesabına zəruri yaşayış şəraiti, qida, geyim, tibbi xidmət və s. ilə təminat deyil, həmin insanlar üçün yaşamağa, hər açılan sabaha arxayınlıq hissi ilə qədəm qoymağa əsas yaradan mənəvi stimul rolunu oynayır.
Müəssisənin sakinlərinin sağlamlığına da xüsusi diqqət göstərildiyini deyən Q.Əsədova qeyd etdi ki, onlar vaxtaşırı olaraq tibbi müayinədən keçirilirlər: “Onu da bildirim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük humanizm nümunəsi olan nəcib layihələri bizim sosial xidmət müəssisəsini də əhatə edir və burada tez-tez humanitar məqsədli tədbirlər həyata keçirilir. Həmçinin müəssisənin sakinlərinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması üçün işlər aparılır. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən müəssisəmizin sakinlərinə daim diqqət və qayğı göstərildiyini də xüsusi qeyd edərdim. Fondun dəstəyi ilə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində tez-tez xeyirxah aksiyalar, sakinlərə fərəhli hisslər bəxş edən müxtəlif tədbirlər təşkil olunur, Leyla xanım Əliyeva özü də tez-tez müəssisəmizə gələrək ahıl, ağbirçək insanlarla görüşür, onlarla həmsöhbət olur, ürək sözlərini dinləyir. Bütün bunlar da dövlət himayəsində olan qoca, ahıl, ağbirçək qadınlarda böyük fərəh hissi, xoş duyğular yaradır, onlar özlərini daimi qayğı, dəstək mühitində hiss edirlər, tənhalıq xiffəti çəkmirlər”.
Q.Əsədova bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər sosial xidmət müəssisələri kimi burada da dövlət himayəsində olan insanların daim lazımi qayğı ilə əhatə olunmalarını diqqətdə saxlayır və hər hansı çətinlik ortaya çıxdıqda dərhal aradan qaldırılır.
Müəssisədə yaşayanların 135 nəfərinin qadınlar olduğunu diqqətə çatdıran Q.Əsədova dedi: “Onların hər biri ilə bağlı yalnız xoş sözlər söyləyə bilərəm. Ümumən burada mehriban bir ailə mühiti hökm sürür və bütün bayramları yığışaraq bir süfrə arxasında, xoş duyğularla keçiririk. Həmişə olduğu kimi, bu dəfə də əziz bayramımız olan Novruzu ahıl, ağbirçək sakinlərimiz ürəyincə olan bir şəkildə, incəsənət ustalarının iştirakı ilə qeyd edəcəyik. Həmçinin hər il 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə də tədbirlər təşkil edirik. Eyni zamanda, sakinlərin hər biri ilə bağlı əlamətdar hadisələri qeyd edirik. Məsələn, iki gün öncə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakini Asya xanım Əsgərovanın 80 illik yubiley tədbirini çox gözəl şəkildə keçirdik. İnanın ki, nə qədər sevinirdi”.
Q.Əsədova burada yaşayan qadınların böyük bir hissəsinin ali təhsilli, ziyalı qadınlar olduqlarını vurğuladı: “Onlar əvvəllərdə elmi, mədəni, pedaqoji fəaliyyətlə, yaradıcılıqla məşğul olublar. Burada da daim fəal həyat tərzi keçirirlər. Onu da qeyd edim ki, bu insanlardan bəziləri müəssisəmizə gəldikdən sonra burada emalatxanada özünüməşğulluq üçün yaradılan şəraitdən istifadə edərək artıq diqqəti cəlb edən əl işləri hazırlamaq bacarığına yiyələniblər”.
Sonra Q.Əsədova bizi onlarla tanış etdi. Həmin qadınlardan Xoşqədəm
Quliyeva təcrübəli
xalçaçıdır. Toxuduğu xalılar-xalçalar böyük
marağa səbəb
olur. Nübar Hümbətova toxuma
işində bacarıqlı
olması ilə seçilir. Sima Əhmədova
isə tikişçiliklə
məşğul olur.
Bir çox hallarda tikdiyi paltarları uşaq evlərinə hədiyyə edir. Zenfira Məhərrəmova,
Cəmilə Əliyeva,
Telli İslamova gözəl səsə malikdirlər və xalq mahnılarını məharətlə ifa edir, hətta çalğı alətlərində
də ifa etməyi bacarırlar.
Mina Abakərova
isə qocalar evinin bütün tədbirlərində aparıcılıq
edir. Çünki çox gözəl,
səlis nitq qabiliyyətinə, ürəyəyatımlı
səsə malikdir.
Əvvəllər müəllimə işləmiş Sabirə
Abdulzaqova şeirlər
yazır və hər tədbirdə öz şeirlərini səsləndirir. Zəminə Cəbrayılova 20 ilə
yaxındır ki, buranın sakinidir. İxtisasca fizika-riyaziyyat müəllimidir
və uzun illər pedaqoji fəaliyyətlə məşğul
olub, indi burada bədii yaradıcılıqla məşğuldur.
O, ədəbiyyata çox
böyük marağının
olmasından, şeir yazmasından bəhs etdi, hətta yeni şeirlərindən birini də bizim üçün oxudu.
