Zərif olduğu qədər də güclü

 

Azərbaycanda qadınlar dövlət quruculuğunda ön sırada, cəmiyyətin bütün sahələrində fəal mövqedədirlər

 

Hələ qadınlar üçün xüsusi gün təsis olunmamışdan əsrlər əvvəl onların müqəddəsliyi, cəmiyyətdəki rolu haqqında çox yazılıb, ağızdolusu danışılıb, özübir gün yox, ilin bütün günlərində. Ən gözəl sözlər, ən ülvi duyğular da onların adı ilə dil açıb.

Hər birimizin sevə-sevə oxuduğu nəfis ədəbiyyat nümunələri də qadınlara vəsf olunub, elləri gəzən dastanlar, şeirlər, bir-birindən gözəl musiqilər qadın gözəlliyindən bəhrələnib. Tarixən, qadın deyəndə azərbaycanlı üçün sözün ən uca mənasında ana, ailəni, ocağı qoruyan, əlinin qabarında dünyanın naz-nemətləri əks olunmuş müqəddəs varlıq nəzərdə tutulub. Bu gün onların günüdür, həm də qalibiyyət günü...

 

İkinci dərəcə”dən birinciliyə

 

Əksər sivil cəmiyyətlərdə qadını həm də ailənin, cəmiyyətin özəyi, əsas mayakı hesab edirlər. Amma müxtəlif dövrlərdə daha çox təzyiqə məruz qalanlar, haqqı pozulanlar da qadınlar olub. Bu zərif insanların cəmiyyətdəki rolu bəzən birmənalı qarşılanmayıb. Kişilər nədənsə özlərini qadınlardan ağıllı, güclüsonsuz dərəcədə bacarıqlı biliblər, necə deyərlər, özlərini birinci, qadınları ikinci dərəcəli hesab ediblər. Yəqin elə bugünkü günün yaranmasının da əsas səbəblərindən biri belə yanaşma olub.

Tarixə nəzər saldıqda da aydın olur ki, qadınlar öz haqlarını tələb edərkən üzləşdikləri maneələri heç də asanlıqla dəf etməyiblər. Onlar da kişilər kimi cəmiyyətin, dövlətin idarə edilməsində və həyatın digər sahələrində fəal iştirak etmək istəyirdilər. Hüquqlarını tələb edərkən səsləndirdikləri “çörək və sülh”, “çörək və gül” və digər şüarlar XX əsrin ortalarında dünya ictimaiyyəti arasında tez-tez müzakirə olunan və hər tərəfə səs salan çağırışlar idi. Nəticə də oldu: ötən əsrin ikinci yarısında qadınlara kişilər qədər hüquq və azadlıq verən dövlətlərin sayı sürətlə artdı. Zərif insanlar güclü olduqlarını sübut edə bilmişdilər... Həqiqətən də gerçək reallıq odur ki, hansı cəmiyyətdə qadına dəyər verilib, o cəmiyyət cəhalətdən xilas olub, inkişaf edib, hər zaman yaşayıb...

Ta qədimdən Azərbaycanda qadına böyük ehtiram göstərilib, qadın adı ana kimi müqəddəs tutulub. Azərbaycan qadınları yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı hesab olunub. Bir əsr bundan qabaq Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar ölkənin ictimai-siyasi həyatında da önə çəkildilər: onlara seçki hüququ verilərək siyasi fəaliyyətləri üçün şərait yaradıldı. Sözsüz, bu ənənə müstəqil Azərbaycan dövləti tərəfindən yüksək və müasir meyarlar səviyyəsində davam etdirildi. Müstəqilliyimizin bərpasından sonra qısa zamanda Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi. Ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılmasında, elm, təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrdə qadınlar yaxından iştirak etməyə başladılar. Bir sözlə, ölkədə köklü olaraq qadın siyasətinin əsası qoyuldu. Xüsusilə, Prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yerinüfuzunu sürətlə artırdı, qadınlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilməyə başladı.

 

Rəqəmlər də xanımların tərəfindədir...

 

Bu gün Azərbaycan qadınlarının statistik vəziyyətinə nəzər yetirdikdə onların fəaliyyəti haqqında real mənzərə dərhal göz önündə canlanır. Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faiziniya 4 milyon 960,1 min nəfərini qadınlar təşkil edir. Sosial-iqtisadi həyatda fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Eyni zamanda, dövlət qulluğunda çalışanların 28,5, sahibkarların isə 21,5 faizini qadınlar təşkil edir. Diqqətçəkən bir məqam da odur ki, son illər idmançı azərbaycanlı qadınların, çempionların sayı sürətlə artır. Hazırda bədən tərbiyəsi və idmanla məşğul olanların 41,7 faizini qadınlar təşkil edir.

Sözsüz, qadınların həyatın əksər sahələrində fəal iştirak etməsini ilk növbədə onların bilik səviyyəsinin yüksəldilməsi, ümumiyyətlə, bu sektorda qadın iştirakçıların ildən-ilə artması ilə də izah etmək olar. Bu gün ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 79,8, orta ixtisas təhsil müəssisələrində 77,9, ali təhsil müəssisələrində isə 51,9 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır. Onu da qeyd edək ki, Azərbaycanda insanların sağlamlığına xidmət edən həkimlərin də böyük əksəriyyətini - 65,7 faizini xanımlar təşkil edir. Ölkəmizdə elmin inkişafında qadınların müstəsna rolu artıq hər kəsə bəllidir. Statistik göstəricilərə görə, elmi işçilərin 56 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır.

 

Birinci xanım Azərbaycan qadınının bacarığını fəaliyyəti ilə əyani sübut edir

 

Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, qadınların sosial-iqtisadi, siyasi və mədəni sahələrin inkişafında iştirakçılıqdan birbaşa aparıcı mövqeyə keçməsi həm də lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaradılıb. Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında tam aydın görmək mümkündür. Birinci xanımın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin dünyada təbliği sahəsində gördüyü işlər digər işgüzar xanımlar üçün stimuldur. Birinci xanım ölkəmizlə yanaşı, vətəndən uzaqlarda öz işi, bacarığı və çevikliyi ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir olduğunu əyani olaraq sübut edir.

Təsadüfi deyildir ki, bu gün Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə ən yüksək instansiyalarda uğurla təmsil olunurlar. Ölkənin ali qanunvericilik orqanı olan Milli Məclisin üzvlərinin 16 faizi, yəni, 20 nəfəri xanım deputatdır. 2000-ci illə müqayisədə bu, 10 faizə qədər artım deməkdir. Xatırladaq ki, dünya üzrə xanım deputatların göstəricisi təxminən, 22 faiz təşkil edir. Bu tempi başqa sahələrdə də görmək mümkündür. Məsələn, son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı ilk bələdiyyə seçkilərinə nisbətən 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların çəkisi 35 faiz olub.

Faktlardan və müqayisəli rəqəmlərdən də göründüyü kimi, Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, dövlət idarəçiliyi, eləcə də digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil yüksəltməyə nail olub. Artıq bu gün Azərbaycan qadınları ölkəsinin inkişafına dəyərli töhfələrini verir, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edirbununla, bacarıqlı, çevik və qətiyyətli olduqlarını sübut edirlər.

 

Elnur HADIYEV

 

Azərbaycan.- 2018.- 8 mart.- S. 1; 7.