Q.Əsədova bildirdi ki, müəssisənin emalatxanasında lazımi şərait yaradılıb,
istedad və qabiliyyəti ilə seçilən sakinlər
burada istədikləri
vaxt gəlib müxtəlif əl işləri hazırlayırlar:
“Müəssisədə özfəaliyyət
dərnəyi də yaradılıb. Keçirilən müxtəlif sərgilərdə
pensiya yaşına çatmış şəxslər
üçün sosial
xidmət müəssisəsinin
sakinlərinin də yaradıcılıq nümunələri
ilə iştirakı
təmin olunur. Burada sakinlər arasında tez-tez stolüstü idman yarışları da təşkil edilir”.
Sakinlər yaşayışlarından razılıqlarını
ifadə etdilər. X.Quliyeva
bizimlə söhbətdə
bildirdi ki, artıq özünü həyatda tənha hiss etmir: “Var olsun
dövlətimiz ki, bizlər üçün
belə bir şərait yaradıb. Heç nədən korluq çəkmirik. Rahat yaşayışımız
üçün lazımi
işlər görülür.
Hər hansı problemimiz olanda dərhal aradan qaldırılır.
Bizə göstərilən bu böyük diqqət və qayğıya görə əziz Prezidentimizə minnətdarıq”.
M.Abakərovanın dediklərindən:
“Bu müəssisə bizim
üçün daim özümüzü qayğı
əhatəsində hiss etdiyimiz,
mehriban münasibət
gördüyümüz doğma
bir ev kimidir.
Dövlətimiz bizi yıxılmağa
qoymadı, bizə dayaq oldu. Rahat yaşayış şəraitimiz
var. Buna görə də
dövlətimizə təşəkkür
edirəm. Xüsusən də Mehriban xanımdan çox razıyıq. Mehriban Əliyeva
ən böyük xeyirxahımız, dayağımızdır,
sevimli qızımızdır.
Ondan və Leyla Əliyevadan
əsl övlad qayğısı, şəfqət
görürük”.
Əvvəllər bacılarının himayəsində
yaşamış T.İslamova
bura gələndən
sonra həyatının
asanlaşdığını, burda yaşamaq üçün hər şəraitinin olduğunu
vurğuladı. S.Abdulzaqova bildirdi ki, burada
dövlət qayğısına
ehtiyac duyan insanlar üçün yaradılan şərait, göstərilən xidmətlər
Azərbaycan dövlətinin
öz vətəndaşlarına
nə qədər diqqət və qayğı ilə yanaşdığını nümayiş
etdirir: “İlk vaxtlar bura gələndə
fikirləşirdim ki,
yəqin mənə çətin olacaq, bir az da
sıxılırdım. Lakin müəssisədə
qayğıkeş, doğma
münasibəti hiss etdikcə,
rahat şəraitlə
təmin olunduğumu gördükcə bu hisslər məndən uzaqlaşdı. İndi
bu ev
mənim üçün
çox böyük məna daşıyır.
Dövlətimizdən, dövlətimizin rəhbərindən çox
razıyam”.
Razılıq hisslərini
ifadə edən Z.Cəbrayilova qeyd etdi ki, ömrünün
ahıl çağında
bu və ya digər səbəblərdən
tənha qalmış
insanlar bu müəssisədə özlərini
daim qayğı əhatəsində hiss edirlər
və könül rahatlığı taparaq tənhalığın acısını
yaddan çıxarırlar:
“Ölkəmizin, dövlətimizin
daim inkişaf etməsi bir ağbirçək ölkə
vətəndaşı kimi
məni çox sevindirir. Bizim kimi insanlara
dövlətin qayğısı
getdikcə daha da artır. Bunlar bir daha göstərir
ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində hər
bir vətəndaşın
rifahının təmin
olunması dayanır”.
N.Humbətova “Mənə, mənim kimi insanlara daim dayaq duran,
bizi tənhalıq çətinliyindən qoruyan
dövlətimizin olmasına
çox sevinirəm. Vətəndaşı olduğum Azərbaycan dövləti, dövlətimizin
rəhbəri ilə fəxr edirəm” - deyə bildirdi. O və digər sakinlər təminatlarının
mütəmadi olaraq artırılmasından razılıqla
bəhs etdilər.
Onlar bu müəssisədə yaradılan
gözəl yaşayış
şəraitinin, hərtərəfli
təminatın məhz
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas
qruplardan olan insanlara yüksək diqqət və qayğısından irəli
gəldiyini yekdilliklə
vurğuladılar, bu şəraitə, həmçinin
pensiya təminatının
yaxşılaşdırılması üçün aparılan
işlərə, cari
ilin fevral ayında imzaladığı
fərman və sərəncamlarla əmək
pensiyalarının, aylıq
və birdəfəlik
sosial müavinətlərin,
Prezidentin təqaüdlərinin
növbəti dəfə
artırılmasına görə
dövlət başçısına
minnətdarlıqlarını bildirdilər.
Unutmayaq, qadınlar
gününün bayram
sevincini yaşayanlar arasında bu xanımlar da var...
Səbinə MƏMMƏDOVA
Azərbaycan.- 2018.- 8 mart.- S. 1; 7.